Dalğalan, bayrağım, dalğalan! - Arzu Əsəd

 

Dalğalan, bayrağım, dalğalan!

Sənə nə gözlər baxır.

Tarix zamanda deyil,

Sənin dalğalanmalarında axır.

Dalğalan, bayrağım,

Bu göylər sənindir,

Çəkinmə heç nədən, dalğalan!

Nə vaxtdır tarixin buxovlarında

Bu millət gücünü saxlar içində,

Dalğalan, baxıb da bayraqdarına

qürurla deyim:

Var millətimin bayrağı bayraqlar içində.

Dalğalan, bayrağım, dalğalan!

Üstünə Ay-ulduz əks edən,

Qoynunda ürəklər rəqs edən

ey sonsuz okean, dalğalan!

Parla, yan!

Köksündə şəhadət nurları parlayan,

cənnətdən bir parçam, dalğalan!

Ruhumun libası,

Bu dünyada geyinəcəyim

kəfənim - son parçam,

Dalğalan!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!