Çıxıb gedək bu şəhərdən - Nargis

Demə ki, yoxdur günahı, günahı çoxdur bu şəhərin.

Günahsız göründüyü üçün günahkardır bu şəhər.

Maska taxıb bu şəhər, maskasını gecələr belə çıxartmır, artıq öz üzünü unudub bu şəhər.

Bu şəhərin ən maraqlı süveniriyik biz. Hər yerdə görülmək istənilən, ancaq heç vaxt dərk edilməyəcək olanından. Bu şəhərin ən sevimli oyuncağıyıq biz, bizimlə oynarkən o qəhqəhələrlə güldükcə min dəfə ölənindən.

Alışdım doğrudur, fəqət sevmirəm. Sənin qoxun hopub bu şəhərin ruhuna, sənləşib bu şəhər, bilirsən sənin kimi sirlidir, maskalıdır bu şəhər.

Sənin kimi qoxur, ağlımı ovlayır bu şəhər.

Tanrının göz yaşları belə silə bilmir bu şəhərdən səni, məni və bizdən bizi oğurlayan onu…

Bizim barmaq izlərimizi daşıyır, bizsiz də yaşayır bu şəhər ..

Amma son vaxtlar bezdirib hamını mənim kimi… Yaman aqressivləşib bu şəhər.

Büründükcə bahalı qiyafələrə sənin kimi əslini unudub bu şəhər.

Bəlkə də o da darıxıb sənsiz, bezib uzaqlıqlardan,

Mənim kimi sənsizlikdən üşüyür bu şəhər ….

Gəl gedək bu şəhərdən uzaqlara...

Gedişimiz bəlkə çarə olar aramızdakı  uzaqlara

Məncə,  elə indi gedək bu şəhərdən bir-birimizə daha yaxın olmaq üçün.

Bir-birimizi tapmaq üçün,  ver əlini əlimə gedək bu şəhərdən.

Susursan, susmaq razılıqdır deyiblər, çıxaq gedək bu şəhərdən.

Ağlıma vurub getmək səhərdən,

gedək bu şəhərdən...

Əlini ver əlimə, qorxma gedək bu şəhərdən.

Bilirəm çətindir getmək, öz evini tərk etmək.

Sən evini seçirsən, mən vətənimi.    

Hamı vətənə qayıdır, qucaqla yenə

məni,  mənə qaytar vətənimi.

Qaytar məni vətənimə, nəfəsinlə nəfəs alım.

Məni vətənsiz qoyma, mənlə gedək bu şəhərdən...

Vallah gedək bu şəhərdən!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!