Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı Fövqəladə və Səlahiyyətli səfiri Eldar Həsənovun tədbirdə çıxışı
Vase ekselencije, uvazeni ambasadori,
Uvazeni poslanici u Skupstini Crne Gore,
Uvazeni poslanice u Parlamentu Azerbejdzana, akademice Rafael Huseinov i gosti iz Azerbejdzana,
Uvazena gospodo Lopicic,
Uvazeni prorektore, gospodine Vukicevicu,
Istaknuti naucnici i knjizevnici Crne Gore,
Uvazeni ucesnici dogadaja,
Dame i gospodo, Dragi prijatelji,
Əziz xanımlar və cənablar, hörmətli tədbir iştirakçıları.
Artıq neçə illərdir ki, Podqoritsanın gözəl guşələrindən birində -"Kral parkı"nda dünya miqyasında tanınmış naşir Bojidar Vukoviç Podqoritsanın büstü ilə yanaşı dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin abidəsi ucalır. 2013-cü il sentyabrın 11-də yenilənmiş parkın təntənəli açılış mərasiminə biz hamımız əsl bayram ovqatıyla gəlmişdik, çünki xalqları bir-birinə yaxınlaşdıran, insanları bir-birinə doğmalaşdıran sözün, sənətin, ədəbiyyatın, mədəniyyətin işığına yığışmağımızın fərqindəydik.
Podqoritsanın mərkəzində yerləşən bu parkda Cavidin xatirəsinin əbədiləşdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü idi. Biz bu parka haqlı olaraq iki xalqın dostluq rəmzi kimi yanaşırıq. "Kral parkı"nda ucaldılmış bu abidə də məhz belə bir nəcib amala - dostluğa və humanizmə xidmət edir.
Xoş xatirələrlə dolu bu yaxın keçmişimizə nəzər salaraq, Monteneqronun ədəbiyyat və kitab sevərlərini, dəyərli ziyalılarını daha bir mədəniyyət xəbəri ilə sevindirmək istəyirəm. Dahi Azərbaycan dramaturqunun şah əsərini çernoqorlular öz dillərində oxumaq imkanı əldə etsinlər! Bəli, Cavidin bir çox dünya xalqlarının dillərinə çevrilmiş "İblis" mənzum dramı artıq Çernoqoriya dilinə də tərcümə olunub və mən bu gözəl fürsətdən yararlanaraq Cavid yaradıcılığı və Cavid şəxsiyyəti ilə bağlı düşüncələrimi həmin kitabın ön sözündə yazdım.
Azərbaycan ədəbiyyatında müstəsna yer tutan dahi Hüseyn Cavid klassik Şərq mədəniyyətinin ən yaxşı ənənələrini inkişaf etdirən qüdrətli sənətkar, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri kimi məşhurdur. Onu Azərbaycanın Şekspiri adlandıranlar da var, ən gözəl əsəri olan "İblis"i Hötenin məşhur "Faust"u ilə müqayisə edənlər də. Bu, heç də təsadüfi deyil, çünki Cavid, ilk növbədə, bəşəri sənətkardır və öz yaradıcılığında bir qayda olaraq yalnız ümumbəşəri mövzulara müraciət edir, qlobal ictimai-siyasi əhəmiyyətə malik problemlərə toxunur.
Cavidin yaradıcılığı nə qədər çoxşaxəli və rəngarəng olsa da, müxtəlif janrlı bu əsərlərin hamısını eyni motiv birləşdirir: humanizm və insanpərvərlik. Təsadüfi deyil ki, sənətkarın çoxsaylı personajları milliyyət baxımından, az qala, bütün dünya arealını və bütün xalqların nümayəndələrini (azərbaycanlı, gürcü, rus, fars, türk, ərəb, ingilis, fransız, alman, ispan və s.) əhatə edir. Cavid öz əsərlərində milli və dini ayrı-seçkiliyin insanlar arasında hansı fəsadlar doğurduğunu faş etdiyi kimi, qanlı savaşların da hansı fəlakətlərə yol açdığını, bəşəriyyətə necə ağır zərbələr vurduğunu diqqətə çatdırır.
Kəssə hər kəs tökülən qan izini
Qurtaran dahi odur Yer üzünü!
Bu misralar "İblis"dən deyil, Cavidin başqa bir əsərindəndir. Mən onu heç də təsadüfən misal çəkmədim: bu motiv Cavid yaradıcılığından qırmızı xətt kimi keçir. Yəni bu beyti Cavid yaradıcılığının devizi saymaq olar. Həqiqətən də, dünyada qanlı savaşların kökünü kəsən, Yer üzünü mənasız qırğınlardan, ölümlərdən, itkilərdən qurtaran şəxs kimdirsə - Dahi də məhz odur; yaxud Dahi o şəxsdir ki, nahaqdan axıdılan qanları dayandıra bilsin!
Bu, Cavid həqiqəti, Cavid müdrikliyi, Cavid uzaqgörənliyidir!
Bu, müharibələrə "yox" deyən, bəşəriyyəti sülhə, insanları humanizmə, mədəniyyətə səsləyən, haqqın, ədalətin qələbəsinə inanan və bütün ömrünü bu müqəddəs amala sərf etmiş bir sənətkarın sözüdür!
Birinci Dünya müharibəsi illərində qələmə aldığı "İblis" dramında Cavid dövrün bütün mürtəce qüvvələrini - "iyirminci əsrin mədəni vəhşiləri" olan müharibə hərislərini, insan həyatını puç sayan təcavüzkar qüvvələri məhz İblis surətində ümumiləşdirmişdi.
Əsərdə bütün bədbəxtliklərin insan xislətindən, onun çirkin ehtiraslarından doğduğuna açıq və gizli işarələr var. Hadisələrin mərkəzində duran İblis simvolik obrazdır və Cavidin gəldiyi nəticə budur ki, insan öz insani mahiyyətindən uzaqlaşdıqca İblis daim onu qarabaqara izləyəcək, onu öz quluna çevirib bütün əməllərini idarə edəcəkdir.
Cavid elə simadır ki, yaradıcılığı şəxsi həyatından, taleyindən ayrılıqda təsəvvür olunmur, yəni sənətkarın keçdiyi ömür yolu yaradıcılığı ilə bilavasitə əlaqədardır.
Buna görə də sənətkarın çətin, ağır, iztirablı, eyni zamanda ömür yolu barədə tədbir iştirakçılarını məlumatlandırmaq istəyirəm.
Cavid 1882-ci ildə Naxçıvanda, ruhani ailəsində doğulmuş, 1909-cu ildə İstanbul Universitetinin ədəbiyyat bölməsini bitirəndən sonra bir müddət Naxçıvanda, Gəncədə, Tiflisdə və Bakıda müəllimlik etmişdir. Bu kiçik yazıda Cavidin bioqrafiyası ilə bağlı geniş təfərrüata varmaq, yaxud hansı əsərini nə vaxt, hansı şəraitdə yazmasını vurğulamaq bu ön sözə əsla sığmaz. Diqqəti daha çox bu faciəli ömür yolunun bir neçə məqamına cəlb etmək istərdim.
Məsələ burasındadır ki, Cavid bir şəxsiyyət olaraq Azərbaycanda milli ləyaqət nümunəsi timsalındadır; zəngin yaradıcılığı öz yerində, onun ömür yolu ayrıca mövzuya çevrilmiş, həyatı barədə xeyli əsərlər yazılmışdır.
İlk növbədə onu qeyd edim ki, Cavidin yazıb-yaratdığı ən məhsuldar dövr Azərbaycanda kommunist ideologiyasının tüğyan etdiyi bolşevik rejiminə təsadüf edib. Kommunist ideologiyasının bərqərar olduğu o nəhəng məkanda Cavid yeganə istisnalardan idi ki, həmin ideologiyanı tərənnüm edən bircə əsər də yazmadı, öz yaradıcı qürurunu yüksək tutub əqidəsinin əksinə getmədi. Ateizmin meydan suladığı bir cəmiyyətdə, dinlərin təqib olunduğu bir mühitdə "Peyğəmbər" adlı pyes yazmağı təsəvvür etmək mümkündürmü? Bunu yalnız öz düşüncələrini ifadə etməkdən heç vaxt çəkinməyən Cavid kimi cəsarətli qələm sahibi edə bilərdi!
Əlbəttə, həmin illərdə Cavidin böyük istedadından, sənətkar nüfuzundan yararlanmaq istədilər. Onu yeni quruluşun təbliğatçısına çevirmək cəhdlərinə, təhdidlərə baxmayaraq Cavid heç vaxt öz mövqeyindən geri çəkilmədi, heç zaman qələmə, sənətə arxa çevirmədi, sözün həqiqi mənasında bu yolda həyatını qurban verdi. Rejim rəhbərləri Cavidə bunu bağışlamadılar - böyük sənətkar həbs olundu, Sibirə sürgün edildi və ömrünü 1941-ci ildə, doğma vətəndən xeyli uzaqlarda, amansız kommunist düşərgəsində başa vurdu. Uzun illər, az qala, yarım əsr ərzində əsərlərinin nəşri yasaq edildi, pyesləri teatrların repertuarından çıxarıldı.
Və yalnız Azərbaycan dövlətinin o zamankı rəhbəri Heydər Əliyevin birbaşa müdaxiləsi nəticəsində Cavidin üzərindən bütün qadağalar götürüldü, özü də onda hələ sovet dövləti dağılmamışdı. Nəinki qadağalar götürüldü, hətta o vaxtacan görünməmiş bir addım atıldı - 1982-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Cavidin cənazəsini qürbətdən, uzaq İrkutsk vilayətindən vətənə gətirmək və doğulduğu torpaqda dəfn etmək mümkün oldu. Yaxşı yadımdadır ki, sənətkarın uzaq Sibirdən vətənə qayıdışı Azərbaycanda ümumxalq bayramına çevrilmişdi, çünki bu, haqqın ədalətsizlik üzərində qələbəsi idi. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə Bakıda sənətkarın heykəli ucaldıldı, adını daşıyan gözəl park salındı, Naxçıvanda isə onun qəbri üzərində memarlıq-xatirə kompleksi yaradıldı.
Xalq öz sənətkarını heç vaxt unutmur; xoşbəxtlikdən, Cavidi xalqın yaddaşından silmək istəyənlər heç nəyə nail olmadılar. Qürur hissi ilə onu da söyləmək istəyirəm ki, Hüseyn Cavid irsi geniş şəkildə araşdırılır və bu istiqamətdə sanballı və dərin məzmunlu əsərlər ərsəyə gətirilmişdir. Bu baxımdan həm Hüseyn Cavid yaradıcılığının tədqiqi, həm də təbliği sahəsində diqqətə və təqdirəlayiq fəaliyyəti ilə seçilən akademik İsa Həbibbəyli, akademik Rafael Hüseynov, akademik Teymur Kərimli, filologiya elmləri doktoru Sona Vəliyeva, tənqidçi-publisist Azər Turan, şair-tərcüməçi Səlim Babullaoğlunun adlarını çəkməklə yanaşı, bir Cavidsevər kimi onların hər birinin əvəzsiz əməyini, xidmətini, elmi tədqiqatlarını xüsusi minnətdarlıqla qeyd etmək istəyirəm.
Podqoritsaya hər gəlişimdə "Kral parkı"na hökmən baş çəkir, qüruruna, şəxsiyyətinə, mətinliyinə böyük rəğbət bəslədiyim bu dönməz əqidə sahibinin qarşısında ehtiramla baş əyib, istər-istəməz düşüncələrə dalıram. Mənəvi borcun məsuliyyətini unutmayan və bu heykəlin araya-ərsəyə gəlməsində az da olsa rolu, xidməti olmuş Cavid pərəstişkarı, Cavid oxucusu kimi təsəllini onda tapıram ki, Cavid uzaq Sibirdən təkcə doğma Azərbaycana qayıtmaqla kifayətlənmədi - o, sivil dünyanın bütün guşələrinə, o cümlədən bu müstəqil Avropa ölkəsinə - Monteneqroya da qayıtdı. Eyni zamanda düşünürəm ki, təkcə öz doğma dilində deyil, bütün mədəni xalqların dilində danışan Cavid dəyərli monteneqrolu oxucuları artıq onların öz dilində salamlayır.
Diqqətinizə görə təşəkkür edirəm.
22 oktyabr 2019-cu il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!