Körpüdə iki yazar - Cavi Dan - Cavi DAN

Cavi DAN

- Sizcə, yazmaq üçün nə lazımdır? Necə yaza bilərəm?

- Məncə, yazmaq üçün sadəcə noutbuku və ya dəftəri açıb yazmağa başlamaq lazımdır. Düşünmədən və götür-qoy etmədən. Bu cür yaza bilməyən adam başqa heç cür də yaza bilməyəcək deyə əminəm.

*  *  *

Sosial şəbəkədə bu qısa dialoq müxtəlif zamanlarda, müxtəlif insanlarla eyni cür təkrarlandı deyə, bu barədə kiçik də olsa bir yazı hazırlamağı qərara aldım.

Bu sualı adətən gənclər yazırlar, hələ yazı aləminin qapalı künclərində xəfif addımlarıyla dolaşan, üzə çıxartmadıqları mətnlərin keyfiyyəti barədə tərəddüdlə düşünən, hər gün bədii ədəbiyyat oxumağa can atıb, hər gün çağdaş yazarların virtual aləmdə yayımlanan mətnlərini ölçü meyarı kimi qəbul edərək, öz yazdıqlarını onlarla müqayisə edən, bəzən öz yazdığının daha gözəl olduğunu görsə belə, yenə də çəkinən, çəkinən gənclər.

Belə gənclər sonralar ədəbiyyata ya ağır artilleriya kimi qəfil, güclü və hazırlıqlı gəlirlər, ya da heç vaxt gəlmirlər.

Lakin birmənalı olaraq, istedadlı olurlar.

Aldığım suala verdiyim cavab heç də həmişə razılıqla qarşılanmır. Bəzən müqabilində incik smaylik göndərirlər, bəzən susurlar, bəzən də "bu mümkün deyil" rakursundan məni özlərinin yazı barədə bildikləri ilə tanış etməyə can atırlar.

Mən də sadəcə gülümsəyirəm. Başqa cavabım yoxdur deyə.

*  *  *

Belə bir rəvayət yadıma düşür.

İki adam bir körpüdən keçməli olur.

Körpü dar, qədim, hər an qırılıb üstündəkiləri kənara ata biləcək haldadır.

Aşağıda isə çay axır.

Dəli-dolu, bulanıq, hər an körpünün ona atacağı adamları udmağa hazırdır.

İki adamdan biri gah körpüyə, gah çaya, gah da yol yoldaşına baxıb, dəhşətlə çiynindəki heybəni yerə qoyur və diz üstə çöküb əllərini göyə sarı açaraq, uzun-uzun dualar oxumağa başlayır. Sonra buna qane olmur, iki rükət namaz da qılır.

Digər adam təbəssümlə ona baxıb, "ya Allah" deyə əmin-arxayın bir halıyla, dodağının altında şən bir mahnı zümzümə edə-edə, heybəsi çiynində, əlləri ciblərində, körpünü keçir.

Birinci adam namazını, dualarını bitirib ayağa qalxır, heybəsini çiyninə aşırıb qorxa-qorxa çayın qarşı sahilinə baxır. Yol yoldaşı oradan əl edib, onu gözlədiyini bildirir.

Adam ürkək addımlarla, son dərəcə diqqətlə, ehtiyatla körpünü keçməyə başlayır. Hər addımında da dayanıb dərindən nəfəs alır və dua oxuyur. Lakin körpünün ortasına çatanda başı həyəcandan hərlənir və müvazinətini itirib suya düşür.

Yol yoldaşı adamın suda çapalayıb batdığını görərək, özünü çaya atır və onu xilas edib sahilə çıxardır.

Sonra onların arasında belə bir qısa dialoq olur.

- Axı bu necə olur? Mən namaz qıldım, dualar oxudum, hər addımımda zikr elədim, amma körpüdən keçə bilmədim, az qalmışdı boğulum ölüm. Sən isə...

- Mən isə bütün o duaları, zikri, namazı evdə ikən pıçıldamışdım, - gülümsəyir ikinci adam, - hələ yola çıxmamışdan çox-çox əvvəl...

*  *  * 

Məncə, əlavə izaha ehtiyac qalmadı, əziz dostlar.

Biz yazmağı körpüdən keçmək, ədəbiyyatı qarşı sahil, dəli çayı ədəbi uğursuzluq girdabı kimi düşünsək, özümüzün həmin iki adamdan hansı olduğumuzu asanlıqla anlaya bilərik.

Ətrafımızda elə insanlar var ki, heç birisi yazar olmağa iddialı deyil, ədəbiyyatı sevirlər, ədəbiyyatla nəfəs alırlar, ədəbiyyatın mahiyyətindən arı çiçəklərdən bal toplayan kimi, zərrə-zərrə zövq və güc alıb, öz əsas işlərində və həyatlarında tətbiq edirlər, çox zaman uğur qazanırlar.

Və ətrafımızda elə insanlar da var ki, həyatı sevirlər, həyatın mahiyyətindən arı çiçəklərdən bal toplayan kimi, zərrə-zərrə zövq və güc alıb, ədəbiyyatda tətbiq edirlər, çox zaman uğur qazanırlar.

Çünki yazmaq - digərlərinin yazdıqlarına baxıb, onların kopyasını və ya bənzərini yazmağa çalışmaq deyil. Bunu özündə ilk dəfə hiss edən şəxs mütləq elə həmin an yazar olmaq həvəsindən imtina etməlidir.

Eləcə də, yazmaq - qafiyələnən kəlmələri dəftərlərə toplayıb ehtiyatda saxlamaq, hecaları barmaqlarıyla sayıb misraların bir-birinə uyğun gəlib-gəlmədiyini yoxlamaq, yaxud asan görünür deyə, adi bəsit cümlələri kəlmələrə bölüb alt-alta sütun edib adını sərbəst şeir qoymaq deyil.

Yazmaq heç sənə qədər yazılmış məşhur əsərləri "postmodernistəm" çaşqınlığıyla söküb korlamaq, təhqir etmək də deyil.

Ədəbiyyat - zülmlə mətn yığmaq deyil, ləzzətlə barmaqlarını hərflərin üzərində gəzdirməkdir. Vallah, billah, budur.

Və əgər sən dodağının altında zümzümə edə-edə eyni bir rahatlıqla, həzlə qəzəli, bayatını, gəraylını, qoşmanı, soneti və sairəni yaza bilmirsənsə, sərbəst şeiri də yaza bilməyəcəksən. Alt-alta düzdüklərin perik düşmüş söz yığınından başqa nəsə olmaz.

Eyni misalı nəsr üçün də demək olar.

Yazmaq sənə əzab və qul əziyyəti verirsə, qələmi tulla.

Mətni görə bilmirsənsə, varlığını hiss etmirsənsə, çəkil və dincəl.

Yaradıcılıqla quruculuğun fərqi var və sən bu sözlərdən birincisinə aid olmalısan.

Çünki yazı canlıdır, təfəkkürlə təxəyyülün vəhdətindən yaranır, sənin beynində, ürəyində, ruhunda.

Mətn isə həmişə tam və hazırdır.

Sənə sadəcə, onu öz mahiyyətindən, öz daxili kosmosunun nəhayətsiz dalğalarının birindən götürüb kağıza köçürmək qalır.

Bunu bacarırsansa, qarşı sahilə xoş gəlmisən!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!