İsmayıl Şıxlının uşaq hekayələri
İ.Şıxlının zəngin yaradıcılığında mühüm bir hissəni hekayələri tutur. Ədəbi-nəzəri fikir onun yaradıcılığını müxtəlif kontekstlərdə təhlilə gətirmiş və geniş aspektli mülahizələrlə mükəmməl qənaət formalaşdırmışlar. "Dəli Kür", "Ayrılan yollar" və "Ölən dünyam" kimi möhtəşəm romanların müəllifi olan İ.Şıxlı yaradıcılığında hekayələrinin ehtiva etdiyi məzmun bütünlükdə etnomədəni sistemi əhatə edə bilmək gücü ilə səciyyələnir. "Məni itirməyin", "Sapı özümüzdəndir", "Sənə aslanım deyən", "Dəvəçi", "Şahın oğlu", "Belə məmləkətdə", "Xoruzbeçə", "Xasiyyətimdir", "Ruzi", "İlğım", "Keçəçi", "Bəs zınqrovu kim asacaq", "Qara at", "Qonaq", "Çiskin", "İclasçı", "Əmioğlu", "Cərimə", "Köynək", "Mənim rəqibim", "Zərbə", "Niyə əl çaldılar", "Görüş", "Qızıl ilan" və s. kimi hekayələri bütünlükdə məzmun və struktur xətləri ilə ciddi fikir formalaşdırır və "Dəli Kür"ə, "Ölən dünyam"a gələn yolun mahiyyətində duran düşüncənin spektrlərini ortaya qoyur. Bir növ İ.Şıxlının yaradıcılığının dinamikasını, onun cövhərində özünü göstərən intelleksiyanı, yaradıcı şəxsiyyətinin müəyyənlik formulunu aşkarlamağa şərait yaradır.
Zəngin yaradıcılıq yolu keçmiş sənətkarın yaradıcılığında diqqəti cəlb edən istiqamətlərdən biri bu hekayələrin mühüm bir qisminin uşaq və yeniyetmə dünyagörüşünün, təsəvvürlərinin bədii ifadəsinə bağlanmasıdır. Ümumiyyətlə, XIX əsrin ikinci yarısından günümüzə qədər mövcud ədəbi prosesdə uşaqlar üçün ədəbi nümunələr yaratmaq, onların fantaziyasını, romantik təbiətində olanları bədii sferaya gətirmək bir xətt kimi yaradıcı mühiti düşündürmüşdür. H.Zərdabinin "uşaqlarımızın başa düşəcəyi əsərlər yaradaq", S.Vurğunun "balalarımız üçün gözəl əsərlər yaradaq" çağırışları sırf reallıqdan, ictimai-mədəni mühitin ehtiyaclarından doğmuşdu.
Artıq həmin vaxtdan günümüzə qədər uşaq ədəbiyyatı kifayət qədər zənginliklə səciyyələnəcək inkişaf yolu keçmişdir. İ.Şıxlının hekayələri isə bütövlüyü, məzmun xətlərinin mükəmməlliyi, çatdırdığı informasiyanın təsirediciliyi ilə "uşaqlara öyrədilmiş elm daşa yazılmış şəkil kimidir" qənaətinə bağlanır. Məsələn, "Xasiyyətimdir" hekayəsi özünün informativliyi və məzmunu ilə mükəmməllik nümunəsidir. Yazıçı xalq düşüncəsində olanları yüksək ustalıqla bədii mətnə gətirir və bir məsəl səviyyəsində uşaqlara tipik nümunə təqdim edir. Onun təsiri və tərbiyəvi əhəmiyyəti isə bir sonsuzluqla müəyyənləşə bilər. "Əqrəb dikəldi. Gözləri ilə hara çıxacağını müəyyənləşdirdi və tısbağanın boynundan çalmağı ilə sıçrayıb quruya çıxmağı bir oldu. Tısbağa ağrıdan qovruldu və nə baş verdiyini ayırd edənəcən gözləri torlandı. Özünü tarazlayıb baxdı və gördü ki, əqrəb güllü-çiçəkli sahildə dayanıb, özü də əli belində...
O, son dəfə gücünü toplayıb suyun üzünə çıxdı.
- Məni niyə çaldın, ay namərd?
Əqrəb üzünü artıq gözləri tutulan və asta-asta suyun dibinə enən tısbağaya çevirdi.
- Məndən incimə, qardaş, xasiyyətim belədir, çalmasam, dura bilmirəm". Bu mətn tısbağa və əqrəb timsalında bütöv bir mahiyyəti, həyat reallığını, varlıqların heç zaman öz təbiətində uzaq ola bilməməsi təsəvvürünü bir daha ortaya qoyur. Ədəbiyyat və həyat həqiqəti anlamında sərgilənən məzmun uşaqların dostluq, yoldaşlıq, yaxşılıq, pislik, kiminlə necə davranmaq və s. anlamda müəyyənləşmiş prinsipləri aydınlaşdırmaq baxımından da klassik nümunədir. Xalq düşüncəsində "meyvə budağından kənara düşə bilməz" təsəvvürü var. Əqrəb də təbiət etibarı ilə öz mahiyyətindən uzaq deyildir və onun təbiətindəki bu mənfilik yerindən və şəraitindən asılı olmayaraq dəyişməz qalır. Uşaq ədəbiyyatı timsalında "Xasiyyətimdir" hekayəsi zəngin faktura ilə ciddi məzmun daşıyır. Bu tip nümunələrin uşaqlara müxtəlif yaş səviyyəsində mənimsədilməsi gərəkli olan kimi diqqəti cəlb edir. Çağdaş vəziyyətdə Azərbaycanın yaşadığı acılar baxımından ermənilərin başımıza gətirdikləri anlamında da bu özlüyündə klassikanı sərgiləyir. Azərbaycanın dədə-baba torpaqlarına sığınan bu nankor millətin xəyanəti ilə əqrəbin xasiyyəti arasında heç bir fərq yoxdur. İ.Şıxlının "Xasiyyətimdir" hekayəsinin mahiyyətində olanlar bəşəri məzmunu ilə əbədi və son dərəcədə tipikdir.
Onun "Sənə aslanım deyən", "Belə məmləkətdə", "Sapı özümüzdəndir", "Şahın oğlu", "Dəvəçi", "Bəs zınqrovu kim asacaq", "Məni itirməyin", "Xasiyyətimdir" və s. hekayələri bir istiqamətdə uşaq ədəbiyyatı baxımından mükəmməl təsəvvür formalaşdırır
İ.Şıxlı yaradıcılığının enerji qaynağını xalqın zəngin yaradıcılığı, elat həyat tərzinin möhtəşəm fakturası və yazılı ədəbiyyatın yaradıcılıq axtarışları təşkil edir. Onun hekayə yaradıcılığının bütün nümunələri demək olar bu zənginliyin uğurlu davamına, yeni-yeni tapıntıların özünəməxsusluğuna hesablanmışdır. Realist nəsrin bünövrəsi qoyulmuş, milli teatr, milli mətbuat, milli məktəblər yaradılmış, dram, faciə, komediya, povest, roman, səyahətnamə, janrlarının mükəmməl nümunələri meydana çıxmış, xalqın, vətənin və gənc nəslin taleyini düşünən, bunun üçün əməli tədbirlər görməyə çalışan hünərvər, fədakar ziyalı dəstəsi yetişmişdi. Bütün bunlar uşaq ədəbiyyatının genişlənən istiqamətdə inkişafını və ədəbi-mədəni prosesin həssaslığını göstərən faktlardır. İ.Şıxlının "Məni itirməyin", "Sapı özümüzdəndir", "Sənə aslanım deyən", "Dəvəçi", "Şahın oğlu", "Bəs zınqrovu kim asacaq", "Xasiyyətimdir", "Belə məmləkətdə", "Xoruzbeçə" və s. kimi hekayələri bütün funksiyası və mahiyyəti ilə xalq müdrikliyindən gələn ecazkarlıqlarla səciyyələnir.
Özünəməxsus üslubu, zəngin fakturası ilə İ.Şıxlı düşüncəsində nələrin oturduğunu müəyyənləşdirən bu nümunələr bütün parametrləri ilə ciddi problemləri sərgiləməyə və əbədiyaşarlıq kontekstində mahiyyəti aydınlaşdırmağa köklənmişdir. Məsələn, "Dəvəçi" hekayəsində dəvə və dəvəçi arasında olan dialoq bütün zamanların hadisəsi timsalında mükəmməl bir təsəvvürü ortaya qoyur.
Dəvəçi ilə dəvə arasında olan münasibət və dəvənin timsalında onun sahibinə olan mehrini, həyat və ölüm arasındakı çırpıntılarını duymasını, kömək əli uzatmaq istəyini (və canfəşanlığını) yazıçı qeyri-adi ustalıqla bədii mətnə gətirir. Təkcə insan psixologiyasını deyil, burada həm də (daha çox) heyvanın sahibinə sədaqətini, yaranmış vəziyyət üçün keçirdiyi narahatçılığı bədiiləşdirir. Bu tip əfsanə-hekayələr uşaq dünyagörüşünü, həyat bilgilərini, onun xəyallar kəhkəşanını formalaşdırmaq və ortaya qoymaq üçün geniş imkanlar yaradır. Dəvənin sahibinin yanından bir addım da uzağa getməməsi, su gətirib (ağzında) onun üzünə su çiləməsi, başını sədaqət timsalında sahibinin dizinə söykəməsi və s. yazıçının yaradıcı imkanlarını ortaya qoyur.
Azərbaycan uşaq nəsri klassik tarixi ənənəyə bağlanmaqla möhtəşəmlik qazanmışdır. İ.Şıxlı da bu zənginlikdən istifadə etməklə özünün möhtəşəm əfsanə-hekayələrini yaratmışdır. Onu da qeyd edək ki, bu ənənənin S.S.Axundovdan, R.Əfəndiyevdən, S.M.Qənizadədən, Y.V.Çəmənzəminlidən, A.Divanbəyoğlundan, C.Məmmədquluzadədən,A.Şaiqdən, Ə.Haqverdiyevdən və başqalarından gələn örnəkləri vardır. Məsələn, "A.Şaiqin "Köç", S.S.Axundovun "Qorxulu nağıllar", A.Divanbəyoğlunun "İlan", S.M.Qənizadənin "Qurban bayramı", H.C.Qasımzadənin "Buzsındıran", müəllifi göstərilməyən"Səfdərin igidliyi" və s. bir sıra əsərləri yalnız uşaq nəsrimizin yox, bütövlükdə Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələri saymaq olar. Bu hekayələr istər ideya-məzmun cəhətdən, istərsə də sənətkarlıq xüsusiyyətlərinə görə mükəmməl sənət nümunələri təsiri bağışlayır". İ.Şıxlının "Sapı özümüzdəndir", "Sənə aslanım deyən", "İlğım", "Keçəçi","Bəs zınqrovu kim asacaq","Xasiyyətimdir" "Dəvəçi", "Ruzi"və s. hekayələri məhz bu klassikanın davamı kimi mükəmməl təsir bağışlayır. Məsələn, "Bəs zınqırovu kim asacaq" hekayəsində problematika və onun ortaya qoyduğu məzmun əsərin adında özünün mükəmməlliklə ifadəsini tapır. "Yığıncağın ağsaqqalı ayağa durdu.Zınqırovu başının üstünə qaldırıb cingildətdi:
- Mənim əzizlərim, axır ki, məsləhətləşdik və dərdimizə çarə tapdıq. Hamımız bir səslə bəyəndik ki, bu zınqırovu pişiyin boynundan asaq. İndi deyin görüm, bu zınqırovu pişiyin boynundan kim asacaq?
Heç kimdən səs çıxmadı. Elə bil yığıncaqdakıları dəyişmişdilər, bir az bundan qabaq əsib-coşanlar deyildilər". Göründüyü kimi, bütün mahiyyəti, funksional məzmunu ilə xalq müdrikliyinə hesablanan bu hekayə-nağıl İ.Şıxlı yaradıcılığının üfiqi və şaquli dinamikasını, stixial xarakterini aşkarlayır. Uşaq ədəbiyyatı üçün klassik örnək olacaq bu nümunə öz başlanğıcını xalq məsəlindən götürməklə sırf həyat reallığına bağlanır. Burada maraqlı olan cəhət təkcə məzmun baxımından xalq ədəbiyyatına bağlanma deyildir, həm də üslub, düşüncə və dil anlamında da eyni təsəvvürü sərgiləyir.
İ.Şıxlının əfsanə və rəvayət xarakterli hekayələri bütünlükdə xalq hikmətinə, zəngin mənəvi dəyərlərə köklənmişdir. Xalq düşüncəsində min illər boyu qəlibləşmiş bu hikmətlər yazıçı tərəfindən özünəməxsus əlavə və boyalarla bədii arenaya gətirilmiş və İ.Şıxlının sənətkar qüdrətini, yazıçı şəxsiyyətinin prinsiplərini, düşüncə və dəyər meyarını ortaya qoymuşdur. "Sapı özümüzdəndir" hekayəsinin müəyyənləşdirdiyi təsəvvür şəxsiyyət və mənlik, kişilik simvolunu və bunun əks qütbündə dayanan namərdlik, xəyanət, naqislik və s. xüsusiyyətləri faktlaşdırır. "Qoca palıd fikrə getdi. Qayğılı-qayğılı saqqalını qaşıdı:
- Bu əl boyda dəmir parçası ağacı necə kəsir axı?
Çaparlardan o biri sözə qarışdı:
- Düz deyirsiniz, baba palıd, onun uzun sapı var. Həmin sapdan yapışıb baltanın iti ağzı ilə ağacları doğrayırlar. Sap olmasa bizə heç nə edə bilməzlər.
Qoca palıdın səsi titrədi və təşvişlə soruşdu:
- Baltanın sapı nədəndir?
- Ağacdan.
- Onda bizi qıracaqlar.
- Niyə?
- Çünki sapı özümüzdəndir". Bütün bunlar İ.Şıxlı yaradıcılığının məzmun qatlarını, onun mahiyyətində dayananların ümumi mənzərəsini bir bütöv olaraq aydınlaşdırır. Uşaq ədəbiyyatının tipik nümunələri sırasında dura biləcək imkanlılığı ilə görkəmli sənətkarın yaradıcılığının enerji qaynaqlarını faktlaşdırır. Doğrudan da, bu hekayələr xalq müdrikliyindən yoğrulmuş möhtəşəm nümunələr kimi ciddi janr strukturu və ehtiva elədiyi məzmunla klassikanı sərgiləyir. İ.Şıxlının yazıçı qüdrətini uşaq ədəbiyyatı timsalında bir daha ortaya qoyur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!