Telefon köşkündəki pişik... - Sevinc Nuruqızı - hekayə

2 Aprel Beynəlxalq Uşaq Kitabı Günüdür

 

Bu telefon köşkü çox köhnəydi... Rəngi bozarmışdı. Qapısı güclə örtülürdü. Telefon dəstəyi də yerində deyildi... Aşağı sallanmışdı. Köşk gecələr səhərədək kimisə gözləyirdi. Amma neçə vaxt idi ki, qapısını açan, içəri girib onun sallanan dəstəyini götürüb yerinə qoyan, içinə qəpik salıb, həyəcanla nömrə yığan bir kimsə yox idi.

Gecə külək əsəndə aşağı sallanan dəstəyi o tərəf, bu tərəfə yellənir, ətrafa səs salırdı. Külək kəsəndə isə sakitləşir və günlərlə yerindən tərpənmirdi...

Gecələr səmada ulduzlar parıldayanda köhnə köşk yadına keçən günləri salırdı... Bir vaxtlar o təptəzə idi. Hündür, yaraşıqlı. Qırmızı rəngdə... Parıltılı. Qapısı bir dəqiqə bağlı qalmazdi. İçinə o qədər insan girib-çıxırdı ki... Hətta bəzən növbə gözləyənlər də olurdu. Kimsə içəri girir, əvvəlcə dəliyə qəpik qoyur, sonra rəqəmlərin üstündəki dairəni fırladır və "çıqq" qəpik düşürdü. Hər qəpik düşəndə köşk sevinirdi. Deməli, nömrəsi yığılan ünvandan cavab gəldi.

- Alo, alo, təcili tibbi yardımdır?! Tez gəlin, xahiş edirəm... Dut-dut-dut...

- Alo, salam Leyla, mənəm, Əsmər. Sən bügünkü məsələni həll edə bilmisən? Məndə cavabı alınmır...

- Alo, bizim binanın işığı yanmır...

- Alo, yanğınsöndürəndir? Tez olun... Özünüzü çatdırın. Qonşu evdə yanğın var....

Köşk etdiyi xeyirxahlıqları düşünəndə həmişə gülümsəyirdi... Bilirsiniz, onun telefon cihazı nə qədər insanların həyatını xilas etmişdi?! Təcili yardım, yanğınsöndürən, polis çağıran, dostu, tanışı ilə söhbətləşən, xəbər alan, xəbər verən...

İnsanlar hər dəfə onun yanından keçəndə minnətdarlıqla gülümsəyir və deyirdilər:"Sağ ol, sevimli telefon köşkü".

Sonra illər keçdi. Bütün mənzillərə telefon xətti çəkildi. İndi insanlar çox gec-gec onun qapısını açırdılar. Yol keçəndə təcili hara isə zəng etmək istəyən kimsə gəlir, zəng edir və gedirdi... Daha növbəyə duranlar da yox idi...

Getdikcə gec-gec gələnlər heç gəlmədi. Çünki daha çevik bir əlaqə cihazı  - mobil telefon ixtira edilmişdi.

Mobil telefonlar… İndi insanlar telefonu ciblərində daşıyırdılar... Təcili zəng üçün nə köşkə girirdilər, nə evə gedirdilər. Çünki telefonlar onlarla birlikdə işə, mağazaya, parka gedirdi... Sonra kompüter, internet, onlayn yazışmalar…

Artıq bəzi yerlərdə yeni, daha müasir küçə telefon cihazları quraşdırılmışdı.

Və günlərin bir günü insanlar gəldi. Zəng etməyə yox... Köşkü çıxardıb aparmağa. Qaldırıcı kranla onu yerindən götürüb şəhərdən çox uzağa, dəmir parçaları, köhnə avtomobil, tramvay və traktorlar, lazımsız soyuducu və televizorlar atılan yerə qoydular. Necə qoydularsa, o, müvazinətini saxlaya

bilmədi və böyrü üstə yerə yıxıldı və beləcə qaldı...

İllər keçdi... Onun üstünə gecələr yağışlar yağdı... Səhərlər Günəş çıxıb qurutdu. Qar ələndi. Bəzən o qədər qar yağdı ki, telefon köşkü günlərlə ətrafa baxa bilmədi. Yalnız bir rəng gördü – ağ rəng...

Bu gün də qar yağırdı. Səhər açılandan başlamışdı. Ulduz-ulduz qar dənələri onun şüşəsinə qonur, işıldayır, sayrışırdı. Telefon köşkü hər yeni qar dənəsinə gülümsəyir və deyrdi:

"Gəldin?! Sən nə gözəlsən... Tam fərqlisən.. " Qar dənələri sevinclə uçuşur və bir-birini qova-qova onun üstünə ələnirdi..

- Myao... Myaooo…

Köhnə telefon köşkü həyəcanlandı. Səs yaxından gəlirdi.

- Myaooooooo...

“Pişik səsidir. Bu soyuqda... Şaxtada”. Telefon köşkü titrədi. Üstündəki qar dənələri ətrafa səpələndi. O diqqətlə baxdı. Ağ qarın üstündə iki parıldayan göz görünürdü. Başqa heç nə.

Amma miyovultu kəsilmirdi.

- Myooooo...

Köşk bir də baxdı. Bir də... Və gördü. Agappaq, qar rəngində pişik balası idi. Soyuqdan titrəyirdi. Başını ora-bura gəzdirir, girməyə yer axtarırdı... "Necə balacadır. Bayırda qalsa, səhərə qədər donacaq. Mən ona kömək etməliyəm. Kömək... Mütləq!"

İllərdir asılıb qalmış telefon dəstəyi yelləndi. Köşk cırıldadı. Pişik səksəndi. Amma qaçmağa gücü çatmadı.Telefon köşkü bir də tərpəndi. Bir də cırıldadı. Və o istədiyini etdi. Qapısı azca aralandı. Pişik başını ona sürtdü. Bir də, bir də... Və aralı qapıdan içəri girdi. Minnətdarlıqla gülümsədi. Ağzını geniş açıb ləzzətlə əsnədi. Çəhrayı burnunu qırışdırdı. İllər öncə köşkdə unudulmuş bir yun uşaq köynəyinin içinə girdi. Ağ yumaq kimi büküldü. Az sonra bala pişiyin mışıltıtısı köşkü başına götürdü...

Köhnə telefon köşkü elə xoşbəxt idi ki... O, kiminsə köməyinə gələ bilmişdi...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!