Dünyanı uşaqlara verək - VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumundan qeydlər - Elnarə AKİMOVA yazır - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

 

"Yeni ədəbiyyatı yetişdirmək böyük sənətin, böyük ədəbiyyatın, humanitar və ictimai elmlərin hər birinin  borcudur"!

Bu fikirlər oktyabrın 18-də  Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyinin və digər qurumların birgə təşkilatçılığı ilə VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumunda akademik İsa Həbibbəyli tərəfindən səsləndi. Artıq 6-cı dəfə idi ki, Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu təşkil olunurdu. Bu dəfə ev sahibliyini Bakı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu edirdi. Müxtəlif türk respublikalarından simpoziuma təşrif buyuran qonaqları, alim və şair, yazıçı heyətini bir məramın, bir missiyanın ətrafına cəm edərək Vətən yaradırdı. Ədəbiyyat budur həm də. Sən öz varlığına bütün dünyanın ədəbi söz sahiblərinin işartılarını yığıb gələcəyə ünvan arayırsan, lazımi məqamda o da dünyanın dörd bir yanına səpələnmiş söz adamlarını öz ətrafına toplayıb işıq olmağı bacarır. Bu dəfə toplaşma səbəbimiz uşaqlar, uşaq ədəbiyyatının problemləri idi. Hə... Böyük Nazim Hikmət nə deyirdi?

"Dünyayı çocuklara verelim

bir günlük de olsa öğrensin

                                dünya arkadaşlığı"!

Burdaca qeyd etməyi vacib bilirəm. Tədbir 18 oktyabra - Milli Müstəqillik günümüzə təsadüf etmişdi. Təsadüf demək olmazdı buna. Ədəbiyyatın ən böyük diqtəsi, həqiqəti idi. Müstəqilliyimizin sabahı onların əlindədir - uşaqlarımızın. Təməlli, sağlam ruhlu, dürüst, layiqli, dövlətinə və xalqına sədaqətli övlad yetişdirmək kimi vacib məram durur həm də ədəbiyyatın qarşısında. Ədəbiyyat bu öhdəliyi necə reallaşdırır, necə nail olur həllinə? Yazılan əsərlər dövrün ruhunu əks etdirə bilirmi? Tədbirdə əsas məsələ bu problemlərə aydınlıq gətirmək, günün qarşımıza çıxardığı suallara cavab aramaq idi. Yaxşı ki, çağdaş uşaq ədəbiyyatımızı təmsil edən bir qrup şair, yazıçı və tədqiqatçı təbəqəsi orda idi: uşaq ədəbiyyatının yorulmaz tədqiqatçısı Füzuli Əsgərli, tanınmış uşaq yazıçısı və şairlərindən Zahid Xəlil, Qəşəm İsabəyli, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Yusif Nəğməkar, İbrahim İlyaslı, Eyvaz Zeynalov və b. Hamının olduğu ortamda mövzunun istiqamətləri haqqında fikir yürütmək maraqlı və ünvanlı olur. Daha bir məqam akademik İsa Həbibbəylinin uşaq ədəbiyyatı ilə bağlı manifest səciyyəli çıxışını elə bu sahəni təmsil edən ziyalılarla dinləmək şansını zənnimcə, heç kim qaçırmaq istəməzdi.

Azərbaycan uşaq ədəbiyyatı daim diqqətdə saxlanılan sahə olub. Milli müstəqilliyimizin ilk illərində ölkədə baş verən müəyyən ictimai-kataklik proseslər uşaq ədəbiyyatında da durğunluğun yaranmasına rəvac vermişdi. Bu, ümumən ədəbiyyatımızın mənzərəsini ehtiva edən bir proses idi. Uşaq ədəbiyyatı isə həmişə ümumi ədəbiyyatın bir sahəsi olub. Həmin illərdə yaşayıb yaradan uşaq yazıçı-şairlərinin yaradıcı qələmi daha çox Qarabağ acılarına, yurd itkisinə həsr olunmuş nümunələrlə görünürdü. 90-cı illərin ortalarından başlayaraq, ümummilli lider Heydər Əliyevin uşaq ədəbiyyatına xüsusi diqqəti, bu sahədəki dirçəlişin təminatçısı oldu. Ölkə Prezidenti İlham Əliyevin 2009-cu ili "Uşaq ili" elan etməsi isə görülən işləri sürətləndirməklə bərabər, uşaq ədəbiyyatının müxtəlif janrlarda meydana qoyulan nümunələrinin intensivliyi, təbliği, tədqiqi, nəşr və mətbuatda çap imkanları baxımından həlledici bir tarixə çevrildi. Bu sahə bu gün də dövlətimizin və onun nüfuzunu qoruyan yaradıcı insanların yorulmaz əməyi sayəsində inkişafdadır. Tədbirdə iştirak edən AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru Ertəgin Salamzadə doğru vurğuladı ki, "Uşaq ədəbiyyatı kommersiyadan ən uzaq olan mövzudur. Ona görə də bu sahəyə yalnız dövlətin və cəmiyyətin dəstəyi lazımdır ki, dirçəliş olsun". Ötən il dövlət marağının, eləcə də akademik, AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin şəxsi əzmi və təəssübkeşliyinin nəticəsi olaraq yaradılan Uşaq ədəbiyyatı şöbəsi bu dəstəyin sübutu idi. Akademik İsa Həbibbəyli də Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində aparıcı ölkələrdən birinə çevrilmiş müstəqil Azərbaycanda yeni nəslin yetişdirilməsini qarşıya qoyulan dövlət səviyyəli əsas problemlərdən biri olduğunu vurğuladı: "Yeni nəslin yetişməsində uşaq ədəbiyyatı, uşaq musiqisi, folkloru, təsviri incəsənəti əsas amillərdən biridir. Bu işin elmi müstəvidə öyrənilməsi üçün inkişafına təkan verilməlidir. Müstəqillik dövrünün artıq yeni tipli uşaq ədəbiyyatı yaranmalıdır. Ədəbiyyat İnstitutunda da uşaq ədəbiyyatının öyrənilməsi istiqamətində mühüm işlər görülür. Həmin işlər çərçivəsində Uşaq ədəbiyyatı şöbəsi yaradılıb".

Əlbəttə, şöbə yenidir, bu bir ildə uşaq ədəbiyyatının tarixini, immanent inkişaf qanunauyğunluğunu, tarixi və müasirliyini dərk etmək baxımından həm meydanda olan elmi-nəzəri tədqiqat işlərini, həm də uşaq ədəbiyyatı ilə bağlı folklordan bu günümüzədək yazılan çoxsaylı  bədii yaradıcılıq nümunələrini izləmək, araşdırmaqla məşğul olub. Bunsuz predmetin çağdaşlığını vermək, müasir uşaq ədəbiyyatını bütün tərkib və parametrləri ilə təhlil etmək mümkün deyil və belə bir köklü sahənin tarixiliyinə varmaq onun bugünü ilə bağlı dəqiq analiz vermək baxımından çox vacib, hətta deyərdim zəruri amildir. Simpoziumda çıxış edən İsa Həbibbəyli tezis şəklində bu məsələlərin hər biri üzərində dayandı. Alim haqlı olaraq vurğuladı ki, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının qızıl fondunu təşkil edir. Akademik Azərbaycan uşaq ədəbiyyatının yaranma tarixi və inkişaf mərhələlərinə nəzər saldı. Ölkəmizdə uşaq ədəbiyyatının zəngin ənənələri olduğunu deyən İsa Həbibbəyli istər XX əsrin əvvəllərində, istərsə də sovet dövründə yaradılmış Azərbaycan uşaq ədəbiyyatı nümunələrinin dünya uşaq ədəbiyyatı xəzinəsinin nadir inciləri olduğunu vurğuladı. Xüsusilə sovet dövründə yaradılan uşaq ədəbiyyatına münasibəti aktuallandırdı: "Sovet dövründə yaranan uşaq ədəbiyyatından imtina edə bilmərik. Böyük və zəngin ənənələri olan bu dövr bütün istiqamətləri ilə birgə araşdırılmalıdır". Həqiqətən də sovet dövründə uşaq ədəbiyyatı ən parlaq inkişaf yolu keçmiş, ədəbiyyat tarixinə dəyərli imzalar bəxş etmişdir. Düzdür, həmin illərdə yazılan bəzi  uşaq ədəbiyyatı nümunələrində dövrün ideoloji diktəsinin hakim olduğunu dana bilmərik. Amma həmin illərdə ümumən ədəbiyyatın özünə münasibətdə olduğu kimi, uşaq ədəbiyyatına da münasibətdə obyektiv elmi-nəzəri qanunauyğunluqlardan çıxış etməliyik. Həmin dövrün bədii mətnlərini kölgə altına almağa imkan verilməməlidir. Buradaca bir faktı açıqlamağı vacib bilirəm. Səməd Vurğunun yaradıcılığında ideoloji həmlənin güdazına gedən bədii mətnlər yer alsa da, onun uşaq ədəbiyyatı kimi meydana qoyduğu nümunələrdə bu diktənin əlamətlərinə rast gəlmirik. Şair uşaqlar üçün yazdığı mətnlərdə bədii-estetik kriteriyanın şərtlərinə sadiq qalmağı bacarmışdır. Onu da qeyd edim ki, şöbə yarananda İsa müəllimin bu sahəyə dair xüsusilə oxunmasını vacib bildiyi iki müəllif  yazısı vardı: V.Belinski və Səməd Vurğunun uşaq ədəbiyyatının problemlərini əhatə edən məqalələri. Akademik çıxışında bu məqama yenidən qayıtdı. Belinskinin məqaləsini ümumən bu sahənin manifesti kimi dəyərləndirdi, Səməd Vurğunun yazısının isə milli uşaq ədəbiyyatının öyrənilməsinin nəzəri dərki istiqamətində həlledici faktor olduğunu nəzərə çatdırdı.

İsa Həbibbəylinin çıxışında toxunduğu və xüsusi qabartdığı digər məqam uşaq ədəbiyyatında vətənpərvərlik ruhunun işlənməsi məsələsi idi: "İnternet əsrində hamı kompüterdən, texnoloji elementlərdən yazmağa çalışır. Bu da olmalıdır. Amma daha çox vətən şeirləri yazılmalıdır. Azərbaycan bayrağı, təbiəti, Azərbaycan obrazı gəlməlidir mətnlərimizə. Daha çox öz ölkəmiz - vətənpərvərlik öndə olmalıdır. Yoxsa uşaqlarımızda kosmopolit düşüncə formalaşa bilər. Bu, bütün yaradıcılıq sahəsini əhatə edən bir missiya olmalıdır. Uşaq nəğmələri bəstələnməlidir, uşaq obrazları gəlməlidir filmlərimizə, televiziyalar bu amal uğruna çalışmalıdırlar".

Belə bir niyyətdən hasilə gələn işlərdən biri olaraq, VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu da öz öhdəsinə düşən missiyanı gerçəkləşdirirdi. Tədbir AMEA Memarlıq və İncəsənət İnstitutuna məxsus rəsm əsərlərindən ibarət sərgi ilə başladı. Uşaq ədəbiyyatı nümunələrindən, yeni nəşrlərdən təşkil olunmuş kitab sərgisinə baxış keçirildi. Akademik İsa Həbibbəyli bildirdi ki, artıq altıncı dəfə təşkil olunan bu simpozium Bican Veysəl Yıldızın Türkiyədə rəhbərlik etdiyi Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyinin iştirakı ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, Azərbaycan Milli Konservatoriyasının, AMEA Memarlıq və İncəsənət İnstitutunun və digər qurumların birgə səyləri ilə hazırlanıb. Simpoziuma Türkiyədən, Rusiyadan, Qazaxıstandan, Makedoniyadan, Pakistandan, Kiprdən və digər ölkələrdən qonaqlar qatıldığını deyən İsa Həbibbəyli bu əməkdaşlığı uşaq ədəbiyyatının ümumi dəyərlərinin, problemlərinin öyrənilməsi istiqamətində əhəmiyyətli məqam adlandırdı. Müstəqillik dövrü uşaq ədəbiyyatının hədəfləri və problemlərindən danışan akademik bu məsələnin müzakirəsinə böyük ehtiyac duyulduğunu qeyd etdi. Keçirilən simpoziumun alimlərin, yazıçı və naşirlərin fikir və mülahizələrini söyləmək, problemdən çıxış yolu tapmaq üçün əlverişli platforma olacağını bildirdi.

Sonra Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyi İdarə Heyətinin Sədri Bican Veysəl Yıldız çıxış edərək Azərbaycanda təşkil edilən bu simpoziumun həm uşaqlar, həm də ədəbiyyat üçün faydalı cəhətlərindən bəhs etdi. Bildirdi ki, "Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyi 2013-cü ildə qurulub, ilk konfransını 2014-cü ildə gerçəkləşdirib. Əsas işimiz türk və islam dünyasının uşaq ədəbiyyatı nümunələrinin toplanıb nəşr edilməsini həyata keçirməkdir. Biz türklər Azərbaycandan danışarkən "Can Azərbaycan" deyirik. Bu səbəbdən də ilk xarici simpoziumumuzu Azərbaycanda təşkil etdik".

Bican Veysəl Yıldız çıxışında həssas məqamlara toxundu. "Bura Naxçıvandan gələrkən Laçın dəhlizinin bağlı olmasına çox üzüldüm. Bu dəhliz qapalı olunca yadların əleyhimizə işlətdikləri kodlar daha işlək olacaq. İnsanların iki şeyi olmalıdır ki, böyük mücadilələri adlaya bilsinlər: böyük eşqləri və böyük dərdləri. Çocuklarınıza dərdlərinizi də anladın. Mən Qarabağ dərdini Türkiyədə anlada bilmərəmsə, Türkiyənin dərdinə Azərbaycan biganə qalarsa, ortaq nöqtədə heç zaman görüşə bilməyəcəyik. Bu simpoziumun da məqsədi türk və islam dünyasında öz duyğularına sahib çıxacaq sağlam nəsil yetişdirməkdir", - deyən Bican bəy uşaq ədəbiyyatında milli duyğuların, milli dərdlərimizin, milli ruhun əks  olunmasının vacibliyini vurğuladı.

Daha sonra Bican Veysəl Yıldız akademik İsa Həbibbəylini "Fəxri diplom"la təltif etdi. Eləcə də simpoziumun təşkilində xidmətlərinə görə fərqlənən şəxslərə fəxri fərmanlar təqdim edildi.

İnstitutun direktoru İsa Həbibbəyli isə Uşaq ədəbiyyatının təbliği istiqamətində böyük xidməti olan Bican bəyi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının "Ədəbiyyatşünaslığa dəstək" diplomu ilə təltif etdi.

Ardınca Azərbaycan Milli Konservatoriyasının Gənclər Xorunun ifasında iki mahnı səsləndirildi. Məktəbli Məmmədhəsən Məmmədov Cabir Novruzun "Kaş millətdə ruh yaşasın" şeirini söylədi.

Sonra müzakirələr başlandı. Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova qeyd etdi ki, "Həsən bəy Zərdabi "El nəğmələrimiz" məqaləsində uşaqlarımıza hansı nəğmələri öyrətməliyik kimi məsələlərə toxunmuşdur. Bu məsələ hələ o vaxt milli məsələ kimi ziyalılarımızı narahat edən məqam  idi. Çünki onlar uşaqlara sabahımız kimi baxırdılar". Ümumən tədbirdə milli ruh qabarıqlığı ilə seçilirdi. Danışan, çıxış edən hər natiq bu məqama köklənir, milli düşüncə xəttini önə çəkirdilər. Görkəmli uşaq yazarı Zahid Xəlil işğal haqqında deyil, torpaq, müstəqillik haqqında yazmağın, uşaqlarda coşqu yaradan şeirlər meydana qoymağın vacibliyi fikrini irəli sürdü. Qəşəm İsabəyli akademik İsa Həbibbəylinin bu sahəyə diqqətini önə çəkərək son illər uşaq ədəbiyyatı sahəsində canlanmanın olduğunu bildirdi. Həm Zahid Xəlil və Qəşəm İsabəylinin, həm də digər çıxışçılar - İbrahim Yusifoğlunun şeiri,Yusif Nəğməkarın səsləndirdiyi "Papaq", Sevinc Nuruqızının "Vətən" şeirləri məclisdə gözəl bir poetik ortam yaratdı. 

Simpoziumda filologiya elmləri doktoru Mərziyyə Nəcəfova, xarici qonaqlardan pakistanlı Abdul Fareed Brohi, Şimali Kiprdən Esra Kan çıxış edərək uşaq ədəbiyyatının öyrənilməsində yeni mərhələ yaradacaq bu tədbiri mütərəqqi hadisə adlandırdılar.

Üç gün davam edən simpoziumda uşaq ədəbiyyatı ilə bağlı rəngarəng tədbirlər bir-birini əvəz etdi.  Simpoziumun birinci günü plenar iclaslarda müxtəlif mövzularda məruzələr dinlənildi. İkinci günü, oktyabrın 19-da Milli Konservatoriyanın Gənclər Xorunun konserti gələn qonaqları və yerli alimləri gözəl ifaları ilə sevindirdi.

Oktyabrın 20-də isə "Bakı İnn" otelində simpoziuma qatılan alimlər arasında şeir, musiqi məclisi davam etdirildi, dialoq, yeni ideyalar ətrafında fikir mübadiləsi, gələcək planlar haqqında söhbət oldu. Yaxın bir il ərzində görüləcək işlərdən danışıldı. Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyinin üzvü, simpoziumun Azərbaycan təmsilçisi Mərziyyə Nəcəfovanın verdiyi məlumata əsasən, Naxçıvanda Nəzakət İsmayılovanın hazırladığı "Naxçıvan ədəbi mühiti: uşaq ədəbiyyatının təşəkkülü və inkişaf mərhələləri" kitabının çapı bu günlərdə ictimaiyyətə tədqim olunacaq. Onu da deyim ki, Mərziyyə Nəcəfovanın "Qarabağ hekayələri"nin çapı da simpoziumun gələn ilin proqramına saldığı işlərdəndir. Cənubda uşaq ədəbiyyatının mənzərəsi, inkişafı istiqamətində məlumat vermək üçün Pərvanə Məmmədli və Esmira Fuada bu istiqamətdə tədqiqatlar aparmaq tapşırıldı. Gələn il üçün çocuk Edebiyatı Simpoziumunun keçirilmə məkanının Almaniya, mövzusunun "Çocuk sineması" adlanması nəzərdə tutuldu. Türkdilli xalqlarda uşaq kinosu, onun işlənmə xüsusiyyətlərini meydana çıxarmaq, uşaq obrazlarına baxış, zamanın yeni uşaq qəhrəmanları kimlərdir, - kimi suallara cavab aramaq üçün belə bir mövzunun qoyuluşu maraqlı yanaşma və mənzərə müxtəlifliyi vəd edir.

Ədəbiyyat zövq formalaşdırır, ədəbiyyat həyata baxışımızı nizama salır, bir sözlə, ədəbiyyat insan yetişdirir! Bu isə hamımızın məsuliyyətidir, vicdan işidir.  Uşaqlarımızın tərbiyə və əxlaqının təməlində dayanan amillərin hər birinin rolu var. Biz nə qədər sevgi, diqqət və əmək verəcəyiksə, bir o qədər qazanacağıq. Unutmayaq! Yeni nəsil bizim əsərimiz olacaq!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!