Vasif SÜLEYMAN - 55
Vasif Süleyman uzun illərdir əlini Sözün kürəyindən çəkmir.
Kürəyində Sözün yükünü çəkir...
Onu görmək istəyəndə adətən şeirlərini oxuyuram...
Şeirlərini oxuyanda Onu görürəm...
Vasif Süleyman özünü Sözdə, Sözdə Özünü tapan adamdı.
Yazdığı hər bir şeirinin vergülünə, nöqtəsinə kimi Özüdü...
Bu böyük Vəhdətin təməlində kiminsə nəfəsini, əl izlərini heç vaxt axtarmamışam. Çünki onu tanıdığım ilk vaxtlardan, həm də Sözü tanımışam...
On yeddi-on səkkiz yaşlı Vasif Süleymanı ilk dəfə necə görmüşəmsə, eləcə olduğu kimi illərin yuvarlaq təhdidindən üzü bu yana qoruya-qoruya gətirib çıxaran da Sözdü!..
Poeziya Vasif Süleyman üçün həyatdı!
Vasif Süleymanın həyatı poeziyadı!
Hər sözündə, hər şeirində indiyədək yaşanmış ömrünün rəsmini çəkib. Bu tabloda sadə, təvazökar və səmimi bir insanın zaman-zaman payına düşə biləcək çox şeylər var: yanağı şehli yaz çiçəklərindən tutmuş xəzan vurmuş payız yarpaqlarınadək. Orada həyata meydan oxuyan sal qaya parşası kimi iradəli bir gənci də görə bilərsən, sal qaya parçası üzərində oturmuş müdrik qocanı da...
Bu tabloda həm də xəyanəti sədaqətilə, riyakarlığı dürüstlüyü ilə, nifrəti sevgisilə yenən və öz böyüklüyünü, öz bütövlüyünü sonadək fədakarcasına qoruyan bir insan yaşayır. Ən xoş günlərində dostlarına, ən ağır günlərində qüruruna sığınan insan!..
Vasif Süleyman həm də şeirlərilə qurub yaratdığı böyük bir məmləkətin sahibidi. O məmləkətə qədəm basanları Günəş salamlayar, Sevgi qarşılayar. Günəşi ilə, Sevgisi ilə böyükdü O...
Qulaq yaddaşımda ilk dəfə mənə oxuduğu o qədər şeirləri var ki. Hansından danışım, hansından söz açım, bilmirəm. Ancaq onu bilirəm ki, bu şeirləri sətir-sətir, bənd-bənd sonalamaq bəlkə də dünyanın ən böyük günahı olardı məndən ötrü. Çünki Vasif Süleyman Özü kimi, Sözü kimi bütöv insandı! Sözübütöv Şairdi!..
Vasif Süleyman mayası halallıqla yoğrulanlardandı. Onu öz dünyasının sərhədlərini hər zaman göz bəbəyi kimi qoruyan qəhrəman bir sərkərdə kimi gördüm. Poeziya səltənətində də belədi: haramı qapısının kəndarına yaxın buraxmayan, nəfsinə qalib gələn əsl söz xiridarıdı Vasif Süleyman! Sözə dəyər verən, amma Sözü satmayan, satışa çıxarmayan Söz xiridarı!..
P.S. Əziz dost! Sənin haqqında danışmaq şərəfdi! 55 illik yubileyin ərəfəsində bu şərəfi mənə yaşatdığına görə xoşbəxtəm. Qələmini bir anlıq yerə qoy! Kirpiklərimdən sallanan göz yaşlarıma yiyə dur! Onlar mənim sənə deyə bilmədiklərimdi...
Vasif SÜLEYMAN
Ana, qəbir qonşun özgəsi deyil
Ana, qəbir qonşun özgəsi deyil,
Tanrının verdiyi butandı, vallah!
İllərnən yolunu gözləyib duran,
İllərnən əlindən tutandı, vallah!
Fani dediyinlə əlbəyaxadı,
Varımız Tanrıdan gələn yoxadı...
Bu qəlbiqırıqlar qəlbiyuxadı,
Gəmisi dəryada batandı, vallah!
Şirin röyadadı, qəfil oyandır,
Canı sıxlmasın işığı yandır.
Sənə qəriblikdə qərib həyandır,
Bir döy qapısını, atamdı, vallah!
Qızım Səyalıya
Gülər gözlərində tapdım xoş günü,
Çəkildi ağrım da, acım da, qızım!
Bu boyda şirinlik tapa bilmərəm,
Dünyanın o biri ucunda, qızım!
Nə möcüzə belə, nə sirr beləcə,
Ruhuma can verir səsin beləcə.
Nanə yarpağı tək əsir beləcə,
Ürəyim ovcumun içində, qızım!
Ayrı nə diləyim, ulu Tanrıdan,
Odur Yaradan da, odur yarıdan.
Yoxdu bir gileyim ağ gün sarıdan,
Sən də yanımdasan, bacın da, qızım!
Sevginin dilini duyandan bəri
Elə həsrətin də bəs eylər mənə,
Hələ ki, eşqinlə dinə bilirəm.
O dünya, bu dünya, fərqi nədir ki,
Ölsəm də çatmaram sənə, bilirəm.
Nə vüsal görmüşük, nə kam almışıq,
Yazdığım bir yarpaq şeirdi sənə.
Ölüb getməyimmi ovudar səni,
Qalıb yanmağımmı xeyirdi sənə...
Bu zülmət ömürə nə lazım axşam,
Toranı qovuşur hayandan bəri.
Dünyanın dilini yadırğamışam,
Sevginin dilini duyandan bəri.
Bir azca
Göyçək tellərini oxşamaq hədər,
Yel olub üstündən əsəm bir azca.
Bir azca sevincsən, bir azca kədər,
Bir də Allah bilir nəsən, bir azca.
Bizə qismət yazan haqdan küsmüşəm,
Dünyanı sevdiyim vaxtdan küsmüşəm.
Mən öz taleyimdən çoxdan küsmüşəm,
Necədi, səndən də küsəm bir azca.
Yüyürüm dumana, sisə deyirsən,
Mətləbi nə yaman qısa deyirsən...
Deməyə-deməyə nəsə deyirsən,
Nolar, deyə-deyə desən, bir azca.
Göndərir
Qızlarım Gültac və Səyalıya
Elə mən də sizin kimi kövrəyəm,
Gəl ağlayaq, görərsiniz, eh nəyəm.
Üstü-başı, dərdi-səri köhnəyəm,
Fələk vurur hərdən dişə, göndərir.
Ömür buymuş, yol qalmadı varmağa,
Bərə handa, özüm düşdüm qarmağa.
Ürək dağı... Meylim yoxdu yarmağa,
Nə olsun ki, gahdan tişə göndərir.
Kəsməyiblər, kəsilibdir amanım,
Nəyim var ki, nə gizləyim, nə danım...
Bu ömürə nabələddi sarvanım,
Öldürmür ki, taxıb şişə göndərir.
Boyu batsın buxunumun-boyumun,
Çaşıb qaldım yarısında oyunun.
Gözləmir ki, külə dönüm, soyuyum,
Elə məni bişə-bişə göndərir.
Bir ömürə həmdəm oldu bu ahlar,
Eh nə danım, şiriniydi günahlar.
Üzümüzə hər açılan sabahlar,
Sizi dərsə, məni işə göndərir.
Sənə deyiləsi ürək sözlərim
Ağlımmı çoxuydu onda, sən Allah,
Onda xoşa gələn boyummu vardı...
Boyum gödək oldu, indi ağlım az...
Dünya dəyişmədi məni sevəndə,
Məni sevməsən də dünya dağılmaz.
Nə yazım indi mən, aramız sərin,
Gözlərim yollardan yığışmaz daha.
Sənə deyiləsi ürək sözlərim,
Əl boyda kağıza sığışmaz daha.
Daha qənşərinə bağlanır yolum,
Qırılır, sökülür adam içindən.
Demişəm sevirəm, deməmiş olum,
Minnətə əl atma adam içində.
Guya ulduz olub çəkildik göyə,
Bacarsan indi tap, orda hansıyıq...
Təsəlli axtarma yaşayaq deyə,
Dünyada o qədər ölüm-itim var -
Hərəmiz birinə qoşulasıyıq.
Vədəli qismətə sığınammadıq,
Qoşa gəlməyin də bəlası varmış.
Ürəyə axmağın, qəlbə yatmağın,
Xoşa gəlməyin də bəlası varmış.
Nə yazım indi mən, aramız sərin,
Gözlərim yollardan yığışmaz daha.
Sənə deyiləsi ürək sözlərim,
Əl boyda kağıza sığışmaz daha.
Yeriydi
Qaçdım arxasında köçüm yetmədi,
Çölüm parçalandı, içim yetmədi.
Onsuz da pozmağa gücüm yetmədi,
Qismət yollarıydı, tale yeriydi.
Gözlərə gəlməyən röyasan dedi,
Tapmazsan, təzədən arasan dedi.
Cəmisi ikicə misrasan-dedi.
Vallah, bir şirincə nalə yeriydi.
Yüz "şər"dən keçmişəm bu "şər"ə kimi,
Saldılar düşməzə-düşərə kimi...
Demədim... Yandırsın məhşərə kimi,
Dərdimi deməyin əla yeriydi.
O sevgi
Bir para ağrı var səndən ömrümə,
Vallah, ağrını da çəkmək hədərdi.
Məhəbbət gəlsəydi sənnən ömrümə,
Elə səninlə də çıxıb gedərdi.
Gözümüz açılıb dünyaya birgə,
O səhər tutmuşdum üzünü sənə.
Yaxşı ki, vaxtında küsüb getmisən,
Çaşıb deyəcəkdim düzünü sənə.
Keçdin ürəyimdən ayağı yalın,
Keçdin, bu aradan yad keçməmişdi.
Onsuz da kimisə sevməli idim,
Mən səni sevməyə and içməmişdim.
O sevgi min ilin toyundan gəlir,
O sevgi o yerin suyundan gəlir.
Babam da beləcə sevdi nənəmi,
O sevgi kökümdən-soyumdan gəlir.
Bir para ağrı var səndən ömrümə,
Vallah ağrını da çəkmək hədərdi.
Məhəbbət gəlsəydi sənnən ömrümə,
Elə səninlə də çıxıb gedərdi.
Bir gör neyniyirsən...
Zülümmü əlini üstünə çəkmiş,
Bu nə dərd yüküdü...
... Gözlərin aydın.
Tanrı bu çiçəyə ömür verməmiş,
Əvvəl taleyini düzüb qoşaydın.
Qorxur ki, yerisə, yer çökə birdən,
Bu yandan göylər də uça üstünə.
Tərpədə bilməyir ömrü yerindən,
Açılan qollar yox, qaça üstünə.
Görən, tezmi düşər güzarın bəri,
Bir gör neyniyirsən...
Bir düşün, Allah!
Tez götür üstündən bəd nəzərləri,
Əlinə keçməsin qurd-quşun, Allah!
Yandırır dağları, daşları ahı,
Yarəb, bundan betər pərişanmı var...
Bizə sən yazırsan bəxti, İlahi,
Sənin də işinə qarışanmı var...
Bir gör, neyniyirsən, sıxılır hava,
Sənin ki, fərmanın, əmrin əlində.
Getməyə yeri yox, qalmağa yuva,
Bu çiçək karıxıb ömrün əlində.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!