Güldürməyi bacarmaq hər kişinin işi deyil - Hacı Firudin QURBANSOY

Əjdər Olun "Canlı lətifələr, əhvalatlar, deyimlər" kitabı haqqında düşüncələr

 

Köhnə tanışım, təzə dostum Əjdər Ol kitabını mənə təqdim edib dedi ki, "sənin fikrin mənimçün əhəmiyyətlidir. İstəsən, rəyini yaza da bilərsən".

...Minillər boyu geniş coğrafiyanı qapsayan Azərbaycan xalqı arasında sözdən söz çıxaran, zərif xasiyyətli söz adamları minlərlə olub, ancaq onların lətif sözlərini qələmə alıb bizlərə çatdırmaqda, əfsus ki, tənbəllik ediblər. Son yüzildə yaşamış yurddaş hazırcavablarımızın bir neçə gülməcəsi istisna olmaqla, əsasən hikmət yükü o qədər də ağır olmayan lətifələri bir neçə nəşrlərdə oxuculara ünvanlanıb. (Eldar Baxış "Ölüsü ilə ərəbcə, dirisi ilə rusca". Yazıçı 1993, İsmayıl Şıxlı "Dostum Hüseyn Arifin gülməcələri", "Dostum Qabilin qəribə əhvalatları". "Şirvannəşr" 2008. Əkrəm Qaflanoğlu "55+". Çinar-çap 2008, Ziyadxan Əliyev "Boyalı gülüşlər". Bakı, 2014 və s.).

Nə yaxşı ki, bunlar yazıya alınıb çap olundu. Əgər yüzillər boyu bu janr inkişaf etsəydi, gör nə qiyamət olardı?!. Zəhmətkeş Əjdər Ol gücü çatan ağır, məşəqqətli bir işi gördü, ətrafındakı tanınan adamların lətifələrini, əhvalatlarını, deyimlərini cilalayaraq, onlara yazıçı kimi yanaşaraq ədəbiyyat materialına çevirdi və bir neçə dəfə artırmaqla böyük kitab şəklinə saldı. Bununla, çağdaşlarının boynuna böyük minnət qoyan müəllif kitabın girişində bildirdiyi kimi, bu müqəddəs işi yenə də davam etdirməkdədir. Kaş Əjdər Ollar Orta yüzilliklərdə də olaydı...

Onu da qeyd edim ki, Əjdər Olun bu kitabında zərif, incə deyimlərlə yanaşı, qaba lətifələr də var, neyləməli, bizi əhatə edən mühitdəki insanların səviyyəsi istəklərimizlə üst-üstə düşməyən gerçəklikdir.

Əjdər Olun kitabı Azərbaycan gerçəkliyində üzdə olan adamların xarakterlər spektrinin əlvanlığını düzgün göstərə bilib. Əslində, bu, xarakterlər kitabıdır.

Əjdər Olun mənə verdiyi "Canlı lətifələr, əhvalatlar, deyimlər" kitabını birnəfəsə oxudum. Bu bir həqiqətdir ki, birnəfəsə oxunan kitablar birnəfəsə yazılmır; yuxusuz gecələr, gərgin zəhmətlər bahasına başa gəlir. Mənə verilən kitabda təsvir olunan hadisə və deyimlərin müəyyən hissəsi tanışdır. Ancaq hər bir hadisənin müşahidəçilərin sayından asılı olaraq bir çox versiyası var. Bu kitabda yazılanlar məhz Əjdər Olun versiyasıdır. Müəllifin deyim tərzi, sözün akrobatikası mənimçün maraqlı idi. Kitabın səmimiliyi məni elə ilk səhifələrindən tutdu. Əsərin janrını müəyyənləşdirməyə çalışdım. Kitabda qeydlər lətifəyə düçar olmuş şəxsin adı ilə sıraya alınıb.

Cəmi "lətaif" olan lətifə sözə-söhbətə şirinlik qatdığı üçün onu hamı sevir. Lətifəyə bütün Avropa xalqları "anekdot" deyir, fransızca "anecdote" - maraqlı, qısa hekayət mənasını verir, sözün kökü qədim yunancadandır, nəşr olunmamış, yayılmamış anlamına gəlir. Bizlərdə isə bu anlayış bir sıra başqa sözlərlə ifadə edilir; gülməcə, dodaqqaçdı, neştər, sancaq və s. Gülüşün çoxyönlü çalarları; yumor, satira, ironiya, sarkazm, zarafat, nəzirə, şəbədə, kalambur və s. həqiqəti dolğun təsvir etmək üçün bir vasitədir.

Əlimdəki kitabı müəyyən sistemlə yazılmış tarixi hikmətli gülüş kitabları ilə müqayisə etdim...

Lətifələr yüzillər boyu müxtəlif xalqlar arasında formalaşan tarixi münasibətlərin gülüş formasında təzahürüdür. Zaman-zaman müxtəlif xalqlar qonşuları haqqında zarafat və lətifələr ərsəyə gətirib; ingilislər çox vaxt şotlandlar, hərdən də irlandlar haqqında düzəltdikləri lətifələrdə deyirlər ki, onlar xəsis və acgözdür. Argentinada ispanları səfeh, özlərini isə hədsiz məğrur göstərirlər. Belarus lətifələri rus, ukraynalı, polyak, yəhudi və litvalılara şəbədə edir. Rumıniyada macarlar oltenlər və qaraçılar o ki var gülüş hədəfi olur. Burada Papesku familiyalı uşaq aləmi bir-birinə qatır. ABŞ-da polyaklar, Türkiyə Cümhuriyyətində lazlar lətifə qəhrəmanıdır. Finlandiyada lətifələrdə İsveç və norveçliləri, amerikalıları hədəf alırlar. Burada Kalle adlı uşaq lətifələrdə sözün düzünü deyir. İsveçdə Norveç, alman və ruslara gülürlər. Belçikalılar fransızları, hollandları və Limburq vilayətində yaşayanları barmağına dolayır. Fransız və hollandlar da belçikalılara gülür. Bolqarlar qabrovalıları xəsis göstərir. Rusiyada çukçalar sadəlövh, ruslar içki düşkünü olmalarına rəğmən, ən çətin vəziyyətlərdən belə çıxmağı bacaran kasıb, tənbəl və qəhrəman kimi, yəhudiləri xəsis, eqoist, bic, təcrübəli, pribaltları - fin, eston və latışları həddən artıq astagəl, qafqazlıları - gürcüləri, hərdənbir azərbaycanlıları xüsusi ləhcə ilə danışan varlı, temperamentli, arvadbaz, ancaq zahiri yaraşığı olan kimi, amerikalıları özündənmüştəbeh, lovğa kimi, yaponları bic, son anda rusa məğlub kimi göstərirlər. Bizim lətifələrdə də müxtəlif əyalətlərimizdəki sadəlövh adamlarımıza zərif zarafatlarımız var.

Əjdərin kitabındakıların hamısı lətifəmi? Lətifə janrının əsas xüsusiyyəti budur ki, artıq sözə, təfərrüata yol verilmir. Hər sözün öz çəkisi olur. Gözəl şairimiz, həmişə nikbinliyilə fərqlənən Fikrət Sadıqla dəfndən qayıdarkən Əjdərə deyib, bax, Əjdər, ilk dəfə sənə "Ol" əvəzinə "Lo" - deyən mən olmuşam a!.. Yaxşı, bu lətifədə dəfndən qayıtmağın nə yeri var? - sualını özümə verdim, sonra gördüm ki, yox, bu ştrixin də öz çəkisi varmış, həmin dəfnın vaxtını tapıb söhbətin zamanını müəyyənləşdirmək olar. Həm də şairin xarakterinin cizgisidir, onu lo adam hesab edib. Necə deyərlər, gizli üsulla həm də bu olayın tarixi söylənib.

Yumor hər hansı çətin vəziyyətdən qalib çıxmağın yardımçısıdır. İnsanların hərəsi bir cürdür, hər bürcün adamı zarafata eyni cür reaksiya göstərmir. Bunun nücum elmilə izahı var:

Qoç bürcünün adamlarını güldürmək üçün gərək fantaziyana zor verib qeyri-adi zarafat edəsən.

Buğa bürcünün adamlarını güldürmək üçün acı sarkazm, əkizlərdən ötrü təsadüfi zarafat da yetərlidir. Xərçəng bürcünün adamlarını güldürmək üçün nəsə gülünc iş tutulmalıdırsa, şirlər mahiyyəti aydın zarafat olmasa, gülməyəcəklər. Qızlar dəlilərdən bəhs edən lətifələri sevir, tərəzilərə həyati məsəllərdən bəhs açın, əqrəblərin yanında kimisə məsxərəyə qoyun, oxatanlara uşaqların şən zarafatlarından danışın. Oğlaq bürcünün adamlarını güldürmək üçün lap gülməli məsələlər lazımdır. Dolça bürcünün adamlarına özü ilə bağlı ləzzətli hadisəni yada salın. Balıqlar bürcünün adamlarını güldürmək üçün isə komikslər və günahsız zarafatlar tapın.

Əjdər Olun kitabına müxtəlif baxış bucaqlarından yanaşmaq olar; gülüş terapiyası üçün, lətifə qəhrəmanlarının ruhi məqamını təyin etmək, sosial durumun son bir neçə onillikdə səviyyəsini öyrənmək üçün bu lətifələrin misli yoxdur.

Gülüş insan taleyini yönlədən həyatın çox ciddi sahəsidir. Nəyə və nə cür gülmək zəka göstəricisidir.

Gülüş haqqında nə bilirik? Sən demə, heç nə bilmirik ki... Məsələn: gülən adamın ciyərlərindən 100 km/saat sürətilə çıxan hava bronxit və astma zamanı bronxlara yığılmış seliyi təmizləyir, tənəffüsü asanlaşdırır.

Gülüş beynin limbik sistemini aktivləşdirdiyindən, sağ və sol yarımkürələrin fəaliyyətini tarazlaşdırdığından, yaradıcılıq qabiliyyətini yüksəldir, müxtəlif çətin problemləri asanlıqla həll etməyə şərait yaradır.

Son 270 ildə yaşamış məşhur teatr xadimlərinin ömür uzunluğunu müqayisə edən İsveç həkimləri bu qənaətə gəlib ki, komiklər tragiklərdən çox yaşayır.

Gülüşü öyrənən Beynəlxalq cəmiyyətin konqreslərinin birində ictimaiyyətə açıqlandı ki, xərçəngə tutulanların arasında tez-tez güldürülənlər ciddi nəzarətdə olanlara nisbətən faizlə daha çox yaşayır.

XVII yüzillikdə avropalı həkimlər guya deyib ki, şəhərə bir təlxəyin gəlməsi dərman yüklü on qatırın gəlməsindən səhhət üçün daha faydalıdır.

Qızılcalı uşaqları qıdıqlayıb güldürməklə müalicə etmək ənənəsi də var.

Yaponiyada vərəm xəstələrinə böyük uğurla gülüş müalicəsi tətbiq edirlər.

Yoxlamaların nəticəsi göstərir ki, imtahanqabağı çox gülənlər yaxşı qiymət alır.

ABŞ-da astronavt seçimində ilk növbədə onun yumor zövqünün olub-olmaması yoxlanır. Aktyor və ssenarist Çarlz Metkaff onlarla "yumorobika" adlandırdığı gülüş seminarları keçir.

İnsanın gülmək stajı ağlamağından azdır. Hələ indiyə qədər əslən azərbaycanlı olan Zərdüşt (İbrahim) Peyğəmbərdən başqa, heç kəs dünyaya gələndə gülməyib. Sinaqoqda gülməyin yasaq olduğu qanunu doğulduğu andan danışmağa başlayan İsa Peyğəmbər 40 günlüyündə pozdu, qığıltı ilə güldü. Məlumdur ki, gülümsəməyə çağa birinci 4-8 həftəsində başlayır və ancaq üçüncü ayının axırlarında gülə bilir. Uşağın şitliyi tutduğu vaxt isə 6 yaşına təsadüf edir, hər gün 300 dəfə gülür. Ağlı başında olan adamların hər gün orta hesabla 15 dəfə dodağı qaçır. Bəşər tarixi boyu çox az adam da bu dünyasını dəyişəndə gülüb. Ona görə də hələ ən qədim zamanlardan gülüşə xüsusi diqqət ayırıblar. Ərəstun deyirdi ki, "gülüş bütün canlı məxluqlardan təkcə insana məxsusdur". Bu o demək idi ki, gülüş İlahinin insana verdiyi ali ruhi lütfdür.

Mirzə İbrahimov yazırdı: "Komik və satirik əsərlər bizdə Orta əsrlərdən başlayaraq həcv formasında inkişaf etmişdir. Həcv, əsasən, geniş ictimai mündəricəyə, dərin tənqidi, öldürücü xüsusiyyətə malik olmuşdur. İndi ictimai məzmunlu həcvi söyüş və şəxsi nifrətin ifadəsi kimi izah etmək halları olduqca yanlış və ədəbiyyat tariximiz üçün zərərlidir. Xeyr, həcvi ancaq bir adama qarşı şəxsi nifrət motivləri ilə izah etmək olmaz. Ümumiyyətlə, Şərq ədəbiyyatı, bilxassə Azərbaycan ədəbiyyatının tarixi inkişaf şəraiti və xüsusiyyətləri gülüşün, satiranın həcv şəklində meydana çıxmasına səbəb olmuşdur". (Xəlqilik və realizm cəbhəsindən. Bakı, Azərnəşr, 1961, s.15-16).

Özü kitabını "Canlı lətifələr, əhvalatlar, deyimlər" adlandırsa da, Əjdər Ol gündəlik, xatirə, həcv, həzəl, lətifə, hikmət və məqam janrlarını birləşdirməklə Azərbaycan ədəbiyyatında yeni janr yaratmağa müvəffəq olub. Mərkəzdə müəllif olmaqla əksəriyyətimizin yaxşı tanıdığı adamları bizə təsvir və təhkiyəsində heç bir "kimyəvi təmizləmə" aparmadan qısa, əsasən gülüş doğuran yöndən təqdim edir.

Əjdər əslən şirvanlıdır, şirvanlılara məxsus təbii gülüş yaratmaq istedadı gendəngəlmədir. Bu istedad şirvanlıların həm qılıncı, həm də qalxanıdır. Mən AzTV-də işləyəndə qonşu redaksiyanın redaktoru heyrət dolu təəccüblə belə bir hadisə danışdı ki, Şamaxıda dünən axşam çəkilişi qurtarıb qayıdanda yolda maşınımız xarab oldu. Yağış da şıdırğı yağırdı. Sürücü kədərlə dedi ki, deyəsən, səhərəcən maşında gecələməli olacağıq. Bizimlə çəkilişə getmiş xanımın zavallı halına baxıb dedim: "Başqa çıxış yolu yoxdu?" - Çıxış yolu var ey, ehtiyat detalı yoxdu. - Yoxdu, gedək tapaq da.

Yağışdan qoruna-qoruna yoldan xeyli kənarda, uzaqdan gələn işığa tərəf qaça-qaça getdik. Birtəhər ora çatıb hasarın qapısını döyəclədik. Çığırdıq. Hay verən olmadı. Mən tamamilə islanıb cücəyə dönmüşdüm. Qəzəbimi boğsam da, görünür, o qədər də müvəffəq olmamışdım, odur ki, səsim bərkdən çıxdı: "Burada bir kişi var, ya yox?". Qapı açıldı, evin işığı bayıra düşdü, yağışın şiddətini əyani gördük. Bir oğlan uşağı idi, 5-6 yaşı olardı. Sualımı bir az aşağı səslə təkrarladım: "A bala, evdə bir kişi var, ya yox?". Düz gözümün içinə cəsarətlə baxıb ötkəm səslə dedi: "Gələn kişidirsə, evdə kişi tapılar. Gəlin içəri!". Söz adamı olduğum üçün tutuldum. Qəfil və sərrast cavabdan ayaqlarım yerə yapışdı...

Uşağın atası iş dalıyca gedibmiş, evdə yoxmuş. Sürücü detalı göstərdi. Uşaq bizi atasının qarajına gətirdi, ehtiyat hissələrini töküb-töküşdürüb, axtardığımızı tapdıq. Detalın pulunu da götürmədi. Sürücü maşını sahmana saldı, vaxtında evə sağ-salamat çatdıq. Uşağın səsi hələ də qulağımdadır. Bilirdim şirvanlılar şən və hazırcavabdır, daha beləsini təsəvvür də etməzdim...

...Alimlər gülüşü belə çeşidləyib; şən və kədərli, xoş və əsəbi, ağıllı və səfeh (buna türkiyəlilər "eşek şakası" deyir), məğrur və əskik, təsiredici və turşumuş, dəqiq və mücərrəd, uydurucu və səksəndirici, təhqiredici və ruhverici, abırsız və ədəbli, səmimi və iynəli, ironik və türkəsaya, öldürücü və islahedici, zərif və qaba, ikibaşlı və bəsit... və sair və ilaxır.

Belə bir elmi hipoteza var ki, insanın mərkəzi sinir sistemində "gülüş zonası" mövcuddur, əsəb mərkəzləri onu gah aktivləşdirir, ya da ləngidir. Gülüş şərti və qeyri-şərti refleksdir. Şərti refleksə gülməli materialın mütaliəsi nümunə ola bilər. Qeyri-şərti refleks isə bədənin yuxarı hissələrinin qıdıqlanması ilə yaranan gülməyə misaldır.

İnsanın xarici görkəmi; üzü, bədən quruluşu, əl-qol hərəkətləri, mimikası gülməli ola bilər. Komiklik isə onun düşüncə tərzindən, yəni düşüncəsinin məntiqsizliyindən, başqa sözlə, kəmağıllılığından, xarakterindən və mənəvi həyatından, cəhdlərindən, istək və məqsədlərindən yaranır.

Səs çıxarmadan gülən və ağlayanlar dodaqlarının və gözlərinin deyil, qaşlarının hərəkətindən bilinir, qaşlar bir-birinə yaxınlaşırsa, həmin adam ağlayır, yuxarı qalxırsa, deməli gülür.

Gülüşün üstünlüklərini saymaqla qurtarmaz. Adamı tanımaq istəyirsənsə, onun necə gülməyinə bax, onu təyin etmək üçün yoldaşlıq eləyib bir pud duz yeməyinizə ehtiyac qalmır, o saat görürsən ki, hansı yuvanın quşudur. Nə qədər gizləməyə çalışsa da, adamın gülməyi onun xarakterini büruzə verir. Psixikaya gülüş xoş təsir edərək onu yumşaldır, beyinin kəskin senzurasından çıxarır. Psixoloqlar deyir ki, gülüş qədər adamı tanımaq üçün ikinci hal yoxdur. Xəstə və qapalı adamlar nadir halda gülür, adətən gülümsünürlər.

Əjdər Olun kitabı bizə bu fürsəti verir ki, həm lətifələrdəki obrazları, həm də oxuyub gülənləri tanıyaq, başqa sözlə, özümüzə və bir-birimizə bələd olaq.

27 avqust 2019-cu il

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!