"Səfillər"in "Keçi bayramı"... - Emin PİRİ

 

Bu yaxınlarda Qismətin tərcüməsində Lyosanın "Səfillər" barəsində yazısını oxudum. Hüqo kimi düha üçün hansısa ədibin yazması, tərifləməsi sıradan, şablona çevrilmiş bir adət sayılır. Burada qeyri-adi heç nə yoxdur. Qəribəsi Lyosanın yanaşma tərzidir. Mətndən hiss olunur ki, Lyosanın məqsədi Hüqonun dühasını təsdiqləmək yox, özünə alt qatda bəraət qazandırmaqdır. Fikir versək, burada Hüqodan daha çox, onu tənqid edən Lamartini səhv çıxarmağa yönəlmiş nüanslar var.

"Lamartin uzun essesinin əvvəlində mühafizəkarcasına "Səfillər"i anarxist, ictimai xaosa zəmin yarada biləcək bir əsər kimi görür, ədəbi realizmin dəstəkçisi kimi, yenidən qurmaq iddiasında olduğu gerçəkliklə tutuşdurulanda, bu kitabdakı mübaliğələrə, qüsurlara qəzəblənərək romanla bağlı tərəddüdlərini dilə gətirir. Onun fikrincə, bu əsər "xəyali bir adamı cəmiyyətin düşməni və qurbanı edib". Yazır ki, əslində, "cəmiyyətə qarşı insanı" qoyan bu roman fəlakət gətirə bilər, çünki bu əsər "Fərd"i möhtəşəm bir varlıq kimi təqdim edərkən, insanlar tərəfindən elə insanların özü üçün qurulan cəmiyyəti bütün haqsızlıqların toplusu kimi göstərir".

Mario Varqas Lyosa bir çox hallarda "Keçi bayramı"na görə əxlaqsızlığın təbliği, erotizmin çılpaq verilməsinə görə qınanılıb. Burada xüsusən din xadimlərinin canfəşanlığını qeyd edə bilərik. Çünki bu cür çılpaq yanaşma cəmiyyətdə yüksək təbəqəyə (din xadimləri kimi yüksək statusa sahib olanlar və ya milli dəyərlər deyə cəmiyyəti buxovda saxlayan fırıldaqçılar) inamı sarsıdır, dini inancların buxovlarını kəsir, eyni zamanda anarxist duruma da səbəb ola bilir.

Eynilə "Səfillər"də cahil kütlənin vicdan oyanışı, xəyal etdikləri dünyanı özlərinin qurmaq çabası ön plandadır. Təbii ki, bu da yuxarıda qeyd etdiyimiz kimi, cəmiyyətdə özündə inam hissi yarada, onları hər hansı formasiya, quruluşun devrilməsi naminə alovlandıra bilər. Əlbəttə, yüksək təbəqədə təmsil olunan din xadimlərinin, mühafizəkar kəsimin "haqlı" etirazına səbəb verir. Cahil, savadsız təbəqədə vicdanın bu cür oyanması cəmiyyətdə anarxiyanın yaranması, dəyərlərin məhv olmasıdır. Cəmiyyət inkişafa getməlidirsə, vicdan oyanışı mütləqdir. Hər halda vicdan oyanışının yuxarılardan başlanması daha idealdır. Dağıntısız, xoşbəxt gələcəyə doğru...

Lamartin Hüqonu məhz bunlara görə tənqid edir. Lyosanın dediyi kimi qiymətləndirsək, əslində, onun tənqidi Hüqonun böyüklük tərifinə çevrilib. Təsir əks-təsirə bərabər olub.

..."Bu, (fərq etməz, dini olsun, yaxud siyasi) görəsən, bütün qapalı cəmiyyətlərdə belədirmi? İnancı baltalayır, stabilliyi itirir deyərək romanlara qarşı instinktiv bir inamsızlıq bəsləyən təkcə ispan inkvizasiya deyildi. Dünyadakı bütün diktatorlar azad yaradıcılığın, bədii ədəbiyyatın yayılmasının oturuşmuş sistemi təhlükəyə ata biləcəyinə və intizamı, yəni ictimai normaları dağıda biləcəyinə inanaraq ədəbi əsərlərə senzura tətbiq ediblər. Bu nöqtədə faşistlər, kommunistlər, fundamentalistlər və üçüncü tip ölkələrin hərbi diktaturaları eynidir: onların hamısı bədii ədəbiyyatın xəyalpərəst demokratiyaların zənn etdiyi kimi sadəcə vaxt keçirmək metodu olmadığına, hər an beyində və xəyal gücündə partlayış yaradaraq oxucuları üsyankar müxaliflərə çevirə biləcək intellektual, ideoloji bir saatlı bomba olduğuna inanırlar. 1864-cü ildə Katolik Kilsəsi Lamartinlə eyni fikri bölüşüb Hüqonun romanlarını inanclılar üçün zərərli hesab edərək yasaqlı kitablar siyahısına saldı"...

Keçək Lyosanın daha çox Lamartinin bu yöndə tənqidinə xüsusi diqqət ayırıb Hüqonu cəhdlə haqlı çıxarmaq səbəbinə. "Keçi bayram"ında Lyosa şəhvətli və çılpaq şəkildə Dominikan diktatoru Rafael Truxilionun həyatından, cəmiyyətdə yaratdığı despot idarəçiliyindən, şəxsi həyatından-yatağından bəhs edir. Aydınlatma, həqiqət və s.-dən sonra əsərdə diktatorun xalqın namusu ilə bir növ oynaması şəhvət və çılpaq dolu təsvir olunub. Əxlaqsız fantaziyaları ilə idarə olunan ölkə də, əslində, simvolikdir. Mesaj bu cür idarə olunan bütün məmləkət insanlarınadır. Məhz narazılıq buna görədir. Bu cür əsərləri despot rejimlərinin dağılması üçün təhlükəli hesab edənlər əsərin çılpaq yönlərini qabardaraq bir növ əllərində bayraq edirlər. Bununçün onlar kifayət qədər "aşağı təbəqə"nin insanlarından tərəfdar tapmağı da bacarır.

Lyosanın məhz "Səfillər" üçün essesində, əslində, Hüqonu yox, təhtəlşüur özünü qoruduğunu, özünün vicdanlı yanaşmasının müdafiəsinin şahidi oluruq.  O, "Səfillər"i deyil, özünün "Keçi bayramı"nı və ya gələcəyin "keçi bayramları"nı müdafiə edir, qoruyur. Səfillər" cəmiyyət dağıtmır, aydınladır, eynilə mənim "Keçi bayramı"m da... Bu essenin əsl şüarı budur!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!