Murad Köhnəqalanın «Bu bir tələdi» şeiri haqqında
Dörd tərəfdən şeirlə mühasirəyə alınıb əsl şeir üçün darıxdıqca mən özümü dənizin ortasında susuzluqdan yanan biri kimi təsəvvür edirəm. Ona görə də bu günlərdə Murad Köhnəqalanın "Bu bir tələdi" şeiri qəfil qarşıma çıxanda misraları dənizin ortasında şirin su tapmış kimi, necə deyərlər, gözümə təpdim...
Gecənin bətnindən əsdi bir külək
Bütün binalarda işıqlar söndü
monitor da öldü - sonuncu işıq
bir qırıq şam tapdım qazın üstündən
yandırdım bəzəkli bir nəlbəkidə
sonra nə etməli? - fikirləşirdim
almazla doğranan düşüncələrim
beynimin içinə səpələnirdi
birdən uşaq səsi gəldi otaqdan
olmaya həzincə dəli oluram?
Ürpənib qorxaraq özüm özümdən
durub nəlbəkini əlimə aldım
girdim yan otağa: "Kimdi ağlayan?"
rəqs edən kölgələr mənə gülsə də
uşaq ağlayırdı başqa otaqda
vahimə içində əllərimdə şam
otaqdan-otağa keçib gəzirdim
uşaq otağında ayı kuklası
sökülmüş pazllar mənə baxırdı
mən qapını örtüb geri çıxanda
stula atılmış uşaq paltarı
bir an rəqs elədi öz kölgəsilə
güzgünün yanından ötüb-keçəndə
qəfil bir səs məni özünə çəkdi
döndüm ki, güzgüdə biri dayanıb
əlində şam tutub nəlbəki yoxdu
baxdım, güzgüdəki üzü qırışmış
qaməti əyilmiş qoca kişidi.
"Burda nə gəzirsən?" məndən soruşdu
"uşaq ağlayırdı" - dedim mən ona
"burda uşaq yoxdu, heç kim ağlamır
Çalış dəli olma, ehtiyatlı ol".
Kişinin səsindən vücudum əsdi
Nəlbəki oynadı, şam yerə düşdü
Aşağı əyilib şamı götürdüm
Bu zaman zəng gəldi telefonuma
Uşaq ağlayırdı zəngin yerində
Tələsik telefon tərəfə cumdum
Güzgüdəki qoca qışqırdı mənə:
"Götürmə, götürmə bu bir tələdi!".
...Orqanik bir meyvə geni dəyişdirilmiş meyvəylə müqayisədə nə qədər dadlıdırsa, əsl şeir də süni priyomlarla, intellektlə, plagiatla yüklənmiş qondarma şeirlə, yəni "geni dəyişdirilmiş ədəbiyyat"la müqayisədə o qədər oxunaqlıdır. Şəxsən mən dəqiq əminəm ki, külək əsib işıqları söndürənə qədər müəllif şeir yazmaq fikrində olmayıb. Bu şeirin bu qədər doyumlu olmasının səbəbi odur ki, müəllifin əhvalı, ruh halı, daxili mistikası qəfildən zahiri dünyanın mistikasında inikas olunub, yəni keçici də olsa şairin içindəki hava ilə çölündəki hava bərabərləşib. Bu şeir həmin o nadir təsadüf olunan mistik bərabərliyin, harmoniyanın məhsuludur. Burda hıqqanma yoxdu, əsl ədəbiyyatda hıqqanma olmur, şair hıqqanırsa, yazmamalıdır.
...Hər şey var bu şeirdə; musiqi, dekorasiya, süjet, obraz, monoloq, rəng, səs. Külək vıyıltısı, uşaq ağlaması, qaranlıq, işıq, kölgə. Olduqca mücərrəd ruh halının nəinki gözlə görüləcək, az qala əllə tutulacaq qədər konkret ifadəsi.
Monitorla bərabər sönən sonuncu işartı, qazın üstündən tapılmış qırıq şam, onun fonunda daha bəzəkli görünən nəlbəki, rəqs edən uşaq paltarı, çırpılan qapılar, oyuncaq ayı, yarımçıq yığılmış pazl və nəhayət, şam işığında üzünün qırışları daha aydın sezilən güzgüdəki qoca. Burda şair həm rəssamdı, həm rejissordu, həm də obraz. Güzgüdəki qoca naməlum biridirmi, müəllifin özüdürmü, indisi, ya gələcəyidirmi, aydın olmur. Amma o qoca hər kimdirsə, çox müdrik biridir, "Burda uşaq yoxdu, heç kim ağlamır, çalış, dəli olma, ehtiyatlı ol" deməyə gəlmiş, "Götürmə, götürmə, o bir tələdi"- deyib qeyb olan biri.
Bu şeirdə sözlər naxışın ilmələri kimi, pazlın hissələri kimi o qədər yerindədir ki, o ruh halından kənarda heç cür o qədər dəqiq atəş açmaq olmazdı. Telefon zənginin uşaq ağlaması olduğunu adi halda o qədər yığcam ifadə edib bir misraya sığdırmaq olmazdı: "Uşaq ağlayırdı zəngin yerində...".
Hətta mən şeirin təsiriylə bir az da mistikaya uyub düşünürəm ki, bəlkə gecənin bətnində qəfil külək ona görə başlamışdı ki, işıqlar sönsün, şair əlində qırıq şam otaqları gəzib güzgüdə özüylə rastlaşsın. Bəlkə, daxilindəki vəziyyətlə xaricindəki vəziyyət uyğunlaşmasaydı, o enerji o gün müəllifi öldürə, ya havalandıra bilərdi, bəlkə, şairə qırağı ilə gəzdiyi, günəş, ya elektrik işığında görmədiyi uçurumun dərinliyini fərq etmək üçün məhz şam işığı lazım idi?! Bəlkə, təbiət hadisəsi də, həyat hadisəsi də bəzən ədəbiyyat hadisəsi yaratmağa bir bəhanədir?! Bəlkə, Yaradan bütün hoqqaları məhz ona görə çıxarır ki, kimlərəsə kiminləsə mesaj ötürsün. O mesaj ki, ədəbiyyatçılar adına ideya deyirlər. O ideya ki, mənim kimi sözdən yorulub "doymuş məhlul"a çevrilmiş birini belə qəfildən diksindirir: "Çalış, dəli olma, ehtiyatlı ol!".
Əsl ədəbiyyatın dekorasiyasını həyat özü qurur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!