Müqəddəs nemətdir o. Bir tikəsi yerə düşsə götürər, bəzən öpüb gözümüzün üstə qoyarıq. Nankorlardan danışarkən yenə də ona olan münasibəti ilə həmin adamı tanıdarıq: "Filankəs çörəyi dizinin üstə adamdır". Çörək... Ruzi, bərəkət, süfrələr bəzəyi, əvəzsiz nemət...
Novruz bayramının atributu olan səməninin buğdadan yaranması da elə-belə deyil. Təbiətin oyanışının tərənnümçüsü olan Novruz baharın gəlişinin tərcümanıdır. Buğdalar cücərib səməniyə çevrilir, səməni isə Novruzda süfrələrimizi bəzəyir. Buğda çörəkdir, unsanı yaşadan nemətdir...
"Şərikli çörək" bu müqəddəs nemət haqda çəkilmuş gözəl bir filmdir. Müharibədə yaşanan aclıq zamanı insanların ümid yeri olur çörək...
"Çörək bol olarsa..."
"Çörək bol olarsa basılmaz vətən" deyirdi Səməd Vurğun... Müharibələrdə vətənin basılmamasına çörəyin səbəb olmasını vurğulayır şair bu misra ilə.
Esmira Məhiqızının "Bir parça çörək" şeirinə baxaq:
Çörəyin üzünə həsrət qalanlar,
Bir tikə çörəyə çox möhtaclar var.
Çörəklə sınağa çəkilən şahlar,
Çörəksiz can verən yalavaclar var.
Yerə atılmış bir parça çörəyi günəşə bənzədir E.Məhiqızı:
Əlimdə günəşdir bir parça çörək,
Kim atıb, görəsən, günəşi yerə?
Mənim əllərimi yandırdığıtək
Kimin əllərini yandırar belə?
Onun adının halallıq rəmzi olan duzla eyni vaxtda çəkilməsi, onların birlikdə daha böyük anlam kəsb etməsi hamıya məlumdur. Süleyman Rüstəmin bu haqda yazdığı şeirə nəzər yetirək:
Oxu öyüdümü sən sətir-sətir,
Qoy yağsın hər zaman dilindən ətir,
Qazancını itir, malını itir,
Ancaq duz-çörəyi itirmə, oğlum!
Jan Valjan
İnsanları həyata bağlayan nemət... Müharibələrdə belə, onlara həyat bəxş edən, çətin sınaqlardan onları alnıaçıq, üzüağ çıxaran, ölməyə qoymayan, əbədi yaşam stimulumuz...
Müqəddəs nemət olan çörək haqda çox yazılıb, çox deyilib, hələ yazılacaq, deyiləcək...
Viktor Hüqonun "Səfillər" romanının qəhrəmanı Jan Valjanın başına gələn faciələr çörək oğurluğundan başlayır. 1795-ci ilin qışında ərzaq qıtlığı yaşanırdı. Jan Valjan bacısı qızını aclıqdan xilas etmək üçün yerli çörəkçidən çörək oğurlayır. Jan Valjan həbs olunur və 5 il həbsxanada cəza çəkir. Hər dəfə qaçmağa cəhd göstərdiyi zaman cəzası bir az da artırılır. Viktor Hüqo obrazın iqtisadi böhran ərəfəsində öz bacısı qızını doyurmaqdan otrü çörək oğurladığı və dəfələrlə qaçmağa çalışdığı üçün məhbus həyatı sürdükdən sonra normal yaşamaq üçün çəkdiyi 19 illik əziyyətləri təsvir edir.
Aclığın əsarətində...
Knut Hamsunun "Aclıq" romanının baş qəhrəmanı olan adsız personaj Kristianiyada (Oslo) qəzetlər üçün məqalə yazıb pul qazanmağa çalışan yoxsul bir gəncdir. Bir məqaləyə görə ona, adətən, beş kron qonorar verirlər və o, bu pulla ancaq bir neçə gün yemək ala bilir... Sosial mövzulara həsr olunan həmin yazıları qəzetlər çox həvəssiz alırlar. Pulsuz qaldıqda o, kirayədə yaşadığı evlərdə ona aid olan əşyaları lombarda satmaqla çörəkpulu qazanır. Gənc yazar öz günlərini yemək tapmaq üçün küçələrdə veyillənməklə keçirir.
Aclıqla mübarizə aparan qəhrəman zəiflik, başgicəllənməsi, ürəkbulanması və əsəb gərginliyindən əziyyət çəkir. Aclığın güc gəldiyi anlarda o, ağac qabıqları çeynəməklə mədəsini aldadır.
Ümidsiz günlərinin birində acından öləcəyini düşünən qəhrəman limana gəlir və orada onu Rusiyaya yola düşən bir gəmidə işə götürürlər. Beləliklə, əsərin qəhrəmanı aclıqdan xilas olur.
Akşad şahın istəyi
Ssenari müəllifi Hikmət Ziya, quruluşçu rejissoru Əlisəttar Atakişiyev olan "Qərib cinlər diyarında" filmində var-dövlət arzusu ilə yaşayan kasıb kəndli balası - Qəribdən söhbət açılır. Bur gün Qəribin arzusundan xəbər tutan cinlər padşahı Akşad Qəribi öz diyarına dəvət edir və ona çoxlu var-dövlət verəcəyini bildirir, amma bir şərtlə: oğlan cinlərə taxıl əkməyi və çörək bişirməyi öyrətməlidir...
"Həyat eşqi"ndəki həyat sevgisi
Cek Londonun "Həyat eşqi" hekayəsinin qəhrəmanının aclıqla üz-üzə qaldıqda yaşadığı çətinliklər onu oxuyan oxucuların yaddaşında dərin izlər buraxır. Tənhalıqla baş-başa qalan yazıçının həyatı "Həyat eşqi" hekayəsi ilə sona çatmışdı.
"Həyat eşqi"ndə iki yoldaş səfərə çıxır. Yoldaşlardan biri o birisinin dumanda itdiyini zənn edir. Ancaq əslində, o, heç də itmir, öz yoldaşını atıb gedir. Təkbaşına qalan yoldaşı isə xeyli yol qət etməli olur. O, sağ qalmaq üçün sözün əsl mənasında həyatla mübarizə aparır... Yolda onun qarşısına insan sümükləri də çıxır, bu onu atıb gedən yoldaşının sümükləri idi, canavarlar onu parçalamışdılar. Yoldaşının qızıl torbası da orada idi.
Hekayədə sağ qalmaq uğrunda mübarizə çox mükəmməl təsvir olunur və həyatın, əslində, necə dəyərli olduğunu göstərir. Cek London bu hekayə ilə nəyin bahasına olur-olsun, insanları yaşamağa, həyatı sevməyə səsləyir. "Həyat eşqi" hekayəsi həm də insanla təbiətin mübarizəsinə həsr olunub...
Vokenin evi
Adətən, dualarımızda da çörəyin adını çəkirik: "Allah heç kimi çörəklə imtahana çəkməsin" deyirik. İnsanlar həmişə o nemətlə imtahana çəkilməkdən, aclıqdan qorxub...
Balzakın "Qorio ata" romanında Vokenin evi təsvir olunan vaxt bir səhnə ilə qarşılaşırıq: Divarda pansionerlərin gözləri qarşısında Kalipso pərisinin Odisseyin oğlunun şərəfinə düzəltdiyi möhtəşəm ziyafətin mənzərəsi var. İllərdir bu mənzərə kasıb gənc pansionerlərin istehzasına hədəf olur. Sanki bu gənclər ehtiyac üzündən yeməyə məcbur olduqları nahara rişxənd etməklə öz talelərinin fövqünə yüksələ bilirlər. Ziyafət və yoxsul süfrənin üz-üzə qoyulması çörəklə imtahana çəkilməyin başqa adıdır...
***
Ruzidir, bərəkətdir çörək. İşləməyin, yaşamağın bir adı da "çörəkpulu qazanmaq"dır. Yazını mən də bu dua ilə tamamlayıram: Allah heç kimi ruzi, bərəkətlə - çörəklə imtahana çəkməsin...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!