Zamanın fövqündə - Musa URUD

Xalq yazıçısı Elmira Axundovanın "Heydər Əliyev: şəxsiyyət və zaman" çoxcildlik roman-epopeyası haqqında düşüncələr

 

Xalq yazıçısı Elmira Axundovanın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat yolu, çoxşaxəli fəaliyyəti, mübarizələri və zəfərlərinə həsr olunmuş  "Heydər Əliyev: Şəxsiyyət və zaman" çoxcildlik roman-epopeyasının Moskvada, "Kanon" nəşriyyatı tərəfindən rus dilində üç cilddən ibarət nəşr edilməsi həm Azərbaycan ədəbiyyatı üçün, həm də rusdilli oxucu auditoriyası üçün böyük ədəbi töhfədir.

Kitabın birinci nəşri Heydər Əliyev Fondunun dəstəyi ilə çox nəfis şəkildə nəşr edilmiş, ikinci nəşri isə Dağ Yəhudilərinin Ümumdünya Konqresinin dəstəyi ilə işıq üzü görmüşdür.

Müəllifin 7 kitabdan, 6 cilddən ibarət "Heydər Əliyev: Şəxsiyyət və zaman" əsərinin Azərbaycan dilində olan variantı 2013-cü ildə nəşr olunmuş, böyük oxucu məhəbbəti qazanmaqla yanaşı, ədəbi, publisistik, elmi və siyasi dairələrdə də maraqla qarşılanmışdır. Əsər rus dili ilə yanaşı, ingilis, macar, türk və tacik dillərində də nəşr olunaraq beynəlxalq oxucu kütləsinin istifadəsinə verilmişdir.

Elmira xanımın haqqında danışdığımız rus dilində çap olunan üçcildlik roman-epopeyası isə təkcə Rusiya oxucuları üçün deyil, BMT-nin altı rəsmi işlək dilindən biri olan rus dilində danışan və oxuyan, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla oxucuya Azərbaycan xalqının qürur mənbəyi olan iki əsrin dahisi, ümummilli lider Heydər Əliyev haqqında dolğun, hərtərəfli faktlara əsaslanan zəngin məlumat verməklə yanaşı, Azərbaycan haqqında da geniş, bədii-publisistik informasiya vermək baxımından olduqca əhəmiyyətlidir.

Kitabın birinci cildində ümummilli liderin nəsil şəcərəsi, onun Naxçıvan həyatı, uşaqlıq və gənclik illəri, İkinci Dünya müharibəsi zamanı xüsusi xidmət orqanlarında işə qəbul olunması pillə-pillə yüksələrək Azərbaycanda Dövlət Təhlükəsizlik Komitəsinin ilk milli rəhbəri və ilk generalı tituluna qədər yüksəlməsi zəngin faktlarla, dərin elmi-bədii təhlil və yüksək sənətkarlıqla öz əksini tapmışdır. Bu cilddə eyni zamanda Heydər Əliyevin sosialist Azərbaycanına rəhbərlik etdiyi dövr, onun SSRİ rəhbərliyi, şəxsən Leonid İliç Brejnevlə münasibətləri, erməni separatizminə qarşı mübarizəsi, Azərbaycanın sosial-iqtisadi həyatına, elmi-mədəni mühitinə qayğısı öz əksini tapmışdır.

Trilogiyanın ikinci cildində Heydər Əliyevin SSRİ rəhbərliyində təmsil olunduğu dövr, oradakı yorulmaz fəaliyyəti, Mixail Qorbaçovun və onun komandasının ulu öndərə xəyanətkar münasibəti, Heydər Əliyevin tutduğu vəzifələrdən kənarlaşdırılması, Dağlıq Qarabağda separatçı hərəkatın başlanması və sair tarixi məqamlar müəllifin  peşəkar qələminin bədii dili ilə olduqca maraqlı şəkildə öz əksini tapmışdır.

Trilogiyanın üçüncü hissəsində Heydər Əliyevin həyatının yenidən Naxçıvan dövrü, mübarizəsi, blokada şəraitində yaşayan Naxçıvan Ali Məclisində fəaliyyəti, nəhayət, müstəqil Azərbaycana rəhbərlik etməsi, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafında, dünyaya tanıdılmasında yorulmaz fəaliyyəti əks olunmuşdur.

Akademik İsa Həbibbəylinin qeyd etdiyi kimi, bu əsərin - roman-epopeyanın, əslində, üç qəhrəmanı vardır: dünyamiqyaslı böyük şəxsiyyət Heydər Əliyev, onun epoxası - əlahəzrət zaman  və ümummilli liderin canından artıq sevdiyi doğma vətəni olan Azərbaycan.

Xalq yazıçısı Elmira Axundovanın 20 illik gərgin əməyinin, düşüncələrinin və yaradıcılığının məhsulu olan bu böyük əsərin uğur düsturunun bir çox faktorları vardır. Mən yalnız onların üçünün üzərində dayanmaq istəyirəm.

Əsərə ön söz yazmış məşhur qazax şairi Oljas Süleymenovun qeyd etdiyi kimi, bu əsərin mayasında müəllifin öz qəhrəmanına sonsuz hörmət və ehtiramı, məhəbbəti dayanır. Doğrudan da, bu irihəcmli roman-epopeyanın hər sətrində, hər kəlməsində, hər sözündə müəllifin öz qəhrəmanına - ulu öndər Heydər Əliyevə böyük hörmət və ehtiramın şahidi oluruq.

Faktoloji ağırlığına görə bu əsəri sənədli publisistik elmi təhqiqat əsəri də adlandırmaq olar. Kitabı çapa hazırlayarkən müəllif Azərbaycanın və Rusiyanın müxtəlif arxivlərində, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin, Heydər Əliyevin şəxsi arxivində olan çoxlu sayda sənədləri araşdırmış, faktları və məlumatları toplamış, Heydər Əliyevin həyatının və fəaliyyətinin müxtəlif dövrləri ilə əlaqəli olan yüzlərlə insandan müsahibələr almış, bu ağır və gərgin əmək tələb edən işi yerinə yetirərkən bəlkə də, onlarca qeyd dəftərçəsi yazmış, yüz metrlərlə maqnitofon, diktofon lentinə qulaq asmış, faktları saf-çürük etmiş, yalnız doğruluğu şübhə doğurmayan məlumatları bu kitaba daxil etmişdir. 

Kitabı oxunaqlı maraqlı və dəyərli edən 3-cü arqument isə, fikrimcə, müəllifin istedadı və peşəkarlığıdır. Bu kitabın hər sətrində müəllifin əsərin qəhrəmanı və onun zəmanəsi qarşısında məsuliyyətini hiss edirik. Elmira xanım bir bioqraf məsuliyyəti və dəqiqliyi ilə hadisələri və faktları təkcə təsvir etmir, həm də analiz edir, istedadlı yazıçı təfəkkürünün süzgəcindən keçirərək zamanın və onun qəhrəmanının bədii obrazını yaradır.

Fikrimcə, kitabın bədii, publisistik, siyasi əhəmiyyəti ilə yanaşı, tarixi və etnoqrafik dəyəri də diqqətdən qaçmamalıdır. Xususilə, trilogiyanın birinci cildində ümummilli lider Heydər Əliyevin nəsil şəcərəsi barədə məlumatlar yaxın dövr tariximiz üçün olduqca qiymətlidir. Kitabda qeyd olunduğu kimi, Heydər Əliyevin ulu babaları iki qardaş Comərd (İzzət xanımın ulu babası) və alagöz Məhəmməd (Əlirza Əliyevin ulu babası) hərbiçi olaraq Nadir şah Əfşarın qoşununda bölük başçısı, indiki dildə desək, yüksək çinli zabit rütbəsində çalışmışlar. Saraydaxili münaqişə zəminində Pənahəli xan Cavanşirlə birlikdə Qarabağa qaçmış, sonradan Qarabağ xanlığının yaranmasında qoşun başçıları kimi fəal rol oynamışlar. (Ulu babaları Nadir şah Əfşarın dövlətində hərbiçi-döyüşçü olan Heydər Əliyevin Sovetlər dönəmində ilk azərbaycanlı DTK generalı və bu hərbi qurumun başcısı olması, nəinki təsadüf deyil, bəlkə də tarixi qanunauyğunluqdur. Azərbaycan ictimaiyyətinin çoxuna məlum deyil ki, Qarabağ savaşında Heydər Əliyevin nəslindən olan 9 igidimiz şəhid olmuş, onlardan 3-nə Prezident Əbülfəz Elçibəyin Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Milli Qəhrəman Aqil Quliyev Xocalıda, Milli Qəhrəman Fəxrəddin Nəcəfov Çıldıranda (Ağdərə rayonu) şəhid olmuş, qrad batalyonunun komandiri olmuş Milli Qəhrəman Nəsimi Quliyev isə hal-hazırda həyatdadır. - M.U.).

Təqaüd yaşlarına çatanda isə bu iki qardaşa Qarabağ hökmdarı İbrahimxəlil xan tərəfindən o vaxtkı Qarabağ xanlığının tərkibinə daxil olan Zəngəzurun axar-baxarlı dağətəyi əraziləri bəxşiş olaraq mülk salmaq üçün verilmişdir. Öz nəsil və tayfası ilə birlikdə bu yerlərə köçən qardaşlar bir-birinə qonşu iki kənd salmışlar: Comərdli və Məhəmmədli kəndləri. Sonradan Məhəmmədli kəndi dağılmış, kəndin camaatı Comərdliyə köçərək öz əmiuşaqları ilə birlikdə yaşamışlar.

Heydər Əliyevin atası Kərbalayı Cəfər oğlu Əlirza kişi və anası İzzət xanım Cəfərqulu qızı bu kənddə dünyaya göz açmışlar.

1918-ci ilin yayında tayqulaq Andranik Ozanyanın başçılıq etdiyi daşnak quldurları Sisyan mahalının 115 azərbaycanlı kəndi kimi, Comərdlini də dağıdıb yandırmış, kənd əhalisini misli görünməmiş vəhşiliklə qətlə yetirmişdir. Bu hadisələrdə Heydər Əliyevin ailəsi, qohumları olduqca böyük itkilər vermiş, sağ qalan insanlar isə yüz əzab-əziyyətlə Zəngəzur dağlarını aşaraq Naxçıvanın Culfa, Əbrəqunus, Qazançı, Cəhri, Milax və başqa kəndlərinə sığınmışlar. Bu dövrün hadisələri, eləcə də 1923-cü ilin may ayının 10-da Əlirza kişinin və İzzət xanımın ailəsində dünyaya göz aşan Heydər Əliyevin uşaqlıq və yeniyetməlik illəri, gənclik dövrü, həmin vaxtlarda Naxçıvanın ictimai, məişət, təsərrüfat həyatı, təhsil, maarifçilik, elmi-mədəni mühiti, məhəllələrin, küçələrin, yeniyetmə Heydərlə münasibəti və tanışlığı olan şəxslərin adları Elmira xanım Axundova tərəfindən bir etnoqraf dəqiqliyi və məsuliyyəti ilə tədqiq edilmiş, o dövr Naxçıvan mühitinin gözəl etnoqrafik mənzərəsi yaradılmışdır.

Bu kitab hər bir azərbaycanlı oxucu kimi mənim üçün həm də ona görə qiymətli və əzizdir ki, roman-epopeyanın baş qəhrəmanı Azərbaycan xalqının, bütov türk dünyasının bütün tarixi boyu yetişdirdiyi ən böyük şəxsiyyətlərindən biri olan qürur mənbəyimiz, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi Heydər Əliyevdir.

Heydər Əliyev bir-birinə antaqonist olan iki müxtəlif dövrdə fəaliyyət göstərmiş, Azərbaycana rəhbərlik etmiş, istər SSRİ dönəmində, istərsə də müasir dövrümüzdə xalqımıza böyük töhfələr vermiş dahi dövlət xadimidir. Heydər Əliyev həm də xoşbəxt dövlət xadimidir ki, onun qurduğu dövlət, müəyyən etdiyi siyasi-strateji xətt bu gün də uğurla davam edir. Onun Azərbaycan xalqına məşhur 2003-cü il sentyabr müraciətində bir peyğəmbər uzaqgörənliyi ilə söylədiyi - "mənim başladığım, amma sona çatdıra bilmədiyim işləri İlham Əliyev başa çatdıracaqdır. Mən ona özüm qədər inanıram", - sözləri həyatda öz təsdiqini tapdı. Cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan dövləti inkişaf etdi, gücləndi, dünya birliyi sırasında öz nüfuzlu, layiqli yerini tutdu.

Bu kitab həm də mənə onun üçün qiymətlidir ki, kitabın müəllifi Heydər Əliyev kimi nadir şəxsiyyət barəsində yazmağa mənəvi haqqı olan və bunu dəfələrlə sübut etmiş isdedadlı qələm sahibi, həqiqəti hər şeydən ucada tutan, mərd və mübariz bir insan, mənim çoxdan tanıdığım, dostluq etdiyim, şəxsiyyətinə və yaradıcılığına dərin hörmət bəslədiyim Xalq yazıçısı Elmira Axundovadır. 

Elmira xanım uzunillik və məhsuldar fəaliyyətinə görə bir çox titullara layiq görülmüşdür.

Amma mənim fikrimcə, Elmira xanımın ən böyük titulu ümummilli lider Heydər Əliyevin bioqrafı olmasıdır.

Hazırda dünyanın bir çox ölkəsində politologiya elminin heydərəliyevşünaslıq istiqaməti maraqla öyrənilir, bu siyasət dahisinin fenomeni araşdırılır. Məhz Xalq yazıçısı Elmira xanım Axundovanın "Heydər Əliyev: Şəxsiyyət və zaman" roman-epopeyası bu baxımdan da olduqca əhəmiyyətli, tarixi, siyasi, politoloji mənbədir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!