Hadinin sonacan yaşaya bilmədiyi sevinc - ANAR yazır

 

Məhəmməd Hadi, sanki bütün ömrü boyu bədbəxtliyə məhkum idi. Yeniyetməlik və gənclik illərində mükəmməl təhsil almaq arzusunu həyata keçirməyə nail  olmasa da, sonradan özünün yorulmaz səyləri nəticəsində dövrünün ən savadlı şəxslərindən biri olmuşdu. Onun təhsilə, elmə və maarifə canatımı keçilməz kor dalana dirənirdi. Bu, onun  kədərli misralarında əksini tapıb:

Varmı bundan yuxarı uçmağa istedadım?

Qabiliyyət pərimə zəxm vurub ustadım.

Oxumaqçün nə qədər dadü-fəğan etdimsə,

Olmadı zərrə əsərbəxş şu istimdadım.

Dağa dersəm eşidir, sonra verir əksi-səda,

Daşa dönmüşlərə əks eyləmədi fəryadım.

Təkcə yaradıcılığında deyil, həyatında da romantik olan Hadi Türkiyədəki inqilabi hadisələrdən ruhlanaraq 1910-cu ildə İstanbula gedir, lakin burada onu həbs edir və "rus casusu" kimi Salonikə sürgün edirlər. O, yalnız 1914-cü ildə sürgündən qurtulmağa və vətənə qayıtmaq üçün gəmiyə minməyə nail olur. Ancaq gəmi yunanların əlinə keçir və bu dəfə onu türk casusu hesab edirlər. Hadi çətinliklə xilas ola bilir.

Şairin ən məşhur beytlərindən biri bu iki misradır:

İmzasını qoymuş miləl övraqi-həyatə,

Yox millətimin xətti bu imzalar içində.

Hadinin taleyindəki dəhşətli paradoks bundadır ki, nəhayət, sanki arzusu gerçəkləşdiyi, Azərbaycan öz müstəqilliyini bəyan edib, "xətti imzalar içində" yer aldığı zaman artıq qırx yaşı haqlayan Hadi bu sevinci sonadək duya bilmədi. Həyatın ağlagəlməz məşəqqətləri onu alkoqola aludə etdi. Müasiri Hüseyn Cavid kədərli bir epizodun şahidi olmuşdu - günlərin birində çörək, ya içki üçünmü pul qazanmaqdan ötrü küçədə şeirlərini satan sərxoş şairə rast gəlmişdi... Tarixdə tez-tez təkrarlanan hal bir daha təkrarlanırdı - azadlıq və müstəqilliyə təşnə olanların arzusu gerçəkləşdiyi zaman  özləri bu azadlıq havası ilə sinə dolusu nəfəs ala bilmədən yanıb kül olurlar.

Onun qəbri də uzun müddət tapılmadı. Amma Hadinin bədbəxtlikləri bununla bitmir. Talesiz şairin daha bir bədbəxtliyi onun ədəbi qismətindədir. Məsələ burasındadır ki, Hadinin ərəb, fars söz və ifadələri ilə bol olan əsərləri elə mürəkkəb bir dildə qələmə alınıb ki, müasirləri onu anlamaqda çətinlik çəkirdilər, bu gün isə mütəxəssislərdən başqa anlayan yoxdur. Çıxış yolu varmış kimi görünür - onun misralarını müasir ahəngə uyğunlaşdırmaq, sadələşdirmək, müasir oxucu üçün anlaqlı vəziyyətə gətirmək.  Lakin burada Hadinin uğursuz ədəbi taleyinin başqa bir özəlliyi də gizlənib. Bunu incə ədəbi həssaslıqla görkəmli şairimiz Ramiz Rövşən duyub. Hadinin şeirləri sadələşdiriləndə təkcə mübhəmliyini, örtülülüyünü, qeyri-müəyyənliyin cazibəsini, sehrini deyil, çeynənmiş fikirlərə çevrilərək müəyyən mənada mahiyyətini də itirir.

"Hadinin qeyri-adi dərəcədə mürəkkəb görünən misralarının dərin və sakral sətiraltı mənası yoxdur, - yazır Ramiz Rövşən. " O misralardakı fars və ərəb sözlərini dilimizə çevirib, sadə, anlaşıqlı bir dilə gətirsək, hər bir məktəblinin o şeirləri çox gözəl anlayacağına mən inanıram. Sözün düzü, səksəninci illərin əvvəlində mən özüm belə bir fikrə düşmüşdüm, Hadinin sevdiyim şeirlərindən bir-ikisini sadələşdirməyə çalışmışdım və bu vaxt qəribə bir mənzərənin şahidi oldum: o şeirlər sadələşdikcə dayazlaşırdı. Sən demə, Hadinin şeirlərinin cazibə qüvvəsi, həm də onun dilinin qəlizliyindəymiş. Doğrudanmı, Hadinin şeir dilinin qəlizliyi bir şair kimi onun bədbəxtliyidir? Sözün düzü, bu suala birmənalı cavab vermək mənim üçün çətindi".

Bu sözlər Ramiz Rövşənin "Tanrı casusu" essesindən götürülüb. Hadinin gah rus, gah da türk casusu kimi həbs edilməsini xatırlayaraq, müəllif onu "Tanrı casusu" elan edir və essesini belə bir inamla bitirir ki, Tanrıdan şair olan Hadi elə yazırdı ki, Tanrı özü onu asanlıqla anlayırdı...

Neynək, qarabəxt şairin taleyinə üz tutarkən bununla təsəlli tapaq.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!