Tehran Əlişanoğlu - 60
İlk tanışlığımız və Ədəbiyyat İnstitutunun dəhlizindəki söhbətimiz indiki kimi yadımdadır. 1993-cü il idi. Hələ o zaman böyük ustadımız Yaşar Qarayevin Tehran Əlişanoğluna necə hörmətlə və ciddi yanaşdığının şahidiyəm.
Yaşar müəllim ikimizin də elmi rəhbəri olub.
Professor Tehran Əlişanoğlu az-az alimlərdən biridir ki, onunla ədəbiyyat söhbəti etməyi, dialoqa girməyi, emosional mübahisə etməyi çox sevirəm. Tehranın isə səbrlə dinləmək mədəniyyəti, susub cavab verməyi başqa bir aləmdir... O susanda da düşünür. Onun mətnləri susmaq əxlaqına sahib bir alimin mətnləridir. "Şüuraltı axın" akademik üslubunda aydınca görünür...
Tehran Əlişanoğlu təhlil etdiyi mətnin obrazını yazıçının öz obrazına proyeksiya edir. Kitablarında Azərbaycan ədəbiyyatı tarixi bədii mətnlərin obraz tarixi kimi təqdim olunur.
Bizdə ənənəvi olaraq poeziyadan (mən də içində olmaqla) yazan çoxdur. Həm ədəbi mentalitetimiz də buna meyillidir, həm də səbrimiz şeirə çatır. Amma etiraf etmək lazımdır ki, müasir Azərbaycan nəsrinin intellektual-filoloji mənzərəsi daha çox onun məqalələrində, resenziyalarında, monoqrafik araşdırmalarında əksini tapıb. O, Azərbaycan nəsrinin bilicisidir. Bu qədər fərqli müəllifləri, fərqli üslubda nəsr mətnlərini necə oxuyub çatdıra bilir?! Hələ də heyrət edirəm...
Ədəbi tənqidimizin bir təfəkkür və fəaliyyət sahəsi kimi ayaqda durmasında onun böyük əməyi var. Ədəbi tənqidimiz üzərinə zaman-zaman "səlib yürüşü" yapılanda onu haqsız, cahil hücumlardan qoruyanlardan biri T.Əlişanoğlu olub. Sadəcə səbrlə, başını aşağı salıb işini davam etdirib. Məqalələrini yazıb, kitablarını nəşr etdirib.
Ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi onun yaradıcılığında bir-birini tamamlayır. O, həm müasir nəzəriyyələrin içindədir, həm də ondan "kənarda" olmağı da bacarır. Yüksək nəzəri hazırlıq fikirlərini ümumiləşdirməyə, mətnlərə tənqidi yanaşmağa imkan verir. Xüsusən məqalələrinin sonluğunu çox sevirəm - fikrinin cövhəri ordadır.
Desəm ki, Tehranın filoloji düşüncəsində zaman əsas kateqoriyadır, yəqin, yanılmaram. Ona görə də bugünkü ədəbi proses onun yazılarında ədəbiyyat tarixinin bir hissəsi kimi görünür. Bəlkə də yazılarının altında konkret tarix qoyması da həmin (xronotopik) həssaslıqdan gəlir?!. Düşünürəm ki, Azərbaycanı da məkan kimi deyil, zaman obrazı kimi qəbul edir. Özü də Azərbaycanın tarixi obrazından çox, ədəbi-bədii obrazına inanır. Bu inamı (və inancı!) onda Azərbaycan ədəbiyyatı yaradıb.
Başımız məişət qayğılarına elə qarışıb ki, dünən Azər müəllim zəng edib deməsəydi, heç yubileyindən xəbərim olmayacaqdı. Tələm-tələsik Azərbaycanın bu görkəmli ədəbiyyatşünasını və tənqidçisini, əziz dostumu kiçik bir təbrik mətnilə salamlamalı oldum...
Yaşa, yarat, qardaşım!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!