İsmayıl bəy Qaspıralı
Gəmidən düşən kimi ortası qara, kənarları ağ panama papaqlı bir ingilis məmurla burun-buruna gəldi. İngilis əlini açıb: "Pasport!", - deyə qışqırdığında cibindən rus imperatorluq pasportunu çıxarıb uzatdı. İngilis əliylə "arxamca gəl" işarəti göstərərək qabağına keçib irəli yeridi.
1912-ci ilin fevralın 4-də Misirin Ağdənizdəki liman şəhəri Port Səiddə gəmiyə minmiş, on bir günlük yorucu yolçuluqdan sonra Hindistanın Bombey şəhərinə gəlmişdi.
Mərkəzində bir milyon insanın yaşadığı Bombeydə hər millətdən insan vardı. Yüksək binalar, dəbdəbəli sarayların yanısıra yoxsulluq xirtdəkdən idi. Şəhərə hakim olan ingilislərin diqqətindən heç nə yayınmırdı.
Kömrükdəki ingilis məmurunun ingiliscə suallarına rusca və fransızca cavab verdi. Məmur eynəyinin arxasından diqqətlə onu başdan-ayağa süzdükdən sonra gözəl bir tələffüzlə rusca ona suallar verməyə başladı. Yanında gətirdiyi kitabların xaricində başqa əşyası varmı deyə soruşdu. Məsələn silahı?
Gülərək: "Mən bilim adamıyam", - dedi.
İngilis məmurunun necə bu qədər gözəl rusca danışdığına heyrətləndi, soruşdu. Məmur dili bir neçə il əvvəl Bombeyə gələn bir rus həkimindən öyrəndiyini dedi.
Kömrük nəzarətindən sonra əşyalarını bir öküz arabasına yükləyərək tövsiyə edilən Vartsan otelinə getdi. İşçilərin hamısı ingilis geyimli və ingilis tipli hindlilər idi. Təqlidin və dəyişimin beləsinə heyrət etdi. Oteldən çıxınca gözünə dəyən hər şeydə ingilisi və ingiliscəni görürdü.
O, bütün həyatını ana dilinə, öz xalqına və müsəlman dünyasının problemlərinə həsr etmişdi. 1852-ci ildə Krımın Bağçasaray şəhərində dünyaya gəlmiş, dini təhsil alaraq bir müddət Moskva Hərbi Məktəbində oxumuş, sonra krımlı uşaqlara müəllimlik etmiş, İstanbula, Parisə getmiş, bir müddət də yazıçı Turgenevin katibi olmuş, daha sonra yenidən ölkəsinə geri dönmüşdü. İndi isə Krımda "Tərcüman" adında bir qəzet çıxarırdı. Qəzet Səmərqənddən Bakıya, Tehrandan İstanbula qədər hər yerdə oxunur, təqdir edilirdi. Qəzetin şüarı "dildə, fikirdə, işdə birlik" idi. Buxara əmirindən Osmanlı padşahına qədər məsələnin vacibliyini qavrayan hər məsul şəxs onu dəvət edərək iltifatlara boğmuşdu. Amma o, nə iltifatlara, nə də mükafatlara dəyər verirdi. Bir tək arzu ilə yaşayırdı, o da öz xalqının və müsəlmanların təhsilli, məlumatlı olması və qabağa getməsi idi.
Bu qədər uzun yolçuluğu gözə alması və heç bilmədiyi bir bölgəyə gəlməsi də bu məqsədi daşıyırdı. Milyonlarla müsəlmanın ingilis əsarətində necə yaşadığını gözləriylə görmək istəmişdi.
Oteldə bir gecə dincəldikdən sonra şəhər mərkəzinə çıxdı. Gəzdiyi yerlərdə gördüyü ingiliscə lövhələrdən narahat olurdu. "Maariflənmə yolunda" başlıqlı məqaləsində "bu halı gördükdən sonra atəşim daha da yüksəldi", - deyə yazırdı.
O, həyəcan və əsəbi halda müsəlman alimlərinə və yerli başçılara baş vurur. Onlara ana dillərində oxuyub-yazmağın vacibliyindən bəhs edir. Əgər istəsələr onlara 40-50 gündə bunun öhdəsindən necə gəlinir deyə söz açsa da, onu dinləyən olmur.
Uzun və yorucu tədqiqatlardan sonra kəşmirli və əsilzadə bir ailədən gələn Muhamməd Azadi adında biriylə tanış oldu. Azadi 5-6 il Bağdadda təhsil almış, türkcə öyrənmiş və ölkəsinə geri dönmüşdü. Ona pul qarşılığında müəllimlik təklif edər. Azadi qəbul edincə də ona oteldə on günə ana dilində və ərəb hərfləriylə necə yazılacağını öyrədər.
Muhamməd Azadi müəllimliyə hazır olan kimi Bəndi Bazarının yanındakı Cümə məscidinin qarşısında məktəb üçün yer kirayələr. O, şirin ləhcəsiylə hadisəni belə nəql edər:
"Cüma məscidinin qarşısında məktəbxana icarə etdim və ən lazım olanı tədarük etdirdim. Rumi martın 2-də cüma namazından sonra nümunə məktəbin duası icra edildi".
Məktəb açılır, müəllim təyin edilir, amma şagird yoxdur. Praktik düşüncəsiylə ona da çarə tapır. Şəhərin ingilis və cücərati qəzetlərində pullu məktəblə bağlı iki məqalə yazır. Məqaləni oxuyan bir Osmanlı iş adamı, Bombey qazısı və qırxa yaxın insan verilən ünvana gəlirlər.
O, öz ölkəsindən minlərlə kilometr uzaqda şəxsi puluyla kirələdiyi və məktəb halına gətirdiyi yerdə müraciəti üzərinə toplanmış insanlara üz tutub belə deyər. Dedikləri Muhamməd Azadi tərəfindən tərcümə edilməkdədir:
"Mən sizin əziz vətəninizə gələrkən, əliboş gəlmək istəmədim, qardaş ərməğanı olaraq bir milyon ingilis lirası gətirməyə qərar verdim".
Dinləyicilər təəccübləndilər. Bir milyon ingilis pulu heç də az miqdar deyildi. Söhbətinə davam edir:
"Sonra düşündüm ki, sizin ölkəniz Hindistanda 80 milyon insan vardır. Bunların ən az 9-10 milyonu tələbə olmalıdır. Əgər bu pulu onlarla bölüşdürsəm, hər birinə bir günlük kömək edə biləcəm. Bu səbəbdən bu fikrimdən daşındım. Sizə "üsuli-səvtiyəni" (yeni bir metodu) gətirim dedim, bu metodla 40-50 gün içərisində uşaqlarınız və təhsilsizləriniz ana dilinizdə oxuyub-yazmağı öyrənsin, xoşbəxt olsunlar. Bu, sizcə, bir milyon ingilis lirasından daha dəyərli deyilmi?".
Dinləyicilər bu gözəl örnək qarşısında sevincdən gülümsəyir və onu hərarətlə alqışlayarlar.
O toplantıda hazır gözləyən dörd hindli gənc yeni açılmış məktəbdə oxumağı qəbul edirlər. Ana dilində yazmağı öyrənmiş olan Azadi onlara dərs verəcək, müsəlmanların yaşadıqları dörd önəmli vilayətə göndərəcək, onlar da orada məktəb açaraq müsəlman uşaqlara ana dillərində yazmağı öyrədəcəkdilər. Metod isə asan və praktik bir metoddur.
Müəllim Azadinin bir neçə aylıq maaşını, məktəbin kirayə pulunu və tələbələrin xərclərini öz cibindən ödəyərək, könlü rahat bir şəkildə iki həftə sonra məmləkətinə doğru yola çıxdı.
Ölkəsinə geri döndükdən sonra da Bombeydə açdığı məktəbin taleyi ilə maraqlandı. Amma iki ay sonra orada tanış olduğu Hacı Ali Arslan və Hacı Abdurrahmandan gələn məktublardan kefi pozuldu. Məktubda Muhamməd Azadinin iki ay sonra məktəbi buraxıb Bağdada getdiyi, tələbələrin dağıldığı və məktəbin bağlandığı yazılırdı. O, vəzifəsini yerinə yetirmişdi, amma təəssüf ki, müsəlmanlar hələ də yuxuda idilər.
Bombeydə xarici güclərin müsəlmanlar üzərindəki hakimiyyəti, onların dillərinin, mədəniyyətlərinin basqısından dolayı "başına hərarət vuran", müəllimlik əzmi ilə iki həftə içərisində dindaşlarının uşaqlarına məktəb açan şəxs müsəlman dünyasının ən böyük ziyalılarından biri olan İsmayıl Qaspıralı idi. İliklərinə qədər gerçək bir ziyalı, çalışqan bir müəllim, şüurlu bir müsəlman idi.
1883-cü il aprelin 23-dən 1914-cü il sentyabrın 24-də vəfatına qədər çıxardığı və öz övladı kimi sevdiyi "Tərcüman" qəzetinin hər sayında təhsildən, maariflənmədən bəhs etmişdir.
O, 1881-ci ildə yazdığı bir məqaləsində belə deyirdi:
"Geri qalmışlığımızın tək səbəbi cəhalətimizdir. Avropada nəyin icad edildiyinə və ya nələr olduğuna dair heç bir məlumatımız yoxdur. Bu izolyasiyadan çıxmaq üçün bunları oxumağı bacarmağımız lazımdır: Avropa fikirlərini yenə avropalı qaynaqlardan öyrənməliyik. İlk və orta məktəblərimizin proqramlarına bu dərsləri qoymalıyıq ki, göz bəbəklərimiz, yəni tələbələrimizin bu fikirlərə əli çatmalıdır".
Qaspıralıdan günümüzə yüz ildən çox zaman keçmişdir. Onun toxunduğu problemlərin çoxu hələ də eyni şəkildə önümüzdə durmaqdadır. Bütün bu problemləri aradan qaldırmaq üçün Türkiyənin onun kimi gerçək aydınlara, cəsur ürəklərə, fədakar və əzmli müəllimlərə ehtiyacı vardır.
O günün çətin şərtlərinə rəğmən özünü gah İstanbula, gah Bombeyə ataraq oralarda bir işıq yandırmaq ümidiylə hər cür fədakarlığı gözə alan Qaspıralının xalqı onun ölümündən tam 40 il sonra ruslar tərəfindən heyvan daşıyan vaqonlara doldurularaq Sibirə sürgün ediləcək, minlərcəsi yolda öləcək, minlərcəsi isə 45 il sonra geriyə dönmək üçün hər cür çətinliyi gözə alacaq, amma nə Buxaradan, nə Bombeydən, nə də İstanbuldan onlar üçün yetərli bir səs duyulacaqdır. Doğrudur, Türkiyə gec də olsa Qaspıralının xalqı üçün bəzi yardımlar etdi, amma bu yardım oradakı insanların yarasına məlhəm olmayacaqdır.
Halbuki, müsəlman dünyası nə etsə Qaspıralının qısacıq ömründə onun üçün etdiklərinin qarşılığını ödəyə bilməyəcəkdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!