1947-ci ilin aprel ayında Missisipi Universiteti Uilyam Folkneri ədəbiyyat fakültəsi tələbələri ilə bir həftə ərzində görüş dəvəti təklif olundu. Folkner bu dəvəti qəbul etdi. Və onun arzusuyla dərslər ona verilən sualları cavablamaqla keçiriləcəkdi. Yazıçı xüsusilə də müəllimlərin həmin dərslərə qatılmamasını tələb etmişdi.
16 apreldə keçirilən dərsdə tələbələr və Uilyam Folkner arasındakı söhbətləşməni sizə təqdim edirik.
- "Müqəddəs sığınacaq" romanındakı Pope xarakteri kiminsə prototipidir?
- Xeyr. Pope pisliyin təsviriydi. Mən ona sadəcə iki göz, burun, ağız və bir də qara kostyum bağışladım. Bu obraz tamamilə kinayədən ibarət idi. Hesab edirəm ki, "Müqəddəs sığınacaq" yaxşı bir kitab deyil. Pope xarakterini yaradarkən yəqin ki, bir çox yerdə səhv etmişəm, çünki elmi xüsusiyyəti olan bir düşüncəyə malik deyiləm.
- Sizin Pope xarakteriniz ilə Jon Miltonun "İtirilmiş cənnət" romanındakı şeytan ilə oxşarlıqlar varmı?
- Bu bir obrazın öz-özündə yaxşı və ya pis olduğunu düşünmək mənasına gəlir. Nəticəni araşdırmağınız lazımdır. İztiraba səbəb olan hər şey pisdir. Məntiqli əlaqə nəticə əldə olunan zaman çox yaxşı effekt verir. Obrazları isə kitabın həcmi qədər təhlil etmək lazımdır.
- Bəs Templ?
- Qadınlar hər şeyin öhdəsindən gəlirlər. Hətta şeytandan belə daha güclü və dözümlüdürlər. Bir kişi bir qadının gördüyü şeylərə dözə bilməz. Templenin düşdüyü şəraitə bənzər təzyiq altında olan istənilən kişi depressiyaya düşər.
- Kitablarınız arasında ən yaxşı hesab etdikləriniz hansılardı?
- "Yatağımda ölərkən" daha asan və daha maraqlıdır. "Səs və qəzəb" isə məni təsirləndirməkdə hələ də davam edir. "Xilas et xalqımı, Musa" romanına qısa hekayələrdən ibarət toplu kimi başlamışdım. Üzərində yenidən işlədikdən sonra yeganə bir mövzu yeddi fərqli istiqamətə çevrildi. Əslində isə qısa hekayələrdən ibarət topludur.
- Yazacağınız hekayənin başlanğıc fikri necə yaranır?
- Vəziyyətə görə dəyişir. "Səs və qəzəb" bir ağac oyuğunun içində oynayan və altını isladan kiçik bir qızın təəssüratı ilə başladı. Bu fikir diqqətimi çəkdi və bundan da roman inkişaf etdi.
- Sözləri necə seçirsiniz?
- Yazı prosesinin ən yanğılı vaxtında artıq bir neçə kəlmə istifadə edə bilərsən. Əgər mətnin üzərində yenidən çalışan zaman bu sözlər sizə hələ də doğru gəlirsə, qoyun elə öz yerlərində qalsınlar.
- "Vəhşi palmalar" romanının hissələrini bu şəkildə tərtib etməyinizə səbəb nə idi?
- Əsas olaraq bu məhəbbətin iki növündən biri danışdığım əhvalatı ortaya çıxaracaq mexaniki bir vasitə idi. İki hekayəni də ayrı-ayrı naşirə göndərdim. Hekayələr hər ikisi çox qısa olduğundan rədd edildi. Bu səbəbdən mən də hissələrin sıralarını dəyişdirdim.
- Yazmazdan əvvəl əsərin necə nəticələnəcəyini nə dərəcədə təxmin edə bilirsiniz?
- Çox az. Əsəri yazarkən xarakter mətnlə birgə inkişaf edir.
- Nə üçün yaşadığınız bölgənin təsvirini bu şəkildə təqdim edirsiniz?
- Başqa cür təsvirini bilmirəm. Mən insanın həqiqətini izah etməyə çalışıram. Lazım olduğu zaman xəyal gücündən istifadə edirəm. Bəzən isə son çarə olaraq da zülmü təsvir edirəm. Bildiyim budur ki, bölgə bu saydıqlarımın içərisində təsadüfi və əhəmiyyətsizdir.
- Bu təsvirləri yazarkən insanlarda yanlış təsəvvür yaradacağını düşünmürsünüz?
- Bəli siz vurğuladığınız kimi yazıram və bunun üçün təəssüf edirəm. Artıq daha çox yazacağımı düşünmürəm. Hər yazıçının müəyyən miqdarda materialı və bazası olur. Əgər onlardan yazmaq üçün istifadə olunmazsa öz-özünə xərclənib gedər.
- "Müqəddəs sığınacağ"ı içki istehsal olunan məchul bir məkanda yazmağınızın səbəbi diqqəti üzərinizə çəkmək idi?
- Əsas səbəb bu idi ki, pula ehtiyacım vardı. Nəşr olunan iki və ya üç kitabım satılmırdı və pulsuz qalmışdım. Qeyd etdiyiniz kitabı da pul əldə etmək məqsədi ilə yazdım. Naşirə göndərdikdən sonra o, mənə dedi: "Aman Allahım, biz bu romanı çap edə bilmərik. İkimizi də həbs edərlər".
O vaxtlar kitablarda və digər məcralarda məzmun baxımından şiddət hələ o qədər də çox yer almamışdı. Daha sonra necə oldusa digər kitablarım satılmağa başladı. Mən də "Müqəddəs sığınacaq" romanında düzəlişlər etmək üçün əlyazmaları nəşriyyatdan geri aldım. Romanı bütünlüklə ya yenidən yazmalı, ya da zibilliyə atmalıydım. Naşirə həm maliyyə, həm də əxlaqi mənada öhdəliyim vardı. Bu səbəbdən də sonsuz tələblərlə kitabın çap olunmasını qəbul etdim. Romanı bütünlüklə yenidən nəzərdə keçirdim. Yenidən çapa gedəcək kitabın bütün xərclərini özüm ödədim. Buna görə də həmin romanı o zaman da, indi də sevə bilmədim.
- Yazmaq üçün necə vaxt tapırsınız?
- Hər zaman yazacaq vaxtı tapa bilərsiniz. Vaxtı olmadığını deyən biri yalan danışır. Bu barədə əsasən fikrə və düşüncəyə güvənmək lazımdır. Heç nəyi gözləməyin. Ağlınıza bir fikir gələndə dərhal yazın. Daha çox vaxtınızın olacağı anı gözləyib o ruhu yenidən tutub, mətninizi bəzəyəcəyinizi gözləməyin. Heç vaxt o ruhu ilk təəssüratın canlılığı içində yenidən qura bilməyəcəksiniz.
- Bir kitabı yazıb sona çatdırmağınız üçün nə qədər vaxt lazım olur?
- Ancaq xaraktersiz bir yazıçı bunun cavabını verə bilər. "Yatağımda ölərkən"i altı həftədə yazdım, "Səs və qəzəb"in yazı prosesi isə üç il davam etdi.
- Başa düşdüyüm kimi eyni anda iki ayrı hekayə yaza bilirsiniz. Əgər bu doğrudursa, nə kimi tövsiyə verə bilərsiniz?
- Eyni vaxtda iki ayrı hekayəylə məşğul olmaqda heç bir narahatlıq yoxdur. Amma yazarkən hekayəni təslim edəcəyiniz tarixi düşünmədən yazın. Deyəcək sözünüz olduğu müddətdə yazın.
- Yazmaq üçün ən yaxşı vərdiş nədir? Yazmaq üçün hansısa hazırlıq prosesi, məşğələ ola bilərmi?
- Oxumaq, oxumaq, oxumaq. Hər şeyi oxuyun. Ucuz romanları, klassikləri, yaxşı və pis hamısını oxuyun, necə yazılmasına baxın. Bir dülgər sənətkarlığı müşahidə edərək öyrənir. Oxuyun! Oxuduqlarınızı mənimsəyəcəksiniz. Daha sonra isə yazın. Əgər yaxşı yazırsınızsa, bunu yazdığnız mətnlərdə görəcəksiniz. Əgər belə olmasa onları pəncərədən bayıra atın.
- Bir üslubu təqlid etmək doğrudurmu?
- Əgər söyləyəcək sözünüz varsa, öz üslubunuzda deyin. Onsuz da söyləyəcəkləriniz öz yazı üslubunu seçəcək. Xoşunuza gələn xüsusiyyətlər sizin üslubunuzda özünü göstərəcək.
- İngiltərədəki nüfuzunuzun fərqindəsinizmi?
- Buraya nisbətən xaricdə haqqımda daha müsbət düşüncələr olduğunu bilirəm. Tənqidləri oxumuram. Oxumağa vaxtı olanlar qadınlar və varlı insanlardı. Amerikalılarla müqayisədə avropalılar daha çox kitab oxuyurlar.
- Nə üçün insanların böyük əksəriyyəti "Müqəddəs sığınacağ"ı "Yatağımda ölürkən" romanından daha çox bəyənir?
- Bu bizim amerikalı təbiətimizin bir başqa fazasıdır. Həm də adını birinci vurğuladığınız kitabın ticari qüvvəsi daha böyükdür.
- Xarakterinizdə aşınma, yadlaşma hiss edirsiniz?
- Xeyr. Yazmaq əslində müəyyən şəkildə cənnət, ya da təmiz köynəyin yaxası kimi lazımlı bir şeydir, amma vacib deyil. Mədəniyyətli olmaq istəyirik, amma bunun üçün zəhmətə dözmək istəmirik. Xülasələri oxumağı üstün tutub, bununla kifayətlənirik.
- Bu dedikləriniz həyat tərzimizə dair ağır tənqid kimi səslənir.
- Həyat tərzimizin ağır tənqidə ehtiyacı var. Hər kəsin məqsədi insanlara kömək etmək, onları cənnətə tərəf yönəltməkdir. İnsanlara kömək etmək üçün yazırsınız. Yaradıcı dramaturgiya üzərində belə bir fakültənin olması yaxşıdır. Çünki vaxt ayırıb yazmağı öyrənirsiniz ki, vaxt həyatınızın bu dövründə sahib olduğunuz ən qiymətli şeydir.
- Yazmaq üçün ən yaxşı yaş nə vaxtdır?
- Roman yazmaq üçün ən yaxşı yaş otuz beşlə qırx beş arasındakı dövrdür. Bu dövrdə bütün odunuzu hələ istifadə etməmiş olursunuz və daha çox şey bilirsiniz. Roman yazmaq ləng gedən bir prosesdir. Şeir yazmaq üçün isə ən yaxşı yaş on yeddidən iyirmi altı yaşa qədər olan dövrdür. Şeir yazmaq bütün atəşin tək bir yerdə toplandığı raketə bənzər.
- Bəs Şekspir?
- Bəzi istisnalar ola bilər
- Şeir yazmağı nə zaman dayandırdınız?
- Şeirin demək istədiklərimə uyğun olmadığının fərqinə varanda məcramı dəyişdirdim. İyirmi bir yaşım olanda şeirlərimin çox yaxşı olduğunu düşünərdim. İyirmi iki yaşında, fikrim dəyişməyə başladı. İyirmi üç yaşda isə şeir yazmağa son qoydum. Amma yazılarımda poetik keyfiyyətlərdən istifadə edirəm. Nəticədə mətn daha poetik alınır.
- Çox mütaliə edirsiniz?
- On beş il əvvələ qədər əlimə keçən hər şeyi oxuyurdum. İndi artıq müasir roman müəlliflərinin çoxunun adını belə bilmirəm. Təkrar-təkrar oxuduğum bəzi sevdiyim romanlar var.
- Sizcə, "Böyük Amerika romanı" yazılıb?
- "Heklberri Finnin macəraları" hələ uzun zaman oxunacaq. Ancaq yenə də Mark Tvenin roman yazmadığını hesab edirəm. Əsərləri dağınıqdır. Romanın bəzi qaydaları olduğunu nəzərə alsaq, Tvenin yazdıqları bir çox şeyin qarışığından ibarət hadisələr silsiləsidir.
- Yazı prosesinin sərhədlərinə minimal şəkildə diqqət yetirdiyinizi hiss edirəm..
- Romanın öz-özünü yazmasına icazə verirəm. Həcmə və üsluba dair sərhədlər qoymuram.
- Hollivud haqqında nə düşünürsünüz?
- İqlimini, insanlarını, həyat tərzini sevmirəm. Yaşayış tərzində heç nə baş vermir. Bir gün səhər yuxudan oyananda isə altmış beş yaşına çatdığınızı hiss edirsiniz. Floridanı üstün tuturam.
- Etdiyiniz bir çox səyahətlərdən sonra Avropa haqqında nə düşünürsünüz?
- O zaman fransızlar yoxsul, almanlar isə təbii olaraq itaətkardı; mən maraq dairəmə səbəb olacaq nəsə görmədim.
- Avropa və başqa yerlərə etdiyiniz səyahətlərdən sonra dünyagörüşünüz dəyişdimi?
- Xeyr. İnsan gənckən hissiyyatlı olsa da, bunun fərqində olmur. Sonra bunu dərk edirsiniz. Geniş dünyagörüşü gördüklərimiz deyil, müharibənin özü inkişaf etdirir. Bəzi adamlar hər şeyin öhdəsindən gələrək bundan müsbət nəticələr çıxara bilirlər. Amma kütlənin müharibədən müsbət bir şey çıxarması mümkün deyil. Müharibə, təcrübə üçün ödənən ən dəhşətli əvəzdir. Müharibədən çıxa biləcək yeganə yaxşı nəticə, kişilərin qadınlarla daha sərbəst əlaqə qurmasına icazə verilməsidir.
- Sizcə, hansı dünya müharibəsi daha ağır oldu?
- Müharibədə təyyarə hər an alovlanacaq qorxusu ilə yaşadıq. Bütün o qurğu və göstəriciləri izləmək məcburiyyətində deyildik. Tək bacara bildiyimiz iş təyyarənin yanmamasına çalışmaq və dua etmək idi. Paraşütlər və sağ qalmaq üçün hansısa seçim şansımız yox idi. Mənə belə gəlir ki, İkinci Dünya müharibəsi daha ağır oldu.
- Pansion, yataqxana kimi məkanlar, keçmişin təcrübələri yazının arxa planının yaradılması baxımından yaxşıdır, ya pis?
- Nə yaxşıdır, nə də pis. Belə bir yer haqqında nə zamansa yazmaq istəyərsiniz deyə gələcəkdə istifadə etmək üçün tapıntı və hadisələri yaddaşınızda saxlaya bilərsiniz.
- Tənqidlər nə dərəcədə nəzərə alınmalıdır?
- Ən yaxşısı tənqidi yazıları o qədər də nəzərə almamaqdır. Bu pul qazanmaq üçün bir vasitədir. Bir neçə elmli və oxunmağa dəyər tənqidçi var. Onların sayı da çox azdır.
- Sizə görə ən mühüm beş müasir yazıçı kimdir?
- 1.Tomas Vulf. 2. Dos Passos. 3. Ernest Heminquey. 4. Uilla Keser. 5. Con Steyinbek.
- Əgər çox şəxsi sual deyilsə, bu yazıçılar arasında özünüzü neçənci sıraya qoyursunuz?
- Birinci yenə də Tomas Vulfdur. O, çox cəsur adamıydı. Və sanki uzun müddət yaşamayacaq kimi hissiyyatla yazardı. İkinci Uilyam Folkner. Üçüncü Dos Passos, dördüncü Ernest Heminquey: onun cəsarəti yoxdur, heç vaxt riskə getməz. Heminquey oxucunun lüğətə baxıb düzgün istifadə edilib-edilmədiyinə nəzarət etmə ehtiyacı duyacağı sözlər istifadə etməməsi ilə tanınır. Beşinci isə Con Steyinbekdir: Bir vaxtlar onunla bağlı böyük ümidlərim vardı, indi bilmirəm...
- Sizcə, yazıçılıq üçün ən böyük maneə nədir?
- Nə demək istədiyinizi başa düşdüm. Nə etmək istəyirsiniz? İstədiyiniz bir kitabın satılmasıdır, yoxsa yazmaq?
- Maneənin daxili toqquşmadan, yoxsa xarici toqquşmadan qaynaqlandığını nəzərdə tuturam.
- Daxili qarşıdurma, öhdəsindən gəlmək məcburiyyətində olduğunuz ilk maneədir. Hər şeydən əvvəl, deyəcək bir sözünüzün, fikrinizin olmasıdır. Daha sonra bunu deyin və doğru yazın.
Tərcümə etdi:
Samirə Əşrəf
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!