Əzizim Kolya. Ayın 10-da mən Slepnevoya gəldim. Lyovuşka sağlam, şən və olduqca mehribandı. Buradakı hava və işlər haqqında yəqin ki, anan sənə yazmış olar. "Novaya slova"nın iyul nömrəsində Yasinski məni xeyli tərifləyib. Çalışıram, qonşularla qarşılaşmayım, amma onlar olduqca şirindirlər. Bir neçə şeir yazmışam, hələ ki, heç kimin xəbəri yoxdu, amma şükür Tanrıya ki, bu, məni az kədərləndirir. İndi növbə sənindir. Peterburqdakı au courant1 işlərdən və ədəbi fəaliyyətindən danış. Yaz görüm, nə xəbərlər var? Jamm bura gəlmişdi. Əldə edən kimi, poçtla sənə göndərəcəyəm. Bağışla ki, Znoskinin məktubunu konvertin çəkidə az gəlməsi üçün çap etməli oldum. Çulkov karandaşla yazılmış bir neçə söz göndərib.Onun vəziyyəti yaxşı deyil, mənə elə gəlir ki, biz onu bir də görməyəcəyik. Sən Slepnevoya geri dönəcəksənmi? Yoxsa avqustun əvvəlindən Peterburqda olacaqsan? Tezliklə mənə hər şey haqqında yaz. Sənə yeni şeirlərimin qaralamalarını göndərirəm və səbirsizliklə təzə xəbərlərini gözləyirəm. Öpürəm.
Sənin Anyan.
1 - xəbərdar olduğun (fransızca)
17 iyul 1914. Slepnevo
Əzizim Kolya. Anan sənin məktubunu mənə göndərdi. Bu gün artıq bir həftədir ki, Slepnevodayam. Darıxdırıcıdır, hava soyuyur, erkən payızı hiss edirəm. Bütün günü divanda uzanıram, az halda mütaliə edirəm, tez-tez şeir yazıram. İndi birini sənə göndərirəm, mənə belə gəlir ki, o, öz mövcudluğunu saxlamağa layiqdir. Düşünürəm ki, payızda pulla bağlı çətinliyimiz olacaq. Məndə heç nə yoxdu, yəqin ki, səndə də. "Apollon" qəpik-quruş verir. Bizə isə avqustda bir neçə yüz rubl gərək olacaq. "Çetok"dan müəyyən qədər ala bilsək yaxşı olar. Bütün bunlar məni olduqca narahat edir. Xahiş edirəm, əşyaların girov qoyulduğunu unutma. Əgər mümkünsə, onlara görə olan borcu ödə və gizlətmək üçün kiməsə ver. Görəsən, Çukovski akmeizm haqqındakı məqaləsini mühazirə kimi oxuyacaqmı? Axı o, bunun da öhdəsindən uğurla gələr... "Russkaya mısl"ın iyul sayını xoş hisslərlə gösləyirəm. Çox güman ki, orada Valere məni dara çəkəcək. Yaşadığım kədərlər haqqında düşünür və barışıram.
Mənə yaz, Kolya, şeir də göndər. Sağlıqla qal, əzizim!
Öpürəm!
Sənin Annan.
Lyovuşka sağ-salamatdı və əməlli-başlı danışır.
***
Nikolay Qumilyovun Anna Axmatovaya məktubları
10 iyul 1914
Əziz Aniçka, sənin məktubunu Tsarskoselski vağzalında ala biləcəyimi düşünürdüm, amma alınmadı. Sən məni unutmusan, yoxsa artıq Derajnedə deyilsən? Libava məni lap təngə gətirdi və budur, artıq Teriokadayam. Çukovski, Yevreyinov, Kulbin, Lozinski yaxınlıqda yaşayırlar, sonuncunun bu gün-sabah övladı dünyaya gələcək. Teatr var, teatrda Gibşman, Sladkopevtsev, L.D.Blok var. Teatrın direktoru Mqebrovdur (zabit).
Çukovskigildə bütün gün qaldım; o, mənə akmeizm haqqındakı gələcək məqaləsinindən bir hissəni oxudu, olduqca gözəl və mülayim dillə yazılıb. Amma bu, sadəcə bir hissə idi, axı aynanın digər üzü də var! Dünən Mayakovski ilə söhbətləşdik, uzun və qızğın söhbət getdi. Biz gah az qala öpüşür, gah da az qala dalaşırdıq. Deyəsən o, belletristik şöbə yaratmağa çalışacaq və başqa yaxşılığa doğru dəyişikliklər edəcək. Avqustun əvvəlinə kimi vaxt istədim. Baxarıq! Mən rus poeziyası haqqında yeni məktub yazıram - Kuzmin, Balmont, Borodayevski, bəlkə daha kimlərinsə yaradıcılığını əks etdirəcəyəm. Sonra Afrika incəsənəti haqqında məqalə yazmaq istəyirəm. Şeir yazacağım zamanı gözləyirəm.
Deyəsən, mənim melonxoliyam yox olur. Yaz mənə, əziz Aniçka, Teriokidə (Finlandiya) yerləşən "İdeal" kafesinin ünvanını göndər. Bu kafedə günü bir rubla otaq kirayələmişəm, düzü, pis deyil.
Demək, məktub gözləyirəm, hələlik isə ürəkdən öpürəm səni.
Sənin Kolyan.
İnna Erazmovnanın əllərindən öpürəm.
***
17 iyul 1914
Əziz Aniçka, bəlkə mən bu məktubla eyni vaxtda gəldim, bəlkə bir gün sonra. Atları nə vaxt göndərmək haqqında teleqrafla xəbər verəcəyəm. Vaxtımı olduqca yaxşı keçirdim, Mandelştamla birlikdə musiqi ilə məşğul olduq, Qorodetski ilə nümayişlər etdik, bir hekayə yazmışam, indi onu satıram. Hamını öpürəm. Tezliklə görüşərik.
Sənin Kolyan.
***
6 sentyabr 1914
Əziz Aniçka (xəttimin əyri olmasına görə bağışla, elə indicə at üzərində məşq edirdim - bu, olduqca yorucudu), səni qələbə münasibətilə təbrik edirəm. Düşünürəm ki, bunun nəticəsi möhtəşəm olacaq və bəlkə də biz yeni ili əvvəlkitək birlikdə qeyd edəcəyk. Mənim çaparım olduqca zirəkdi və deyəsən, ucaboylu, qara, Çernozem adlanan atı özünə öyrəşdirə biləcək. Hər ikimiz sağ-salamatıq, amma olduqca darıxırıq. Dərs gündə iki dəfə keçirilir, saat yarım, iki saatlıq, qalan vaxtı sərbəst oluruq. Amma nə iləsə məşğul olmaq mümkün deyil, yəni yazmaq-filan. Çünki qonaqların əlindən sakit qalmaq olmur. Samovar masadan götürülmür, şahmatımız günün iyirmi dörd saatı məşğuldur, əksər hallarda insanlar xoş rəftar olsa da, bütün bunlar olduqca darıxdırıcıdır.
Nəhayət, bu gün biz vaxtımızı tilovla keçirmək qərarına gəldik, bilmirəm köməyi dəyəcəkmi. Bizim darıxmağımızı hər kəs bölüşür və hamı hərbə can atır, ilahi qüvvə kimi. Mən artıq payızı hiss edirəm və yazmaq istəyirəm. Amma bilmirəm, alınacaqmı...
Səni, anamı, Lyovanı və hamını ürəkdən öpürəm.
Sənin Kolyan.
***
10 oktyabr 1914
Əzizim Aniçka.
Mən artıq əsl cəbhədəyəm, amma hələ ki, döyüşmürük və nə zaman başlayacağımız məlum deyil. Bizə ancaq gözləmək qalır, amma indi bir əlimizdə tüfəng, digərində sıyrılmış qılııncla dayanmışıq. Mən artıq bizim göbələk və moruq yığdığımız sayaq fransız güllələri toplayan qadına uyğun həyat yoldaşı olduğumu hiss edirəm. Bu sitat məni sənin poemanı tezliklə yazıb mənə vermək haqqındakı vədini xatırlatmağa məcbur edir. Darıxıram. Balaca bir şeir yazmışam, sənə göndərirəm, istəsən sat, istəsən kiməsə oxu. Mən buradakı kritik vəziyyətlərdə istedadımı itirirəm, ona görə də yazdığımın yaxşı və ya pis olduğunu bilmirəm.
Mənə məktub göndərmək üçün xidmət etdiyim alaya, əlahəzrətin eskadronuna yaz. Məktublar olduqca səliqəli şəkildə gəlib çatır.
Mən əməlli-başlı sağalıram: bütün günü açıq havadayam (hava da gözəl və istidi) at çapıram, gecələr isə ölü kimi yatıram. Bura çoxlu yaralı gətirirlər, deyim ki, insanları romanlarda yazıldığı kimi sinədən, başdan deyil sifətdən, əldən, ayaqdan yaralayırlar.
Bizim ulanlardan (Ulan - süvari dəstənin əsgəri - X.N.) biri şahə qalxarkən güllə yəhəri dəlib keçdi, bir saniyə gec, ya tez yaralanacaqdı.
İndi biz təsadüfən elə yerdə dayanmışıq ki, yazmaq asandır. Amma tezliklə yerimizi dəyişəcəyik və o zaman yazmaq çətinləşəcək. Amma işdi, məndən xəbər gəlməsə, siz heç narahat olmayın. Üç nəfər döyüşçü sənin ünvanını bilir və mənim başıma bir iş gəlsə, dərhal sənə yazacaqlar. Yəni məktub yazmamağımın səbəbi mənim səfərdə olmağım olacaq, sağ-salamatam, lakin yazmağa yer və vaxt yoxdur. Amma əlbəttə ki, mümkün olan kimi yazacağam.
Öpürəm səni, mənim əziz Aniçkam, anamı , Lyovanı və hamını. Balaca Kolyaya yazın ki, mən birinci döyüşdən sonra ona yazacağam.
Sənin Kolyan.
***
6 iyul 1915
Əzizim Aniçka, nəhayət ki, sənin məktubunu aldım, amma deyəsən bu, ikinci məktubundu, birinci hələ gəlib mənə çatmayıb. Mənsə gör sənə neçə dəfə mənə yazmadığını düşünüb məzəmmət dolu məktublar göndərmişəm, bağışla məni. Sənə yeni cəbhəyə gəldiyimizi yazmışdım. Biz ehtiyatda idik, amma dörd gün əvvəl qarşımıza döyüş diviziyasını çıxardılar və biz işləri qaydasına salmalı olduq. Dünən hər şeyi həll edib qurtardıq, düşmənlərdən bəzisini məhv etdik, indi isə yumşaq otun üzərində uzanmışıq və albalı yeyirik. Avstriyalılarla döyüşmək almanlarla döyüşməkdən asandı. Onlar iyrənc atıcıdırlar. Dünən bizim təyyarəmizə güllə atanda gülməkdən qəşş edirdik.
Mərmilər beş verst kənarda dolaşırdı. İndi müharibə maraqlıdı, yürüş zamanı yaranan toz və tayada uzandığın zaman yağış yağması isə kədərlidir. Amma hər ikisi az hallarda baş verir. Sağlamlığım əla vəziyyətdədir.
Mənə Soloquba (Fyodr Soloqub - rus şairi və yazıçısı - X.N.) məktub yazmaq tapşırığı da vermisən. Ona məzəli sözlər yazmağım üçün elə dil tökmüsən ki, hər sözün üstündə əsmişəm - bilmək olmaz, həmin sözlər qocaya necə təsir bağışlayacaq. Amma yenə də yazdım və nüsxəsini sənə göndərirəm. Ən yaxşısı həqiqəti söyləməkdi, yalan deməyi bacarmadım, görünür müharibə adamı səfehləşdirir.
Əslində, onun məktubu məni sevindirdi, amma nə üçün yazdığını bilmirəm. Yəqin ki, səbəbsizdi. Ümumiyyətlə, düşünürəm ki, bu məktub onun şəxsən mənə qarşı etdiklərinin kompensasiyasıdır, amma "akmeistlərdən uzaq dayanmaq" arzusu hələ ki, əff edilməyib.
Niyə mənə yeni şeirlərindən yollamamısan? Homerdən başqa heç bir şeir kitabım yoxdu və sənin yeni şeirlərin məni çox sevindirərdi. Bütün günü "o haradadır, onun gözlərinin şən, boz rəngli ulduzları haradadır" deyə təkrarlayıram və bu zaman sənin haqqında düşünürəm, həqiqi sözümdü.
Mən özüm heç nə yazmıram - yaydı, müharibədi və yazmağa yer yoxdu, komalar kiçikdi və ağcaqanadla doludu.
Lvyonoku öp, onu tez-tez xatırlayıram və çox sevirəm.
Sentyabrın sonu çalışacağam yenə gəlim, bəlkə yenidən "Kolçan"ı nəşr etdim. Amma kağız tapılacaqmı, əsas məsələ budur.
Öpürəm səni, əzizim. Anamı və hamını öp.
Bir də ki, zəhmət olmasa mənə Mitya və kiçik Kolyanın məktub yazmaq üçün ünvanlarını yaz. Mən Berezinski alayının nömrəsini unutmuşam.
Həmişəlik sənin olan Kolyan.
Rus dilindən tərcümə edən: Xatirə NURGÜL
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!