Azərbaycan - çırpınan əlli milyon nidadır! - Nizami Cəfərov yazır

 

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə" sərsəm bəyanatına verdiyi "Qarabağ Azərbaycandır və nida!" cavabı özünün tutarlılığı, müdrikliyi, siyasi ağırlığı ilə bir tarixi mahiyyət kəsb etdi. Azərbaycan Prezidentinin bu bəyanını fərqləndirən, siyasi informasiya məkanında son dərəcə təsirli effekt yaradan həm də onun yüksək ümumiləşdirmə gücünə malik obrazlı ifadəsidir. Bu "Nida" Azərbaycan siyasi şüuru ilə ədəbi şüurunun təmas nöqtələrindən (nidalarından!) birinə çevrildi. Siyasi şüur bu qoyduğu "Nida"nın mövcud tarixi geosiyasi gerçəklikdə reallaşdırılması imkanlarına yönəlir, ədəbi şüur isə bu "Nida"nın emosional içəriyinin, tarixi məzmun və əhəmiyyətinin düşüncə və hisslərə daşınması vəzifəsini həyata keçirir.

Eşitdinmi, duydunmu - püskürmədə o vulkan,

Bir an qulaqlarından əskilməsin o səda.

Bu xalqın nifrətinə, qəzəbinə sıxılan

Əsrlərin bağrından qopub gəldi o "Nida!".

Siyasi şüur fəaliyyətin məzmun və istiqamətini müəyyənləşdirmişdir, özünün ölçü-biçiləri və qətiyyətilə bu "Nida"nı qoymuşdur, ədəbi şüur isə öz obrazlılığı, ümumiləşdirmə gücü, hiss və düşüncənin qatlarına sirayət edə bilmə imkanları ilə bir daha bu "Nida"nın emosional - idraki təsdiqini verir. Ədəbi şüur təsdiq edir ki, "taleyin yazısını", "tarixin gedişini" "çırpınan tükəniş", "köpükdən fırtına" olan "əsrlərə bulaşmış xain xislətindən kim olduğunu daha bütün insanlığın bildiyi" paşinyankimilər "nöqtələyə" bilməz. Xocalı kimi əsrin faciəsi törədilən bu yaralı torpaqda yallı oynayan "əsrin zavallısı"nın başı üzərində bir azdan "uçuşan mərmilərin və raketlərin yallısı" oynanılmalıdır və oynanılacaq! Ədəbi şüur təsəvvür və təxəyyül imkanlarını genişləndirərək siyasi şüurun qətiyyət və cəsarətlə qoyduğu "Nida"nı "püskürən vulkan"a, "milyonların ayaqda hazır durması"na, "bundan sonra bu xalqın hər bir nəfərinin ayaq üstə doğulmasına və ölməsinə", "şəhidlərin nida kimi ayaqda gömülməsi"nə, "Qarabağın bağrına qoyulacaq ya məzar daşına, ya da bayrağıma" çevirir. Ədəbi  şüur:

Azərbaycan - çırpınan əlli milyon nidadır

Ali Baş Komandanın bir "Hücum" kəlməsinə!

- deyərək bu "Nida"nı öz ünvanlandığı yerə - idrakın dərinliyinə və emosiyaların yüksəkliyinə daşıyır.

Yaradıcılığında ictimai-siyasi, hərbi vətənpərvərlik mövzularına geniş yer ayıran, "Ver, ver bizə zəfəri", "Lələtəpə dastanı", "Ölkəm əmin əllərdədir" və s. kimi onlarca əsəri dərc edilən, ədəbi tənqid tərəfindən yüksək qiymətləndirilən Arzu Əsədin Azərbaycan Respublikası Prezidentinin müdriklik, qətiyyət və cəsarət rəmzinə çevrilən "Qarabağ Azərbaycandır və nida!" ifadəsinin doğurduğu ruhun təsirilə yazdığı və "Ədəbiyyat qəzeti"ndə dərc etdirdiyi şeiri həm də 30 ilə yaxın Azərbaycanın müstəqillik uğrunda və müstəqillik əldə etdikdən sonra apardığı tarixi mübarizənin bədii Nidası kimi səciyyələndirilə bilər.

Azərbaycan Prezidentinin səsləndirdiyi bu ifadə bir xalqın iradəsini əks etdirməklə ölkənin ictimai-siyasi həyatında baş verən bir çox tarixi əhəmiyyətli proseslərin məntiqinin, ruhunun ifadəsinə çevrilməkdədir. Məhz buna görə Arzu Əsəd əsasən son bir neçə ilin məhsulu olan əsərlərini bu ifadə altında bir kitab şəklində dərc etdirmək qərarına gəlmişdir. Şair öz ölkəsinin Ali Baş Komandanının işğalçı ölkənin başçısına cavab olaraq dediyi "...və nida!" ifadəsini deyildiyi kontekstlə bərabər, həm də bu kitaba daxil etdiyi Azərbaycanın mübarizəsi, sabitliyi, inkişafı, qələbə əzminin poetik təcəssümü olan əsərlərinin məzmunu, ruhu, intonasiyası ilə əlaqələndirmişdir. Bu Nida həm də Azərbaycan Prezidentinin uğurlu siyasəti nəticəsində Azərbaycanın müstəqilliyinin geri dönməzliyinə, Lələtəpədə əldə edilən zəfərin bundan sonrakı daha böyük qələbələrin başlanğıcı olacağına, "bundan sonra zamanın, tarixin bizə çalışacağına", "Azərbaycanın öz kökü üstündə ruhdan, candan dəyişdiyinə" - ölkə rəhbərinin apardığı islahatların davamlı səciyyə daşıdığına, "ölkənin əmin əllərdə olduğuna" və daha da inkişaf etdiriləcəyinə sarsılmaz inamın ifadəsidir. Bu Nida işğalçıya "Dayan!" deyən bir "xalqın, bir sərkərdənin, bir ordunun, tarixin, təbiətin, şəhid ruhlarının və şəhadətə qoşan ruhların" sarsılmaz duruşunun, eləcə də ölkənin qarşısında duran tarixi vəzifələrin həllindəki prinsipial və qətiyyətli mövqeyin, düşünülmüş, ardıcıl və məqsədyönlü siyasətin xarakterindən doğan qətiyyətin ifadəsidir. Real həyatda məntiqə, onillərin gərgin əməyinə, addım-addım qazanılan nailiyyətlərə, tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan bu "Nida" şairin poetik anlam və ifadəsində də bir sənətkarlıq məharətilə müasir Azərbaycan gerçəkliyinin, müstəqillik uğrunda mübarizənin müxtəlif aspektlərini əks etdirən poetik inikasların bir-birilə əlaqəli, sistemli bir şəkildə qurulduğu bir kompozisiya bütövlüyünə, məna vəhdətinə malik bir kitaba çevrilmişdir. Kitabın açılışını, eləcə də bütün ruhunu əks etdirən "Və Nida!" şeirindən sonra gələn "Mən səni sındırdım Lələtəpədə" şeiri və "Lələtəpə dastanı" lirik-siyasi poeması  "Qarabağın bağrına o Nida qoyulacaq!" bədii sonluğunun yalnız bir poetik istəyin ifadəsi deyil, artıq silahların toqquşduğu müharibə meydanında da qazanılmış zəfər və qəhrəmanlıq nümunələrilə əsaslanmış məntiqi nəticə olduğunu göstərir.

"Mən səni sındırdım Lələtəpədə" şeirində

Hələ ilk olsa da, təpə olsa da,

Zirvələr dəyişdi bu qələbədə!

- deyən şair "Lələtəpə dastanı"nda işğal edilmiş torpaqlarımızın qurtuluş simvoluna çevrilmiş Lələtəpəni, bu qələbə nümunəsini 300 illik bir haqq savaşının nəticəsi, 300 illik zülmün, qəsbin sonu, "tariximin sınan, dönən nöqtəsi", "qalibiyyət eramızın başlanğıcı" adlandırır, "lazım idi bu qələbə, lazım idi bu Vətənə, həyat verən qan kimiydi qan itirmiş bir bədənə" - deyərək onun torpaqlarımızın azadlığı uğrunda nə dərəcədə həyati bir əhəmiyyət daşıyan tarixi mərhələ olduğunu vurğulayır.

"Lələtəpə dastanı" neçə illərin "nəticə" gözləntilərindən sonra heç bir "məsul" və ya "həlledici" beynəlxalq qüvvəyə ümid etmədən, öz gücümüzə, tükənmək üzrə olan səbrimizə dayanıb bir həmlə ilə qazandığımız qələbənin, bəlkə də, daha çox bu qələbənin doğurduğu ovqatın dastanıdır. Və ona görə şeir yox, dastandır ki, təsvir (və tərənnüm) edilən ovqat fərdi deyil. Elə bir ümummilli miqyasa malikdir ki, 300 illik tarixi, 300 illik gələcəyi var...

Arzu Əsədin, demək olar ki, siyasi mövzulu şeirlərinin hamısı üçün səciyyəvi olan əsas əlamətlərdən biri güclü tarixilik, daha doğrusu, tarixə fəlsəfi yanaşmaq ehtirası, onun ziddiyyətlərinin simmetriya və ya harmoniyasını kəşf etmək marağıdır. Həmin maraq nə qədər zəngin emosional spektrə malik olsa da, mahiyyət etibarilə tamamilə rasionaldır...

"Lələtəpə dastanı"nın müəllifi rasional olduğu qədər də analitikdir. Və bu analitizm təkcə keçmişi yox, gələcəyi də ehtiva (və izah) etdiyinə görə ideoloji məzmun-mündəricəyə malikdir...

Mən Arzu Əsəd haqqında "Ədəbiyyat qəzeti"ndə dərc etdirdiyim bir məqalənin adını "Arzunun arzuları və Azərbaycanımızın arzuları" adlandırmışam. Onun Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini davam etdirməklə istedadı, fəlsəfi idrak və geniş bilik dairəsi, yenilikçi ruhu ilə bir xalqın arzu və istəklərini, hiss və düçüncələrini ifadə etmək haqqına və səviyyəsinə nail olduğuna inanıram."Və Nida!" kitabı çox maraqlı və orijinal bir tərtibata malikdir. Müəllifin kitaba daxil etdiyi seçilmiş mətn nümunələri, şəkillər və şəkillərin altına qoyulan şeirlərdən bir neçə misralıq çıxarışlar məna, məzmun və ruh baxımından bir-birini üzvi şəkildə tamamlayır, cəmiyyət və dövlətimizin müxtəlif sahələrini və inkişaf mərhələlərini göz önündə canlandırır, onların yeni, bədii-fəlsəfi dərkini təqdim edir. Kitabda verilən bütün şeir və poemalar görkəmli ədəbiyyatşünas və tənqidçilərimizin müstəqillik dövrü ictimai-siyasi poeziyamızın ən ciddi, gözəl nümunələri kimi təhlil etdikləri, ədəbi fakta çevrilmiş əsərlər olduğuna görə təcəssüm etdirdiyi mövzularla bir uyum və ahəng içindədir. Ali Baş Komandanın çıxışlarından gətirilən sitatlar kitabdakı poeziya nümunələrinin metafora qatlarında bədii əks-sədasını tapır, siyasi fikir və deyimlər bədii mətnin içində özünün obrazlı ifadəsində bir daha təsdiqlənir. "Azərbaycan getdikcə güclənəcək. Biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, üfüqlər aydındır.

Bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək... Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir" - Aprel və Naxçıvan qələbələrində təsdiq olunmuş, Ali Baş Komandanın tarixi həqiqətin ifadəsi olan bu sözləri Arzu Əsədin "Azərbaycan dəyişir", "Ölkəm əmin əllərdədir" lirik siyasi poemalarının da əsas ideya xəttini təşkil edir. Xalqın ruhunu mübarizəyə, əzmə, qələbələrə daşımaq istəyən şair ilhamı və idrakı ona lazım olan həqiqi ruh yüksəkliyini tarixi təcrübənin ifadəsi olan Ali Baş Komandanın sözlərində tapır. Ona görə əminliklə "Azərbaycan dəyişir", inamla "Ölkəm əmin əllərdədir", bir xalqın adından etimadla "Ver, ver bizə zəfəri", qürurla "Dalğalan bayrağım, dalğalan" - deyir, "Yığılın, ey zərrələr, bir işığa yığılın!" - deyə dünya azərbaycanlılarına müraciət edir, "Gəl, sonunda mən də bir köks dolusu bağırım" - deyə Ulu Qələbəni çağırır və bütün bunların sonunda Ali Baş Komandanın tarixi ədalətin və beynəlxalq hüququn ifadəsi, bir xalqın, bir dövlətin qətiyyətinin, inamının, siyasi, hərbi və mənəvi gücünün rəmzi kimi bəyan etdiyi "Və Nida!"nı qoyur. Şair öz Ali Baş Komandanına, onun hərəkət və sözlərinə bütün qəlbinin və idrakının gücü ilə inanır, xalqını mübarizəyə, qələbə əzminə səsləmək kimi öz yaradıcı missiyasını yerinə yetirmək üçün ilhamını, gücünü Xalq və Ali Baş Komandan birliyindən alır. Eyni zamanda vətəndaşlıq və ədəbi borcuna sadiq qalaraq Arzu Əsəd özünün hərbi vətənpərvərlik mövzusunda yazdığı dəyərli əsərləri ilə bu birliyi, bu inamı təbliğ edir.

Arzu Əsədin "Və Nida!" kitabı son bir neçə onillik Azəbaycan ictimai-siyasi həyatının bədii idrak vasitəsilə dərkinin parlaq bir nümunəsidir. Ölkənin müstəqillik yollarında dinamik inkişafını, cəmiyyət və ordu quruculuğunu, siyasi-iqtisadi islahatları "...dünənindən dərs alıb addım-addım dəyişir, insan-insan dəyişir, Azərbaycan dəyişir" kimi zəngin metaforik bir dil və fəlsəfi ümumiləşdirmələrlə səciyyələndirən şair oxucu ilə bölüşdüyü poetik müşahidələrini "Nələr gördün zaman-zaman... Azərbaycan, Yenə qalib çıxacaqsan tarixlərin sınağından" - deyə nəticələndirir. Ölkənin əmin əllərdə olması, onun "kim yaşadıb, kim ucaldıbsa yenə həmin əllərdə" daha da inkişaf edəcəyi, yeni dünya düzənində layiqli yerini tutacağı, işğal olunmuş ərazilərin geri qaytarılacağı barədə şairin poetik qənaətində də sonuna Nida qoyulacaq böyük bir əminlik, inam və qətiyyət var. Onun poetik dünyagörüşünün orijinallığı, fərqliliyi ondan ibarətdir ki, o, ən yüksək emosional vüsəti analitik təfəkkür çərçivəsinə sala bilir. Onun poetik təfəkkürü, əgər belə demək mümkündürsə, məsuliyyətlidir, bütün emosional coşqunluğu ilə bərabər rasionaldır, daim çıxış yolu axtarır, məqbul, həyati, praktik seçimlərin üstündə durur. Bununla bərabər poetik vüsətindən, obrazlılığından heç nə əskiltmir, əksinə, siyasi şüurun məlum və labüd çərçivələr həddində ifadə etmədiklərini bədii dilin geniş imkanları çərçivəsində məharətlə ifadə edə bilir.

Onun hər əsəri özünün ümumiləşdirmə və obraz yükü ilə, assosiativ zənginliyi ilə müasir dünyanın ictimai-siyasi mənzərəsini siyasi təfəkkür terminologiyasına, dilinə sığmayan poetik deyimlə ifadə edir, daha doğrusu, yaradır. Bu yaradılmış mənzərə məhz müasir dünyanın siyasi həyatının mürəkkəbliyini, dərinliyini göstərməklə şairə "Bütün dünya od içində, ölkəm əmin əllərdədir.., Dalğa-dalğa, axın-axın tarix gəlib səndən keçir, Odlar yurdu, nur saçırsan, qaranlıqlar gendən keçir" - demək haqqını verir. Şairin qan yaddaşında Azərbaycanın "yenə qalib çıxacağına" inamla bərabər, "səadəti əlində bir götürüb, bir salıb" - deyə müstəqilliyin keçən əsrdə bir dəfə itirilməsindən doğan ehtiyat hissi də var. O, hər şeydən əvvəl əldə olunan nailiyyətlərin, böyük-kiçik tarixi qələbələrin, müstəqilliyin, ümumiyyətlə, Azərbaycan varlığının nəyin bahasına olur-olsun, qorunub saxlanmasına çalışır. Buna görə onun düşüncəsi yalnız pozitiv və nikbin köklənmişdir. O, idealizə etmir, ideallaşdırmır, amma ideallarsız yaşamağın, inkişaf etməyin mümkünlüyünə də inanmır. Ona görə də real olanla ideal olanın sintezini yaradır. Bunu bir nümunəyə çevirir. İçində yaşadığımız tənqidi və dağıdıcı təfəkkürün hökm sürdüyü dünyada Arzu Əsəd təsdiqedici və qurucu bir düşüncə ilə, inam və israrla sabit, inkişafda olan, qələbəyə can atan bir Azərbaycan obrazı və bu qələbənin, inkişafın təminatçısı olan tarixi şəxsiyyətlərin obrazını yaradır. O, şüurlu şəkildə, bilərəkdən yalnız bu istiqaməti əsas götürür, müstəqil inkişaf edən, sabit, əzmkar, qələbə ruhlu Azərbaycanın çatdığı bu nailiyyətlər səviyyəsini həm də sözdə, sözün vasitəsi, sözün qüdrəti ilə qoruyub saxlamağa cəhd edir.

Arzu Əsədin  "Və Nida!" kitabı içində yaşadığımız tarixin hiss-həyəcanının, bu tarixi yaradan Xalq və onun Liderinin sarsılmaz birliyinin poetik ifadəsi, torpaqlarımızın azadlığı və müstəqil dövlətimizin inkişafı naminə müasir Azərbaycan poeziyasının - Azərbaycan ruhunun Azərbaycan varlığına səslənişidir!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!