Əllərin alın yazısı - Rüstəm Kamal yazır - Rüstəm KAMAL

Fərid Hüseynin doğum gününə

Rüstəm KAMAL

 

Fərid Hüseyn mənim sevimli tələbələrimdən biridir. Otuz yaşlı bu "qoca" şairin yüksək əxlaqına və istedadına həmişə sevinmişəm.

Fəridin bədii təfəkkürü fraqment səciyyəlidir. Psixologiyada poetik düşüncənin fraqmentarlığını, adətən, subyektin "dağınıqlığı" ilə izah edirlər. "çoxlu, hissəcikləri bir yerə yığmaq cəhdi" əslində, fraqmentar yazının xarakterindən gəlir. Və Fəridin bu fraqmentləri "Gənc Verterin iztirabları" kimi yazılır...

Onun minimalist essizmdən gələn yığcam, aforistik ümumiləşdirmələrində məişət replikası ilə fəlsəfi deyimlər, sitatla kitab üslubu ilə rahatca bir-birini əvəz edə bilir, bir-birilə qonşuluq edə bilir, amma sonda, fərqi yoxdur, hamısı bir məna məcrasında qovuşur.

"Susmaq" feli Fəridin şeirlərində bütün sözləri maqnit kimi öz cazibəsinə dartıb çəkir. Susmaq "bu dünyada" kiməsə nəyisə deməmək həm də Fəridin mental-psixi durumunun, əxlaqının bir keyfiyyətidir. O şeyin ki, adını deyə bilmirsən, onun adı ölümdür. Susmağı bacaran və sevən bir şairin sözü "ölüm"ün dərkindən keçir.

Fərid Hüseyn o istedadlardan biridir ki, mədəniyyət mifləri içində özünü çox rahat hiss edir. "İncil" mifologemlərini - xristian mədəniyyətində geniş yer almış mifoloji obrazları, hadisələri və səhnələri öz ömrünə, taleyinin mistik layihəsinə proyeksiya edir. Necə ki, çox sevdiyi Hz. İsa Məsihin çarmıxda mismar vurulmuş əlləri ekzistensial təcrübəyə çevrilir.

İnsanlardan yadigar saxlamadım

yığdım gözümü hamıdan.

mən daha sənin əllərinə vurulan

mismar səsindən özgə heç nə aparmaq istəmirəm dünyanın.  

Fərid Hüseynin jest, hərəkət poetikasında "əllər" obraz və motiv kimi daha fəaldır. Burada kimin "əlləri" yoxdur? - İsa peyğəmbərin çarmıxa çəkilmiş əlləri, "şeirini alan əllərə Məhəmməd Hadinin uzanan əli", şəhid anasının əlləri...

Biz şeirimizi yox

Günümüzü satıb yanıldıq,

Alnımızdan kirli əllər sildi

Puçur-puçur tərləri.

Dünya zülmətə dönür əllərin səxavəti kəsiləndə:

Oğlunun səsini dilənir

şəhid anası -

kəsilib səxavətli əllər...

"Əl" bu şairin ən sirli, gizlin mənalarla yüklənmiş obrazıdır. Əllər son ümid yeri və qaranlıqda işıq mənbəyidir. Nəvə əlləri kor nənənin görən "gözləri" olur. Əl hərəkətləri bu dünya ilə o dünyanın sərhədlərini işarələyir.

Yalnız əllər alın yazısını silməyə, dəyişməyə qadirdir: "Əllərim alnımdakı əcəl təri silmir". Ondan ötrü ayrılıq öncə əllərin yaratdığı hadisənin adıdır. Sevdiyinin "əlindən tutmaq" jesti bəlkə də Bircə yol "əlimi tut" demədiniz". Vida və görüş səhnələri əllərin yaddaşdakı unudulmaz izidir.

O gündən sonra, bədənim qanlı köynəkdi,

Əllərim "əlvida ağacları"dı yellənir arxanca.

Onun bu dünyada dialoqu "naməlum qadın"ladır, sorğu-sualları, şikayətləri, gileyləri ona ünvanlanır. Bu "ismi-pünhan"lıq onu ruhlar dünyasının sakininə çevirir. Elə ən çox unutmadığı da bu "ismi-pünhan" qadının əlləridir.

Düşmən nifrəti var xəstəliyin gözündə

Burax əlimi... dözülməzdi bilmək.

Fərid Hüseynin lirik qəhrəmanı mistik, ilahi dünya üçün darıxır. Bu dünya itkilərin, ağrıların, mənasızlıqların, anlaşılmazlıqların dünyasıdır. Onun bu dünyanın absurdluğunu, qəddarlığını görmüş insanların obrazına müraciət etməsi, - İsa peyğəmbərə, Mikayıl Müşfiqə, Məhəmməd Hadiyə şeir həsr etməsi də bu üzdəndir.

Bir çox cavan həmyaşıdlarından fərqli olaraq, Fərid dəbdə olan erotik ehtirasın ifadəsinə qətiyyən meyil etmir. Bu həm də onun əxlaqından gəlir. Onun bədii təxəyyülünü ömrün qara sevdası - ölüm maraqlandırır. Hər yerdə - şəkildə, qanlı köynəkdə, yaralı bədəndə, Mövlud Mövludun addım səsində "ölümün işini" axtarır. Axı, quyu da, şəkil də, yara da, təkyerlik çarpayı da, qanlı köynək də - hamısı ölümün simvolik işarələridir.

Bir irfani məqam da gözümdən yayınmayıb: Fərid dünyanı gəzib-dolaşsa da, yaradıcılıqda reportyor kimi, qəzetçi kimi çıxış etmir. Onu həmin məkanların memarlıq landşaftı, təbiəti deyil, müşahidələrin içində yaratdığı peyzaj maraqlandırır. O, yaxşı bilir ki, həyatın gerçək mənzərəsi iç baxışından asılıdır. Ona görə də öz "mən"ini predmetli, əyani hadisələrdə, faktlarda axtarır, yəni batin dərki zahiri dərkdən başlayır. Əlcəyin astarı kimi, şair özünü və öz zamanını astara çevirmək istəyir.

Avropa təqvimi İsa Məsihin mövludundan başlayan kimi, Fəridin ömrü də, şairliyi də bu faciəli itki tarixi il bağlıdır. Məhz atasının öldüyü gündən Fəridin uşaqlıq travmasından çıxıb metafizik hadisənin hüduduna "girişi" başlayır:

Atam ölən gecə anamı oyadıb alma istədi

onda bilməliydim ki, doğrudan da, Adəmdən yaranmışıq.

Bizə dedi ki, bədənimi ovun, -

əllərimizin izini

aparmaq istəyirmiş kürəyində.

Fəridin antropoloji həssaslığı yaralı bədəni görümlü edir. Məşhur fransız filosofu Mişel Füko deyirdi ki, yara ölümün işi haqqında məlumat verir. "Qurani-Şərif"də "Qaçan atlar" surəsi ("And olsun tövşüyə-tövşüyə qaçan atlara...") üslubunda yazdığı şeirdə olduğu kimi:

And olsun gecənin bu vaxtına ki,

Əsgər yarasında qurşun kimiyəm...

Ölüm onun səfər etdiyi səhərlərin, indi dəbdə olan sözcüklə desək, ekzistensial mahiyyətində yaşayır. İstanbul, London, Moskva ilə ilk tanışlığı "ölüm peyzajından" başlayır.

Burda "Ölü şəhər"in sakinləri nəsil-nəsil əzizlərini

evlərinin zirzəmisində gömürlər,

burda ən adi şeydən ötrü ağladınsa,

demək, ölünün üstündə -

məzar başında da ağladın. ("Qahirə qədəri").

yaxud:

Zamanı əqrəblərində çarmıxamı çəkirsən,

hər saatın tamamında

açılmaz sirlərin qapısınımı döyürsən? ("Biq Ben").

O, mədəniyyət miflərinə çox inanır. Bir çox şeirlərinin adından ("Birinin gündəliyində haqqındakı qeydlər", "Aharon Appelfeldin müsahibəsi", "Mələklərin haqqımda yazdıqları" və s.) başqa, içində də bir Yazı inancı var. Onun oxuduğu "yazılara" fəlsəfi poetik şərhlər yazmaq instinkti bununla əlaqədardır, - bununla da həmin "yazını" yenidən metafizik dövriyyəyə daxil etmiş olur. Yazı kultuna istənilən yazı nəsnəsini - kitab, müsahibə, dərman resepti... maraqlı poetik istinad nöqtəsinə çevrilir. Fəridin mifoloji-kulturoloji düşüncə əxlaqi bütün "Yazı"ları şair kimi oxumasına imkan verir.

Və sonda bu kiçik yazını Fərid Hüseynə dua ilə bitirmək istərdim: qoy qələm tutan əllərinin işığı tükənməsin!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!