Müasirləri ilə müqayisədə az öyrənilmiş, uzun illər tədqiqatlardan kənar qalmış İbrahim Məşədi Əbdül oğlu Musayev (Qarabaği) (1869-1943) XIX əsrin axırı, XX əsrin birinci yarısında yaşamış, mövzu, mündəricə, forma baxımından zəngin və çoxcəhətli yaradıcılığa malik olan təbirəvan Azərbaycan şairlərindən biridir.
İbrahim Tahir XX əsrin 20-ci illərinin ortalarına qədər Şuşa şəhərində yaşamış, Şuşanın "Nərimaniyyə", "Bünyadiyyə", "Kamaliyyə" və Şuşa birinci qızlar məktəbində tarix müəllimi olmuş, Bakıya köçdükdən sonra nəşriyyat sistemində işləmiş, daha çox tərcüməçilik fəaliyyəti ilə məşğul olmuşdur.
Dövrünün Cəlil Məmmədquluzadə, Əhməd bəy Ağayev kimi görkəmli ziyalıları ilə sıx dostluq əlaqələri olan İbrahim Tahir XX əsrin otuzuncu illərində fars-tacik şairi Əbülqasim Firdovsinin "Şahnamə" epopeyasından "Rüstəm və Söhrab dastanı", "Səd Vəqqasın İrana hücumu", "Qubad ilə Məzdək dastanı", "Sultan Mahmud haqqında həcv" hissələrini uğurla dilimizə tərcümə etmişdir. Bunlarla yanaşı, o, keçən əsrin 30-40-cı illərində Azərbaycan klassiklərindən Xaqani Şirvani, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, fars şairlərindən Ömər Xəyyam, Hafiz Şirazi və özbək mütəfəkkiri Əlişir Nəvainin də əsərlərinin müəyyən qismini Azərbaycan dilinə çevirmişdir.
***
Qarabağ ədəbi mühitinin yetirməsi olan İbrahim Tahirin adına bir şair kimi ilk dəfə Mir Möhsün Nəvvabın "Təzkireyi-Nəvvab" adlı əsərində rast gəlirik. M.M.Nəvvab yazır: "Tahirin adı İbrahimdir. Bu təzkirə yazılan vaxt 22-23 yaşı var idi. Xoş əhvallı, düz əxlaqlı bir cavan idi.... Farsca savadı var.... Təxəllüsü Tahirdir". M.M.Nəvvab təzkirəsinə İ.Tahirin farsca 22, Azərbaycan dilində isə 4 şeirini daxil etmiş, sonluqda belə bir cümlə yazmışdır: "Tahir Qarabağinin əşarı tamam oldu. 1309-cu il". Bu tarix Miladi təqviminin 1891-ci ilinə uyğun gəlir.
Cavan yaşlarından Azərbaycan və fars dillərində şeir yazmağa başlayan İbrahim özünə "Tahir" (ərəbcə təmiz, pak) təxəllüsünü seçmiş, 1903-cü ildən başlayaraq XX əsrin 30-cu illərinə qədər "Şərqi-rus", "Füyuzat", "Dəbistan", "Molla Nəsrəddin", "Tərəqqi", "İrşad", "Sədayi-həqq", "Yeni kənd", "Yeni yol" və s. mətbuat orqanlarında "İbrahim Musayev", "İbrahim Tahir", "İbrahim Tahir Qarabaği", "İbrahim Tahir Şuşi", "Nofəl" imzalarını işlətməklə şeir və məqalələrlə çıxış etmişdir.
Digər müasirlərindən fərqli olaraq, hansı səbəblərdənsə zəngin və çoxcəhətli yaradıcılğa malik olan İbrahim Tahirin nə poetik irsi, nə də publisistikası sağlığında kitab halında nəşr olunmamış, yalnız ölümündən 70 il sonra poetik əsərləri müxtəlif mətbuat orqanları və arxivlərdən toplanaraq işıq üzü görmüşdür (İbrahim Tahir. Əsərləri. Bakı: "Elm və təhsil" nəşriyyatı, 2013).
Üslub etibarilə romantiklərə, daha çox romantizmin maarifçilik qanadına yaxınlaşan İbrahim Tahir lirik şairdir. Əsərlərinin böyük bir qismini sayı 815-ə çatan müxtəlif mövzularda yazdığı qəzəllər təşkil edir. Qəzəllərindən göründüyü kimi, fars dilinə, Şərq tarixinə, ilahiyyat elmlərinə, klassik şeir ənənələrinə, əruz vəzninin qayda-qanunlarına dərindən bələd olan İbrahim Tahiri qeydsiz-şərtsiz M.Füzuli ədəbi məktəbinin istedadlı nümayəndələrindən biri hesab etmək olar. M.Füzuliyə böyük məhəbbət bəsləyən, ona həm xüsusi şeir həsr edən, həm də bir sıra qəzəllərini təxmis edən şairin qəzəllərinin əksəriyyəti məhəbbət mövzusundadır.
İbrahim Tahirin məhəbbət mövzulu qəzəlləri həm dil, üslub, həm də məzmun və sənətkarlıq cəhətdən klassik poeziyanın kanonlarına tamamilə cavab verir və onu qəzəl ədəbiyyatının ustad sənətkarlarından biri hesab etsək, heç də yanılmarıq.
"Əhli-nam ilə sitəmpişəlik ağaz etmə,
Bəşəri-dövrəyi üsyana sitəmdir gətirən",
- deyən İbrahim Tahirin qəzəllərinin müəyyən qismini ictimai məzmunlu əsərlər təşkil edir. İbrahim Tahirə görə, insana səadət yolunu göstərən, onu xoşbəxtliyə aparan vətən məhəbbətidir. İnsan illərcə qürbət ellərdə gəzsə də, onun son məskəni yenə də vətən torpağıdır. Vətənin qəmli, müsibətli torpağı belə, yad məmləkətlərin cənnət misallı yerlərindən yaxşıdır.
Vətən İbrahim Tahirin qəzəllərində əsas obrazlardan biridir.
"Vətən, vətən" deyə qaldım diyari-qürbətdə", - deyən şair vətənsizliyi, qürbət sıxıntılarını məzarla, qəbir evi ilə müqayisə edir və qürbətdə yaşamağı körpə ikən anasını itirmiş insanın halına bənzədərək yazır:
Töküb də əşki-təhəssür vətən fəraqında,
Çocuq kimi gəzərəm biqərar qürbətdə.
İlahi, eylə tərəhhüm, vətəndə canını al,
Rəva deyil yata Tahir məzari-qürbətdə.
Bir maarifçi olaraq İbrahim Tahir əsərlərində tərbiyə məsələlərinə də böyük önəm verir, həqiqəti və mərdliyi əxlaqın ən bəyənilmışlərindən biri hesab edərək yazırdı:
Kəlami-həqqi dərk eylə, burax bihudə göftarı,
Həqiqətkarı axtar,
tap qulami-həlqəbərguş ol.
Həqiqəti şəfa, sağlamlıq tutiyəsi hesab edən şair qeyd edir ki, hər bir işdə həqiqət əhlini, doğru danışanı şahid göstərmək lazımdır ki, xalaq qəflət yuxusundan oyanaraq "çeşmi-intibah"la baş vermiş və baş verə biləcək hadisələrdən baş çıxara bilsin.
"Haqqımızı necə, hansı dil və yol ilə almalıyıq?" sualını verən şair qeyd etməyi lazım bilir ki, xalq, millət nə qədər səfalət və maarifsizliklə üz-üzə gəlsə də, gözü açıqdır və o, yaxşı ilə pisi, doğru ilə yalanı seçməyi bacarır. Sadəcə, doğru yolu göctərmək, hüququnu anlamaq üçün ona yardımçı olmaq, həqiqəti söyləmək lazımdır. "Batində əmri-şərə havadar olub" zahirdə həqiqəti inkar edənlərin xalq arasında qədr-qiyməti yoxdur və ola da bilməz. Çünki:
Ol kəs ki kəndi nəfi üçün satsa milləti,
Fikr eyləmə ki, nail olar arzusuna.
Millət yolunda eyləməyən bəzl canını,
Axırda zəhri-qəm dolacaqdır səbusuna.
Bəxtindən və zəmanədən giley və bu giley-güzarın ictimailəşdirilməsi İbrahim Tahirin lirikasında aparıcı xətlərdən birini təşkil edir. "Ey xamə, qəm fütadəsiyəm, çoxdu nisgilim, Yaz qan ilə kitabə sər dastanımı", - deyən şair yaşadığı əsri düşüncələrinə, normal insan yaşayışına müqabil görmədiyindən təkcə öz həyatından yox, bütün kainatdan küsdüyünü dilə gətirir və bunun səbəbini də onunla bağlayır ki, "sifati-zahidi-xudbini öz gözlərimlə görüb" gözümün yaşları ilə "Dəclələr icad" etsəm də, zaman arzularıma müvafiq olmadı.
Yaşadığı əsrdə "cahan mülkündə çox viranələr"in və insanların daha çox "əhli-nifaq" olmasından, mərdlərin yoxluğundan gileylənən, "hər tərəf divanələrdir, bir nəfər fərzanə yox", - fikrini irəli sürən şair nədən insanın hürriyyətə meyil etməkdənsə, bu qədər müşkülpəsənd olub tənəzzülə, zülmə aşiq olmasının səbəbini anlamadığını dilə gətirir.
Havada quşlar uçuşduqca hürr, xəvatir şad,
Səbəb nədir bu qədər qeydü bənd olur insan?
- sualı ilə həməsrinə xitab edən İ.Tahir bunun səbəbini acizlik, qorxaqlıq və cahillikdə görərək fikrini belə yekunlaşdırır:
Fəqirlik ədəmi-mal ilə deyil, Tahir,
Olursa cahil əgər müstəmənd olur insan.
"Gülxənləri andırmadadır bəzmi-maarif", - fikri ilə çıxış edən şair həməsrinə xatırladır ki, dünyaya gələn insanın məqsədi günah işlərdən uzaq durmaq olduğu halda, o, elm, ədəb, mərifət kəsb etməyib Allahı və din tərəfindən onun boynuna qoyulmuş haqq işlər görməyi unudaraq yamanlıqların əsiri olur. Yamanlıqlardın qurtulmaq üçün yol varmı? Şairin fikrincə, belə bir yol var və onun əvvəli məktəbdən başlanır.
Cəhaləti millətin və məmləkətin bədbəxtliyinin bir əlaməti, maarifi insanları bütün nöqsanlardan azad edəcək bir yol hesab edən İ.Tahir kitabı ölülərə can, ruh verən İsa nəfəsinə bənzədir. O, elmin, sənayenin firənglərin - avropalıların fitrətində olduğu fikrini irəli sürənlərlə qətiyyən razılaşmır və məmləkətindəki insanların avropalılarla müqayisədə geridə qalmasının səbəbini onların elmdən, məktəbdən, maarif və sənayedən uzaq tutulmalarında, onlara dünayanın bu gözəl nemətlərdən istifadə üçün şərait yarada bildikləri halda, bilərəkdən şərait yaratmayanların əməllərində görür.
Nədir bunca ədavət cinsi-lətifi
həbs etmədən hasil,
Məgər süd əmməmiş xilqətcə
bir püstandan insanlar?
- deyə insanlar arasında ayrı-seçkiliyə, qadınların kişilərlə hüquqca bərabər tutulmamasına etiraz edən şair "Nə baisdir belə dili-sərd olub irfandan insanlar?" sualını verir.
"Vücudi-elm əgər olmasaydı aləmdə, məxluqun çöhrəsini cəhalət tozu örtərdi" fikrində olan İ.Tahir "Qələm", "Nə desin?", "Ancaq", "Etmədimi", "Yoxdur", "Nəğməyi-fəryad" və s. bu kimi qəzəllərində də elmə, maarifə yüksək qiymət vermiş, belə bir qənaətə gəlmişdir ki, "imamın minbər üzrə millətə binəf vəzindən"sə, ona, yəni insana insan kimi yaşamaq yollarını göstərmək lazımdır. Bu yol isə, heç şübhəsiz ki, maarif, mədəniyyət və elmdən keçir.
Qəzəllərində təbiəti, xüsusilə ilin bahar fəslini dönə-dönə tərənnüm edən, hətta:
Nə dəm edərsə təkamül mövsumati-bahar,
Əsib nəsimi-səhər tazə-tazə güllər açar,
- beyti ilə başalanan on səkkiz beytlik "Bahariyyə" yazan İbrahim Tahirin qəzəllərində tarixi şəxsiyyətlərin, İslam müqəddəslərinin, xüsusilə peyğəmbərimiz Rəsuli-Əkrəmin və Həzrət Əlinin adları tez-tez çəkilir.
***
Qəzəllərindən fərqli olaraq, digər janrlarda yazdığı əsərlərində şair zamanın ruhuna uyğun olaraq daha çox ictimai mövzulara üstünlük vermiş, tərəqqi əsri olan XX əsrin tələblərinə cavab verən əsərlər yazmağa çalışmışdır.
Müsəlman dünyasının birlik, ittihad etməməsi səbəbindən imperialist dövlətlərin zülmü altında inləməsini ürək ağrısı ilə təsvir edən, öz ölkəsinin ədalətli qanunlarla idarə olunmamasını bildirən, "Vurulduq navəki zülm ilə səyyadani-dövlətdən", - deyən şair qəsidələrinin birində bildirir ki, ədalət olmayan yerdə zülmün ayaq tutub yeriməsi təbiidir. Bir ölkədə bəşər övladı ac qurd kimi bir-birini yırtırsa, "məxluq əsrin ixtilalından" yəğmayə uğrayırsa, bu, səbəbsiz deyil. İxtilafı bədbəxtliyin, ittifaqı isə əmin-amanlığın rəhni hesab edən şairin fikrincə:
Siyasət olmayan bir mülkdə
fövzi-fəllah olmaz,
Gedər bilmərrə əmnü istirahət
mülki-millətdən.
...Şeirlərinin birində "Ah, kim yatdı beydəqi-islam, Pozulub gör nə rövnəqi-islam", - deyib müsəlman dünyasının halına acıyan müəllif bunun səbəbini dindaşlarının elmdən məhrum olub cəhalət içində böyüməsində, mədəniyyət kəsb etmək əvəzinə "baş kəsib gündə adam öldürmək", quldurluq öyrənməsində, elm və sənayesini inkişaf etdirməklə sərvət qazanıb "dünyanı cənnətül-məva"ya döndərən əcnəbilərdən - Avropa əhlindən ibrət götürməməsində, şəriət qaydalarına əməl etməyib "islamı sərnigun" etmələrində görən şair mərəzi göstərməklə əlacını da göstərir və yazır:
Yığılın, mehriban olaq, qardaş,
Nə gəlir bir belə ədavətdən.
Azərbaycanda, xüsusilə Qarabağda millətin başına gələn müsibətlər bir şair-vətəndaş kimi İbrahim Tahiri daim narahat etmiş, o, müasirləri olan digər ziyalıların səsinə səs verərək qırğınları lənətləmişdir. "Şuşanın yanmadadır gör tutuşub xarü xəsi, Ah kim oldu müsəlmanların axır nəfəsi", - deyib dindaşlarını "özgələrin zülmünə", tamah dişlərini itiləyən düşmənlərə qarşı mübarizəyə səsləyən, "yetiniz dadə, siz Allah" sözləri ilə vətəndaşlarına müraciət edən şair "nicatı özgələrdən deyil, özümüzdən gözləməliyik" fikrini irəli sürərək "Vətən" rədifli müxəmməsində yazır:
Kimdir ol kəs vətənindən belə birəğbət ola,
Qoya dindaşını möhnətdə qaçıb rahət ola,
Vətənin bir belə qurbanları biqiymət ola,
Onların millətə etdikləri biminnət ola,
Edə bizdən giley ərvahi-şəhidani-vətən.
"Vətənin bağrına düşmən dayadı xəncərini", - deyib fəryad qoparan şair, təkcə doğulduğu Şuşadakı hadisələrə deyil, Azərbaycanın bir parçası olan Təbrizdəki Məşrutə hərəkatına da münasibət bildirir.
***
Hürriyyəti insan üçün dünyada ən gözəl nemət adlandıran İbrahim Tahir nədən, hansı mövzuda yazırsa-yazsın, onun poeziyasının baş qəhrəmanı vətən və millətdir. "Xəyali-mülkü millətdir əgər sorsan mənim dərdim" - deyən şair millətin halına acıyanda da, vətənin və vətəndaşlarının məhrumiyyətlərə düçar olmasını dilə gətirəndə də, Molla Nəsrəddinin səsinə səs verib Sabirsayağı "Yayılıb aləmə çoxdan şənimiz, şöhrətimiz, Bərəkallah, necə fəxr etməlidir millətimiz", - deyəndə də vətən və millət sevgisi ilə alışıb-yanır, dindaşlarına və vətəndaşlarına səadət və əmin-amanlıq arzulayır. "Məni-bidil vətəndən ayrılmam", - deyən, şeirlərini, əsasən klassik şeir üslubunda yazan vətənsevər və maarifpərvər şairin əsərləri onun ədəbiyyatımıza və millətimizə namusla xidmət etməsini təsdiqləməklə yanaşı, ədəbiyyat tariximizdə özünəməxsus bir yerinin də olmasını təsdiq etməkdədir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!