Sözünün sahibi, səssiz və sakit bir şair vardı... - Elxan Yurdoğlu yazır

Sahib Əsgərli şeirləri ilə gecə dərdləşmələrindən sonra...

 

- Gələn həftəki nömrə üçün mənə nə kömək edəcəksən? Sənə neçə qranka yer saxlayım?

- "Kəndimizdə bir qış günü" mövzusu çoxdandır düşüncələrimdə gəzişir. Bilmirəm, qəzetdə verə biləcəksən, ya yox, amma bunu özüm üçün yazacam.

- Niyə vermirəm, qardaş, sən hər halda yazının içinə bədii publisistika da qatacaqsan, yaz göndər.

...Adətən hər gecə söhbət edərdik. O, Kəngərli rayonunun həftəlik nəşr olunan "Yeni həyat" qəzetinin redaktoru idi. Rayon sakini kimi məndən də hər həftə üçün bir yazı istəyirdi. Hələ 2005-2006-cı illərdə "Şərq qapısı" qəzetində birlikdə işlədiyimiz dövrlərdən tanıdığım, mənəvi zənginliyi, gözü toxluğu, özünəməxsus sakitliyi ilə xətrini çox istədiyim üçün Sahib Əsgərlinin sözündən çıxa bilmirdim.

2012-ci ilin iyun ayının 4-də yuxarıdakı söhbəti etmişdik. Gecə birə işləmiş bir çox mövzuda danışandan sonra sağollaşmışdıq. Səhər isə hər ikimizin yaxşı tanıdığı jurnalist həmkarımdan mobil telefonuma zəng gəldi:

- Şair, dəfnə gedəcəksənsə səni də götürüm?

- Nə dəfn, kimin dəfninə?

- Sahib Əsgərlinin. Gecə infarkt keçirib. Nahara kimi dəfn edəcəklər.

...Burdan sonrakı 2-3 saatı xatırlamıram. Axı 9-10 saat bundan əvvəl ayrı-ayrı mövzular haqqında söhbət eləmiş, qəzeti üçün yazılardan danışmış, redaktorluqdan həddindən artıq yorulduğunu, dözə bilmədiyini, müəllimliyə geri qayıtmaq istədiyini bildirmişdi.

...Kəngərli rayonunun Xok kənd qəbiristanlığına doğru Sahib müəllim çiyinlərdə gedirdi. Jurnalist həmkarımla mən isə bu qələbəlikdən geridə yorğun və üzgün səssizliklə irəliləyirdik. Buradakılar bəlkə bir ata, qardaş, müəllim, kəndçi, redaktor itirmişdilər, amma mən bir şair itirmişdim. Bir-birimizi könül gözüylə görüb, ruh həssaslığıyla anladığımız bir şairi itirmişdim. Ətrafdakı insanların varlığını hiss eləmədən Sahib Əsgərlinin "Gedirəm özümə bir gün ağlayam" şeirini pıçıldayırdım:

Artıq ayağıma keçib üzəngi,

Qorxuram yubanam, çıxa əngəli.

Ömrün hər küçəsi ölüm döngəli,

Gedirəm özümə bir gün ağlayam.

 

Ağlım kəsən vaxtı ağlım olmadı,

Sonda gördüklərim nağıl olmadı.

Özümü düşünən çağım olmadı,

Gedirəm özümə bir gün ağlayam.

 

İnamsız ilhamın axırı yoxdu,

Tanrıdan o yana yuxarı yoxdu...

Şeytanı söyməyin axırı yoxdu,

Gedirəm özümə bir gün ağlayam.

 

Qismətim ələnib xəlbirdən keçib,

Ruhum neçə dəfə qəbirdən keçib...

Yetər sınadığım... səbrdən keçib,

Gedirəm özümə bir gün ağlayam...

O qədər utancaq və sakit bir xarakteri var idi ki, yeni yazdığı şeirləri oxumağa belə tərəddüd edirdi. Özünə inanmadığı üçün yox, şairlik adına heç bir iddiası olmadığı üçün. Özüm üçün yazıram, hərdən ürəyimi boşaldıram düşüncəsində idi həmişə. Heç çap olunmağa da maraqlı deyildi. "Şərq qapısı" qəzetində işləyəndə mərhum baş redaktorumuz, Əməkdar jurnalist Məmməd Məmmədov redaktor səlahiyyətlərindən istifadə edib Sahib müəllimin 5-6 şeirini qəzetdə verməyə razı salmışdı. 1998-ci ildə həmkəndlisi, müəllimi(miz), mərhum folklorşünas alim, professor Məhərrəm Cəfərli "sənin kitabın üçün sponsor tapmışam" şirin vədli yalanı ilə öz hesabına Sahib müəllimin "Ruhumdu bəlkə" adlı şeirlər kitabını çıxarmışdı. Əslində, nə dərəcədə kitab adlandırıla bilər, bilmirəm, amma hər halda həmin nəşrdə Sahib Əsgərlinin 38 şeiri nəşr olunub. Bundan əlavə, əlyazması ilə mənə bağışladığı "Bilirdim gələssən" və makina ilə yazılmış "Haydı, düşmən üstə yürü" şeirinin yarımçıq nüsxəsi var. Bu qədər, məndə olan cəmi 40 şeir. Qırx şeirlə belə onun ədəbiyyatda qalma haqqı var, könüllərdə yaşayan xarakter adamının, yaddaşlarda yaşayan şeirləri varsa, niyə də ədəbiyyatda qalmasın. Onunla bir dövrdə oxuyan tələbələrin hansını dindirsən "Ruhumdu bəlkə" şeirini əzbər deyəcəklər:

Bu gecə gecəni yuxuya verib,

Gəzib dolanacam həyətinizdə.

Sübhədək bir qutu siqaret çəkib,

Əzib, söndürəcəm pəncərənizdə.

 

...Ölü kötüklərə möhürü düşmüş,

Mərhəm dodaqları tapdalama sən.

Sınıq şüşələrdə heykələ dönmüş,

Arıq əllərimi baltalama sən.

Bir də "Şeirim" şeiri var. O şeirdəki şairdi Sahib Əsgərlinin özü, xarakteri, xasiyyəti, şairliyi və sözə münasibəti. Bu bəndini oxumağınız bəs edəcək:

Qartalmış kürsüdə qart olanmadı,

Qoyun qamarlayan qurd olanmadı.

Dişinin dibini qurdalamdı,

Dilinin başına dolandı şeirim.

Sahib Əsgərli mətbuat adamı deyildi. Mətbuata dərs ilinin yekununda üç aylıq tətildə də ailəsinə gün-güzəran düzəltmək ümidiylə gəlmişdi. "Şərq qapısı" qəzetində ədəbi-bədii yazılarıyla oxucu sevgisi qazanmışdı. Həmin ərəfələrdə də rayon qəzetinə dəvət aldı. Bir müddət müxbir işlədikdən sonra qəzetin redaktoru oldu. Beləcə, özünün də dediyi kimi, "zülm dövrü" başladı. Axı o, ədəbi-bədii yazılar yazmaq üçün mətbuata gəlmişdi, indi isə rayonun bütün həyatına işıq tutmalı, kənd təsərrüfatından iqtisadiyyata, mədəniyyətdən kənd həyatına kimi hər mövzuya müraciət eləməliydi.

...Sahib müəllim redaktor olduqdan sonrakı söhbətlərimizin hamısında bu işdən gileyli idi. Sözünü, özünü içində yaşayan, təkliyə aşiq bir şairin hər gün davamlı insanlarla ünsiyyətdə olması onu hədsiz dərəcədə yorurdu. Buna ürəyi dözərdimi? Dözmədi... Beləcə 1 iyul 1962-ci ildə başlayan bir həyat 5 iyun 2012-ci ildə bitdi... 50 yaşına 25 gün qalmış...

Bu yazını hazırlayarkən Sahib müəllimin "Sabahın Babəki baxır bələkdən" - dediyi böyük oğlu Turanla zəngləşdik, məsləhətləşdik, görüşdük. Məqsədim Sahib müəllimin nəşr olunmamış əlyazmalarının arasında yeni şeirlərin olub-olmamasını öyrənmək idi. Oğlu arxivdəki papkaları gətirir tökür masanın üstünə. Sahib Əsgərlinin çap olunmamış şeirləri, fotoalbomuna baxırıq. Oğlu Turan bu şeirləri "atasının onlara qoyub getdiyi ən müqəddəs və halal xəzinəsi" saydığını deyəndə gözləri dolur. 1998-ci ildə 48 şeirinin yer aldığı "Ruhumdu bəlkə" şeirlər kitabından sonra kitabı çıxmayan şairin bütün şeirlərini bir yerdə çap etdirmək fikri varmı?, - deyə soruşuram. Cavab:

- (Dərindən köks ötürür). Atamın bir şeirində belə bir bənd var:

Minnət iyli köməklərdən yan ötdüm,

Ehtiyacı dözümümdə üyütdüm.

Ürəyimdə neçə arzu böyütdüm,

Ad altında gizlətmədim adımı...

İlk kitabını tapdığı bir sponsor sayəsində atamın müəllimi nəşr etdirmişdi. Özünün gücü çatmamışdı. Ehtiyacı dözümündə üyütmüşdü. İndi də mən, hələ ki ehtiyacı dözümümdə üyüdürəm. Ürəyimdə bir arzu böyüdürəm. Bu şeirləri və bir poeması var, onu nə vaxtsa kitab halında nəşr etdirəcəyəm. Adını ad altında gizlətməyən atamın yazılarını arxivdə gizlətmək fikrim yoxdur.

Turanın kövrəldiyini hiss edirəm. Sıxılmasın deyə, yenicə səsimizə oyanıb beşikdən bizə boylanan körpəyə üzümü çevirib dindirirəm. Adını soruşuram Turandan. Atamın adaşıdır - Sahib Əsgərlidir. Hər şeydən xəbərsiz balacada düyünlənir baxışlarım. Düşüncəmdə isə əlyazmaları masanın üzərinə səpələnmiş 150-yə yaxın bu şeirlərin növbəti sponsoru çıxarmı sualı var. Ümidsiz deyiləm.

...Şəkil çəkdirməyi sevməyən Sahib müəllimin bir neçə rəngli şəkli var və onları telefonumla çəkirəm. Sağollaşıb evdən ayrılanda 15 il bundan əvvəl "Şərq qapısı" qəzeti üçün Sahib müəllimdən aldığım müsahibədəki bir sual-cavabı xatırlayıram. Növbəti kitab haqqında düşünüb-düşünmədiyini soruşanda, çox az-az yazıram, amma bir gün bu şeirlərin kitab olacağına ümid edirəm demişdi...

P.S. İnanıram ki, bizdə şeir, sənət olduğu kimi, şeirin, sənətin qiymətini bilənlər də var...

P.S.S. Hörmətli redaksiya! Dəyərli Azər müəllim! Sahib Əsgərlinin bir neçə şeirini də qəzetin oxucularına təqdim etmək istədim. Əgər ədəbiyyatımızın qəzetində - "Ədəbiyyat qəzeti"ndə bu şeirlərə də yer ayırsanız, sizə minnətdar olaram. Sahib Əsgərli ruhu da şad olardı...

Elxan YURDOĞLU,

Kəngərli rayonu,

Yurdçu kəndi

Sahib ƏSGƏRLİ

Sabahın Babəki baxır bələkdən

 

Alagöz bir oğlan doğub gənc ana,

Artıb bir oğlun da, Vətən, ürəklən.

Muştuluq aparın Bəzz qalasına,

Sabahın Babəki baxır bələkdən.

 

Sabahın Babəki böyüyür bir gün,

Böyüyür gözümdə Vətən sərhədi.

Ürəyim Təbrizdə döyünür bu gün,

Gəzirəm Zəncanı, Xoyu, Mərəndi.

 

...Baba Savalandan görünür Şuşa,

Elə bil əkizdi Ərklə Əlincə.

Zəngəzur elində yaz dedim qışa,

Ağlımı başımdan çıxartdı Göyçə.

 

Durub salam verdim Dədə Dərbəndə,

Yolumu gözləyir dedim Borçalı.

Az qala düşmüşdüm bir gözə bəndə,

Arxamca bir doğma haray ucaldı.

 

...Ayırdı xəyaldan məni o çağa,

Gəlib tez yapışdım dəmir beşikdən.

İlahi! Qanad ver mənə uçmağa,

Sabahın Babəki baxır bələkdən.

 

Gəl bizə sən elə bir nağıl danış...

Gəl bizə sən elə bir nağıl danış,

Elə bir nağıl ki, qısa olmasın.

...Orda gözləri göy, dişləri seyrək,

Saqqalı bir qarış kosa olmasın.

 

Gəl bizə sən elə bir nağıl danış,

...Tacirdə toyuqcan ağıl olmasın.

Piyləyib başını vəzir, vəkilin,

Şahın baş tacını keçəl qoymasın.

 

Gəl bizə sən elə bir nağıl danış,

Çəmini bilməsin divlər savaşın.

Hardasa bir adsız gözəlin üstə,

Kəndirin kəsməsin qardaş qardaşın.

 

Gəl bizə sən elə bir nağıl danış,

..Ana öz qızından hayıf almasın.

Taxt-tacın üstündə ata oğlunun

Gözlərin çıxarıb mayıf qoymasın.

 

Gəl bizə sən elə bir nağıl danış,

Açıq gözümüzə yuxu dolmasın.

Bizi hey yuxuya verib nağıllar,

Elə bir nağıl de, nağıl olmasın...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!