Onun adı Şükufə Nihal idi... 1896-cı ildə İstanbulda dünyaya göz açmışdı. Atası Sultan V Muradın həkimi Emin Paşanın oğlu Əhməd Abdulla bəy, anası Nəzirə xanım idi. Atasının işi ilə əlaqədar müxtəlif bölgələrə təyinatı səbəbindən Şükufə xanımın uşaqlığı Şam, Beyrut, Selanik kimi vətəndən uzaq bölgələrdə keçmişdir. Ən yüksək səviyyəli məktəblərdə təhsil alan Şükufə xanım həm də özəl dərslər alaraq fransız, fars və ərəb dillərinə də yiyələnmişdi. Osmanlının məşhur əczaçısı olan atası Əhməd bəyin evdə təşkil etdiyi yığıncaqlara gələn şair, yazıçı və siyasətçilərdən təsirlənməsi səbəbindən hələ kiçik yaşlarından dövlət səviyyəli məsələlərlə maraqlanmağa başlamışdı. "Xəzan" adlı ilk şeri uşaqlar üçün nəzərdə tutulmuş jurnalda dərc olunmuşdu.
16 yaşında universitetə qəbul olur, lakin atasının Şam şəhərinə təyinat alması səbəbindən İstanbulda tək qalmaması üçün ərə verilir. Həmin dövrün qanunlarına görə ailəli şəxs universitetdən uzaqlaşmalı idi. Şükufə Nihal xanım isə artıq Osmanlı qadın hərəkatında ilk addımlarını atmağa başlamışdı. Ali təhsilə yiyələnmək üçün hər şeyə hazır olan Şükufə xanım oğlu Necati dünyaya gəldikdən sonra ərindən ayrılır. 1916-cı ildə qadınların təhsil alması üçün nəzərdə tutulan üç illik İnas Darülfünunun ədəbiyyat fakültəsinə qəbul olub, 1919-cu ildə kişilər üçün nəzərdə tutulan Zükur universitetinin coğrafiya fakültəsinin ilk qadın məzunu olur (Həmin dövrdə İnas və Zükur Darülfünunun birləşməsi gündəmə gəlmiş, qadınlara isə öz istəklərinə əsasən İnasdan və ya Zükurdan məzun olmaq hüququ verilmişdi). Həm də ilk qadın lisey müəllimi olur Şükufə xanım.
Cumhuriyyət tarixində qadınların sosial hüququnun müdafiəsi üçün mübarizələr aparırdı. Nəhayət, bu anlayışı siyasi platformaya daşımaq və Türkiyədə yaymaq üçün dövrün qabaqcıl xanımlarından olan Nəzihə Mühiddin və digər dostları ilə türk tarixində ilk dəfə 1923-cü ildə Qadınlar Xalq Partiyasının təsis edilməsi qərara alınır. Şükufə xanım "Türk qadını", "Həftəlik qəzet", "Yeni məcmuə", "Həyat", "Dərgah", "Qadın yolu", "Qadın qəzeti", "Türk yurdu" kimi bir çox qəzet və jurnallarda qadınların təhsil və sosial hüquqlarının müdafiəsi haqqında məqalələr yayımlamış, problemləri dilə gətirmişdir.
Siyasi fəaliyyəti ilə bərabər şeirlər də yazardı Şükufə xanım... Darülfünundan məzun olduğu ildə ilk şeir kitabı "Ulduzlar və kölgələr" çap olunur. Kitabdakı şeirlər əruz vəznində idi. 1927-ci ildə yayımladığı "Xəzan rüzgarları" kitabındakı şeirlər isə əruz vəznindən çıxaraq, Milli ədəbiyyat axınına qoşulmuş və heca vəznində yazılmışdı. Şeirlərinin əsas mövzuları qadınlar, vətən dərdi, eşq idi. Şeirlə bərabər romanlar da yazırdı. 1928-ci ildə "Təvəkkülün cəzası" adlı hekayələr kitabı və "Rəngsiz iztirab" adlı ilk romanı dərc olundu. Bunun ardınca 1933-cü ildə "Çöl günəşi" romanı, 1938-ci ildə Faruk Nafiz Çamlıbelə olan sevgisini qələmə aldığı iddia olunan "Tək-tənha qayıdıram" adlı romanı yayımlanmışdır.
İlk evliliyində xoşbəxtlik tapa bilməyən Şükufə xanım universitet illərindən dostluq etdiyi Əhməd Hamdi Başarla ailə həyatı qurur. Bu evlilikdən qızı Günay dünyaya gəlir. Lakin arzuladığı səadətə qovuşmaq ona nəsib olmur. 1960-cı ildə altmış beş yaşında ikinci həyat yoldaşı Əhməd Hamdi Başardan da ayrılır.
1962-ci ildə keçirdiyi qəza nəticəsində sağlamlıq vəziyyəti ağırlaşmış, ayağı şikəst olmuşdu. Həyatın çətinləşməsi, qızı Günayın ana olarkən həyatını itirməsi Şükufə xanımın həyatla bağlarının qopmasına səbəb olmuşdu. Yaxın dostları Hasen İlqaz və İffət Halimin açdığı Bakırköy qocalar evinə yerləşir. İstanbulun ən tanınmış iki kitab evini açan oğlu Necati Sander anasının bu vəziyyətinə çox kədərlənir, onu bu cür görməmək üçün yanına az-az gəlirdi. Artıq yaşlanmış bacıları Bedai Taş və Muhsinə Akkaş da ziyarətinə gələ bilmirdilər. Yaxın dostları isə onu demək olar ki, unutmuşdu. Bir müddət sonra Şükufə Nihal danışmağı tamamilə kəsdi. 1973-cü ildə isə qocalar evində gözlərini əbədi yumdu. Bir-iki yaxın dostun iştirakı ilə Aşiyan məzarlığında dəfn edildi.
* * *
Şükufə Nihal həm də ideal eşqi axtaran bir şair adlanırdı... Nazim Hikmət ona aşiq idi. Faruk Nafiz Çamlıbel ona olan eşqini misralara çevirmişdi. Dövrün məşhur ədəbiyyatçısı Cənab Şəhabəddinin qardaşı Osman Fəxri sevgisinə qarşılıq görməyib canına qəsd etmişdi. Şair Əhməd Kutsi Tecər isə ona məftun idi...
Ona gözəl demək olmazdı. Yaxın rəfiqəsi İsmət Kür (yazıçı Pınar Kürün anası) "Yarısı roman" adlı əsərində Şükufə Nihalı belə xatırlayır:
"Şükufə demək olar ki, onu görən hər bir şəxsin aşiq və ya heyran olduğu qadın idi. Gözəl demək olmazdı. Gözləri çuxura batmış və kiçik idi. Boyu da hündür deyildi. Amma hər zaman baxımlı və çox şıq görkəmdə idi. Dünyanı vecinə almayan, özünə olduqca güvənən bir görünüşü var idi. Onu bu qədər cazibədar edən də elə həmin- dünyanı vecinə almayan halı idi...
Çox kaprizli qadın idi. Bir az civiltili, özünəməxsus xoş danışıq tərzi var idi. Zamanın ən görkəmli şairlərindən olan bu qadına o qədər adam aşiq olmuşdu ki..."
Şükufə Nihala aşiq olan şairlərdən biri də Nazim Hikmət idi.
1920-ci illər... Erenköy bağçalarında, malikanələrdə şairlər bir araya gəlib ədəbi söhbətlər edirdi. Həmin toplantıların birində Nazim Hikmət Şükufə Nihala yazılı bir kağız göndərdi. Xalidə Nüsrət (Zorlutuna) "Bir dövrün romanı" adlı əsərində bu hadisə haqqında yazırdı: "Şükufə Nihal kağızı oxuduqdan sonra gülərək mənə uzatdı. Bu günə qədər xatırlayıram, kağızda şairin dəli-dolu xətti ilə bu sözlər yazılmışdı: 'Mən sizdən ötrü dəli oluram, siz isə mənə heç fikir də vermirsiz'. "
Xalidə Nüsrətin bacısı İsmət Kürə dediklərinə görə Nazim Hikmət "Bir ayrılıq hekayəsi" şerini Şükufə Nihala həsr etmişdi. Əslində bu şeir qarşılıqlı münasibətin hekayəsini anladırdı...
"Kişi deyir ki, qadına
Səni sevirəm, amma necə
Ovuclarımdakı şüşə qırıntısı
kimi qəlbimi sıxıb
barmaqlarımı qanadaraq... "
Cənab Şəhabəddinin qardaşı gənc Osman Fəxri isə şair və rəssam idi. Şükufə Nihalın ilk evliliyinin bitməsinin ardınca başlayan çətin günlərində dərd ortağı olan gənc şair qəlbində gəzdirdiyi hissləri dilə gətirir, lakin rədd cavabı alır...
Sən mənim həmdəmi xəyalətim
Mən sənin yari təsəllin olmalıykən
Fəqət nədənsə, Nihal
Sən mənim gözlərimdə dərd aradın...
Osman Fəxri qarşılıqsız sevgisi üzündən məcnun olub İstanbulu tərk edir. Lakin platonik sevgisini unuda bilmir. Qara sevdasına qarşılıq ala bilmək üçün şeirlər göndərir Şükufə xanıma...
Ah madam ki, sən də şair,
Mən də şairəm, bu kafidir...
Bu iztirabla yaşaya bilməyən Osman Fəxri bir gün silahı gicgahına dayayaraq tətiyi çəkir...
Şükufə Nihalın həmin zamanlar Osman Fəxriyə qarşı mübhəm hissləri vardımı? Məlum deyil. Məlum olan, Şükufə xanımın onun eşqi üzündən intihar edən Osmanı həyatı boyunca unuda bilməməsidir...
Lakin sonralar Şükufə Nihalın sevgisinin ruhunda gizlicə yaşadığı bəlli olur, o sevginin sahibi isə sevdası uğrunda ölümü seçən Osman Fəxri idi. Yaxın dostlarına "Tək sevgim odur. Məni tək sevən də o idi. Necə qıydım bu böyüklükdə sevgiyə" - deyə qüssələndi hər zaman. Hətta Adilə Ayda ilə söhbətlərində Osman Fəxrinin ölümündən sonra bir daha xoşbəxt olmadığını, onun ölümündə özünü günahkar bildiyini, yazdığı bütün şeirləri ona həsr etdiyini, həyatında sadəcə Osman Fəxrini sevdiyini dilə gətirirdi: "Onsuz da insan həyatında bir dəfə sevir. Bundan başqası aldanışdır. Mən bütün şeirlərimi bir şəxsə yazdım. Hər zaman onu anlatdım, ona səsləndim ".
"Yaqut qayalar" adlı romanının qəhrəmanı da Osman Fəxri idi: "İllər... Qaba, bayağı, ruhsuz, şüursuz illər... Onun və mənim arama girdiniz, aramıza küllər yığdınız. Və siz qaba, bayağı, ruhsuz, şüursuz insanlar! Mən ondan sizə görə ayrıldım. O, sizin üzünüzdən öldü. Onu mən öldürdüm, onu mənə siz öldürtdünüz. Səni kimə fəda etdim? Səni, məni ət və sümükdən başqa heç nə zənn etməyən ət və sümük yığını insanlaramı?"
Onun eşq uğrunda məcnun olması ideal eşq axtaran Şükufə Nihala şeirlər yazdırırdı.
Sənə məcnun dedilər,
Müqəddəsdir gözümdə
Cənnət o gündən bəri.
Hafizəsini itirənə qədər düşüncəsində, dilində, qələmində yalnız Osman Fəxri var idi.
Bu həzin eşq hekayəsindən sonra Şükufə Nihal ikinci evliliyini həyata keçirir - Əhməd Hamdi Başar ilə ailə qurur. İstanbul universitetindən qrup yoldaşı olan Əhməd Hamdi Başarın ölkənin sosial məsələlərinə olan diqqəti Şükufə xanımın xoşuna gəlirdi. Həm də oğlu Necatiyə qarşı olan yaxın münasibəti bu evliliyə zəmin yaratmış oldu. Evləndilər. Şükufə xanımın qızı Günay bu evlilikdən dünyaya gəldi. Amma axtardığı rahatlığı tapa bilmədi- əri davamlı siyasi arzular arxasınca tələsirdi. Bu dəfə qarşısına başqa bir şair - Faruk Nafiz Çamlıbel çıxır. Dövrün məşhur şairləri arasında Faruk Nafiz Çamlıbel də aşiq idi Şükufə Nihala. Və bu eşq qarşılıqlı idi... Bir-birinə şeirlər yazır, roman dərc edirdilər.
İncə bir qızdı bu solğun qarı heykəl kimi lal,
Sanki ruhumdan uzaq sisli bir axşamdı Nihal.
Mən qayıqlarda,
Nihalın gözü ənginlərdə,
Gizli sevdalar üçün
yol soruşurduq, nərdə...
Şükufə Nihalın "Tək-tənha qayıdıram" , Faruk Nafizin "Ulduz yağmuru" romanları həmin sevgidən bəhs edirdi. Lakin Faruk Nafizin evlilik təklifi hər zaman rədd olundu. Əsəblərinə hakim olmayan Çamlıbel 1931-ci ildə müəllimlik təyinatını Ankaraya alır. Burada ani şəkildə coğrafiya müəlliməsi olan Əzizə xanımla evlənir. Ədəbi mühitdəki hər kəs bu hadisədən çox təəccübləndi. Ən çox da Şükufə Nihal. Nəhayət, 1936-cı ildə Faruk Nafiz "Ulduz yağmuru" romanında hadisəyə aydınlıq gətirdi. Romandakı qadın qəhrəman eşqi ölümsüzləşdirmək üçün ayrılığı seçmişdi. Romandakı kişi qəhrəman isə bu ayrılıq səbəbindən sadə bir qadınla evlənmişdi. Amma əlbəttə ki, romanın həqiqəti nə qədər əks etdirdiyini bilmək mümkün deyil.
Faruk Nafiz Çamlıbel ölümsüz eşqini heç zaman unuda bilmədi. Bəlkə də təsadüfdür və ya taledir - amma Şükufə Nihalın ölümündən ay yarım sonra gəmi səyahətində ikən keçmiş sevgilisinin ölümündən xəbərsiz halda Çamlıbel də vəfat etdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!