Nazir, deputat, dramaturq nobelçi - Xose Eçeqaray

Ədəbiyyat üzrə beşinci nobelçi - 1904-cü il

Nobel mükafatçısı F.Mitstral 1904-cü ilə aldığı mükafatı ispan dramaturqu Xose Eçeqaray-i-Eysagirre ilə şərikli almışdı. Nobel tarixində şərikli mükafatlandırma ədəbiyyat sahəsi üzrə olmaqla yanaşı, digər nominasiyalarda da olmuşdur.

Xose Eçeqaray-i-Eysagirre 1832-ci ilin 19 aprelində Madriddə bask ailəsində doğulub. Üç yaşı olanda ailəsi Aralıq dənizi sahillərində yerləşən Mursiya şəhərciyinə köçür. Xose Eçeqaray ali təhsilini yunan dili professoru olan atasının işlədiyi Mursiya institutunda alır. İnstitutda oxuduğu illərdə o, yunan və latın dilləri ilə maraqlanır, tarix öyrənir. 14 yaşında ikən təhsilini başa vuran Eçeqaray fəlsəfə elmləri üzrə bakalavr dərəcəsi alır və Madridə qayıdır. Madridə qayıdan gələcək nobelçi buradakı Texniki məktəbdə riyaziyyat öyrənir və 1853-cü ildə həmin məktəbi bitirir. Təhsilini başa vuran Eçeqaray bir müddət mühəndis işləyir, daha sonra isə texniki məktəbdə nəzəri və tətbiqi riyaziyyatdan dərs deyir və bu sahəyə həsr etdiyi məqalələri və monoqrafiyaları ilə geniş şöhrət qazanır.

Riyaziyyatla yanaşı Eçeqaray geologiya və siyasi iqtisadiyyatla da maraqlanır. Kiçik qardaşı Migelin qələmə aldığı və 1863-cü ildə həvəskar teatrın səhnəsində tamaşaya qoyulan pyesi gələcək nobelçinin ədəbi yaradıcılığına böyük təkan verir.

1860-cı illərdə Xose Eçeqaray-i-Eysagirre İspaniyanın siyasi həyatında yaxından iştirak etməyə başlayır. 1868-ci ildə baş verən “Şanlı inqilab” hadisələrindən və kraliça II İzabellanın devrilməsindən sonra Eçeqaray ictimai işlər naziri, bir ildən sonra isə ticarət naziri vəzifələrində çalışır. 1869-cu ildə isə İspaniya parlamentinə üzv seçilir. Parlamentə seçildikdən sonra İspaniya hökumətində müxtəlif vəzifələr tutan Eçeqaray İspaniya Milli Bankının yaradılmasının əsas təşəbbüsçülərindən biri olur.

1874-cü ildə - Barbunların İspaniyadakı monarxiyası bərpa edildikdən sonra Eçeqaray Fransaya mühacirət edir. Parisdə yaşamağa başlayan gəlcək nobelçi burada yaşadığı müddətdə həyatını bütövlüklə ədəbiyyata, xüsusilə də teatra həsr edir. Parisdə çox da qalmayan Eçeqaray az sonra Madridə qayıdır və özünün “Çek kitabçası” pyesini Ayaseka-i-Eysagir təxəllüsü ilə qələmə alır. O andan etibarən elmi və siyasi fəaliyyətinə son qoyan nobelçi dramaturq ömrünün qalan hissəsini yalnız dramaturgiyaya sərf edir. Eçeqarayın qələmindən hər il demək olar ki, iki-üç pyes çıxır və o pyeslər vaxtaşırı ispan teatrlarnın səhnəsində tamaşaya qoyulur və müəllifə böyük şöhrət gətirir.

Xose Eçeqaray-i-Eysagirrenin qələmindən çıxan 60-a qədər pyesin demək olar ki, əksəriyyəti nəzmlə yazılmışdır. Buna misal olaraq onun ilk pyesini və müəllifinə böyük uğur qazandıran “Qisasçı qadını” (1874) romantik dramını göstərmək olar. Ondan böyük uğuru isə müəllif 1875-ci ildə qələmə aldığı “Şpaqanın dəstəyində” pyesi ilə qazanmışdır.

Eçeqaray 1877-ci ildə “Ağılsızlıq, yoxsa müqəddəslik” pyesi üzərində işləməyə başlayır. Əsərin qəhrəmanı dürüstlüyünə, ötkəmliyinə, məğrurluğuna - cəmiyyət arasında qəbul edilməyən qeyri-adi xarakterinə görə ağılsız adlandırılır. İngilis dilinə tərcümə olunan əsəri oxuyan Corc Bernard Şou onu yüksək qiymətləndirir və Eçeqarayı “Fridrix Şiller, Viktor Hüqo ədəbi məktəbinin layiqli davamçısı kimi gerçək faciəni qələmə alan müəllif...” adlandırır.

Xose Eçeqaray-i-Eysagirrenin 1892-ci ildə qələmə aldığı “Don Xuanın oğlu” pyesi üzə çıxandan sonra müəllifin yaradıcılığındakı realist qatlar diqqət çəkməyə başlayır. Əsərdə Henrix İbsenin və onun qələmindən çıxan “Ruh” pyesinin təsiri açıq şəkildə hiss olunur. Tənqidçilər adı çəkilən pyesi soyuqqanlıqla qarşılayırlar, lakin bircə Bernard Şou əsəri bəyəndiyini etiraf edir və pyes haqqında “H.İbsenin “Ruh” pyesi yeni, milli yanaşma ilə qələmə alınıb və öz əvvəlki mənasını qoruyub saxlaya bilib” - kimi dəyərli fikirlər söyləyir.

Eçeqarayın 1881-ci ildə qələmə aldığı  “Böyük Halioto” pyesi də müəllifin məşhur əsərlərindən hesab olunur. Pyesin əsas mövzusu yalan və iftiradır ki, nəticədə heç bir günahı olmayan insanlar əzab çəkirlər. Sənətşünas Federiko de Onisin təbirincə desək, “bu pyes... əsərin qayəsini təşkil edən konfliktləri ustalıqla və effektiv şəkildə təqdim edə bilir”. Pyes müxtəlif dillərə tərcümə olunmuş və dünyanın bir çox teatrlarında tamaşaya qoyulmuşdur.

Eçeqaray şöhrətinin zirvəsinə 1890-cı illərdə çatıb. 1894-cü ildə dramaturq İspaniya Kral Akademiyasına üzv qəbul olunur. Elə o ərəfələrdə də ispan ədəbiyyatı tarixinə “98-ci illər nəsli” adı ilə düşən gənc ispan ədəbiyyatçıları Eçeqaraya qarşı çıxmağa başlayır, onun pyeslərini həddən-ziyadə sentimentallıqda və aktual olmamaqda, eyni zamanda müəllifi də İbsenin təsiri altına düşməsində ittiham edirlər.

Xose Eçeqaray-i-Eysagirre 1904-cü ildə fransız şairi və mütəfəkkiri Frederik Mistral ilə birlikdə ədəbiyyat üzrə sayca dördüncü, müəllif olaraq isə beşinci nobel mükafatçısı olur. O, mükafatı “ənənəvi ispan dramaturgiyasına çoxsaylı xidmətlərinə görə” alır. İsveçdəki mükafatlandırma mərasiminə qatıla bilməyən müəllifi mərasimdə təmsil edən İsveç Akademiysının üzvü S.D.Virsen çıxışında qeyd edir ki: “Ənənəvi ispan dramaturgiyasnın ustadlarından biri olan Eçeqarayın yaradıcılığı özündə zəngin təxəyyülü və bədii zövqü ehtiva edir”. 1912-ci ildə Eçeqaray “Qızıl dəri” cəngavər ordeni ilə təltif olunur. Böyük ispan dramaturqu, Nobel mükafatı laureatı Xose Eçeqaray-i-Eysagirre 1916-cı ilin 14 sentyabrında, 84 yaşında Madriddə dünyasını dəyişmişdir.

İspan dramaturqu haqqında fikir söyləyən tənqidçilərin müəllifin yaradıcılığına münasibətləri də fərqlidir. Onların əksəriyyəti müəllifi klassik və müasir ispan dramaturgiyası arasında körpü kimi qiymətləndirirlər. Amerikalı tənqidçi V.Hyüberrinin fikrincə Eçeqaray Luidci Pirandellonun yaradıcılığına böyük təsir göstərmişdir ki, müəlliflərin ikisi də yaradıcılıqlarında romantizmi “satirik gülüşə çevirərək tənqidi qabaqalayır və ideyanı sədaqətlə bu istiqamətə yönəldə bilirlər”.

P.S. Oxucuların nəzərinə çatdırmaq istərdim ki, “Ədəbiyyat qəzeti”nin “Ədəbiyyat üzrə nobel mükafatçıları” rubrikası çərçivəsndə ənənəvi olaraq təqdim etdiyimiz müəlliflərin əsərlərindən də nümunələr verirdik. Lakin ispan dramaturqu Eçeqarayın qələmə aldığı dram əsərlərinin həcminin böyüklüyünü və dram əsərindən parça verməklə əsərin bədii dəyərinə xələl gətirəcəyimizi nəzərə alaraq bu ənənəni pozuram.

Tərcümə etdi:
Əyyub QİYAS


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!