Bu gün Xalq şairi ZƏLİMXAN YAQUBUN doğum günüdür - Zəlimxan YAQUB: "Ədəbiyyat o zaman böyük olur ki, bütün izmlərdən yuxarıda dayanır"

 

Azərbaycan xalqının tarixində elə

fenomenal hadisələr var ki, onlardan

neçə-neçə "Yüz ilin tənhalığı"nı, "Səfillər"ini,

"Hərb və sülh"ünü yaratmaq olar

Aktyor yüz rol oynayır. Hər rolun da öz paltarını geyinir. Amma hər dəfə eşiyə çıxanda öz paltarında çıxır. Ədəbiyyat da belədir. Bütün izmlərin içərisindən keçib öz yolunu yaratmalısan. Bu da kitablardan, mütaliədən gəlməməlidir. Allahdan, təbiətdən, şair fəhmindən gəlməlidir. Məsələn, Markes "Yüz ilin tənhalığı" romanını yazdı, gördük ki, bəli, bu doğrudan da, dahidir. Sonra dedilər ki, Mövlud Süleymanlı yazanda ona oxşadıb. Amma mən deyirəm ki, - ola bilsin, qəbul etməsinlər, - Mövlud Süleymanlı heç də Markesdən balaca yazıçı deyil. Sadəcə olaraq Markesi birdən-birə az qala bir milyard adam oxudu. Amma bizi nə qədər adam oxuyur? Ən çoxu on milyon.

Azərbaycan xalqının tarixində elə fenomenal hadisələr var ki, onlardan neçə-neçə "Yüz ilin tənhalığı"nı, "Səfillər"ini, "Hərb və sülh"ünü yaratmaq olar.

Parıltıya qaçan, qonşunun parıltılarına uyan yazıçı bir gün gözünü açıb görür ki, özü yoxdu. Ona görə də öz kökünə, özünə, səni yetirən mühitə, xalqa, tarixə istinad etməlisən. Gərəkdir ki, kökünə doğru gələsən. Orda heç bir izm yoxdur. Orda sırf milli şüur, milli təfəkkür var, torpaq var, musiqi var, səni yetirən dünya var, layla var, beşik var, baba var, ulu baba var, nəsil şəcərəsi var və onun üstündə qurulan gələcək var. Mənə belə gəlir ki, bütün izmlər, o cümlədən postmodernizm gəlib keçəcək.

İnsanın mənəvi qatları çox dərindi. Nə qədər istəyirsən insana enmək imkanı var. Enən oğul istəyir. İndi cəmiyyətdə olan müxtəlif problemlər, çətinliklərlərimiz bizi çox şeylərdən məhrum eləyib, böyük idealların əlindən alıb cılız duyğularla başımızı qatır. Amma böyük ideallara doğru gedəndə görürsən ki, Tolstoy da səndədi, Çexov da səndədi, Markes də səndədi, Kafka da səndədi, Folkner də səndədi, Füzuli də səndədi, Mövlana da səndədi, Yunus Əmrə də səndədi... Adlarını çəkdiyim bu insanların heç biri göydən enməyib. Hamısı bəndədi. Hansının əsərini oxuyursan, görürsən, o duyğuları sən də yaşamısan, yaşayırsan. Ona görə də ədəbiyyat o zaman böyük olur ki, bütün izmlərdən yuxarıda dayanır, heç bir izmə tabe olmur və hər şey özü kimi təbii olanda gözəl və böyük olur.

Mənim üçün Azərbaycanda bir "Məşhər" var, bir "İdeal" var, bir "Kollu koxa" var, bir "Dəli Kür" var, bir "Qətl günü" var, bir "Qarlı aşırım" var, bir "Köç" var. Bunları tərcümə edib dünyaya təqdim elə, gör nə olur? Amma bizim o imkanlarımız yoxdur. Dünya ədəbiyyatı anlayışının özünə də təzə baxımdan yanaşmaq lazımdır. Bu saat texniki imkanlar elə böyüyüb ki, bu hesaba da dünya çox balacalaşıb. Bu balaca dünyada özünü təbliğ etmək üçün sənin arxanda maddi imkanlar dayanmalıdır. Tanınmaq üçün heç bir "izm" lazım deyil. Onun arxasında dayanan maddi varidat istedadlı əsəri dünyaya çatdıra bilər. İsa Hüseynovun bu gün dünyada tanınmamağı məni çox ağrıdır. Çünki İsa Hüseynov Çingiz Aytmatovdan kiçik yazıçı deyil. Bu günlərdə "Qəbiristan" adlı bir romanını oxudum "Azərbaycan" jurnalında. Otuz-əlli yaşında olan beyninin ayıqlığı, ürəyinin təpəri, odu-alovu, nifrətinin kəsəri səksən yaşlı Isa Muğannada davam edir. İsa Muğanna izm dalıyca getməyib, əsər yazanda deməyib ki, bu filan izmdədir, sadəcə yaşadığı duyğuları kağıza köçürüb. Ədəbiyyat izmlərdən yuxarıda dayanmalıdır. Məncə, bütün izmlərin hamısı İsa Hüseynovun içərisində əriyib gedir...

Mənim gündəlik dərdləşdiyim,

öyrəndiyim yeganə şair Hüseyn Arif olub

Mənim gündəlik dərdləşdiyim, şeirlərinə qulaq asdığım, şeirlərini oxuduğum, öyrəndiyim yeganə şair Hüseyn Arif olub. Şeirin ruhu, şerin dili, şeirin nəfəsi, şeirin poetikası, şeir və təbiət, şeir və saz barədə çox şeyləri Hüseyn Arifdən əxz etmişəm. Hüseyn Arifdə türkçülük təfəkkürü heç yox idi. Hüseyn Arif Allahın sırf təbii bir şair olaraq yaratdığı xilqət idi... Tutaq ki, Xəlil Rzadan Cavid görünürdüsə, Hüseyn Arifdən Səməd Vurğun görünürdü. Hüseyn Cavid daha çox Türk-Turan təfəkkürü üstündə gəlirdisə, Xəlil Rza da onu davam etdirirdisə, Hüseyn Arif aşıq şeiri üstündə, şifahi xalq ədəbiyyatı üstündə, folklor qaynaqları üstündə mayalanan və dili bal kimi şirin olan, poetik təfəkkürü çox sərrast olan bir şair idi... Danışığı yox idi onun, səsi, natiqliyi yox idi. Amma çox maraqlı bir dünyası var idi. Hüseyn Arif təbiəti həddindən artıq yaxşı bilirdi. Dağkəli nədi, dağkeçisi nədi, qartal nədi, durna nədi, şahin nədi, kəklik nədi, qarğa nədi, təbiətin bunların qarşısında qoyduğu vəzifə nədi? Bunları çox gözəl bilirdi. Hüseyn Arif mənimlə bağlı çoxlu yazılar - məqalələr, şeirlər yazıb. Onun yazısından bir məqamı deyim, sənin üçün Hüseyn Arifin kimliyi açılsın:

Deyir, bir dəfə bir dostum məni yurdumuzun dilbər guşələrindən birinə qonaq aparmışdı. Maral qoruğuna tamaşa edirdik. Zəng çalınan kimi marallar məlum yerə toplaşdılar. Meşəbəyi onlara yem verir, mehribanlıq göstərirdi. Bir dəfə maraqlı bir vəziyyətin şahidi oldum. Həmin meşəbəyi:

- Hüseyn müəllim, sənə bir şey göstərəcəyəm, - dedi.

- Göstər, - deyib, maraqla ona yaxınlaşdım.

O, əlini alma ağacının budağına aparıb bir alma üzdü. Sonra həmin almanı ağzını açıb, ona baxan marala uzatdı. Maral həmin hədiyyəni dərhal uddu. Meşəbəyi ağacdan başqa bir alma da üzüb öz dodağına vurdu, nəfəsinə toxundurdu. Bayaq olduğu kimi, almanı yenə həmin marala uzatdı. Maral küsmüş halda başını bulayıb, meşənin dərinliyinə çəkildi. Aydın oldu ki, maral nəfəsi təmizdir, özgənin dili, dişi, dodağı, nəfəsi toxunan heç nəyi qəbul etmir. Xalq nəfəsi məhz maral nəfəsinə bənzəyir. Başqaları tərəfindən çeynənmiş, qoxlanmış heç nəyi, heç şeyi yaxına qoymur. Fitri ilham sahibi olan şairlərin yaradıcılığı da belədir. Özgəsinin fikrini, düşüncəsini, ifadə tərzini qətiyyən təkrarlamır. Həmişə öz halal ilhamının sözünə qulaq asır. Zəlimxan kimi!

Görürsənmi, Hüseyn Arif üçün əsas olan təbiətdi, həyatda hansı mətləbə toxunurdusa, təbiətə istinad edirdi.  Kitablardan gəlmirdi, heç mütaliəsi də yoxdu. Sırf eldən-obadan gəlirdi. Hüseyn Arif yaradıcılığını bütövlükdə yaddaşımda gəzdirdiyim şairlərdən biri, bəlkə də birincisidir...

Azərbaycan adlanan müqəddəslik ki, var -

o, Zəlimxanı qoruyub, qoruyacaq

Nəsil şəcərəm yafıllılar qıpçaq türkləridir, oğuz türkləridir və bu gün də qıpçağın, oğuzun dilində danışan sazıyla, sözüylə, nəfəsiylə, ağsaqqallığıyla, çəkisiylə, ləngəriylə, natiqliyilə, yumruğuyla o qədimliyi, tarixi, keçmişi təsdiqləyən bir Zəlimxan Yaqub bu dünyada var və yaşayır. Mənim qəsdimə duranlar da ola bilər, məni məhv etmək istəyənlər də var, buna təbii baxıram. Bu, zaman-zaman şairlərin başına gəlib. Mənim paxıllığımı çəkənlər, məni öldürmək istəyənlər var. Mənə zəhər vermək istəyənlər var, məni quyuya salıb səsimi batırmaq istəyənlər var. Amma, eyni zamanda bu adamlar şeytanla bağlıdır. Zəlimxanın isə başının üstündə Allah var, peyğəmbər var, peyğəmbər səviyyəli şəxsiyyətlər var. Məni qoruyanlar var. Övliyalar şeytanlardan güclüdür. Ona görə də tarix boyu, zaman-zaman bir tərəfdə peyğəmbər olub, o biri tərəfdə Əbu Sufyan. Bir tərəfdə Həzrət Əli olub, o biri tərəfdə Mərvan. Bir tərəfdə İmam Hüseyn olub, o biri tərəfdə Yezid. Beləliklə, dünya xeyirlə şərin, yaxşıyla pisin arasındakı mübarizələrin üzərində qurulub. Zəlimxan Yaqubun bir düşməni onun natiqliyidi, bir düşməni onun gur nəfəsidi, bir düşməni onun gur səsidi, bir düşməni onun boy-buxunudur, bir düşməni onun havada oynayan yumruğudur. Bütün bunların hamısı Zəlimxana düşmən qazandırır. Meşədə min dənə ağac var, amma ildırım vuranda palıdı vurur. Göydə min dənə quş uçur, amma vurmaq istəyəndə qartalı vurmaq istəyirlər. Həmişə barlı ağaca daş atırlar. Çirkinlə heç kəsin işi yoxdu, həmişə dünya gözəlini dedi-qodu hədəfi eləyirlər. Bax, buna görə də Zəlimxanı sarsıtmaq istəyənlər xalq deyil, millət deyil. Bunlar kənardan gələn şeylərdir. Azərbaycan adlanan müqəddəslik ki, var, o, Zəlimxanı qoruyub, qoruyacaq. Amma, deyəsən, türkün başqa qüvvələrlə qarşılaşması ciddi şəkildə meydana çıxıb. Türkiyəni gözünün qabağına gətir. Bütün dünyanın nə qədər hoqqası var, hamısı Türkiyənin, türkün, Turanın başındadı. Həmin şeylərin əzabı, zərbəsi, yumruğu bu gün Zəlimxanlara ona görə dəyir ki, Zəlimxan qıpçaqdır, oğuzdur, sazın-sözün vəhdətidir. Zəlimxan qopuzdur, kımızdır, süddür.

Xəlil Rza məni Turan aləminə bağladı

...Mən Borçalıda yaşayanda "Ulduz" jurnalında Xəlil Rzanın "İstedadın parlaması uğrunda" adlı bir məqaləsi çıxmışdı. Orada mənim adımı çəkib və şeirimdən misal göstərmişdi. Bu məni həvəsləndirdi və mən Bakıya gələndə Xəlil Rzanın evinə getdim. Məni Firəngiz xanım qarşıladı. Təbriz də, Rza da onda balacaydılar. Ayaqqabımı çıxarıb içəri keçəndə Xəlil bəy: İgid, ayaqların nə yekədir sənin, - dedi. Cavab verdim ki, Aşıq Ələsgərin də ayaqları yekəydi. Xəlil Rza çox sevindi mənim bu cavabımdan. İlk dəfə açdığım şair qapısı Xəlil Rzanın qapısıdır. Elə ilk görüşümüzdən, ilk söhbətimizdən Xəlil Rza qollarını açıb məni qucaqladı. Hiss elədim ki, bu, bir şairin qolları deyil, Kürlə Arazdır, Altayla Anadoludur, Turan dünyasıdır, Xətai ilə Sultan Səlimdir, Teymurla Yıldırım Bayaziddir. Xəlil haqqında bir neçə poema, şeirlər yazmışam, yenə də ürəyim boşalmır, soyumur. Ona arxa çevirənləri, onun görüşlərini pozmaq istəyənləri, onun afişalarını cırmaq istəyənləri, hətta Lefortovo zindanında olanda belə, ona ağız büzən qələm sahiblərini görmüşəm. Bu adamlar bu gün Xəlil Rza haqqında xatırə danışırlar. Biz Xəlil Rzayla bir-birimizi qoruyurduq. Xəlil Rzanı nə ilə qoruyurdum. O, nəhəng idi. Mən onu necə qoruya bilərdim? Xəlil Rzanın şeirlərini yaddaşımda gəzdirirdim. Zəlimxanın yaddaşında Xəlil uçurdu. Od kimi, qığılcım kimi yanırdı. Xəlil Rzanın qarşısında heç kəs dayana bilmirdi. Xəlil Rza ilə mən məclislərə fateh kimi girirdik. Özü də 21 yaşında deyil, neçə yüz yaşlı fateh kimi. Çünki biz öz ömrümüzü aparırdıq həmin məclislərə, qəhrəmanlıq tariximizin ömrünü aparırdıq. Metenin, Bilgənin adını kitablardan əvvəl Xəlil Rzadan eşitmişəm. Xəlil məni türk dünyasına, Turan aləminə bağladı. Ömründə dedi-qodu etməzdi, ömründə bir şairin haqqında pis söz deməzdi. Yanında kiminsə haqqında bir saat mühazirə oxuyardılar, heç vecinə olmazdı. Ən axırda bir kəlmə deyərdi: "Şəngülüm". Vəssalam. Amma onu sancanda, onu vuranda Nazimin sözünü təkrarlayardı: "Mənə vız gəliyor, vız". Xəlil müdrik idi. Mən cavan idim. Xəlil Rzadan od götürürdüm, havalanırdım... Bəlkə indən belə ağrılarım-itkilərim çox olacaq, amma inanıram ki, bütün çətinliklərdə Xəlil mənim yanımda olacaq, mənə kömək edəcək. Xəlil Rza mənə bütün bəlalardan və çətinliklərdən qalib çıxmağın yolunu öyrətdi. Xəlil Rza böyük bir müstəqillik müğənnisiydi. Onunla nəinki bir Azərbaycanı, hətta bütün dünyanı müstəqil etmək olardı. Çünki ürəyi dünya qədər böyük idi. İkinci qızım Günayın adını da Xəlil Rza qoyub. Xəlil Rza mənim həyatımın gündəlik bir parçasına çevrilib. Biz Xəlillə bir olanda tufan qopurdu. Xəlil Rza zəncirlərə, təhqirlərə boyun əyməyən, baş əyməyən qəhrəman bir şəxsiyyət idi.

...Köhnə Yasamalda gecəqonduda yaşayırdıq. Xəlil Rza ora tez-tez gələrdi. Bir dəfə Sabir Borçalı ilə dənizdən gəldilər. Sazı götürdüm. Sən demə, mən çalıb-oxuduqca Xəlil də yazırmış. Bir də gördüm Xəlil 26 bəndlik "Zəlimxan sarayı"nı yazıb:

Axır damarında İdil, Araz, Kür,

Sənin xırda evin, şair Zəlimxan,

Böyük saraylardan yüksək görünür.

Caviddən gələn ənənə ancaq Xəlil Rzada davam elədi. Heç bir şairimizdə Caviddən sonra türkçülük Xəlil Rzada olduğu qədər olmadı.

Elə bilirsən Xəlil Rzanı etiraf edə bilirdilər? Lap axırda, oğlunu qurban verəndən sonra susdular, yığışıb oturdular yerlərində.

İrfana bağlılığım Borçalıdan başlanır

- Mənim irfana bağlılığım Borçalıdan başlanır. Yadımdadır, Mövlud gecələrində kəndimizdə məclislər qurulardı. Məscidlərdə ilahilər oxuyardılar:

Ol cənnətin irmaqları

Axar Allah deyu-deyu

Çıxmış islam bülbülləri

Oxar Allah deyu-deyu

La ilahə illəllah

La ilahə illəllah.

Oxuyardılar, süzərdilər. Mən bu ilahilərə uşaqlıqdan valeh olmuşdum. Ən gözəl avazla oxuyanlardan biri də mən idim. Amma bilmirdim ki, bu sözlər türk dünyasının böyük şairi Yunusun qoşduğu ilahilərdir... Bünövrə Kəpənəkçidə qoyulmuşdu. Və dinin yasaq olması, babalarımın "Quran"ı çəkinə-çəkinə oxuması... bütün bunların hamısı irfan dünyasına, sufiliyə məni bağlamışdı.

Səməd Vurğunun:

Xəbərdar eləyin Ərəbistanı,

Ocaqda yandırdı anam Quranı

- misralarına səssiz üsyan edirdim. Fikirləşirdim, Səməd Vurğun kimi böyük bir şair necə olub ki, belə yaza bilib? Axı heç kəs qorxusundan "Quran"a əlini vura bilmirdi. "Quran"ı təmiz bir parçaya, kəlağayıya büküb saxlayırdılar. Necə ola bilərdi ki, "Quran"ı belə əziz saxlayan adamlar onu ocaqda yandıraydı. Belə şeirlərə üsyanımı ilahilər oxumaqla gerçəkləşdirirdim.

Əslində, Saz havaları başdan-başa ilahilər deyilmi?

Hələ Füzulinin:

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,

Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?

- misraları ilahi deyildimi? Bunu mən "Gəraylı" üstündə də oxuyuram.

Sonra bizə Qarsdan, Şamaxıdan, Salyandan, Göyçaydan ilahilər oxuya-oxuya dərvişlər gələrdilər. Yəni irfan dünyası uşaqlıqdan, körpəlikdən gəlməsə, onu sonradan yaratmaq olmaz. Bu mənə kökdən, Kəpənəkçi məclislərindən gəldi. Mollaların, əhli-irfan adamların, qoca kişilərin oxuduğu sözlərdən gəldi... Nəcib Fazil deyirsən, məni Nəcib Fazilə bağlayan da elə həmin təsəvvüfdür.

Düşünün, mən nə böyük rütbəyə tutquluyam!

Çünki onun qulunun köləsinin quluyam.

Allah, Allah, Allah... Onun köləsi deyiləm, Onun qulunun köləsinin quluyam - deyir.

Əllərimə uzanan dodaqları təpəyim,

Allah deyən, gəl, sənin ayağından öpəyim.

 

Bu yük səndən, Allahım, çəkəcəyəm naçaram!

Səndən sənə sığınar, səndən sənə qaçaram!

 

Ölüm gözəl şey; budur pərdə ardından xəbər

Ölüm gözəl olmasa ölərdimi peyğəmbər?

 

Qapı-qapı bu yolun son qapısı ölümsə,

Hər qapıda ağlayıb o qapıda gülümsə.

 

Böyük randevu... Bilsəm nerədə, saat kaçda?

Tabutumun taxtası, bilsəm hansı ağacda?

Təsəvvüf deyilmi bunlar? İstər-istəməz səni havalandırır. Ölüm gələndə bu şeirləri düşünüb fışqırıq çala-çala ölmək olar. Nəcib Fazili oxuyanda sən başdan-başa olursan təsəvvüf adamı.

Hazırladı: A.Turan

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!