Niyazi MEHDİ
Məhəmməd Hadinin yaradıcılığını düşünmək istəyəndə cavabı çətin suallarla üzləşirsən. Gündəlik yaşamında bu qədər uğursuzluğa düşən adamda vətən sevgisi haradandır? Ürəkdən gəlir, yoxsa şeiri yüksək mətləblərdən etmək istəyi "vətən sevgisi" ilə oynayır? Bəs vətənin hürriyyəti nə məsələdir onun şeirlərində, doğrudanmı azadlıq sevgisindən gəlir, yoxsa şeirinə siyasi qırım vermək istəyindən gəlir? Şeiriyyəti ərəb-fars sözlərinin, fars izafətlərinin intonativ cizgilərində görən Hadidə vətənin və ulusun modernləşməsinə yönəlik istək nələrdən qaynaqlanırdı? Hərçənd eyni sorunu Əli bəy Hüseynzadəyə də vermək olardı. Bu sualları düşünüb hələ cavabı tapmayan mən Elnarə Akimovanın bir məqaləsinə rast gəldim. Ondan bir parçanı verim:
"Bilirsinizmi nədir, məncə, nüxbeyi-amal?
Könüldəki əməlim millətin səadətidir...
Ey Vətən! Ey pəriyi-vicdanım!
...Səni sevmək deyilmi imanım?".
Elnarə xanım bu tip Hadi misraları üstünə yazmışdı:
"Hadi vətəni sevməyi imanına çevirdi. Vətən haqqında ən gözəl şeirlərin müəllifi kimi yazdı adını milli ədəbiyyat tarixinə. Hadiyə qədər sevgi obrazının bütün çalarları işlənmişdi ədəbiyyatda. Bütün dərinlik ölçülərində gətirilmişdi poeziyaya. Tək Füzuli faktoru kifayət edir fikrimizi əsaslandırmağa. Amma vətəni iman kimi, ömür kimi sevmək təlimi ilk dəfə Hadinin şeirlərindən saçıldı poeziyaya. Hadi toplumdan millətə aparan yolun şairi kimi doğuldu, bu amal uğrunda yaşadı, bu ideya yolunda ömrünü var etdi.
Bizim Aristotel məntiqi ilə korlanmış bilincimizdə belə bir qəlib var ki, olmalı olan nə varsa, onun xeyrinə sübutlar da olmalıdır. Yəni "vətəni sevməliyik" buyuruğu varsa, bunun sübutu da olmalıdır. Məntiqin belə mütləqləşdirilməsinə mən bilincimizin Aristotel məntiqi ilə korlanması deyirəm. Vaxtı ilə imanı və bilimi Avqustin tutuşduranda birincinin xeyrinə onu demişdi ki, hətta sübutlar tələb edən elm də aksiomalardan, postulatlardan başlamalı olur. Bu axırıncılar isə sübut əsasında yox, inam əsasında qəbul edilir.
Dünya düşüncəsində bu anlamda panloqisizmə çoxlu "əmmalar" qoyulub. Kant "nəyə görə mən əxlaqlı olmalıyam" sorusuna cavab axtaranda bundan xeyir götürməyi təməl prinsipi düzəldənlərə deyirdi: sən umacaqla yaxşılıq edirsənsə, bu, davranışın əxlaqi deyil. Əxlaqlı adam borc duyğu-düşüncəsindən itələnib yaxşılıqlar edəndir, bundan, hətta ziyan çəksə də.
Mən bir dəfə yazmışdım ki, biz Azərbaycanı yaşamaq üçün sərfəli məmləkət etsək, heç bir milli ideoloji olmadan da adamlar Azərbaycanı sevəcəklər. Konkretləşdirmişdim ki, yaşamaq üçün sərfəli məmləkət təkcə yaxşı dolanışıq deyil, haqların qorunması, düşüncə özgürlüyü və s.-dir. Ancaq boynuma alıram, bu "gözəl" məsləhətim kütlə insanı üçün idi. Bir də var seçmə adamlar ki, borc düşüncəsindən çıxış edərək dillərini, vətənlərini sevirlər. Nə sovetləşmə aşamasında, nə də ondan qabaq Azərbaycan yaşamaq üçün sərfəli məmləkət deyildi. Ancaq Hadi kimi düşünənlərimizin vətən sevgisi umacaqsız idi. Üzümü yığnaq adamlarına yox, mənəvi adamlara tutub soruşuram: biz nəyə görə Azərbaycanı sevməliyik? Ona görə ki, gözəl təbiəti var? Azərbaycandan da gözəl təbiəti olan yerlər var. Ona görə ki, Azərbaycan insanı gözəl, yaxşı insandır? Ondan da gözəli, yaxşısı var. Biz Azərbaycanı vətənimiz olduğu üçün sevməliyik.
Bəzi gənclərə elə gəlir ki, İslamı sevməyin əsasında bu sübut durmalıdır ki, o ən doğru-düzgün, ən təmiz dindir. Bir TV tok-şousunda Rəhman Bədəlov qızıl sözlər demişdi: İslamı sevmək üçün niyə sizə sübut lazımdır ki, ən düzgün din odur?! Dininiz olduğu üçün sevə bilmirsiniz?!
Mənim əlavəm: biz ata-anamızı sevmək üçün bəyəm sübuta gərək duyuruq ki, onlar ən yaxşı adam olmalıdırlar?! Bax, bu kontekstdə mən Elnarə xanımın məqaləsində Hadinin vətən sevgisini vurğulamasında fəlsəfi məqam gördüm. Vətən sevgisi iman olanda ona gücləndirici, əsaslandırıcı sübut gərəkmir. Hadinin vətənçiliyi iman kimi orijinal idi və o çağkı başqa yazarlarımızın, düşünərlərimizin vətənçiliyinə yeni əlavələr idi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!