Şeirdə təbiət... - Fərid Hüseyn yazır

 

Qönçə Özmənin şair kimi üstünlüyü təbiətin "yaşantıları" ilə insanın hiss və duyğularını bir məcrada canlandıra bilməsidir. Onun şeirlərində təbiət ancaq təsvirlərin gücü və imkanları ilə təqdim olunmur. Təbiət iştirakçı qismində poetik prosesə "qatılır" və insanla bərabər, şairlə birgə yaranan poetik ab-havaya qoşulur və onu formalaşdırır. Bu isə özü-özlüyündə şairə fikrini daha əhatəli ifadə etmək üçün əlavə imkanlar yaratmış olur. Təbiət təsvirli şeirlərdə dünyaya xas elementlər passiv olur - yəni daha çox dekor rolunu oynayır və biz oxucular ordan ancaq görə bildiyimiz qədər informasiya alırıq, vəssalam. Amma Qönçə Özmən təbiəti poetik mətləbin əsas "ifadəçi"lərindən biri kimi təqdim edir, fikir formalaşdıran bir qüvvə kimi təbiətə xüsusi rol verir.

Onun şeirlərində təbiət əlavə fikirlərlə mənalandırılır. Sanki bu mənalandırma təbiətin həm bugünkü, həm də ilkin mahiyyətini açır. Beləcə, biz bitkilərin dilini bilirik, daşların həyatımızdakı rolunu anlayırıq, suyun həyat mənbəyi olmaqdan əlavə mahiyyətini qavrayırıq. Bu poetik qayələrdə təbiət ancaq insana xidmət edən bir varlıq kimi görünmür, ayrıca bir mövcudluq təsiri bağışlayır. Və təbiətin fonundakı insan o aləmi - haqqında danışılan dünyanı daha da rəngləndirir, öz dərki ilə təbiətə əlavə məna, fikri yük qazandırır.

Qönçə Özmənin şeirlərindəki lirik məzmun yaradılan ovqatı ifadə etməkdən daha çox, ovqatın necəliyini bizə fərqli təsvirlərlə çatdırır. Əlbəttə, şeirdə baş verənləri görən, müşahidə edən bir insan - şair var, ancaq o, arxa plandadır, onun "kamerası" heç yanda nəzərə çarpmır, dayandığı yer bilinmir, ancaq onun nəzəri bizim gördüklərimizə "qatılır". Q.Özmən müəllif kimi poetik mətnə daxil olmur.

Əlbəttə, şeirdə birinci şəxsin təkindən qaçmaq, "müəllifin yoxluğu" bir qədər çətin məsələdir, hətta bəzi şairlər üçün mümkünsüz görünür. Xüsusən də süjetsiz şeirlərdə. Şairin danışan tərəfdən görən tərəfə, əsas obrazdan ikinci dərəcəli obraz mövqeyinə keçməsi haqqında danışdığımız şairin şeirlərində çox yaxşı alınır. O, şeiri "özündən kənarda saxlayır", bədii nümunənin əhvalatını, mənzərəsini önə çəkir, daha çox haqqında danışacaqlarını yox, nə haqqında düşündüklərini bəyan edir. Və düşündüklərini göstərdiyinə görə də bəzən o şeir uyuşmayacaq qədər realist görünür.

Q.Özmən üçün şeirdəki poetik dil o qədər də vacib deyil, əsas olan fikrin poetikliyi və gücüdür. O, sanki sözləri yox, fikirləri "qafiyələndirir", o, sözlərdən daha çox nüxtəlif düşüncələrin harmoniyasına can atır. Ona görə də bu cür - yəni bir-birinə bağlanan, bir-biri ilə ahəng yaradan fikirlər fərqli poetik süjet yaradır. Amma qəribəsi budur ki, bu süjet ənənəvi süjetli şeirlərə bənzəmir, onlardan tamamilə seçilir. Burda əhvalat - hekayət poetik fikrin zəncirindədir, oxucu o halqalardan keçə-keçə şeirin hekayətini daha dəqiq anlayır. Ona görə o, haqqında düşündüyü nəsnənin ancaq bu gününü şeirdə canlandırmır, o əgər göldən danışırsa orada gölün yaranışı, bu günü və keçmişi var. Beləcə poetik elementin - gölün mahiyyətindəki tarixilik aşkara çıxır.  O, sanki haqqında yazdığı nəsnənin leksik mənasının daha dərinliyinə baş vurur. Ona görə də onun şeirlərini anlamaq üçün həm müəllifin işarə verdiyi mənaları anlamalı, həm də poetik işarələri mənalandırmalısan. Sanki oxucu  poetik nəsnənin necə kəşf olunmasını izləyə-izləyə özü də kaşifə çevrilir.

Ancaq Qonçə xanımın şeirlərindəki advermələr, nəsnələri anlayışa çevirmə imkanları onun şeirinin həm gücü, həm də gücsüzlüyüdür. Gücüdür ona görə ki, o, nəsnələri yenidən adlandırır, bizim onlara başqa nəzərlə baxmağımıza, heç zaman ağlımıza gəlməyənləri düşünməyimizə fürsət yaradır. Gücsüzlüyü oradadır ki, o tipli yanaşmaya, adlandırmaya aludə olan şair ondan xilas ola bilmir. Belə demək mümkündürsə, poetik uğurun əsirinə çevrilir və onu fərqli göstərən cəhət həm də onun özünü təkrarlamasına gətirib çıxarır. Bu cür hökmvermələr poeziyanın əsas özəlliyindən biri sayılan poetik fikrin çoxvariantlılığının qapılarını bağlayır:

Dörd divarın söhbətidir otaq.

***

Yağış zamanın fışdırığıdır.

***

Söz işıqla kölgə arasında bitir.

***

Bir-birinə dözməyin damı axıdır hər evdə.

***

Anam işıldayan bir gölün təbəssümüdür.

***

Səsin havadakı izidir keçmiş zaman.

***

Allahlar belə əbədiyyətin öhdəsindən gələ bilmədi.

***

Eşq batanda unutmaq qırmızı rəngdə olur.

***

Ancaq sahillər yadında saxlayar dənizin duzlu tarixini.

Yuxarıdakı hökmvermələr, fikri bir istiqamətə yönləndirmələr şeiri həyatilikdən uzaqlaşdıran, sözlərin mahiyyətini məhdudlaşdıran məsələdir. Amma poetik rakurs, görüm bucağı kimi maraqlıdır və aforizmlərin, yaxud fərqli deyimlərin sosial şəbəkələrdə böyük həvəslə paylaşıldığı bir dövrdə ola bilər ki, bu cür fikirlər maraqla qarşılansın. Fəqət zamanla belə hökmvermələr, hətta öz mahiyyətindən də uzaqlaşır, belə demək mümkündürsə, kirə çıxırlar.

Amma həyatla üzvi surətdə bağlı olan, həyatın anlamına fərqli mənalar qatan, ya müəllifin, ya da ona təsir edən obraz, yaxud situasiyanın təsirinin izləri görünən fikirlər isə yuxarıda dediyimiz arzuolunmaz cəhətlərin əksinədir, yəni bizi bir istiqamətə yönəlməyə məcbur etmir, əksinə daha dərindən düşünməyə çağırır:

***

Hər quş öz səsiylə açar səhəri

***

Üzün dərin bir qılınc izidir yaddaşımda.

***

Bir rəngin yavaş-yavaş solmağı kimiyəm.

***

İnsan özündə köhnəlir.

***

Narahat körpülər kimiyik,

Suyun xəyanətini görmüşük.

Q.Özmən şeirləri ilə bağlı fikrimi belə yekunlaşdıra bilərəm ki, o, çağdaş Türkiyə ədəbiyyatında sevilən, diqqət çəkən, kitabları maraqla qarşılanan, müasir poetik fikrin imkanlarını öz bədii əsərlərində gərəyincə ifadə edə bilən bir şairdir. Şeir kitablarını oxuyandan sonra qəlbimizə xeyli unudulmaz sözlər həkk olur, ən əsası şeirlərinin bizdə yaratdığı ovqat onun adına hər dəfə rast gəldiyimizdə qəlbimizdə təkrarlanır.

Qönçə Özmən

Qönçə Özmən 1982-ci ildə anadan olub. İstanbul Universitetinin İngilis dili və ədəbiyyatı fakültəsində bakalavr və magistraturanı bitirib. İlk şeiri 1997-ci ildə "Varlıq" jurnalında, daha sonra yazıları "Yasaq meyvə", "Akatalpa", "E", "Uç" və s. dərgilərdə çap olunub.

Şeirləri ingilis, alman, fransız, ispan, rumın və fars dillərinə tərcümə edilib. Macarıstan, Almaniya, Fransa və Sloveniyada keçirilən beynəlxalq şeir festivallarına qatılıb. 3 şeir kitabı işıq üzü görüb.

Göl bizə acıqlıdı

Axmağı unutmuş sudur göl,

suyun yaddaşsızlığıdı,

Göl durğunluğun böhranını yaşayır,

göl bir az da darıxmağın tarixidi.

 

Göl diqqətçəkən bir ayaq qeydidir suların tarixində

gölün ən xoşladığı nağıl "Yatmış gözəl"di,

o, suyunda ürpənən xəyallar mayalandırır,

Afroditanın üzü ilə gülümsəyir,

Deməli olduğu sözünü deyib, sanki,

torpaq çəlləyində fikrə gedib,

inanıb ki, dünya dümdüzdü.

Elə hey baxır:

bilmirsən baxır, yoxsa yox,

bilmirsən görür, yoxsa yox,

göyün yerə düşmüş bir parçasıdı göl.

 

Ləkə

I

Vadi sirini açdı mənə,

səni ucsuz-bucaqsız çöllərdə tapdım.

O vaxt ki,

yarpaqlar qopub düşür, əncirlər susurdu.

 

Qurumuşdu bir tərəfim,

bax, səni düz ora qoydum.

 

O gözəl suları,

o gözəl qoxuları apar özünlə,

daha uzaqdakı yaxınlaşdı,

yəqin, hansısa qadın bir çayı canına çəkdi.

 

Sən toxunuşun o biri başında dayan,

mən zənn elədiyin xəyalı qucaqla.

 

Bizdən əsən küləklər

yarpaqları bir yerə yığırlar onsuz da.

II

Elə bilirdim səninlə hər şey susacaq,

zaman pərdələrə açır sirrini,

bədənimdən elə hey bir çığır uzanır.

Mən bitməz sözlər idim,

ya intizarda olan ağac,

 

Elə bilirdim birgə olsaq göylər alçalar,

Bir sincab atılıb-düşər qollarında,

elə bilirdim o

məni də özüylə bir ləkəyə aparar.

 

Sən o yorulmaz sular,

diri səslər idin.

mən isə daim sənə dolardım.

III

Sən istədin ki, hər şey ötüb-keçsin,

qəlbimdə çiçək açsın, dəniz geri çəkilsin.

 

Mənim də çəyirdəkli bir yuxum olsun,

çaylar axsın içimdən, kal əncirlər dəysin...

 

Çünki səhərin narahat dodaqları var,

gizlinləri var. Ah, qaranlıqlar...

 

Zaman dayanıbsa biz də susaq ki,

qoy gözlərindən düşən işıqlar kəsilməsin.

 

Sözə çevrilib çıxsın bədənin narahatlığı,

üzün qocalmasın köhnə şəkillərdə.

 

Sən istədin ki, hər şey ötüb-keçsin,

qarışqa "sus" dedi ki, zaman davam eləsin...

 

Daşlıq

Bir az əvvəl

sərinliyim yayıldı daşlara.

 

Evlərin içi boyda idim,

toz idim bir masada.

 

Niyəsə xeyir idim bu dünyaya.

 

Payız idi,

kölgəsiz bir su idim.

 

Pəncərələri açsam üşüyərdinizmi,

ya bir az da aralasam sözləri?

 

Bu yerlərə tərin hopub,

bilirəm ləkəsi qalacaq.

 

Bilirəm, göz yaşlarının da ləkəsi getmir.

 

Sən bir söz idin,

barmağımdan düşdün yerə.

 

Mənsə o kağızdakı

qayçı iziyəm hələ də.

 

Bəlkə səssizcə

Gecəyə hazırlayıram meşəni,

yavaş-yavaş soyunur yaşıllığını.

 

Bir quşun bir buluda hopub xəyalı.

 

Külək yenə də qayalardan danışır,

gəzib-gəldiyi yerlərdən söz açır.

 

Bu dəfə, bəlkə, sözlər də axar,

yağışla birgə süzülər bədənin arzusu.

 

Bəlkə, vaxtı səhv salar azanlar və ölümlər,

necəsə çiçəkləyər uşağın kəsilmiş qolu.

 

Ey dünya, durmadan balacalaşdın qəlbimizdə,

dayanmadan artdı söz bıçağı gölün dibində,

elə hey səsini itirir hər şey.

Türkiyə türkcəsindən uyğunlaşdıran: Fərid Hüseyn

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!