Professor Teymur Əhmədova açıq məktub

 

Hörmətli Teymur müəllim, görkəmli ədəbiyyatşünas kimi fəaliyyətiniz elm aləmində yüksək qiymətləndirilir. Müstəsna xidmətlər göstərirsiniz. Təmənnasız gördüyünüz işi fədakarlıq, bəlkə də qəhrəmanlıq adlandırmaq olar. Mən mütəmadi olaraq çap etdirdiyiniz "Füyuzat" məcmuəsini, xüsusən də "Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)" ensiklopedik məlumat kitabını nəzərdə tuturam. Səmimiyyətimə inanın, bu kitabı əlimə alanda saatlarla ondan ayrıla bilmirəm. Dünyasını dəyişmiş nə qədər dost-tanışla, sanki təmasda oluram. Yaddaşı vərəqləyirəm, nələr, nələr yada gəlmir. Xüsusən də qayğımı çəkən Rəsul Rza, Abbas Zamanov, Qasım Qasımzadə, Yaşar Qarayevlə söhbətləşirəm.  Acılı-şirinli günləri yada salıram. Bu kitabı vərəqləyəndə aldığım təəssüratı heç bir kitabdan ala bilmirəm. Bu möhtəşəm əsər yazıçı və şairlərimizin həyatı və yaradıcılığı barədə mükəmməl bilik mənbəyidir.

Hörmətli Teymur müəllim!

"Nəsimi: edamdan sonrakı həyat" kitabımın bir fəsli "Nəsimi obrazı musiqi, incəsənət və bədii ədəbiyyatda" adlanır. Material toplayanda təsadüf etdim ki, epik şeirdə ilk dəfə Nəsiminin bədii obrazını yaradan istedadlı rus şairi və tərcüməçisi Sergey İvanov olmuşdur. Şair "İmadəddin Nəsimi" poemasını 1940-cı ildə yazmış və ilk olaraq qüdrətli şairimizi rusdilli oxuculara təqdim etmişdir.

Sevimli şairimiz Səməd Vurğun 1943-cü ildə Sergey İvanovun Bakıda çap olunan "Seçilmiş əsərləri"nə yazdığı müqəddimədə şairin Nəsimi haqqında poemasını yüksək qiymətləndirmişdir: "İvanovu XIV əsrin sonunda və XV əsrin əvvəllərində yaşayıb-yaratmış Azərbaycan şairi Nəsiminin facianə taleyi cəlb etmiş və həyəcana gətirmişdir... Sergey İvanov Nəsiminin taleyini düzgün başa düşmüş və lazımi boyalar tapa bilmişdir. İvanov buna Azərbaycan şeirini və tarixini yorulmaq bilmədən, böyük səylə öyrənmək sayəsində nail olmuşdur. Poemada istifadə olunan dil vasitələri, strofika tərkibləri və sairlər tamamilə yerindədir. Bütün poema böyük bədii təsir qüvvəsinə malikdir. (Bax: Sergey İvanov. Seçilmiş əsərləri. Redaktoru və ön sözün müəllifi Səməd Vurğundur. Bakı, 1943; Səməd Vurğun. Əsərləri, V cild. Bakı, "Elm", 1972, səh. 285).

Bu İvanov kimdir? - deyə soruşanlara deyirəm: - Gedin prof. Teymur Əhmədovun "Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)" ensiklopedik məlumat kitabını oxuyun. Boş vaxtınız olanda, istirahət edəndə o kitabı vərəqləyin. İnanın ki, bir anda yorğunluğunuz çıxacaq, yaddaşınız sizi əl çatmaz, ün yetməz illərinizə aparacaq.

O ki qaldı Sergey İvanovla bağlı suala, mən Teymur müəllimin kitabından öyrəndim ki, o, 1915-ci ildə Volqa boyunda anadan olmuş, Bakıda 21 saylı Bakı şəhər orta məktəbinin 9-cu sinfini bitirdikdən sonra (1931) Volqa boyuna - dayısının yanına getmiş, kitabxanada işləmiş, 1934-cü ildə Bakıya anasının yanına qayıtmışdır. "Bakinskiy raboçiy" qəzetində ədəbi işçi vəzifəsində işləmişdir. Sonralar "Literaturnıy Azerbaydjan" jurnalının məsul katibi vəzifəsində çalışmışdır.

Nizaminin poemalarından, "Koroğlu"dan rus dilinə tərcümələri rəğbətlə qarşılanmışdır.

Şairin "İmadəddin Nəsimi" poeması 1973-cü ildə "Azərnəşr" tərəfindən rusca çap olunmuşdur. Bir neçə şeir kitabı vardır.

Təəssüf ki, Azərbaycan Yazıçılar Birliyi Rəyasət Heyətinin üzvü Sergey İvanov İkinci Dünya müharibəsinin elə ilk ili - 1941-ci ildə Rosta yaxınlığındakı döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. (Bax: Azərbaycan yazıçıları XX-XXI yüzillikdə. Ensiklopedik məlumat kitabı. Bakı, "Nurlar", 2011, səh. 826-827).

Əzizim Teymur müəllim!

Bu məktubu sizə ünvanlamaqda bir məramım da var. Məlumdur ki, xalqımızın böyük bir qismi İraqda toplu halda, folklorumuzu, ədəbiyyatımızı, adət-ənənəmizi, tariximizi yaşadırlar. İraq türkmanlarından Əta Tərzibaşı və Əbdüllətif Bəndəroğlu Azərbaycan Sovet Ensiklopediyasına daxil ediliblər. Əbdüllətif Bəndəroğlu və Nəsrin Ərbil barədə sizin kitabınızda oçerklər verilib. İnanın ki, bu, İraqda hadisə kimi qarşılandı.

Ədəbi əlaqələrimiz get-gedə genişlənir. 2017-ci ildə Anar müəllimin təklifi ilə mən Yazıçılar Birliyində İraq Türkman Ədəbiyyatı üzrə müşavir təyin olundum. Bu, ədəbi əlaqələrimizə təşkilati status qazandırdı və çeşidli tədbirlərin həyata keçirilməsinə mənəvi stimul yaratdı. İndi İraq Türkman şairlərindən Əta Tərzibaşı, Əbdüllətif Bəndəroğlu, Mustafa Ziya, Fövzü Əkrəm, Şəmsəddin Küzəçi, Məhəmməd Bayat, Mövlud Tala Qayaçı, Nicat Kövsəroğlu, Aydın Kərkük, Faruk Köprülü, Əsəd Ərbil, Rza Çolakoğlu Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvləridir. "İraq Türkman poeziya antologiyası"nın 1-ci (2019) və çapda olan 2-ci cildində yazmışam ki, "Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)" ensiklopedik məlumat kitabı yenidən nəşr olunanda onların həyat və yaradıcılıqlarına dair oçerklər veriləcək. Onlar intizarla məndən şad xəbər gözləyirlər.

Hörmətli Teymur müəllim, sizə ad-san və nüfuz qazandıran kitabınızın sonuncu nəşrindən (2011) səkkiz il keçib. Yazıçılar Birliyinə neçə-neçə yazıçı, şair və ədəbiyyatşünas üzv seçilib, yeni-yeni imzalar özünü təsdiqləyib. Möhtəşəm "Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)" ensiklopedik məlumat kitabınızın yeni nəşrini onlarca qələm sahibi intizarla gözləyir. Onları intizarda qoymayın.

Hörmət və ehtiramla:

Qəzənfər PAŞAYEV


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!