Məmməd İsmayıl haqqında
Xəbər verdiyimiz kimi, Fransanın "l'Harmattan" nəşriyyatı Məmməd İsmayılın növbəti şeirlər kitabını çap etmişdir. Kitabı fransız dilinə Dmitro Çistyak və Nicolae laurent-Catrice tərcümə etmişlər. Avropa Elm, Sənət və Ədəbiyyat Akademiyasının icraçı katibi, şair, tərcüməçi Dmitro Çistyakın kitaba yazdığı ön sözü oxucularımızla paylaşmağı uyğun gördük.
Məmnuniyyətlə oxuculara təqdim etmək istədiyim böyük Azərbaycan şairi, Avropa Elm, Sənət və Ədəbiyyat Akademiyasının üzvü, bu akademiyanın keçirdiyi "Azadlıq sevgisi" Beynəlxalq ədəbiyyat müsabiqəsinin qalibi Məmməd İsmayıl 2019-cu ilin noyabr ayında özünün 80 illiyini qeyd edəcək.
Məmməd İsmayıl Bakıda Azərbaycan Dövlət Universitetində ali təhsil aldıqdan sonra, təhsilini Moskvada İkiillik Ali Ədəbiyyat kurslarında davam etdirmiş və Azərbaycanda bir çox önəmli vəzifələrdə çalışmışdır. "Ədəbiyyat və incəsənət" qəzetinin müxbiri, "Azərbaycanfilm" Kinostudiyasının sənədli filmlər birliyinin baş redaktoru, "İşıq" nəşriyyatının direktoru vəzifələrində çalışan şair, sonralar Azərbaycan və rus dillərində 300.000-dən çox abunəçiyə xitab edən və Azərbaycan xalqının müstəqillik mücadiləsində önəmli rol oynayan, Azərbaycan demokratik mətbuatının ilk təmsilçisi kimi bir çox ilklərə imza atan, qadağan olunmuş mövzulara səhifələrində yer verən "Gənclik"-"Molodost" jurnallarının qurucusu və baş redaktoru olmuşdur. Vətəninin müstəqilliyi yolundakı mübarizəsini Azərbaycan Demokratik Qüvvələr Birliyinin həmsədri və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri olarkən də davam etdirmişdir. Vəzifəsindən ayrıldıqdan sonra Türkiyəyə köç edən şair bir müddət Türkiyə Dil Qurumunda uzman vəzifəsində çalışmış və 1996-cı ildən bu günə qədər Türkiyənin Çanaqqala 18 Mart Universitetində professor kimi fəaliyyət göstərməkdədir.
Məmməd İsmayılın poetik macərası yarım əsrdən çoxdur ki, davam etməkdədir. İlk kitabı "Ana əlləri" 1966-cı ildə nəşr olunmuşdur. O vaxtdan bəri Azərbaycan dilində təxminən 20 kitab, eyni zamanda digər dünya dillərində 20-də çox kitabı nəşr edilmişdir. Nikolay Ostrovskiy mükafatı, Türk Dünyasına xidmət ödülü, Rusya Yazıçılar Birliyinin Sergey Yesenin, İ.F.Annenski, Belçikada Peter Boqdani, Kosovada Azem Şkreli mükafatları, Beynəlxalq Eminesku Akademiyası (Rumıniya) və Ukraynanın Ali Təhsil Akademiyası medalları və s. aldığı mükafatlar arasındadır. Ukrayna Ali Təhsil Akademiyası ona fəxri doktor adı vermişdir.
Əsərləri 50-dən çox dilə tərcümə edilən Məmməd İsmayıl, həm də tanınmış tərcüməçidir və o, irəliləyən yaşına baxmayaraq, dünya şeir festivallarında tez-tez iştirak edir və türkdilli dünyanın müxtəlif problemlərinə həsr olunan tutarlı məqalələrlə də dünya mətbuatında boy göstərir. Türkiyədə ildə bir şairə təqdim olunan "Məmməd İsmayıl ədəbi mükafatı" da şairin sevilməyinin və tanınmasının başqa bir təsdiqidir.
Bu rəsmi təqdimin arxasından indi haqqında söz açacağım şairin çıxması, hətta ən hazırlıqlı oxucunu belə çaşdıra bilər. Onun poeziyası uydurma, başdöndürücü fərziyyə və məcazlardan azaddır. Bu poeziyada ruhun dili ilə həqiqi duyğuların ifadəsi ortaya çıxır və oxucu özü üçün başqa bir zamanın etibarına inana biləcəyi yeni bir dünya kəşf edir. Şübhəsiz, onun poeziyasındakı çağın gözlə görülüb əllə tutula bilinməyən bu yeniliklər xalq ənənəsinə arxalanmadan ortaya çıxa bilməzdi.
Məmməd İsmayılın şeir dünyasında biz ilahi yaradılışın sirrini, sehrini ortaya qoyan bir çox işarət və inam simvolları ilə qarşı-qarşıya gəlirik. Onun poetikası müqəddəs ənənənin üfüqlərini genişləndirir. Müəllifin şeirlərində aşkar etdiyi, qınadığı və cəzalandırdığı günah anlayışı ilə bizə şərə qarşı əbədi və ədəbi harmoniyanı bərpa etmək üçün mübarizə aparmalı olduğumuzu xatırladır.
Bu baxış bucağında şairin ən görkəmli personajları, məsələn, "Ata şəkli" (Böyük Vətən müharibəsi cəbhələrində şəhid olan) və "Gözəlliyin gəlini ana" (Sehrli şəfaverici gücə sahib)... fonunu görürük. Əlbəttə, bu personajlarla birlikdə enerjili və emosional tellərdən güc alan şair ruhuyla İslam mistisizminin, xalq simvolizminin birliyini zamanın metamorfozları (qocalıq, yaz olmadan qış) və kosmosun kaprizləri poza bilməz.
Lakin bu istinadlar təbii görünür. Çünki Şərq, eləcə də Qərb mətnlərində tez-tez belə poetik düsturlara rast gəlmək mümkündür. Elə isə Məmməd İsmayılın şeirlərini təkrardan qoruyan nədir? Fikrimizcə, bu əsərləri əlaqəli görünüşlərdən qoruyan şey müqəddəslik, yaradıcılığa xas olan üstün bir məna daşıyıcılarıdır.
Şair təkcə passiv düşünən intellektual və ya fikir mücadiləsi verən bir rahib deyil, o, eyni zamanda öz həqiqətini, yaradanın iradəsini elan etmək mövqeyinə qoyan, poetik bir hərəkətlə yaxşılığın yamanlıq üzərində qələbəsini yerinə yetirəcək kəhanətinin xəbərçisidir.
Məmməd İsmayılın inamı qarışıqlıq zamanlarında belə, sarsılmaz olaraq qalır, ilahi yaradılış metamorfozlarında ölümsüzləşir, bunlar bizi, həyatda olduğumuz müddətdə ölümdən sonra da davamımızı görməyə təşviq edir: "qamış tütəyə dönür", "evin ruhu yeni sahibi ilə danışır", "ölüm mələyini aldatmaq üçün ruh insan varlığından ağac varlığına keçir" və Çanaqqala sahilində "tənha bir ocaq boğazda yolunu azan gəmilərə bələdçilik edir","durna dimdiyinin ucunda bir dən" taleyin çizdiyi bilinməzliklə gələcəyə yol gedir. Şair üçün, ilahi yaradıcılıq hər an canlı varlıqlarla yaşamını sürdürməkdə, davamını gətirməkdədir.
Xeyr, sevgili dostum Məmməd İsmayıl, əsl ocaq heç zaman tək və yalnız olmaz. Ümid edirik ki, bu kitab fransız dilli oxucuların gözündə o tənha ocağın sönməz işığı kimi parlayacaq və sizin də dilə gətirdiyiniz kimi, "durna dimdiyinin ucunda yalnız bir dən kimi" ümidsiz, alatoran dünyamızı işıqlandıracaq. Bunlar, sabah üçün dəmir dövrünün sonuna, Dolça bürcünün doğuşuna qədər ən yaxşı düsturdur!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!