Əli bəy Hüseynzadə yaradıcılığında Yaponiya - Gülnar YUNUSOVA

 

Tarixdən məlumdur ki, Yaponiya 250 ilə yaxın müddətdə dünyadan təcrid olunma siyasətini həyata keçirmişdir. 1868-ci ildə Meyci reformasından sonra qapılarını dünyaya açmasıyla uzun müddət gizliliyini qoruyan Yaponiya bütün dünyada maraq obyektinə çevrilmişdir. Meyci hökumətinin həyata keçirdiyi islahatlarla Yaponiya imperiyası sənaye sahəsində inkişaf edən dünya gücünə çevrilmiş və ölkənin qlobal təsirini artırmaq üçün hərbi potensialından istifadə etməyə vadar olmuşdur. Birinci Çin-yapon (1894-1895) və rus-yapon (1904-1905) müharibələrində qələbə qazandıqdan sonra Yaponiya Koreya, Tayvan və Saxalin adasının cənub hissələrinə nəzarət etməyə başlamışdır.

XX əsrin əvvəllərində Yaponiyanın iqtisadi-hərbi şöhrəti Azərbaycan  ictimai fikrinin görkəmli nümayəndələrindən olan Məhəmməd Əmin Rəsulzadə, Cəlil Məmmədquluzadə, Əhməd bəy Ağaoğlu kimi qələm sahiblərinin yaradıcılığına da nüfuz etmişdir. Bu dövrdə yaradıcılığında Yaponiya mövzusunun geniş şəkildə izlənildiyi mütəfəkkirlərdən biri də Əli bəy Hüseynzadədir. Ə.Hüseynzadənin yaradıcılığında Yaponiya ilə bağlı bir çox məqamlara nəzər salındıqda görkəmli ədib və ictimai-siyasi xadimin görüşlərində gündoğan ölkənin yüksək mövqedə dayandığı müşahidə olunur.

Ə.Hüseynzadənin ədəbi irsində mühüm yer tutan "Siyasəti-fürusət" əsərində Mancuriya və Tsuşima məsələlərinə toxunmaqla 1905-ci ildə rus-yapon müharibəsində Rusiyanın məğlubiyyətinin səbəbinin yaponların güclü inkişafında və geniş zəkasında olduğuna işarət etmişdir. Sözügedən əsərin "Teymurnamə" hissəsində Şərqdə, xüsusilə də İranda müxtəlif yollarla - fala baxmaqla, röyalardan məna çıxarmaqla, övliyalıqla və digər vasitələrlə gələcəkdən xəbərdar olmaq, bir təşəbbüsün xeyirli olub-olmayacağını anlamaq kimi məsələlərdən bəhs edilmişdir. Bu məqamda silah və texnikanın keyfiyyətinə görə üstünlüyə malik olan Yaponiyanın ruslar üzərindəki qələbəsindən bəhs etməklə "bədməst" olanların nəinki gələcəkdən, heç mövcud vəziyyətlərindən də xəbərsiz olduqları diqqətə çatdırılmışdır: "Şərabda və ələlümum müsküratda mülki-Daranın əhvalını və əhvali-atiyəsini bildirmək xassəsi bulunmadığı şöylə dursun, hətta onunla bədməst olan şəxslər öz hal və mazilərindən belə bixəbər oluyorlar. Nərədə qaldı ki, gələcəği kəşf edə bilsinlər. Eyş və işrətə mübtəla olan Mancuriya generalları yaponların vəziyyətindən xəbərdar ola bildilərmi?".

Ə.Hüseynzadə yaponların elmi-texniki tərəqqisinin dünya üçün, eləcə də Şərq üçün də əhəmiyyətli örnək olmasına diqqət çəkmişdir.

Ə.Hüseynzadənin 1906-cı ildə "Füyuzat" jurnalının yeddinci sayında işıq üzü görən "Müzəffərəddin" adlı məqaləsində Yaponiyanın bütün dünyanı lərzəyə gətirən yüksəlişinin İranda oyanışa, dirçəlişə səbəbiyyət verməsindən bəhs edilmişdir. Bundan öncə gələcəyi övliyalıqla öyrənməyə çalışan alimlər elmin məcburiyyətini dərk etməyə başlamışdırlar: "İran üləması Avropanın  şəşə`eyi-mədəniyyətindən mütəəssir olmadılarsa da, lakin Yaponun vəlvəleyi-tərəqqiyyatından istər-istəməz oyandılar. Bunların arasında Əli Süavilər, Qaponlar bir-bir deyil, yüz-yüz zühur etdi. Bunların çoxu bizim bəzi axundlarımızın rə`yinə rəğmən elmül-əbdanın lüzumunu dəxi dərk etdilər. Müctəhid Ağa Seyid Məhəmməd kibi zəvati-kiram açdıqları məktəblərdə fransızcanın dəxi təhsilini məcburi qıldılar".

Bilindiyi kimi, rus-yapon müharibəsi 1904-cü ilin fevralında yaponların Rusiyanın Port Arturdakı qoşunlarına sürpriz hücumları ilə başlamışdır. İki ölkə arasındakı razılaşmaya əsasən Rusiya qoşunlarını Mancuriyadan çıxarmalı olduğu halda buna əməl etməkdən boyun qaçırmışdılar. Nəticəsində isə müasiri olduğu dövrdə ilk dəfə olaraq Asiya dövləti Avropa ölkəsini məğlubiyyətə uğratmışdır.

Bu tarixi hadisələrə diqqət yetirən Ə.Hüseynzadə "Xəyali-xam" məqaləsində Rusiyanın rus-yapon müharibəsindəki məğlubiyyətini rəzillik kimi qəbul etməmiş, Yaponiya kimi Uzaq Şərqdəki qüdrətli dövlətlə Rusiyadan başqa heç bir Avropa dövlətinin müharibə etməyə həddi çatmadığını söyləməklə gündoğan ölkənin XX əsrin əvvəllərində dünya tarixində tutduğu mövqeyini önə çıxarmışdır. 1905-ci ildə "Həyat" qəzetinin 58-ci nömrəsində yayımlanan məqalədə növbəti sətirlər qələmə alınmışdır: "Bir də İspaniyadan gələn məhud məktubun sahibi bihudə və əbəs yerə seviniyor, çünki Rusiya yaponlarla müharibədən sonra nə xaru zəlil düşdü və nə də Portsmutda imzaladığı sülh müahidənaməsi müxəlli şərəfdir. Rus dövlətindən başqa, heç bir Avropa dövlətinin, nə Germaniya, nə Fransa və nə də İngiltərənin bu qədər uzaqlarda on, on iki min verst uzaqlarda, müharibə etmək həddi deyil idi".

1905-ci il sentyabr ayının 5-də Yaponiya ilə Rusiya arasında "Portsmut" sülh müqaviləsi imzalanmışdır. Bu sülh müqaviləsinin şərtlərinə əsasən Rusiya 1875-ci ildə işğal  etdiyi Saxalin adasının yarısını Yaponiyaya vermiş, Mancuriyadan əl çəkmiş, Port Artur və Laodial yarımadası yaponların əlində qalmışdır. Ə.Hüseynzadə "Portsmut" müqaviləsinin heç də qalib Yaponiya üçün şərəf olmadığını, əksinə müharibənin təsiri ilə islahatlar keçirən Rusiya üçün gələcək nəticələrin min zəfərlərə bədəl olduğunu və cahanda ən yüksək mərtəbələrə yüksələcəyini diqqətə çatdırmışdır: "Vitte həzrətlərinin hikmət və tədbirilə Amerikanın Portsmut nam bələdəsində imzalanan sülh müahidəsinin əsla müxəlli şərəf olmadığına isə bu gün Yaponiyanın paytəxtində və sair böyük şəhərlərində baş göstərən şuriş və ixtilallar böyük bir dəlildir!.. Lakin bunların cümləsindən sərfnəzər, Rusiyanın öz daxilində müharibənin tə`sirilə vücuda gətirdiyi təcəddüd və islahat öylə nafe` gələcəkdə nətayici-həsənəyi-məs`udəsi mühəqqəq, öylə əzim bir hadisədir ki, müharibə meydanlarında qazanılan min zəfərlərə bədəldir, müadildir. O zəfərlərlə deyil, bu təcəddüd və islah sayəsindədir ki, Rusiya çox keçmədən ümum chanın düvəli-mütəməddinəsi arasında ən bala mərtəbələrə süud edəcəkdir".

Kifayət qədər iqtisadi-siyasi gücə malik olan yaponların maddiyyatla yetinməyib hər tərəfli inkişaf üçün mənəviyyat məsələlərinə önəm vermələrinin vacibliyi də Ə.Hüseynzadənin diqqət mərkəzində olmuşdur. Asiyada oyanışın Yaponiyadan başladığını önə çəkən ədib, hətta İranda dirçəlişin də yaponların tərəqqisindən irəli gəldiyini söyləmişdir. Ə.Hüseynzadə Yaponiyada islam dininə qarşı meyllərin çoxalması ilə yaponların daha ziyadə bir qüvvətlə Asiyaya hökm edəcəyi qənaətini ifadə etmişdir. 1906-cı ilin sentyabr ayında "Həyat" qəzeti tətilə getdikdən iki ay sonra Ə.Hüseynzadənin baş redaktorluğu ilə yayınlanmağa başlayan "Füyuzat" jurnalının ilk sayısında ədibin iki aylıq müddət zərfində həyati-aləmdə baş verənlərə nöqteyi-nəzərini özündə cəmləşdirən "İcmal" məqaləsində də "Yaponiya" mövzusu aktuallığını itirməmişdir. Müəllif Rusiyadakı vəziyyətə nəzər saldıqdan sonra üzünü Şərqə - Yaponiyaya çevirərək yazmışdır: "Şərqi-əqsadə yaponlar Koreya və Mancuriya əndişəsindən xilas olub nəzəri-cahangiranələrini başqa məmalikə əz cümlə Filippin cəzairinə çeviriyorlar, bir az amerikalılar ilə pozuşuyorlar. Bu kimi səbəblərlə bir an boş durmayıb qüvayi-bərriyyə və bəhriyyələrini bir qat daha təzyidə çalışıyorlar. Lakin sadə maddiyyat ilə iktifa etmiyorlar, mənəviyyatlarını dəxi islaha qoyluyorlar, tədqiqi-ədyan ilə məşğul oluyorlar. Bəzi rus və Avropa qəzetələrinin, hətta bizzat yapon mühərrirlərindən bir neçə zəvatın rəvayətlərinə baxılırsa, yapon cəmaəti arasında dini-islamı qəbula xeyli meyl edənlər bulunuyormuş. Bu sayədə yaponlar daha ziyadə bir qüvvət və şövkət qazanıb bütün Asiya cəmaətinə pişvalıq edəcəklərini ümid ediyorlar".

Ə.Hüseynzadənin "Dünya qaçan ki, tazələnüb növbahar olur, Qanlu yaşımla yer yüzü həp laləzar olur" misraları ilə başlayan, 1907-ci ildə "Füyuzat" jurnalının 19-cu nömrəsində yayınlanan "Əhvali-aləm və diri müstəhasələr" adlı məqalə olduqca diqqətəlayiqdir. "Asiyanın oyanması Yapondan başladı" deyən ədib fransız Emil Zolyanın "Roma" adlı əsərinə müraciət edərək, Zolyanın haqlı olaraq mədəniyyətin Şərqdən Qərbə doğru, yəni Çindən başlayaraq Avropaya, ordan da Amerikaya keçdiyini qeyd etmişdir. Lakin mədəniyyət hərəkətinə davam edərək Amerikadan Yaponiyaya keçmiş və yenidən Yaponiyadan bütün Asiyaya yayılmaqla Şərq xalqlarının oyanışına təkan vermişdir.

Uzun illər Avropanın müstəmləkə siyasətinə məruz qalan Şərq xalqları XX əsrin əvvəllərindən etibarən yeniləşmə dövrünə daxil olmuşdur. Rus-yapon müharibəsində Rusiyanın uğursuzluğa düçar olması Avropanın sərmayədarlıq siyasətini sarsıtmış, yeni müstəmləkə yolları bağlanmış, mövcud müstəmləkələri isə təhlükəli hal almış, Asiya və Afrikada insanların öz varlıqlarını dərk edib hərəkətə gəlmələrinə səbəb olmuşdur: "Şimdi yenə kəmakan mədəniyyət Şərqdən Qərbə toğru hərəkətinə davam edərək, Amerikadan Yapona keçdi. Yapondan yenidən Çinə və bütün Asiyaya keçmək üzrədir. Avropayı "Sarı təhlükə" namilə Asiya mədəniyyəti təhdid ediyor. Avropanın üzərinə Şərqdən mühib bir mövc gəliyor. Rusiya-Yapon müsadiməsi bu dalğaya qarşı ilk müdafiə oldusa da, lakin əncamı böyük bir müvəffəqiyyətsizlikdən ibarət qaldı ki, bunun nəticəsində Avropanın sərmayədarlıq mədəniyyəti təməlindən sarsıldı. Avropa üçün müstəmləkə yolları bağlandı və əllərindəki müstəmləkələr də təhlükə təhtinə girdi".

Ə.Hüseynzadənin müasiri, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 1909-cu ildə oxuculara təqdim olunan "Parlament nə vəziyyətdə açılır?" adlı məqaləsində də eyni şəkildə Yaponiyanın Şərqdə yenilik və təkamülün yarandığı ilk ölkə olaraq, Asiyada oyanışa səbəb olduğu  diqqətə çatdırılmışdır: "Şərqdə yenilik və təkamülün ilk yarandığı yer Yaponiya olmuşdur. Şərqin ucqarlarında okeanın ortasında hər yerdən kənar və əsrlərlə adı bilinməmiş qalan bu ölkə öz misilsiz fütuhatları ilə son illərdə Şərqdə insanların oyandığını və mədəniyyətin yüksəldiyini avropalılara sübut etdi. Yaponların ruslar üzərində qələbəsi Asiya və Afrikada ümumi bir hərəkata bais oldu".

Ə.Hüseynzadənin yuxarıda qeyd edilən "Əhvali-aləm və diri müstəhasələr" əsərindəki "sarı təhlükə" məsələsi ədibin "Tiflis erməni-müsəlman ictimainə dair bir-iki söz" məqaləsində də izlənilir: "İmdi nə çarə ki, yaponlar basılmadılar... Zorla da basmaq olmazdı! O halda mərəzin Tokiyo nam mehraqından və "sarı təhlükədən" heç bəhs etməyə dəyməz!". Bəs nədir bu "sarı təhlükə"?

Yaponiya ilə Osmanlı arasında diplomatik münasibətlər XIX əsrin yetmişinci illərində  sultan II Əbdülhəmidin dövründə başlamışdır. Bu iki nəhəng dövlətin imperialistlərə qarşı birləşməsi ilə Yaponiyada islamın təbliğatı da başlanmış və bununla da Qərbə qarşı "təhlükə" yaranmışdır. Ə.Hüseynzadə irsinin tədqiqatçısı Ofeliya Bayramlı "sarı təhlükə"nin izahını aydın şəkildə verərək yazır ki, XIX əsrin ikinci yarısında Rusiya təhlükəsinə Osmanlı ilə Yaponiyanın birləşməsi bütün Avropa imperialistlərini qorxuya salır. Məlumdur ki, Osmanlı dövləti xarici siyasətində panislamizmdən yapışır. Yaponiya da 1905-ci il müharibəsindən sonra Qərb xristianlarına qarşı mövqeyini qorumaq üçün "İttihadi Şərq" siyasəti çərçivəsində Osmanlı dövlətilə panislamizm siyasətində birləşir. Yaponiyada islam dininin təbliğatının aparılması o zaman bütün Avropa dövlətlərini qorxuya salır. Çünki bir zamanlar Yaponiya Şərq siyasətində buddizmdən yapışaraq sarı təhlükə adı ilə Qərbi qorxuya salmışdır.

Ə.Hüseynzadənin 1905-1909-cu illərdə "Həyat", "Füyuzat", "Tərəqqi" kimi dövri mətbuatda yayınlanmış "Röya", "Cilvəgahi-hüquq", "Əhvali-aləm və diri müstəhasələr", "İntiqad ediyoruz, intiqad olunuyoruz", "Yazımız, dilimiz, "ikinci il"imiz" və digər məqalələrində də öz aktuallığı ilə seçilmiş Yaponiyanın ədibin görüşlərində yüksək mövqedə dayandığını müşahidə etmiş oluruq. Milli mücadilə tariximizdə mühüm yer tutan Ə.Hüseynzadə yaradıcılığında Yaponiya mövzusuna müraciət etməklə milli məsələlərin həllində bir örnək göstərmişdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!