Deyirlər, tənhalıq yaradıcı adamlar üçün stimuldur. Dörd divarın qoynunda ağ səhifə günəş kimi doğur şairlərin, yazıçıların həyatına... Çox keçmir, ağ dəftər vərəqində qələmin, kompüter səhifəsində isə klaviaturanın ayaq izləri görünür... Yaradıcılıq tənhalıqla eyni taleni paylaşır beləcə...
Biz niyə tənha qalmaq istəyirik? Niyə insanlardan qaçıb divarlara, sükuta pənah gətiririk? Deməli, bəzən öz ürəyimizlə, beynimizlə baş-başa qalmağa daha çox ehtiyacımız olur. Deməli, özümüz-özümüzə başqalarından daha çox lazım oluruq; içimizdəki mən, yəni alter-eqomuz başqalarından daha ağıllı dost olur bizə. Təkcə problemli, həyata küskün adamlar dörd divara bağlanmır... Tənhalıq xoşbəxtlərə də pullarını hesablamaq, yaxud yaşadıqları qorxunu paylaşmaq üçün yaxşı "dost" olur...
Həbsxanada tənhalıq art-istedad aşılayır. Ömür boyu əlinə bir qələm almayan adam həbsxanada şairə, karandaş almayan adam rəssama çevrilə bilir. Bir dəfə qadın kolonunda keçirilən tədbirə getmişdim. Bir dustaq mənə çörəyin içindən hazırlanmış heyrətamiz bir simurq quşu hədiyyə etdi. "Bu, mənim tənhalığımın əsəridir",- dedi. Razılaşaq ki, tənhalıq alın yazısına da çevrilir bəzən. Hər şeyə rəğmən, insan əbədi təklikdən qaçmalıdır. Təklik bir tək Yaradanın statusudur. Tənhalıq insanı fatalizmə sürükləyir, ölümü daha da yaxınlaşdırır. Dörd divarın soyuq qucağından da zövq almaq gərək.
Svetlana Şumilo deyir: "...Birdən elə bu qaranlıqda anlayırsan ki, qəlbin əməlli-başlı sızıldayır. Heç kim səni sona qədər anlamır, heç kim imkan vermir ki, özünü olduğun kimi ifadə edə biləsən, heç kim ruhunu, qəlbini isidə bilmir. Bircə Ondan - Tanrıdan başqa... Bax, səhra sakinləri qumlar arasında məhz Onunla yaşayırlar. Və nə qədər tək olsalar da, tənhalığı hiss etmirlər, heç zaman tənha olmurlar... Və elə bu zaman tənhalığın əslində nə olduğunu dərk edirsən. Tənhalıq-cəhənnəmdir, o yer ki, orda Tanrı yoxdur..."
Floberin həyat imtahanı
Yaşadıqları həyata baxdıqda tənhalığın ən "rəngarəng" formasını yaradıcı insanların yaşadığını görürük. Ona görə ki, onların yalqızlığı yaradıcılıqla identikdir. Qustav Floberin qəribə həyat tərzi var idi. Kimliyindən asılı olmayaraq o, insanlarla görüşməyə həvəs göstərmirdi, assosial idi. Vaxtının çoxunu yaradıcılığına, mütaliəsinə və tənhalığa həsr edirdi. Bəlkə də bu səbəbdən idi ki, o, ailə qurmadı, anası ilə birgə yaşadı. Amma tədqiqatçılar Floberin bəzən qadın tanışları ilə görüşdüyünü yazırlar. Lakin şairə Luiza Koledən başqa onun heç bir qadınla ciddi münasibəti olmamışdı. Flober səhhətində problem yarandıqdan sonra daha da yalqızlaşdı. Yazıçı gənclik illərində yoluxduğu zöhrəvi xəstəlikdən də həmişə əziyyət çəkirdi. Səhhətindəki problemlərin kəskinləşməsi onsuz da insanlardan qaçan Floberin daha çox evə qapanmasına, mizantrop olmasına səbəb oldu. Yaxınlarının dünyadan köçməsi Floberin həyatını tamamilə alt-üst etdi. Yazıçının həyat imtahanı hələ bitməmişdi... Fransada gedən müharibə vaxtı fransız əsgərlərin onun yaşadığı evi zəbt etməsi də yazıçıya bir yandan psixoloji gərginlik yaşatdı. Bir müddətdən sonra əsgərlər çıxıb getsə də, o, gərginlikdən xilas ola bilmədi. Dərd yenə də batmanla gəldi: yazıçı yeganə dayağı, ümidi, güvənc yeri olan anasını itirdi. Bu qədər sarsıntı azmış kimi, bir yandan da maddi çətinliklər özünü göstərməyə başladı. Nə edəcəyini bilməyən yazıçı təsəllini yazmaqda tapdı. 1877-ci ildə "Üç povest" nəşr olundu. Bura Floberin yazdığı üç povesti daxil edilmişdi. Uzun müddət Floberdən yeni əsər gözləyən oxucular povestləri də maraqla qarşıladılar.
Bundan sonra Qustav Flober özünü çoxdan qələmə almaq istədiyi yeni bir romana həsr etdi. O, ən gözəl əsərlərindən biri sayılan "Byuvar və Pekyuşe"ni yazmağa başladı. Saatlarla əsərin üzərindən ayrılmayan Flober inanırdı ki, bu roman onun özünü təkrar təsdiqi olacaq. Heyif ki, tale ona bu sevinci dadmağa imkan vermədi. Qustav Flober atasından ona qalan, tənha ömür sürdüyü evində - 58 yaşında insultdan dünyasını dəyişdi...
"Mən qaranlıqda da yaza bilərdim"
Həyatının son illərində qloukoma xəstəliyi nəticəsində görmə qabiliyyətini demək olar ki, tamam itirən Jan-Pol Sartr da tənhalığın əsirinə çevrilənlərdəndi. Görmə qabiliyyətini demək olar ki, tamam itirən Jan-Pol Sartr bundan sonra inzivaya çəkilərək tənha ömür sürmüş, siyasi proseslərin passiv müşahidəçisinə çevrilmişdi. Onun tənhalıq həyatının ağrılarını yalnız altmış illik həyat dostu, yazıçı və tərcüməçi Simona de Bovuarla ünsiyyət unutdururdu. Sartrın Simona de Bovuara yazdığı məktublarda tez-tez sızıldadığı, şikayət etdiyi və qadından iltifat gözlədiyi görünür. Sevgilərini də uzun-uzadı, detalları ilə Simonaya anladırdı. Könlünü verdiyi qadınlar haqda məsləhətlər gözləyirdi. Simona da cavab məktublarında tövsiyələrini əsirgəmirdi... 70-ci illərin ortalarında Sartr demək olar ki, tamamilə kor olur. Bunu bir növ təkzib edən yazıçı "Mən qaranlıqda da yaza bilərdim..." söyləyərək ədəbiyyatdan getdiyini elan edir. Sartr içkiyə və müxtəlif cür sakitləşdirici həblərə meyil edir. 70 yaşlı Sartrın müsahibəsində "Mən viski və tabletlərin sayəsində adi vaxtda olduğundan üç qat artıq dərk edirəm" deməsi Simonanın ürəyincə olmamışdı.
Sartr 1980-ci il aprelin 15-də vəfat edir. Dəfn mərasiminə 150 min insan toplaşmışdı. Simona üçün Sartrın ölümü əsl sınağa çevrilir. Onun həyata olan bütün marağı itir. Simona de Bovuar Sartrın ölümündən altı il sonra eyni gündə -15 apreldə vəfat edir. Simonanı Sartrın yanında dəfn edirlər...
İşığı qısqanmaq...
Balzak, işığı, günəş şüalarını belə öz tənhalığına qısqanırmış. O, otağına qapanar, qapı və pəncərələri kip bağlayarmış ki, otağa işıq daxil olmasın. Yaşadığı ağır, məşəqqətli həyat Edqar Allan Ponun psixikasına öz təsirini göstərmiş və əsəb pozuntusuna gətirib çıxarmışdı. Ömrünün sonlarına yaxın əzablardan xilas olmaq üçün spirtli içkiyə və narkotikaya qurşanan yazıçının həyatını tənhalıq daha da qısaltdı. Məşhur "Çovdarlıqda uçurumdan qoruyan" əsərinin müəllifi Cerom Selincer həyatının 46 ilini tənhalıqda keçirib. Selincer 1964-cü ildə "Xepvort 16, 1924" romanını çap etdirəndən sonra bir daha adam arasına çıxmayıb və müsahibə verməkdən tamamilə imtina edib. İstisna kimi 1974-cü ildə "Paris Review" qəzetinə kiçik bir müsahibə verib. 1965-cı ildə isə çap olunmağı tamamilə dayandırdı və yalnız özü üçün yazmağı qərara aldı. Bəzi köhnə yazılarına isə qadağa qoydu. Həyatının son illərində öz böyük darvazalı evində qalır və heç kimlə görüşmürdü. Müxtəlif ruhani meditasiyalar, praktikalar edirdi. Buddizm, hinduizm, yoqa, makrobiotika, dianetika ilə maraqlanırdı. Və eləcə də qeyri- ənənəvi tibblə, urinoterapiya, homeopatiya və müəyyən xristian elmləri ilə məşğul olurdu.
Amerikalı yazıçı Harper Li ömrünün 40 ilindən çoxunu tənhalıqda keçirib. 1960-cı ildə yazdığı yeganə romanı "Bülbülü öldürmək" 10 milyondan çox nüsxə ilə satılıb. Növbəti il yazıçı "Pulitzer" ədəbiyyat mükafatını qazanıb. Roman əsasında çəkilən eyni adlı film isə Oskar mükafatı alıb.
İrland şairi Uilyam Battler Yits həyatını daim səyahətlərdə keçirmiş, tənhalıqla baş-başa qaldıqda özünü bütünlüklə yaradıcılığa həsr etmişdi. O, dünyasını dəyişəndə tədqiqatçı Riçard Elman yazırdı: "Seçdiyi yola sədaqəti, yaşına və xidmətlərinə görə tam haqqı olan rahat həyatdan imtinası sayəsində Yits poeziyanın inkişafına, müasir insanın kamilləşməsinə xidmətdə keçən bir neçə ömür yaşadı..."
Tomas Pinçon bir müsahibəsində cəmiyyətdən uzaqlaşmasını belə izah edib: "Məncə, "tərki-dünyalıq" jurnalistlər üçün uydurulmuş kodeksdi. Mənası "Jurnalistlərlə danışmağı sevmirəm" deməkdir.
Amerikanın ən böyük şairlərindən biri olan Emili Dikinson nadir hallarda öz evindən, hətta yatağından çıxarmış. Dünyasını dəyişdiyi 1886-cı il tarixinə qədər Masaçutes ştatındakı ata evində yaşayıb. Şair öz oxucuları və qonaqları ilə yalnız qapı arxasından danışırmış.
Körpü salmaq əvəzinə hasar çəkmək
"Yol" və "Bütün gözəl evlər" əsərləri ilə tanınan Kormak MakKarti "Akademik mükafatlar" gecəsinə qatılana qədər onun üzünü ədəbi aləmdə heç kim görməmişdi. Heç vaxt müsahibə verməyən yazıçı, onun şərəfinə təşkil olunmuş banketə də qatılmamışdı. Mükafat gecəsindən sonra bir dəfə televiziya verilişlərinin birində qonaq olan yazıçı yenidən inzivaya çəkilir.
Platonov, Vısotski, Blok, Kafka və b. da tənhalığa üz tutanlardan olub. Ümumiyyətlə isə tənhalığa ingilislər daha çox meyl edir. İngilislərin ünsiyyətdən qaçmağını çox vaxt ifrat nəzakətli olmaları ilə əlaqələndirirlər. Hətta bununla bağlı belə bir lətifə də var: "Adada 30 il tək-tənha yaşayan iki ingilisi heç kim bir-biri ilə tanış etmədiyi üçün tanış olmurlar".
Kamyu insanlardan qaçmağı məsləhət görürdü. Sartr isə bunun əksini deyirdi. "İnsanlar körpü salmaq əvəzinə hasar çəkdikləri üçün tənha qalırlar" - Nyutonun sözləridi. Tənhalığın əsarətində ölən insanların həyat tərzi də sübut edir ki, yalqızlıq insanı tədricən məzara aparır. Hər halda yaşamaq, həyatdan zövq almaq daha gözəldi...
Və sonda: vaxtımızın qiymətini bilməliyik. Tənhalıqla baş-başa qaldıqda belə sükutdan yararlanmalı, daha dərindən düşünməli, yazmalıyıq. Vısotskinin sevimli sözünü tənhalıqda belə unutmamalıyıq: "İşləmək lazımdı..."
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!