"Nəvələrim tutub əllərimdən" - Faiq Balabəyli yazır

Ələddin Əzimli - 65

 

Ələddin Əzimli imzası oxucuya doğmadı. Bu imzanın doğmalığına sığınanlardan biri də mənəm. Doğrusu, onu televiziya jurnalisti kimi tanımışdım və reportajlarına məmmuniyyətlə diqqət kəsilir, izləyirdim. Sonralar şair kimi də fəaliyyətinin olduğunun şahidi oldum. Onun haqqında hər ikimizin dostu, AYB-nin mərhum katibi, filologiya elmləri doktoru, professor Arif Əmrahoğlu çox bəhs etmişdi. Tələbə yoldaşı olmuşdular.

Doğrusu, etiraf etməliyəm ki, Ələddin Əzimli ilə həmyerli olmağımın da onun yaradıcılığına daha çox diqqət kəsilməsində xüsusi rolu vardı.

Ələddin Əzimli hal-hazırda şeirlərində daha çox yadda qalır. Bəlkə də bu ondan irəli gəlir ki, o, artıq jurnalistika ilə məşğul deyil. Doğma Cəlilabadda, Alar kəndində öz hücrəsinə çəkilib başını nəvələri ilə qatır və eyni zamanda şeirlər yazır.

65 illik ömrünün şirin xatirələrini doğma kənddə yaşayaraq vərəqləyir. Xatirələr isə vərəqləndikcə qürbət havasına bürünür. Şairin xəyalları qanadlandıqca ona doğmaların yanında belə qürbəti yaşadır.

Qürbətin

sonu yox.

Bəlkə də qəriblərin

bundan

heç xəbəri yox.

 

Vətəni

tərk edəndə

minir

çiyninə qürbət.

Və ardınca da qürbətin necə ağrılı olmasını ifadə edən bir misra:

Günü xoş keçsə belə,

dəhşətdi,

dəhşət.

Ələddin Əzimlinin yaradıcılığını izlədikcə şahidi olduğumuz, ürəyimizdən tikan çıxarıldığı ifadələrin hamısı onun müşahidələrindən sonra qələmə alınmasıdır. Çoxlarının görə bilmədiyini görür, yaxud çoxlarının görüb ifadə edə bilmədiyini poeziyasının dili ilə oxucuya çatdırır. "Buludlar" şeirində olduğu kimi:

Göylər buludlu,

buludlar

tutqun və qəmli,

nəmlənib gözləri...

Genişliyin, ənginliyin içərisində "gözləri nəmli" buludlar şairin gözlərindən, fikrindən heç yayınmır:

Az keçmiş

təzədən baxıram.

Göylər

yenə də buludlu,

aşağı torpaq...

Bəs bu ağrı, bu hüzn hardandır? Bu qədər sonsuzluğun, genişliyin içərisində nədən dərdli olmalıdır? Şairi maraqlandıran və cavabını axtardığı sual oxucuya da sirayət edir. Şairin misraları ilə, onun müşahidəsi və ifadəsi özü-özünə sorum edir:

Görən,

kimin və nəyin

dərdini çəkir

dolu buludlar

yağmazdan qabaq?..

Ələddin Əzimlinin şeirlərində ətrafda baş vermiş və baş verməkdə olan hadisələr özünün dolğun, bədii cəhətdən tam yüklənmiş halda qələmə alına bilir. "Dərdindən yıxılan adam" şeirində

Dərdindən

yıxılan adam,

qolun-qıçın sındımı?

Səni kimsə

dərdindən ayırdımı?

- deyərək ağrılı adamdan hal-əhval tutduğu və ona bu halların yad olmamasını, sanki onunla həmdərd olmasını deyərək təskinlik verdiyi kimi:

Mən

çox görmüşəm

dərdindən yıxılanları,

torpaqla bir olanları.

Çəkiləsi olsa da,

çox ucaymış bu dərd,

adamı biryolluq edirmiş bu dərd,

salırmış yerin təkinə.

Ələddin Əzimlinin oxucuları ilə ən çox ünsiyyətdə ola biləcəyi axırıncı şeirlər kitabı olan "Susmuş dəniz"i vərəqlədikcə ilk olaraq ürəyimdən keçirdiyim budur: Nə yaxşı ki, ədəbiyyatımızın Ələddin Əzimli kimi bir cəfakeşi var və o, ömrünün bu lirik anında susmur, oxucusunu da özünün misraları ilə baş-başa saxlaya bilir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!