Qeybdə bir tənha vardı... - Sərvaz Hüseynoğlu

Hadini düşünürəm... Hissim düşüncəmə dov gəlir yenə! Həmən yenilirəm bu təsəlliyə:

Bir pünhan sirr yiyəsidi,

Qıymır bəyan olmağa.

Qeybdə bir tənha vardı -

Gedib həyan olmağa...

Hadini düşünürəm; unudulmaz tələbəlik illərimin xatirələrilə baş-başa! Təhsil aldığım universitet binasının üçüncü mərtəbəsindən nakam şairin Gəncə çayı sahilində yer alan qəbirüstü abidəsi apaydın görünürdü. Və hər dəfə auditoriyada Hadidən söz düşəndə hamının "Allahsız Kərim" deyə tanıdığı qocaman müəllim dönüb olurdu dünyanın ən imanlı Allah adamı; dərs otağının geniş pəncərəsindən uzun müddət o tənha abidəyə tamaşa edirdi. Titrək əllərilə cib dəsmalını aramasından bilərdik ki, yenə gözləri dolub. Bilirdik ki, Hadinin sirli məzarının aşkarlanmasında Kərim müəllimin xüsusi əməyi olub. Şahidləri adbaad tanıyırdı. Bu səbəbdən pəncərə önündəki susqunluğu dərs saatının sonunacan davam edirdi. Nağıl başlayırdı bundan o yana: "Bir bəyaz lərzə, bir dumanlı uçuş, Eşqin qeyb eyləyən bir quş kimi qar...".

Gəl ver mənə bir cam də, ey saqiyi külfam,

Ta məst yazım bu sözü əfsanələr içrə.

...Ol gənci-xəfidən bir əsər bilmədim axır,

Canım çürüdü heç yerə viranələr içrə.

"Ol gənci-xəfidən bir əsər bilmədim axır...". Daha çox "Xan Çoban" təxəllüsü ilə tanınan Seyid Əbülqasim Nəbatinin misrasıdı. "Gəzmə, səni tari, belə biganələr içrə" təvəqqesi edirdi, "Oldum yenə rüsva neçə fərzanələr içrə" sıxıntısı çəkirdi, ruhunun "canım çürüdü heç yerə viranələr içrə" təəssüfü vardı... Təbii ki, Nəbatinin bu misraları heç vəchlə Hadiyə həsr edilməyib. Doğum tarixləri arasında 67 illik bir zaman məsafəsi dayanır. Daha öncə Nəbati vardı... Ancaq bütün intizarlı halıyla Nəbatinin bu kövrək misralarında Hadi var.

Nəbati hər dəfə zərif, biri o birini tamamlayan incə cizgilərlə, nöqtələrlə bitirirdi mətləbini. Hadidəsə bu nöqtəli işləmələrin yerini daha çox sual işarələri, nidalar tutur:

...Sərbəst bu gün zülmünü icradə zalım,

Ərbabi-ədalət hanı? Məfalər içində!

Sanki Nəbatini Hadidən ayıran elə də çox olmayan zaman, vaxt məsafəsi arasında üç-dörd, bəlkə də daha çox əsrlərin ayrıntısı dayanır. Nəbati könül dostu güləndamından olsa-olsa, bir cam dolusu mey diləyirdi ki, ta məst yaza bilsin sözünü əfsanələr içrə. Hadidəsə Nəbati şeirinin aşiqanə, lirik ovqatının yerini daha çox ictimai, daha çox siyasi, qlobal mahiyyət kəsb edən dəyərlər tutur. Hadidə cism, könül, qəlb əvəzinə ruh, düşüncə, yaddaş, milli qeyrət duyğusu zəban çəkir. Nəbatinin eşq aləminin divanələr, fərzanələr içrə yalqız dünyasının yerini Hadinin vətənçilik düşüncəsinin qiyamı tutur:

"Lal ol, demə, qanma, gözünü kur elə" derlər,

Gözlü nasıl ömr eləsin əmalar içində?!

Bu yöndən Hadi bütün düşüncəsi, məfkurə aydınlığı ilə yeniləşmənin, istiqlal mücadiləsinin yanındaydı. Daha çox böyük müasirləri Əli bəy Hüseynzadəyə, Tofiq Fikrətə hesablanmışdı. O yerdə ki, ustadı Tofiq Fikrət zülm, istibdad girdabına düçar olmuş soydaşlarının gerçək durumunu

Çeynəndi yazıq millətin ümidi-büləndi,

Qanun deyə torpaqlara sürüldü cəbinlər

Qanun deyə, qanun deyə qanun təpələndi

- misralarıyla anladırdı, o yerdə ki, millətə bir sillə olan mənsəb sahiblərini

Düşsün sənə meyyali-təhəkküm əyilən sər,

Qopsun səni bir haqq deyə alqışlayan əllər

- lənətilə qamçılayırdı, Hadi onunlaydı. Tofiq Fikrəti təqdir edirdi. Və ustadının daş-qalağa məruz qaldığı bir vaxtda "Sərvəti-fünun"da çap etdirdiyi şeirində yazırdı:

...Fikrət, o böyük şairi nəvvari-füsunkar,

Hər təri rübabından uçan nəğməyi-səhhar.

...Ey dəsti-hünər, dəsti ədəb, dəsti rehasaz,

Alqışlayan əllər səni, əlbəttə, qırılmaz!

Tofiq Fikrətin "Yeyin, əfəndilər, yeyin, bu xani-iştaha sizin, doyunca, tıxsırınca, çatlayıncaya qədər yeyin" qəzəbinin, üsyanın davamı kimi Məhəmməd Hadi öz qövmünə qənim çıxanlara acı və istehzalı bir tərzdə qiyam qaldırırdı:

İç, iç nə qədər istərsən qanımı, zalim,

Bir gün görərəm qanını səhbalər içində.

Böyük müasiri və həmyerlisi M.Ə.Sabirin "ülfəti-ünsiyyət" xitabına eyni fikir ucalığından dəstək verirdi:

Həmdəsti-ittifaq olunuz, ey rəfiqlər!

Birlikdə fəth olur sizə babi səadətin.

Məhəmməd Hadi daha çox zəmanəsinin "Vətən şairi" adıyla qiyaslanın Namiq Kamaldan gəlirdi. Rəcanzadə Mahmud Əkrəm, Əbülhaq Hamid Tərxan, Məhməd Akif Ersoy düşüncəsiylə həmzəban idi. Məmləkətinin Əli bəy Hüseynzadə, Sabir, Səhhət, Cavid, Cəfər Cabbarlı silsiləsini tamamlayan məfkurə örnəyiydi.

XIX əsrin tanınan isimlərindən olan Səfiqulu bəyin

Çağırdım uca avaz ilə: - Leyla, Leyla,

Dağ səs verdi cavabında ki, Məcnun, Məcnun

- beytinin aşiqanə ovqatı Hadiyə öz dövrünün qaranlıq, biganə aləmini təsvir etmək üçün dolğun fon verirdi və Səfiqulu bəyin bu beytindən çıxış edərək yazırdı:

Dağa dersən eşidir, sonra verir əks-səda,

Daşa dönmüşlərə əks eyləmədi fəryadım.

Və bu məqamda Səfiqulu bəy də, Məhəmməd Hadi də eyni dərəcədə Füzuliyə tapınır, Füzulidən gəlirdilər...

Şamaxıda doğulmuşdu. Gəncədə qeyb olmuşdu. Ömür kitabı 1937-ci ildə Müşfiq taleyi, Müşfiq qədəriylə tamamlandı. O gündən-bu günə "qərib bir haray var, gəzir dünyanı - görən harda qaldı anası ölmüş?!".

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!