Xalq yazıçısı Anarın "Yaşamaq haqqı" traktatı üzərinə qeydlər
Uşaqlığımda oyuncaqlarım olmayıb, olubsa da, xatırlamıram. Amma gözümü dünyaya açandan evimizdə kitabxana görmüşəm. Onu xatırlayıram ki, səkkiz yaşım olanda anam əlimdən tutub məni kənd kitabxanasına aparıb, Naxır bulağı deyilən yerdə böyük kitab mağazası vardı, oranı tanıtdırıb. Tay-tuşlarım müxtəlif əyləncələrlə baş qatanda mən kitablardakı sehrli aləmlərə səyahət etməkdən inanılmaz bir zövq alırdım, bu xoşbəxtliyi sözlə ifadə etmək mümkünsüzdür. Bu zövqün yerini heç nə əvəz edə bilməzdi. Mən bu kitablar vasitəsilə tanımadığım ölkələri gəzib-dolaşırdım, müxtəlif cür insanlarla tanış olurdum, xeyirlə şərin mübarizəsi qəlbimi həyəcana gətirirdi...
Bir dəfə, təxminən on bir-on iki yaşlarımda yolum yenə həmin o kitab mağazasına düşdü. Vitrində bir kitab gördüm - Anar: "Dünya bir pəncərədir". Və... O kitabı oxuduqdan sonra mənim taleyimdə nələrinsə dəyişdiyini valideynlərim də hiss etdi. Ona qədər şeir adına bir neçə cızma-qara eləmişdim, nələrsə yazmağa cəhd edirdim. Yadımdadır, "Dünya bir pəncərədir" kitabını oxuyandan sonra uzun-uzadı təkidlərimdən sonra atam mənə yazı makinası aldı. (!) Evimizə gələn qonaqlar bu yazı makinasını görüb bir az təəccüb, bir az da heyrətlə anamın üzünə baxırdılar, anam da başımı sığallayıb gülümsəyirdi: uşaq yazıçı olmaq istəyir. Qonaqlar da gülüşürdülər, çox güman ki, bu məşğuliyyətin ötəri bir həvəs olduğunu güman etmişdilər. Xatırlayıram, anama demişdilər ki, bu kitab onun yaşına uyğun deyil, qoy əvvəlcə macəra romanlarını oxusun. Sözsüz, yeniyetmələr üçün nəzərdə tutulan başqa kitabları da oxuyurdum. Bu gün də belə düşünürəm ki, sinifdənxaric oxuduğum kitablar mənim bir insan olaraq formalaşmağımda həlledici rol oynayıb. Amma nə sirdisə, "Dünya bir pəncərədir" kitabından ayrıla bilmirdim, gecə-gündüz bu kitab əlimdən düşmürdü. Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəyli haqqında yazılmış "Sizsiz" əsəri məni sehrləmişdi, heç cür bu əsərin təsirindən çıxa bilmirdim. Bəlkə, yeganə əsərdir ki, bu gün də oxuyanda eyni hissləri yaşayıram və düşünürəm ki, "Sizsiz" sevginin, sədaqətin məğzini, mahiyyətini göstərən ən mükəmməl bir əsərdir.
"Dünya bir pəncərədir" konseptual bir kitabdır, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin zaman-zaman yaşanılmış mərhələləri bu kitabda öz əksini tapır. Bu kitab "Kitabi-Dədə Qorqud"dan Mirzə Cəlilə, Nazim Hikmətə qədər uzanan bir ərazini qapsayır. Otuz beş ilə yaxındır ki, bu kitab mənimlə yol yoldaşlığı edir. Anar müəllimin Azərbaycanda çıxan demək olar ki, bütün kitabları kitabxanamda var. Amma mən bu gün də dünyaya o "pəncərə"dən baxıram.
Bir də onu xatırlayıram ki, on beş yaşım olanda Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı haqqında qeydlərimi yazmışdım. Anam məsləhət gördü ki, bu yazını ədəbiyyat müəllimimə göstərim. Dərsdən sonra çəkinə-çəkinə yazını bizə dil-ədəbiyyatdan dərs deyən Davud müəllimə göstərdim. Eynəyini taxıb yazını gözdən keçirdi, sonra başını qaldırıb düşüncəli halda üzümə baxdı və uzun müddət dinmədi. Handan-hana dilləndi: - "Bala, sən dərslərini yaxşı oxuyursan, buna söz yox, amma səndə həm də talant var, səndən yaxşı ədəbiyyatçı çıxar". Bir neçə gün sonra məktəbin direktoru da mənimlə xüsusi maraqlanmağa başladı. O vaxtdan məktəbi bitirənə qədər tədbirlərdə nümunəvi şagird kimi həmişə adımı çəkirdi.
Anar müəllimin bu günlərdə "Qanun" nəşriyyatında çapdan çıxmış "Yaşamaq haqqı" traktatını oxuyanda həmin o on bir yaşlı uşağın sevinci yenidən içimdə puçurladı, eyni hiss, eyni həyəcanları yaşadım. Hər dəfə Anarın hansısa kitabını oxumağa başlayanda bu hisslər qayıdır. Ötən il onun "Unudulmaz görüşlər" kitabı haqqında "İki sahil" qəzetinə bir yazı yazmışdım, o yazıda da bunu xüsusi olaraq vurğulamışdım. "Yaşamaq haqqı"nın baş qəhrəmanı Azərbaycandır. Kitab azərbaycançılıq məfkurəsi üzərində qələmə alınıb. Ömrünün 60 ildən çoxunu Azərbaycan mədəniyyətinə, ədəbiyyatına sərf etmiş böyük ziyalımız bu gün də eyni şövqlə, entuziazmla çalışır. Kitabın əvvəlki səhifələrində bir məqam diqqətimi çəkdi:
"Təmənnasız və fədakar Zərdabi öz məsləkdaşlarından da ümumi amal naminə eyni fədakarlığı tələb edirdi və mübarizədən azca da olsa, geriyə çəkilməyi heç kəsə bağışlamırdı, - hətta yaşın yükünə görəmi, yorğunluqdanmı kənara çəkilmək istəyən yüksək hörmət bəslədiyi Mirzə Fətəliyə də. Ona yazdığı hərarətli məktubda Zərdabinin həyat kredosu ifadə olunur: "Möhtərəm Mirzə Fətəli bəy! Sizin məktublarınızı və göndərişlərinizi aldım. Yazırsınız ki, yaşınız bir yeni əsər yazmağa Sizə imkan vermir. Çox heyif. Etiraf etməliyəm ki, təəccüb edirəm, nədən başqa adamlar yaşa dolduqca daha təcrübəli və əsərləri daha ciddi olur. Siz isə əksinə, boynunuza alırsınız ki, hətta qələm çala bilmirsiniz. Əlbəttə, ixtiyar sahibisiniz, dincəlmək istəyirsinizsə, Allah sizə rahatlıq versin. Amma düşünməyin xalqın maariflənməsi elə bir şeydir ki, bir məqalə, ya pyeslə ona nail olmaq olar. Xeyr, bununçün qat-qat artıq əzab-əziyyət çəkməlisən".
Anar və onun mənsub olduğu ədəbi nəsil Azərbaycanın azadlıq idealları uğrunda döyüşürdü. Bu missiya öz bəhrəsini verdi, Azərbaycan öz istiqlalına qovuşdu. Qarşıda müstəqil dövrün insanını azərbaycançılıq ideologiyası ətrafında birləşdirmək vəzifəsi dayanırdı. Anar bu vəzifənin də öhdəsindən ləyaqətlə, vicdanla gəldi. Onun müstəqillik dövrümüzün ən gözəl əsərlərindən olan "Ağ qoç, qara qoç" romanı bu ideologiyanın təməlini qoyan bədii mətnlərdən oldu. Anarın əsərləri insanı öz fərdi tənhalığından qopub ictimai fiqur kimi gərəkli olmağa sövq edən əsərlərdir. "Yaşamaq haqqı" traktatı da ictimai şüurun formalaşmasına, fərdin bir vətəndaş olaraq öz öhdəliklərini dərk etməsinə xidmət edən fundamental bir kitabdır. Sağlam cəmiyyətin yetişməsi üçün bu tipli təməl kitablara olduqca böyük ehtiyac var. Yazıçının bu kitabı xalqına, gələcək nəsillərə vəsiyyət kimi yazdığnı vurğulaması da onu göstərir ki, o, təkcə keçmişi, şərəfli tariximizi qələmə almaqla yetinməyir, həm də gələcəklə bağlı düşüncələr onu məşğul edir. Keçmiş Anar qələmində süzgəcdən keçirilir və gələcəyə, gələcək nəslə təqdim olunur. Bu salnamə onun gələcək nəsillərə, gələcəkdə yaşayacaq insanlara əmanətidir. Yazıçı giriş yazısında kitabın necə yazılmasından bəhs edir və tədqiqatçı alim Azər Turanın "İrfan çobanı" kitabının onda yaratdığı təəssüratları xatırlayır:
"O, bir neçə il öncə mənə "İrfan çobanı" adlı yeni kitabının əlyazmasını vermişdi. Vaxt qıtlığıma baxmayaraq 330 səhifəlik əlyazmanı birnəfəsə oxudum. Əsər ilk səhifələrdən məni öz cazibəsinə salıb axıradək buraxmadı. Oxuyub sevindim, fərəh duydum, çox şey öyrəndim, çox mətləbləri düşündüm. Çox şeylərlə razılaşdım. Elə fikirlər də vardı ki, razı qalmadım, hətta qəti etirazıma da səbəb oldu, mübahisəyə girişmək istəyi də doğurdu. Ən ümdəsi - oxuduğum mətn məni həmin problem üzərində düşünməyə vadar etdi, eyni mövzular ətrafında öz fikirlərimi dəqiqləşdirməyə təkan verdi" (səh.30-31).
Kitabın Cənubi Azərbaycanla bağlı "Tarixi şans", "Azadlığın bədəli" bölümlərini həyəcansız oxumaq mümkün deyil. Ötən əsrdə, İkinci Dünya müharibəsi illərində ikiyə bölünmüş Azərbaycanın birləşmək şansı vardı. Biz bu şansı necə əldən verdik? Kitaba ön söz yazmış gənc yazıçı Pərvin haqlı olaraq qeyd edir ki, "Anar romançı məharəti ilə bütün bu hadisələri elə yazır ki, insanın ümidi artır, bir vaxt üzümüzə açılan qapı bir də açıla bilər və onda şansı əldən buraxmarıq...".
Yazıçı saysız-hesabsız tarixi mənbələrə müraciət edib, doğru-düzgün faktların üzə çıxması üçün araşdırmalar aparıb, özünün şahidi olduğu hadisələr nöqteyi-nəzərindən yola çıxaraq tarixi həqiqətləri üzə çıxarır. Bir çox mətləblər var ki, biz ilk dəfə bu kitabın səhifələrindən oxuyub agah oluruq. Demək olar ki, xalqın taleyində bütün qaranlıq məqamlara bu kitabda aydınlıq gətirilir.
"Qafqazda erməni məsələsinin yaranması" bölümündə yazıçı təkzibolunmaz faktlarla erməni yalanlarını ifşa edir, onların əsrlər boyu apardığı məkrli oyunların və ermənilərə daim qahmar çıxan rus imperiyasının yürütdüyü işğalçılıq siyasətinin tarixi köklərini araşdırıb üzə çıxarır.
Tariximizin elə bir mühüm hadisəsi yoxdur ki, bu kitabda öz əksini tapmasın. Kitabda Azərbaycanın taleyində böyük rol oynamış bütün tarixi şəxsiyyətlər haqqında geniş bilgilər var. Bəli, biz bu tarixi faktlara bələdik, kitabı maraqlı edən isə həmin hadisələrə Anarın analitik təfəkkürüdür, fərqli yanaşmalarıdır, vətəndaş və ziyalı mövqeyidir. Anar bədii publisistikanın ən gözəl nümunələrini yaradıb və bu kitabda da hadisələr bədii və publisistik dilin sintezində qələmə alınıb, esseistik təhkiyə oxucunu yormur, oxuduqlarımız yaddaşımıza həkk olunur. Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, elminin keçdiyi inkişaf yolları yazıçının qələmində əsrarəngiz bir dünya kimi gözlərimiz önündə canlanır. Biz, sanki bu mərhələlərə müəlliflə birlikdə şahidlik edirik. Rəhmətlik Vaqif İbrahimoğlu deyirdi ki, tarixdən də güclü bir fenomen var ki, bəşəriyyət öz varlığını həm də onun hökmü ilə diktə edir, ibrət alır və tarixin özünü dəyərləndirir. Bu fenomen ədəbiyyatdır. Bir damcı su özündə nəhəng okean haqqında bütün informasiyanı cəm etdiyi kimi, bir əsər də dövrün, epoxanın, hətta əsrlərin demək olar ki, bütün həqiqətlərini cəm halında, kitab şəklində oxucuya təqdim edir. Tarixdən də güclü fenomen olan ədəbiyyat belə möcüzələrə qadirdir. "Yaşamaq haqqı" bizim bir millət olaraq yer üzündə yaşamaq və var olmaq haqqımızı ədəbiyyatın dililə təsdiqləyir. Bu kitab Azərbaycanın mənəvi pasportudur. Bir millətin uşaqlığı, gəncliyi və müdrikliyi bu kitabda cəmləşib.
"Yaşamaq haqqı" hər bir azərbaycanlının stolüstü kitabı olmalıdır. Bu kitabı oxuyan hər bir azərbaycanlının ürəyi iftixar hissilə döyünəcək, o, tarixin və zamanın bütün qovğalarından alnıaçıq, üzüağ çıxmış bir millətin övladı olduğu üçün qürur hissi keçirəcək, zamanın və gələcəyin üzünə dik baxa biləcək.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!