Avropada müasir cəmiyyət və müasir ailə - Orxan Aras yazır

 

Rene Guenon Parisin Qnostik kilsəsində məsul dini şəxs idi, eyni zamanda "La Gnose" jurnalında dini yazılar yazırdı. Həm filosof, həm də ədəbiyyatçı idi. Hətta riyaziyyata da böyük marağı var idi. Sonradan anidən dinə həvəslənmiş, beləliklə dini təhsil alaraq rahib olmuşdu.

Guenon bir rahib olaraq Parisdə dini mühitin içərisində yaşarkən, oranın modern kəsimi ilə də əlaqəsi vardı. İki tərəfin də geriliyini və axsamalarını yaxından izləyirdi. Gün gəldi elə özü də o geriliyin içində çabalamağa başladı. Artıq Parisə də, parislilərə də təhəmmül göstərəmmirdi. Etdiyi dini ayinlər, dualar, yalvarışlar ruhuna bir damla da ümid işığı salmırdı. Şəhər, yüksək binalar, getdikcə məhvə doğru sürüklənən ailə ənənələri, kapitalizmin çərxində dəyişdikcə dəyişən dərnəklər, fondlar və arsız tünlüklər..

1912-ci ildə özünün yaratdığı və redaktorluq etdiyi "La Gnose" jurnalından və o çevrədən ayrıldı. Çox keçmədən məşhur fransız rəssamı Gustav Ageli ilə tanış oldu. Ageli 1910-cu ildə müsəlman olmuş, Misirdəki Şazəliyə şeyxlərindən olan Əbdürrəhman Əliş əl Kəbirə bağlanmışdı. Rəssam Renenin suallarına onu tətmin edən cavabları alınca təsirləndi, bir müddət sonra o da islamı qəbul edərək, Əbdülvahid Yəhya adını götürdü. Müsəlman olduqdan sonra müəllimi Jacques Maritainin rəhbərliyi ilə "Hindu təlimlərinin tədqiqinə giriş" adlı doktorluq tezini tamamlayıb universitetə təqdim etdi. Universitet jürisi onun tezini qəbul etməyincə elmi tədqiqatları buraxaraq, "Qərb" və "Müasirləşmə" üzərinə tezlər hazırlayıb məqalə və kitab şəklində çap etdi. Yaddaşı və xarici dil bilmə istedadı mükəmməl idi. Yunanca, çincə, ivritcə, ərəbcə, italyanca, latınca, ingiliscə, sansktitcə və slavyan dillərini bilirdi. Bu dilləri bilməsi ona həm dini mənbələri, ezoterik ədəbiyyatı əslindən oxuma imkanı verirdi.

Rene Guenon sədd-sərhəd gözləməyən, bütün ənənələri heçə sayan vəhşi bir müasirləşmənin pəncəsindəki Qərbi mədəniyyətdən uzaqlaşan bir "anormal Qərb" olaraq dəyərləndirir və yenidən normal halına dönmək üçün dünyanın digər bölgələrindəki mədəniyyətlərin kökünə dayanan gerçəyi kəşf etməyi, çaba göstərməyi tövsiyə edirdi.

"Müasir dünyanın böhranı" adlı kitabında Qərbdə "hər sahədə bir nizamsızlıq və böhranın olduğunu, hər mənada bütün sərhədlərin aşıldığını, getdikcə cəmiyyətin ailəsiz bir nöqtəyə doğru sürətlə getdiyini" yazmaqdadır. O, irəli sürdüyü tezi bu sətirlərlə gücləndirməkdədir:

"Müasir cəmiyyətdə ardı-arası kəsilməyən bir həyəcan, davamlı dəyişim və hadisələrin bərabərində sürüklənən, dayanmadan artan sürət ehtiyacı... Bu, çoxluq içərisində bir dağılmadır. Bu dağılma gündəlik həyata da yansımaqdadır, aşırı bir parçalanma və kiçilmə özünü göstərməkdədir. Bunlar get-gedə çoxalan bir maddiləşmənin təbii qaçınılmaz nəticəsidir. Çünki maddə tərkibi etibarilə çoxluq və bölünmə deməkdir. Bu səbəbdən maddədən doğulan hər şeyin individ arasında olduğu qədər də cəmiyyətlər arasında sadəcə davalara, hər cür anlaşılmazlıqlara yol aça biləcəyini bəri başdan söyləyim".

Guenon göz görə-görə Qərbdə maddiləşən və dağılan ailənin iztirabından özünü qurtara bilmək üçün 1930-cu ildə Parisi tərk edib Qahirəyə gedir, orada özünə Şərq cəmiyyətinə xas ailə qurur və 1951-ci ilə qədər, yəni son nəfəsinə qədər Qahirədə yaşayıb orada Qərbi, Qərbin getdiyi qaranlığı tənqid edən bir-birindən maraqlı əsərlərə imza atır.

Bir Qərb intellektualının yaxından izlədiyi maddiləşərək müasirləşən cəmiyyət quruluşunun ailəni necə yox etməsi 50 il keçmədən sadəcə Avropada deyil, bütün dünyada özünü göstərməyə başladı. Almaniyada müxtəlif tədqiqatlara imza atan "Gələcəyi araşdırma fondu" tərəfindən aparılan bir tədqiqatda almanların 67 faizi ailəli olmağın sərbəstliyə bir təhlükə kimi görməkdədir. Sorğulanan yeni ailə quran cütlüklərin 61 faizi isə övlad sahibi olmaq istəmədiklərinə səbəb olaraq maddi vəziyyəti təhlükə görürlər.

Başqa bir tərəfdən alman cəmiyyətində ailə üçün "Seçilmiş ailə"(Wahlfamilien), qohumlar üçünsə "Seçilmiş qohum" (Wahlverwandschaften) qavramları getdikcə önəm qazanmaqdadır. Bu cür tədqiqatlarda insanların öz ailə və qohumlarından başqa, yaşadıqları yerlərdə özlərinə yaxın gördükləri insanlarla "süni ailə" yaratmaq arzusundan qaynaqlandığı və gələcəkdə ictimai təşkilatların yerini alacaq olan "sosial konvoy"ların (sosial konvois) yerləşilən və ya çalışılan məkanlarda bu cür "yamaq ailə"lərin (Patchwork-Familie) yaradılması gözlənilməkdədir.

Süni ailələrin cəmiyyət üçün gətirəcəyi təhlükə min ildən bəri ailə içərisində əmələ gəlmiş və insanlıq üçün həyati vacib təcrübə zəncirinin qırılmasıdır. Təcrübə zənciri cəmiyyətlərin keçmişdən bu günə yaşadıqları hər cür fəaliyyətin günümüzə qədər gəlib çıxması, bunun da insanların yaşanmışlıqları bilərək bilincli bir yaşam tərzinə sahib olması deməkdir. Əldə edinmiş təcrübələrin babalar, nənələr, ana-atalar vasitəsilə deyil, insanın özünün yaratdığı süni vasitələrlə əldə etməyə çalışması insanı insandan daha çox maşına yaxın olmağa götürməkdə, beləliklə də yalqız bir dünyaya məhkum etməkdədir.

Geniş ailədən kiçik ailəyə çevriliş, bu kiçik ailənin də dağılmağa başlaması modern cəmiyyətdə modern münasibətlərlə qurulan "süni ailə quruluşu"nun məhrəmiyyətinin olmamasından qaynaqlanmaqdadır. Bu vəziyyətə ingilis sosioloqu Anthony Giddens "Məhrəmiyyətin dəyişməsi" adını verməkdədir. Ona görə sosial mediadakı flirtlər, başlanan münasibətlər və evliliklər ailə içərisindəki bütün məhrəmiyyəti yox etməkdə və ailəyə lazım olan mənəvi məkanın da yox edilməsinə səbəb olmaqdadır. Ənənənin məhrəmiyyət qanunları müasirləşmə ilə birlikdə yerini möhkəm olmayan və ya hər an qopa biləcək münasibətlərə buraxmaqdadır.

Antoni Giddens 1999-cu ildə nəşr etdiyi "Əlimizdən qaçıb gedən dünya" (Runaway World) adlı əsərində "Ailə"yə bir bölüm ayırmış, modern ailə ilə ənənəvi ailənin mənfi yönləriylə fərqli səbəblərini, modern həyatın gətirdiyi reqressiyadan (korlanma) bəhs etmişdir. Ona görə "cütlük" duyğusal ünsiyyətə və məhrəmiyyətə bağlı bir vahiddir. Cütlük baxışından isə məhrəmiyyət bir bünövrədir. Giddens ünsiyyət vasitələrinin inkişafı ilə artıq evliliklərdə "bağlılıq" yerinə "münasibət"dən söz açıldığını, bir çox modern düşüncəli insanların "ailəlisənmi?" deyə soruşmayıb, "bərabər olduğun biri varmı?" - deyə maraqlandıqlarından bəhs etməkdədir. Giddens bu cür evliliklərdən, daha doğrusu, "münasibət"lərdən dünyaya gələn uşaqların paradoksal bir mövqedə dayandığını yazaraq: "Ənənəvi ailədə uşaqlar iqtisadi faydanı təmsil edərkən günümüzdə Qərb ölkələrində isə tam tərsinə uşaq ana-ata üzərində böyük bir maddi yük olaraq görülməkdədir," fikrini aşkara çıxarır.

Rene Guenonu bizdən 80 ildən çox olan zaman aşımı ayırır. Onun 1930-cu illərdə buraxıb qaçdığı "modern cəmiyyət" öz-özünü içərisindən yeyən qurd olmağın xaricində bütün digər mədəniyyətlərin də qurdu oldu. Varlığı ilə insanları ayaqda tutan, yan-yana yaşadan bütün qurumları içərisindən gəmirdi. Özünü yox etmək mərhələsindən sonra nəyin gələcəyi isə böyük müəmmadır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!