Kim Jiha: "Tərəddüdsüz irəliyə doğru yürüyün!" - Çağdaş Koreya poeziyası - Bədirxan Əhmədli yazır

 

Kim Jiha çağdaş Koreyanın görkəmli şairlərindən biridir. Təkcə Koreyada deyil, dünyanın bir çox ölkələrində tanınıb, şeirləri müxtəlif dillərə tərcümə olunub, haqqında yazılıb. Poeziyası milli gələnəksəl xüsusiyyətlərlə Qərb poeziyasını sintez edir. O, həm də azadlıq və demokratiya uğrunda mücadiləçi bir şair kimi tanınır. Kim Jiha onun təxəllüsüdür. Əsl adı Young İl Kimdir.

Kim Jiha Koreyanın Geney Colla bölgəsində doğulub. İlk təhsilini Vonçu məktəbində almış, sonra Seula gedərək əvvəlcə liseyi, daha sonra isə Seul Beynəlxalq Universitetinin estetika bölümünü bitirmişdir. Universitetdə oxuyarkən baş verən hərbi çevrilişlərə biganə qalmamış və tələbə hərəkatlarına qoşulmuşdur. Koreya-Yapon Konfransına (1964) qarşı çıxdığı üçün dörd ay həbs olunmuşdu. 1966-cı ildə Universiteti bitirdikdən sonra uzun müddət hakimiyyətdə olan Jeonq-hee Parkın siyasi hakimiyyətinə qarşı çıxaraq mitinqlərdə iştirak etmişdir. 1970-ci ildə Beynəlxalq Demokratik Gənclər Federasiyasının təşkil etdiyi hadisələrdə yer aldığı üçün təkrar həbs edilmiş və haqqında edam qərarı çıxarılmışdır. Onun həbsi dünya ədəbi, ictimai-siyasi arenasında böyük rezonans doğurmuşdur. Fransadan Jan Pol Sartr və Simone de Belavur, Amerikadan Noam Xomski kimi böyük fikir adamları onu müdafiəyə qalxmışdılar. Bütün bunlar öz təsirini göstərmiş, Kim Jihanın ölüm hökmü həbs cəzası ilə əvəz edilmişdi. 1975-ci ildə azadlığa buraxılmış, lakin müxalif fikirlərini davam etdirdiyi üçün həmin il yenidən həbs cəzasına məhkum edilmiş, bir də beş il sonra azadlığa çıxmışdır. İctimai-siyasi proseslərdəki müxalif düşüncəsi 80-ci illərdən sonra da davam etmişdir. Bu illərdə də Koreya cəmiyyətində gedən ictimai-siyasi mübarizədə Kim Jiha həmişə öndə olmuşdur. 1991-ci ildə siyasi hadisələr zamanı baş verən ölümə etiraz əlaməti olaraq "Coson" qəzetində yazdığı "Gənc dostlar! Tarixdən nəyi öyrənirik: ölüm şeytanlarını dərhal yox etməliyik" yazısıyla baş verən ölümlərə qarşı çıxmışdır. Kim Jiha uzun müddət Koreyanın nüfuzlu qəzetlərində yazdığı köşə yazılarında ölkədə və dünyada baş verən proseslərə münasibət bildirmişdir.

Kim Jiha yaradıcılığa 60-cı illərin sonlarında - "Qırmızı torpaq yol" şeirilə başlayıb. 70-80-ci illərdə yaradıcılığının ən zəngin dövrü olub. Bu dövrdə əsərlərində buddizm, Zen fəlsəfəsinin izləri aydın görünməkdədir. 30-a qədər şeirlər kitabı içərisində "Beş vətən xaini", "Quş", "Qırmızı torpaq", "Susuzluqla yanmaq", "Sevgili vətəndaş", "Həyat və müstəqillik", "Boşluq", "Jiha Kimin hekayəsi" və s. onlarca kitabı oxucular tərəfindən rəğbətlə qarşılanıb.

Çağdaş Koreya şairi Kim Jihanın şeirlərini orijinaldan oxumaq imkanım olmadığından bu yaxınlarda Türkiyədə çap olunan "Yakıcı susuzluqla" (2018) kitabında tanış oldum. Kitabı türk dilinə koreyalı türkoloq professor Eunkyung Oh xanım tərcümə etmiş və kiçik bir ön söz yazmışdır. Eunkyung Oh xanım yazır: "Şair Kim Jihanın "Yakıcı susuzluqla" adlı şeiri 80-ci illərdə Koreya xalqının demokratiya tutqusundan doğan bir əsərdir". Bu fikir həm də kitabın bütün məzmununu tamlıqla əhatə edir.

"Yakıcı susuzluqla" kitabında dərc edilən şeirlər Koreya xalqının keçdiyi yolu, etdiyi mücadiləni poetik şəkildə əks etdirir. "Sarı torpaqdan sonra", "Yanvar 1974", "Dönüş yox", "Cəhənnəm-1", "Cəhənnəm-2", "Qaranlıqlar içindən", "Həbsxanada yay günü", "Gecə ölkəsi" və s. şeirlərində şairin mücadilə əzmini təsvir edir və bunu bütün Koreya xalqına yansıtdığını görürük:

Dan ağarırkən arxa küçəyə

Sənin adını yazıram: Ey Demokratiya!

Çox oldu ağlımdan çıxalı

Çoxdan vaz keçdim

            səni yollarda aramaqdan

Sadəcə anılarımda qaldı,

            çox az və silik

Qəlbimdə saxlandı,

            özlədiyimə dair xatirə

Adını gizli-gizli yazıram:

            Ey Demokratiya!

"Yanvar 1974" şeiri də həyatının bir parçasını anladır. Həmin vaxt şair etirazlarına görə siyasi rejimə qarşı üsyan etmə suçundan ölüm cəzasına məhkum edilmişdi. Şeirdə sonunu yaxınlığında hiss edən şair ölümlə həmsöhbət olur, ilk dəfə onun əlindən tutur, əbədi ayrılığın yaxında olduğunu dərk edir və ölümün gözünə dik baxanların küçəsinə də mütləq bir gün baharın gələcəyini inamla ifadə edir:

Ah! 1974-cü ilin yanvar ayının ölümünü

Xəyanət deyə adlandıralım

Bütün bədənimizlə rədd edəlim

Sənin əlin

Sənin əlində qalan tərimin

Son sıcaqlığının xatirəsi

Yox oluncaya qədər

Rədd edəlim.

Şair demokratiya və ədalət uğrunda mücadilə verən sənətkar ömrünün ən yaxşı vaxtlarını həbsxanada keçirən insanların fədakarlıqlarını alqışlayır. "Dönüş yox" şeirində getdiyi yolun dönüşü olmayacağını bildirir və dostları, qardaşları ilə bir daha belə bir yolçuluğa çıxa bilməyəcəyini söyləyir. Onun şeirlərində işığa doğru bir yol görünür. Müxtəlif mövzulara həsr olunsa da, şeirlərində daim bir işıq görünür. "Qaranlıqlar içindən" şeirində qarşıdakı həbsxananın dəmir barmaqlıqları arxasından işığa tərəf boylanaraq "Məni çağıran kim? - deyə sual edir?

Paslanmış qızılı qaranlıq,

Qaranlıqda tökdüyüm

            iki damla göz yaşım

Ah qaranlıq!

Boğazından çıxan

            xırıltılı səs məni çağırır,

Yağmurun çisələdiyi

Çatıdakı ququq quşunun

Kəsik-kəsik ötdüyü,

Ayaq izlərinin, qılınc və

            trompet səslərinin olduğu

Qara buludlu bir gündə.

Kim Jiha çox az-az şairlərdəndir ki, şeirlərində həyatını, həyatda apardığı mücadiləni təsvir edir, apardığı demokratiya mübarizəsi əsərlərində eyni dərəcədə özünü sıx-sıx təzahür edir. Koreya siyasi mühitində elə bir əlamətdar hadisə olmayıb ki, Kim Jiha ona münasibətini bildirməsin. "Sarı torpaqlı yol" şeirində özünün və tərəfdarlarının baş vurduqları yolu poetik şəkildə belə ifadə edir:

Töküldü üstünə sarı torpaq,

Qan izləri, onu təqib edərək

Mən gedirəm, oğlum

Sən öldün...

Kim Jihanın "Yakıcı susuzluqla" kitabı "Türkiyədə də susamaqdan yanmaq varmıdır?" şeirilə tamamlanır:

Mən Türkiyəni tanımıram

Hətta günümüzdəki Türkiyəni

heç tanımıram!

Amma susamaqdan yananların olması,

qutsal qədəhi qaldıracaq xalqın

ayaq izlərinin var olması deməkdir.

Tərəddüdsüz irəliyə doğru yürüyün!

"Tərəddüdsüz irəliyə doğru yürüyün!" Kim Jiha həyatda çəkdiyi bütün əzab-əziyyətlərə rəğmən, həmişə irəliyə doğru yürümüş, apardığı mübarizə əzmindən geri çəkilməmişdir. Kim Jihanın poeziyasında mübarizə, mücadilə əzmi qırmızı xətlə keçir; o, inadla sürdürdüyü mübarizəsinə inanır və oxucunu da buna inandırmağa çalışır. Ümidsizlik, qaranlıq, çıxılmazlıq onun poetik fəlsəfəsinə yaddır. Bunun əvəzində etiraz var, başına gələn hadisələri təmkinlə qarşılayır, sanki elə belə də olmalıdır. Onun üçün həyat elə mücadilədən, müqavimətdən, özünütəsdiqdən, ruhən və qəlbən azad olmaqdan ibarətdir. Əminəm ki, Azərbaycan oxucuları tezliklə şairin üsyankar poeziyası ilə tanış olmaq imkanı əldə edəcəklər...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!