Əslində hamı hər şeyi bilir və görməzdən gəlir... - Səlim Babullaoğlunun müsahibəsi

Edebiyyatqazeti.az Artkaspi.az saytının Səlim Babullaoğlu ilə olan müsahibəni təqdim edir.

 

  – Səlim müəllim, sizcə nəyə görə yaradıcı birliklər arasında daha çox AYB haqqında dedi-qodular, danışıqlar, bəzən söz savaşları gedir?

  – Yəqin ona görə ki, digər yaradıcı birliklərin "dili” yoxdur.  Bu fikrimcə, başlıca səbəbdir. Özü də bir neçə mərtəbəli səbəbdir. Yəni burda həm peşələrin dilsizliyi, həm də o peşə sahiblərinin şəxsi mənada dilsizliyini nəzərdə tuturam. Söz savaşlarında söz adamları daha mahir olurlar. Bura AYB-yə hücum edənləri də, cavab verənləri də aid edirəm. Tarixən də belə olub, ədiblər, şair və yazıçılar həmişə daha görünən olublar – tənqid edəndə də, təqdir edəndə də, təqdir və tənqid ediləndə də. XX əsrə baxın. Ən çox dartışılan mədəniyyət xadimləri ədəbiyyatçılar olub. Söz  çoxmənalı və qorxuludur eyni zamanda. İnsana və cəmiyyətə birbaşa xitab edə bilir.

  – Qarşıdan qurultay gəlir, sizcə, kimin rəhbərliyi AYB üçün ən yaxşısıdır?

  – Doğrusu, mən AYB rəhbərliyi məsələsinin hamılıqla müzakirə olunmasının tərəfdarı deyiləm. Bu daha çox AYB-nin daxili işidir. Qurultayın, idarə heyətinin işidir. Kimsə fikir deyə bilər, özü də istənilən məsələ haqqında, amma bu o demək deyil ki, o fikirlərin hamısı müzakirə edilməlidir.  Anar müəllimdən müsahibə  vaxtı bunu soruşublar, o da qurumun rəhbəri kimi qalmaq arzusunu ifadə edib və bunu əsaslandırıb da. Bütün bunlardan sonra mənim, onun rəhbərliyi altında çalışan bir adamın, diqqət edin mən üzvlükdən danışmıram, işdən danışıram,  bu məsələni müzakirə etməsi doğru deyil, qeyri-etikdir. Əgər mən Anar müəllimin getməsi məsələsini tərəfdarı olsaydım, onda ilk növbədə ərizə yazıb işdən və idarə heyətindən çıxmalı, sonra isə sıravi AYB üzvü kimi (sıravi sözünü şərtiliklə deyirəm) müvafiq seçkili orqanlarda, AYB daxilində və yalnız bu formatda digər namizəd üçün mübarizə aparardım. İndiyədək söylədiklərim məsələnin əxlaqi və prosedura tərəfidir.

    İkinci məsələ, Anara şəxsi münasibətimdir. Yəni Anara bir böyük ədib, ictimai xadim kimi münasibətimdir ki, bu haqda da daha əvvəl söylədiklərimi təkrar edim. Anar mənim üçün XX əsrdəki böyük, Üzeyir Hacıbəyov kimi miqyaslı insanlarımızla bir sırada dayanır. Məsələn, Azərbaycanın tarixini və bu gününü anlamaq istəyənlər hökmən "Ağ qoç, qara qoç”u oxumalıdırlar. Azərbaycan tarixinin və reallığının bədii konspektidir bu roman. Yaxud, Anarın esseləri. Belə misalları çoxaltmaq olar, amma konkretləşdirim. Anar idarəçi kimi fenomenal keyfiyyətlərə malik adamdır. Kifayət qədər rasional, səbirli və uzaqgörəndir.  Ona görə ən yaxşısı Anar müəllimdir. Mən bunu çox tez-tez və yaxşı hiss edirəm.

   – Son dönəmlər AYB rəhbəri olmağa iddialılar artıb. Sizin bu məsələyə münasibətiniz necədir?

   –  Mən bu məsələlərə sakit yanaşıram. Yəni, kimsə hesab edirsə ki, o AYB-yə rəhbərlik edə bilər, millət vəkili ola bilər,  bu normal qarşılanmalıdır, məncə. Otuz yaşında hamı və hər şey olmaq mümkündür. Və olurlar da. Mənə başqa məsələ maraqlıdır.  Məsələn, tez-tez müxtəlif fikirlər səslənir ki, filankəs 30 yaşında sədr olub, filankəs filan yaşında filan vəzifədə olub. Bəli, olub. Şəxsən mənə maraqlıdır: həmin o filankəslər, əgər seçkili orqan vasitəsi ilə seçiliblərsə, özləri öz namizədliklərinimi veriblər, yoxsa onların namizədliklərini başqaları-həmfikirləri verib?!  Yaxud təyin olunublarsa, onları təklif edən olub, yaxud özləri buna təşəbbüs ediblər? Bu məncə unudulan, bilərəkdən gözardı edilən ciddi məsələdir və şəxsən mənim üçün başlıca məsələdir.  Tez-tez eşidirəm ki, AYB haqqında  "ədəbiyyat nazirliyi” ifadəsini işlədirlər... Yaxşı, tutalım deyilən kimidir, onda bu qədər hay-küyə yenə də ehtiyac qalmır, çünki hər bir nazir təyin olunur.

   – Tez-tez səslənən fikirlərdən biri də AYB-nin ümumiyyətlə, qurum kimi ləğvi məsələsidir. Onu da deyirlər ki, fəxri adlar da ləğv olunmalıdır.

  – Bilirsiz, ümumiyyətlə, bəzi məsələlərə ehtirassız, bacardıqca obyektiv cavab tapmaq üçün bir neçə anlayış və kateqoriyaya diqqətlə yanaşmaq lazımdır. Dövlət, əlbəttə ki, öz müvafiq strukturları, böyük idarəetmə aparatı ilə milyonların ehtirasını, ehtiyacını, etirazını idarə olunan məcraya salmaq, uyğun qanunlarla idarə və təmin etmək üçündür. Baxmayaraq ki, biz bəzən "vətəndaş” deyə xitab edəndə konkret adamı nəzərdə tuturuqsa, dövlət və qanunlar vətəndaş anlayışı altında çoxluğu ifadə edən fərdi nəzərdə tutur, – bu həm də çətinlik deməkdir, çünki bu zaman manipulyasiya imkanı da artır. Başqa tərəfdən qanunları icra edən məmurlar var, onlar da insan, bizdən biridirlər, onların da  öz maraqlarından doğan yanlışları, qanunları tövsihetmə, yozma imkanı, onlarla manipulyasiya etmə imkanları var. Və dövlətin həqiqətlərinin arxasında dövlətin gücü dayandığı kimi bəzən dövlət  məmurlarının yanlışlarının da arxasında dövlətin gücü özünü göstərir.

  Adi misal:1937-ci repressiyaları...

  Ədəbiyyatçı isə elə insandır ki, onun vətəninin ərazisi ölkənin real ərazisi ilə məhdudlaşmır. Onun sərhədləri icazəsiz-filansız aşa bilən, qanunları istənilən vaxt poza bilən xəyal gücü, söz kimi silahı var. Ədəbiyyatçı keçmişi, indini və gələcəyi bir müstəvi üzərinə, mətnə gətirə bilən qorxulu adamdır. Mən qorxulu sözünü həm dırnaqda, həm dırnaqsız deyirəm. İndi gəlin sual edək bu qorxulu adamların icması olmalıdırmı? Olmasımı yaxşıdır? Olmamasımı? Mənə görə olmalıdır. Təşkilat da, dövlətin fəxri adları da. Sadəcə həmişə obyektivlik olmalıdır. O təşkilatın idarəedilməsində də, fəxri adların verilməsində də. Bu isə həmişə mümkün olmur təəssüf ki. Necə deyirdi Hamsun : "Obyektivlik – qərəzsiz subyektivlikdir”...

  Qayıdaq AYB-yə... Bütün bu dediklərimdən sonra, indi siz düşünün, AYB kimi bir qurumun başında kim dayanmalıdır?  Elə bir adam ki, həm dövlət aparatının işləmə mexanizmini yaxşı bilsin, həm də öz qələm qardaşlarını yaxşı tanısın. Yuxarıları iradları ilə aşağıları istəkləri arasında duruş gətirə bilsin, nüfuzu olsun. Bu çox çətin işdir.

  Doğrusu, danışıram və mənə elə gəlir ki, əslində  hamı hər şeyi bilir və  görməzdən gəlir. Bəzi şeylər  ağ parça üzərində qırmızı sapla tikiş yeri kimi gözə girir.

  – AYB-nin bugünkü funksiyalarını, öhdəliklərini, sizcə, nə dərəcədə yerinə yetirə bilir və nələr olsa daha böyük yüksəlişlərin şahidi olarıq?

  – AYB-də kifayət qədər dəyişikliklər olub, olmaqdadır. Son 15 ildə baş verənlərə baxın. Son 15 il ona görə deyirəm ki, baş verənlər eyni zamanda gözümün qabağında olub. Rəşad Məcid Gənclər üzrə katib kimi çox ciddi işlər görüb, görməkdədir, nə qədər layihələr gerçəkləşdirib. Gənc Ədiblər Məktəbi, "525 kitab seriyası”, digər nəşrlər, görüşlər, tədbirlər. Elçin Hüseynbəyli "Ulduz” jurnalının baş redaktoru oldu və xeyli maraqlı işlər gördü, jurnalı dəyişdi. İndi  Qulu Ağsəs işləyir, o da xeyli dərəcədə maraqlı jurnal buraxır, layihələr gerçəkləşdirir. Adam hər dəfə nəsə maraqlı bir şey edir. Bunlar dəyişiklik deyil?  Bir də görürsən, üç cümləni dalbadal yaza bilməyən bir adam, hələ yazıçılıqdan danışmıram, Çingiz Abdullayevə qəfil hücum edir. Ay qardaş, ay oğul, ay həmkar Çingiz Abdullayev detektiv janrının dünyada, yaxşı dünyanı qəbul eləmirsiniz, postsovet məkanında,  Şərqi Avropada tanınmış nümayəndəsidir.  Onun adını  "google”da axtarışa verəndə 1200 000 informasiya çıxır. Yəni bunu görməmək olarmı? Görülən işləri, işgörən adamları gözardı etmək olmaz. Tənqid zamanı kimin danışdığı da vacibdir.

  "Ədəbiyyat qəzeti”nə baxın. "Ədəbiyyat qəzeti” bütün qərəzli-qərəzsiz tənqidlərə rəğmən özünün ən yaxşı halını yaşayır məncə. 80-lərin sonundan mən bu qəzeti oxumağa başlamışam. Şəxsi fikrimdir, təkrar edirəm: günümüzün "Ədəbiyyyat qəzeti” bir çox parametlərinə görə son 30 ilin ən yaxşı ədəbi qəzetidir. Və bunu Azər Turan edib. Ona minnətdarlıq etmədən tənqid etmək doğru deyil, qərəzlidir, əlbəttə. 

  Dünən yox, srağagün Fərid Hüseyn AYB Gənclər Şurasının sədri oldu. Artıq AYB-nin bütün mətbu orqanlarının redaksiya heyətində şuranın üzvləri var. Lap bu günlərdə "Ulduz” jurnalının  "xüsusi sayı”nı buraxdılar. Yaxşı bəs, bu iş deyil, nədir? İşdir əlbəttə.

  Amma bu qətiyyən o demək deyil ki, kimsə əvəzolunmazdır. Və AYB-də hər şey də ən ideal şəkildədir. Belə deyil. Belə olmayıb. Və belə olmayacaq da.

  Mən çoxlu məsələlərə fərqli baxa bilərəm, necə ki, baxıram da. Amma məsul olduğum məsələlər var. Qalanı nəzəriyyədir. Fikrimcə ən böyük islahat – dəyişmə arzusunun davamlılığıdır. İdeyalılıqdır. Ümid edirəm ki, bunu anlamaqda çətinliyimiz olmayacaq. Bu məsələlər, o cümlədən rəhbərliyin dəyişməsi və ya qalması məsələsi də AYB-də müvafiq strukturlarda açıq şəkildə müzakirə ediləcək. Amma bu da təkrar edirəm AYB-nin daxili işi kimi baş verəcək.

  – AYB eyni zamanda tənqidlərə çox zaman demokratik yanaşır, qəddarlıq, yaxud kəskin barışmazlıq mövqeyi sərgiləmir. Amma lazım gələndə cavablar da verir. İstərdim bu məsələdən – yəni tənqidlərin hansı dərəcədə əsaslı, yaxud hədyan olmasından danışasınız.

  – Sizə bir hadisə danışım. Xarici ölkələrin birində idim. Orda diplomatlar da vardı, iş adamları da, jurnalistlər də. Anar müzakirə edilirdi, AYB müzakirə edilirdi nədənsə.  Bir şəxs Anar və AYB barədə öz fikirlərini çox hərarətlə ifadə edirdi. Bir necə dəfə müxtəlif arqumentlərlə doğru danışmadığını söylədim. Axırda hövsələm daraldı və dedim ki, bəzi oğru məmurlar qalıb qıraqda, siz AYB  və Anar haqqında elə danışırsız ki, bütün bu işlərdən onlar məsuldur. Mən bu sözü deyəndə uzun və qəribə sükut çökdü ortaya.

  Bəzən çox acınacaqlı situasiyalarla rastlaşırsan. Adam yerlibazdır, klançıdır. Bütün bunlarla yanaşı o, əlbəttə, həm də yazıçıdır. Özü də AYB-ni, Anarı tənqid edir. Həmin adama jurnalist sual verir ki, siz hansı yazıçıları oxuyursuz, ancaq öz kəndindən, qəsəbəsindən, nə bilim mahalından 3-4 nəfər adamın adını çəkir. Adam anlamır ki, yerlibazlıq – ən böyük, ən səssiz və buna görə də ən qorxulu separatçılıqdır. Çünki o, artıq adamları öz yerlisinə və özgəsinə bölüb, peşəkar səviyyə nəzər alınmadan qabaqcadan öz seçimini edib, kiminsə haqqına girib, ən pisi isə həmin o özgəsini  öldürüb, terror edib. Bunu anlamayan "aybçilər” də var, AYB tənqidçiləri də.

  – Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ardıcıl olaraq dəyərli nəşrlərə imza atır. Başqa hansı imkanlar açılmalıdır ki, qurum uğurlu fəaliyyətini daha da gücləndirsin?

  – Ünvanımıza dediyiniz xoş sözlər üçün sağ olun. Xoş sözü o qədər də tez-tez eşitmirsən. Bir də görürsən ki, "dostların” yüngül əli, bəlkə də "dualı ağzı”  ilə bizi arana-dağa bağlamağa cəhd edirlər. Halbuki unudurlar: biz Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəziyik, işimiz ilk növbədə dünya xalqları ədəbiyyatlarını ana dilimizə çevirmək və çap etməkdir. Siyasətsiz-filansız. Məsələn, ölkəmizə qarşı aqressiv siyasət yürüdən heç bir dövləti sevmirəm. Buna qarşıyam. Amma bu bizi müxtəlif  xalqların, ölkələrin ədəbiyyatları və ədibləri ilə əlaqədən saqındırmamalıdır. Fransızlar ingilislərlə, ruslar almanlarla savaşıblar, indi nədir, fransız Robert Börnsü oxumamalıdır, ya ingilis Mopassanı,  bəlkə, rus Henrix Bölü?! Necə olur ki, biz həmin ölkələrin silahını, bilgisayarını, dərmanını alırıq, amma ədəbiyyatı olmaz. Bu mənada mənim üçün bir istisna var: ermənilər, amma onlarla da xaricdə, müxtəlif tədbirlərdə üz-üzə gəlmək, məkrləri ilə üzləşmək məcburiyyətində qalırsan.

  Bizim səsimiz bərk gəlsə də bəzən maliyyə imkanlarımız çox azdır. Dostlar, əməkdaşlıq etdiyimiz müəyyən əlavə strukturlar olmasa işimiz çətin olar. İndi öz işlərimizdən çox danışa bilərəm. Amma istəmirəm. Görünən şeylərə bələdçi lazım deyil. Biz işləyirik. Maliyyə imkanlarımız çox olsa, daha çox işləyə bilərik.

  Söhbətləşdi: Xanım Aydın


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!