Professor Nizaməddin Şəmsizadənin Qubada keçirilən 65 illik yubileyi və kitab təqdimatından reportaj
Quba bizim ailədə başlanğıclar kimi yadda qalıb. Son isə hələ çox
zaman alsın... ən gec son olsun...
Həyatımın ən dəyərli xatirələri atamla bağlıdır. Həyatım atamla başlayıb, çox güman ki, atamın yoxluğu ilə də bitəcək...
Noyabrın 16-da Quba Mədəniyyət Mərkəzində atamın, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin 65 yaşı münasibətilə yubiley tədbiri keçirildi. Burada, həmçinin, "İdrakın üfüqləri", "Ədəbiyyatdan əbədiyyətə" kitabı da təqdim edildi. Tədbir atam haqqında onun doğulub böyüdüyü İspik kəndində çəkilmiş sənədli filmlə açıldı. Babam Şəmsəddinin tikib-yaratdığı, daima qonaqlarla dolub-boşalan həyət-bacada, nənəm Hənifənin ocağının ətrindən danışdı. Oxuduğu məktəbin həyətində gəzdi, müəllimlərini xatırladı. İnsan yaşlandıqca keçmişinə qayıdır. Atalı-analı günlərini axtarır. Dünyanın bütün gözəlliklərini onların varlığı ilə dərk edirik. Təəssüf ki, çox zaman biz bu günlərimizin qədrini yaxşı bilmirik.
Cala sən,
Dərdə dərman cala sən.
Gedən gün geri dönməz,
Günü-günə cala san.
Kərkük bayatısı
Atam İspikdən yalnız arzularını götürüb böyük ürəyi ilə Bakıya üz tutmuşdu. Buranı bizim ailənin əsas dayaq nöqtəsi də hesab etmək olar. Atamı uğurlara, qaynar elmi mühitə hazırlayan ona qoşa qanad verən məkan da adlandırmaq olar Qubanı. Onun arzuları bir ispikli uşağın hisslərindən çox yuxarıda olub. Bu gün isə xəyallarının arzularının pöhrələndiyi bu qonaqpərvər yurdda atamın 65 yaşının onun sönməz ziyasının işığına toplanmışıq. Sənədli filmdən sonra pərdələr açılaraq məclis açıq elan olundu. Həmişə müxtəlif tədbirlər, yubiley mərasimlərinin - Hüseyn Cavidin 130, Məmməd Səid Ordubadinin 140, Mikayıl Müşfiqin 100, Mirzə İbrahimovun 100 illik tədbirlərinin aparıcısı, yüzlərlə elmi-nəzəri iclasın məruzəçisi olsa da, bu gün səhnənin bir qırağında, ona olan məhəbbəti, axını məmnunluqla izləyərək sakitcə əyləşmişdi. Cəbhədə qılınc, məclisdə gözəl sözə malik olanlar qəhrəmandır (Məmməd Səid Ordubadi). Söz çıxışçıların idi.
Tədbiri Quba Mədəniyyət Mərkəzinin işçisi, bir zamanlar atanın tələbəsi olan Ramiz Ramazanov aparırdı.
Tədbir Quba Rayon İcra Hakimiyyəti və Xaçmaz rayonunun Regional Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilmişdi. Atam Nizaməddin Şəmsizadənin həmkarları, şair və yazıçı dostları, tələbələri bədii qiraət ustalarının iştirak etdiyi tədbir səmimi çıxışlarla yadda qaldı.
Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Xudaverdiyev qonaqları salamlayaraq icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin yubilyara təbriklərini çatdırdı, Qubada toxunan xalçanı təqdim etdi.
Milli Məclisin deputatı, millət vəkili Vahid Əhmədov atamın ədəbi ictimai fəaliyyətindən, onun Azərbaycan xalqının özünüdərk, təfəkkür və dövlətçilik yolundan bəhs edən "Azərbaycanşünaslıq" kitabını, "Azərbaycan ideologiyası" monoqrafiyasını bu sahədə ilk nümunə kimi dəyərləndirdi. Atamın bir təəssübkeş ziyalı kimi tanıdığını, onun bütün yaradıcı insanlara qayğı ilə yanaşdığını qeyd etdi.
Xaçmaz Mədəniyyət Mərkəzi Regional idarəsinin rəisi Nazim Ağayev mərkəzin fəaliyyətindən və ziyalılara, söz adamlarına olan hörmətindən və qayğısından danışdı.
Dünya yarandığı gündən nə daş öz bərkliyindən, nə bayquş təkliyindən, nə də ilan zəhərindən şikayətçi olmayıb. Uca yaradan Allah bu dünyadan, insanların günahlarından bezmirsə hələ, bəndə niyə bezsin... xəstəliyindən... qismətindən... taleyindən... qismətsizlik də bir alın yazısı, insan taleyidir. Dünyada heç nədən bezməmək gərək. F.M.Dostoyevskinin fikri ilə desək, insan öz xoşbəxtliyini dərk edənə qədər bədbəxtdir.
Daş gərək bezməsin öz bərkliyindən,
Bayquş da bezməsin öz təkliyindən.
Tanrı özü yazıb yazılanları,
ha pozmaq istəsən -
bir xeyri yoxdu.
Səmimi hisslərini, düşüncələrini bölüşən Xalq şairi Ramiz Rövşən atanın sözə olan hörmətindən, sözə verdiyi dəyərdən, Məhəmməd Füzuliyə olan sevgisindən söz açaraq, "Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz" epiqrafı ilə başlayan "Köhnə sözlər" şeirini söylədi.
Hamı söz çıxarır sözün içindən,
şair öz sözündən bezməsin gərək.
Allahın CANI yox,
Allah da SÖZDÜ!..
Nə çoxdu dik gəzib
ucuz söz satan,
Nə çoxdu yendirən ayağa sözü.
Sən özün tapdana-tapdana, atam,
Necə qaldırmısan Allaha sözü?!
Allahı dünyayla barışdırmısan,
qıraqda gəzməsin gözün Allahı.
Dünyanı Allahla barışdırmısan;
Allahın qulusan,
Sözün Allahı.
Şair, oftalmoloq alim Paşa Qəlbinur atamın tənqidçi, ədəbiyyatşünas kimi fəaliyyətindən, insani keyfiyyətlərindən, söz açaraq, lirik şeirlərini iştirakçılara ərməğan etdi. Xoşbəxtlik adlı bir pillə olsaydı, yəqin ki, hamı pilləkəndə qalardı... atamın xoşbəxtliyi isə hər dəfə nəşr olunan yazısını oxuyan zaman gözlərində gilələnir.
Professor Rəhim Əliyev dedi ki, mən Nizini (icazənizlə, mən həmişə belə müraciət etmişəm) "ədəbi tənqid" şöbəsinin müdiri kimi çalışdığım vaxtlardan tanıyıram. Şöbəyə göndərilən məqalə və resenziyalar içərisində onun özünəməxsus təfəkkür tərzinə malik olması diqqəti cəlb etmişdi. Rəhim müəllim atamın tədqiqatlarının elmi aktuallığını xüsusi olaraq vurğuladı, 20-30-cu illər ədəbiyyatşünaslığını ədəbi mübahisələr dövrü kimi xarakterizə edərək, 20-30-cu illər mərhələsinin öyrənilməsində bir alim kimi xüsusi xidmətlərindən danışdı. Gənc tədqiqatçı kimi doktorluq dissertasiyası müdafiə olunan zaman işinin qarşısında yaradılan süni maneələrdən və qarşıya qoyduğu elmi məqsədlərindən, nailiyyətlərindən danışdı. Çıxışının sonunda - Nizi, sənin ötən əsrdən başlayan ədəbiyyat və sənət məsələlərinə dair tədqiqatlarının elmi dəyərləri, ədəbiyyatşünaslıq sahəsində qazandığın uğurların əhəmiyyəti böyükdür, dostluğun isə əvəzolunmazdır - deyərək, bu günü, sanki ötən illərə caladı.
Atam öz həyatını Jül Renarın gündəliyindəki bir fikrinə uyğun tərzdə yaşayıb: "Təqvimi sənə bağışlayıram, istədiyin kimi yaşa" - dostluqda da, sevgidə də, ədəbi fəaliyyətində də...
Şair-tərcüməçi Ramiz Məmmədzadə, əməkdar jurnalist, prof. Qulu Məhərrəmli, şair-publisist Cabir Albantürk atamın keçdiyi ədəbi yolundan danışaraq Allahdan şəfa dilədilər. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı atamın şeirlər kitabından bir neçə şeiri səsləndirərək ədəbi məclisə xüsusi rəng qatdı. İnsan nə vaxt öləcəyini dəqiq bilənə kimi zəli olub dünyanın yaxasından yapışır, nə qəribədir insan?
Həm iblisdi, həm mələk,
Həm ülviyyət, həm kələk
Həm keçmiş, həm gələcək
Böyük qüvvədir insan
Nə qəribədir insan?
Tanrının surətidir
Peyğəmbər hikmətidir
Sevgi-həqiqətidir
Nurdu əbədi insan
nə qəribədir insan...
Şair-publisist Sərvaz Hüseynoğlu, filologiya üzrə fəlsəfə doktoru, dosent Qürbət Mirzəzadə, şair-həkim Tofiq Nurəli, Əmirşah Əliyev, fizika üzrə fəlsəfə doktoru Şəmsəddin Allahverdiyev, yazıçı-publisist Əkrəm Məmmədov, "Yada düşdü" jurnalının təsisçisi, "Respublika Xatirə" kitabının baş redaktoru Nəzakət Məmmədli də atamla bağlı ürək sözlərini dilə gətirdilər.
Filologiya üzrə fəlsəfə doktoru, yazıçı Gülxani Pənah bu yaxınlarda yenicə nəşr olunmuş "Ədəbiyyatdan Əbədiyyətə" adlı monoqrafiyası haqqında təəssüratlarını danışdı.
Mən inanıram ki, bu tədbirdə çox yazıçı və alimlər, müəllimlər iştirak etmək istərdi. Lakin qısa zamanda qərara alınıb hazırlandığı üçün vaxt məhdudiyyəti yarandı. Atamın ən ağır zamanlarında məni tək qoymayan hörmətli Qəzənfər Paşayev, sevimli şairimiz Nəriman Həsənzadə, müəllimim Nizami Cəfərov və "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan iştirak edə bilməsələr də, böyük sevgi ilə həmişə atama qayğı göstərmişlər.
Tədbirin ən kövrək məqamı mənə söz veriləndə baş verdi. Atam haqqında, söz adamı barəsində söz demək çox çətindi.
Mən atamla birlikdə yaranmışam. Həyata hamı kimi atam və anamla başlamışam. Atamla yarıyuxulu bağçaya, zeytun bağlarını keçərək məktəbə və nəhayət, universitetə getmişəm. Beləliklə, bu dünyanı atamın yollardakı nəsihətləri ilə dərk etmişəm...
Atam "Unudulmuşlar haqqında uvertüra"sı ilə özünü tarixin unudulmayan əbədi səhifələrinə həkk etdi. İlk kitabı olan "Ədəbi mübahisələr"i isə hələ də davam edir!!! "Ədəbiyyat nəzəriyyəsi" kitabını isə elmi rəhbərim mərhum akademik Bəkir Nəbiyevin "nə yazmısan, gətir" deməsindən sonrakı iki ay, yay ərzində mənim yanımda Qubada yazdı. Çox fikirlərini mənimlə bölüşürdü: "Sən yaxşı yemək hazırla, mən də yaxşı yazım" - deyirdi. Biz hər yayı bu gözəl məkanda Qubada keçirmişik, xüsusilə də atam və mən...
Quba bizim ailədə başlanğıclar kimi yadda qalıb. Son isə hələ çox zaman alsın... ən gec son olsun...
Həyatımın ən dəyərli xatirələri atamla bağlıdır. Atam bütün nəslin çırağı, ailəmizin sönməz ocağıdır. Həyatım atamla başlayıb, çox güman ki, atamın yoxluğu ilə də bitəcək.
Xalqların taleyində müharibələr, müdaxilələr, uzaqlaşmalar yaxınlaşmalar olduğu kimi, insanların da həyatında dostluqlar, sevgilər, ayrılıqlar vardır. Ən əsası budur ki, atam türk xalqlarına xas olan milli-mənəvi vəhdəti qoruyub saxlaya bilmişdir. Hisslərdən pay olmaz! Atam hisslərinə güvənərək yaşayıb. Hissləri ilə kükrəyib, ərşə qalxıb, ya da hisslərinin içində boğulub.
Hər kəs aid olduğu dünyanın özəyində yaşayır. Tanrı hər birimizə eyni üzvləri bəxş etsə də duyğularımız, hisslərimiz müxtəlif aləmlərə aiddir. Obyektiv aləmi daxili dünyamızdan dürüstcə keçirsək, şüşədən baxarıq, düzgün qiymət verərik. Ömər Xəyyam demişkən, şüşəyə gümüş qatsaq, güzgüyə çevrilər yalnız özümüzü görərik, özümüzü öyərik. Sadəliyi və səmimiliyi mən atamdan öyrənmişəm. O dünyanın ən səmimi insanıdır! Nə sevgisini gizlədə bilir, nə də nifrətini.
P.S. Ertəsi gün xəstəxanaya dializə atamın yanına gedəndə xeyli gümrah gördüm. Tədbir haqqında təəssüratlarını soruşdum. Hamını təriflədikdən sonra "heç kim mənim kimi danışmadı" dedi. Sanki heç xəstələnməmiş kimi, tam sağlam tənqidçi mövqeyində. İkimiz də kövrəldik. İnsanı öz auditoriyası yaşadırmış...
Fidan Nizaməddin qızı
filologiya üzrə fəlsəfə doktoru, dosent
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!