Azərbaycan şərqşünaslığının böyük itkisi - İmamverdi Həmidov yazır

 

İtki fenomen şəxsiyyət akademik Vasim Məmmədəliyevə əlvida deməyimizlə nəticələndi. Bu son görüş özü də qeyri-adi, fərqli idi. Ölkəmizin və ziyalılarımızın, bütün xalqımızın qürur yeri olan Bakı Dövlət Universitetinin Böyük Akt zalında 14 oktyabr günü Vasim müəllimlə vidalaşırdılar. Hamı onun hüzuruna gəlməyi özünə borc bilirdi: müdrik dövlət adamı, ağsaçlı alim, çoxsaylı müəllim, qocaman əməkçi, səriştəli iş adamı, ruhani, tələbə, gənclər, Vasimi tanıyanlar, onun qədrini bilənlər Vasim müəllim bu hörməti ona bəxş edilmiş istedadı, biliyi, hafizəsi, zəhmətkeşliyi, çalışqanlığı, sadəliyi ilə qazanmışdı.

Bu keyfiyyətlər onun ömrünün bütün dövrlərində özünü göstərmişdir. Keçən əsrin altmışıncı illərində Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin ərəb şöbəsinin tələbəsi Vasim bu nüfuzlu təhsil ocağında ilk kövrək addımlarını atan bütün tələbələrin diqqətini özünə çəkməyə başlamışdır. Çünki bu istedadlı tələbə ərəb dilinin universitet proqramını artıq birinci kursda mənimsəmişdi. Universitetdə ərəb dilinin tədrisi sahəsində məktəb yaratmış əməkdar müəllim Ələsgər Məmmədovdan müasir ərəb ədəbi dilinin qrammatikasının sirlərini öyrənmişdir. Vasim proqramlardan kənara çıxaraq zəngin ərəb dilinin qayda-qanunlarının tarix boyu öyrənilməsi ənənələrinə yiyələnməyə müvəffəq olur, canlı danışıq dilini uğurla öyrənir. Onun maraq dairəsində "Qurani-Kərim"i öyrənmək, islam dininin başlıca qaynaqları ilə tanış olmaq kimi cəsarətli (sovet dövrü üçün!) məsələlər dururdu. Tələbə Vasim maraqlı tələbəlik dövrünün böyük və ya kiçik bütün hadisələrində iştirak edir, özü tələbə yataqxanasında qalmasa da, qayğılı yataqxana həyatının özünəməxsus xüsusiyyətləri ilə yaşayırdı. Tələbələrin pambıq yığımında iştirak etdiyi həmin illərdə bu tədbirlə bağlı maraqlı epizodlar haqqında Vasimin neçə-neçə duzlu-məzəli söhbəti var idi.

Ali məktəbə daxil olmamışdan qabaq ərəb və fars dillərini öyrənməyə başlamış Vasim Məmmədəliyev 1964-cü ildə Universitet təhsilini başa vurduqdan sonra həvəs və marağının dalınca getmişdir. Aspirantura təhsilini və ərəb dilçiliyi sahəsində ilkin tədqiqatlarını o zamankı nüfuzlu Tbilisi məktəbində aparmış bu zəkalı şəxs elmdə ciddi addımlarını atmağa başlamışdır. Tbilisi Dövlət Universitetində sami dillərinin tanınmış tədqiqatçısı, akademik Seretelinin ən sevimli aspirantı olur. 25 yaşında Tbilisidə "Müasir ərəb, Azərbaycan ədəbi dillərində və İraq dialektində felin zaman formalarının müqayisəli tipoloji təhlili" mövzusunda namizədlik (fəlsəfə doktorluğu) dissertasiyasını müdafiə etmişdir. "Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları" mövzusunda doktorluq dissertasiyasını 32 yaşında müdafiə etmişdir ki, bu da ərəbşünaslıq sahəsində ən gənc elmlər doktoru olmaqla özünəməxsus bir rekorddur.

Vasim Məmmədəliyevin elmi həyatının Tbilisi dövrü onun ömrünün xüsusi bir səhifəsidir. Özünün hazırlığı və çalışqanlığı ilə gürcü şərqşünaslarını heyrətə salan Vasim müəllim onların yaxın dostuna çevrilir. Akademik Sereteli üçün o, istəkli tələbəsi olmaqla istedadı, hal əhli olması və səmimiliyinə görə gürcü alimində xüsusi bir inam və iman yaradır. Şərqi, islam aləmini öyrənən Qərb alimləri bəzən islam prinsipləri və imanı qarşısında heyrətə düşürlər. Bu vəziyyət "Ərəb əlyazmaları üzərində işləyərkən" kitabının müəllifi akad. İqnati Kraçkovskidə müşahidə olunub. Vasim müəllimin dediyinə görə, Sereteli ona vəsiyyət etmişdi ki, vəfat etdikdə başı üstündə məhz Vasim Məmmədəliyev "Quran"dan ayələr oxusun. Fenomen şəxsiyyət olan Vasim Məmmədəliyevin qüdrəti budur!

Ərəb dilçiliyinin tədqiqi sahəsində Vasim müəllimin yuxarıda göstərilən əsərləri ilə yanaşı, "Ərəb dilçiliyi", "Bəsrə qrammatika məktəbi", ""Quran" və elm", ümumilikdə 20-dən artıq kitabın müəllifidir. Felin forma və kateqoriyaları haqqında klassik Bəsrə və Kufə məktəblərinin nümayəndələri və müasir tədqiqatçılar arasında mübahisələrin olduğunu nəzərə alsaq problemin həllinin əhəmiyyəti aydın olar. Bu məsələlər alimin araşdırmalarında aydınlaşdırılmışdır. Onun alimlik fəzilətlərini bir çox keyfiyyətlərlə səciyyələndirmək olar. Vasim Məmmədəliyevin fitri istedadı, ağıl vergisi möcüzə təsiri bağışlayırdı. Hafizənin güclülüyü haqqında oxuyub eşitdiyim müasir humanitar bilikli şəxsiyyətlərdən söhbət gedəndə ilk növbədə Vasim müəllim yada düşür. Onun böyük üstünlüyü ərəb, fars, türk filologiyasını yaxşı bilməsi, bu dillərlə yanaşı, rus və ingilis dillərinə yiyələnməsidir. Çoxsaylı qaynaqlardan müqayisə yolu ilə nümunə və mühakimələri olduğu kimi yada salmaq hər tədqiqatçının hünəri deyil. Bu hünər Vasim Məmmədəliyevə xas idi. O, Şərqin böyük alim və şairlərinin poetik irsindən çoxlu şeirləri birnəfəsə söyləməyi bacarırdı. Onun güclü yaddaşı analitik təfəkkürü ilə ahəng təşkil edirdi.

Vaxtilə Bakı Dövlət Universitetinin tələbəsi olmuş Vasim Məmmədəliyev Universitetə elmi dərəcə ilə qayıdır və 1968-ci ildən sonrakı bütün həyatını bu təhsil ocağı ilə bağlayır. 20 ildən artıq Şərqşünaslıq fakültəsinin dekanı, prorektor, professor və uzun müddət Ərəb filologiyası kafedrasının əvəzsiz müdiri işləmişdir. Bu müddət ərzində fakültədə tədrisin və metodiki işlərin əhəmiyyətli dərəcədə yeniləşməsi, gənc müəllim və pedaqoji kadrların hazırlanması istiqamətində böyük irəliləyiş olmuşdur. Sonralar Universitetdə yaradılmış İlahiyyat fakültəsinin dekanı vəzifəsini də yerinə yetirmişdir. Akademik Vasim Məmmədəliyevin rəhbərliyi altında 46 elmlər namizədi və fəlsəfə doktoru, 5 elmlər doktoru dissertasiyalarını müdafiə etmişdir. Fəlsəfə doktorlarından 3 nəfər ərəb ölkələrindən gəlmiş doktorantdır.

Akademik Vasim Məmmədəliyevin fitri istedadının daha bir tərəfi elmi universallığında idi. Onu yalnız ərəbşünas kimi təqdm etmək düzgün deyil. V.Məmmədəliyev eyni dərəcədə farsdilli ədəbiyyatın, klassik və müasir Azərbaycan ədəbiyyatının, türk ədəbiyyatının bilicisi kimi tanınırdı. Geniş məlumatları və ədəbi mətnləri hafizəsində saxlaya bildiyinə görə komparativistik təhlillər aparmaq onun üçün çox asan olurdu.

V.Məmmədəliyev Azərbaycan və Şərq musiqisi haqqında mötəbər söz deməyi bacarirdı, cünki əruzu və muğamları yaxşı bilirdi. O, Səfiyəddin Urməvi və Əbdulqadir Marağainin klassik Şərq musiqisi haqqında əsərlərini mütaliə etmişdi.

Müxtəlif elmi və kütləvi məcmuələrdə 600-dən artıq məqalənin müəllifi olan akademik Vasim Məmmədəliyev bir neçə elmi və pedaqoji müəssisə ilə əməkdaşlıq edirdi. Akademikin ən mühüm xidmətlərindən biri Azərbaycanda ilahiyyat elminə öndərliyi və "Qurani-Kərim"i akad. Z.Bünyadovla birlikdə Azərbaycan dilinə tərcümə etməsi ilə bağlıdır. 1991-ci ildə Bakıda ilk nəşrdən sonra bu tərcümənin Azərbaycanda, Türkiyədə, İranda, Ukraynada, Pakistanda 20 təkrar nəşri vardır. İslam ədəbiyyatının və islami dəyərlərin düzgün, obyektiv öyrənilməsinin tərəfdarı olan Hacı Vasim bu yönlərdə əsərlər yazmış, islamın əsaslarını elmi düşüncə işığında öyrənməyin tərəfdarı olmuşdur.

V.Məmmədəliyev Şərq dünyasını, ərəb-islam aləmini öyrənməkdə birtərfli mövqedə durmamış, dünya mədəniyyətinin və Qərb sivilizasiyasının dəyərli məqamlarını təqdir edərək bəşər elminin inkişafına öz payını verməyə çalışmışdır. O, elm və din problemi haqqında ilahi kəlamları əsas tutan bir araşdırıcı kimi ilahiyyat elminin uğur qazanmasına da xidmət etmişdir. Onun təsəvvüf və irfanla bağlı fikirləri Şərq xalqlarının ədəbiyyatında geniş yer tutan çətin bir məsələnin öyrənilməsini xeyli asanlaşdırır. V.Məmmədəliyevin "Qurani-Kərim"in təfsir və şərhləri, hədislər, Həzrət Əlinin müdrik kəlamları haqqında elmi əsaslara söykənən mülahizələri Azərbaycanda islamşünaslığın yeni uğurları hesab edilməlidir. İstər şərqşünaslıq və Azərbaycan ədəbiyyatının problemlərinə həsr edilmiş konfrans və simpoziumlarda onun qiymətli çıxışları, istərsə də xalqımızın mənəvi-dini inamlara söykənən adətləri daxilində keçirilən məclis və yığıncaqlarda cəlbedici söhbətləri həmişə böyük maraqla dinlənilmişdir.

Vasim Məmmədəliyevin Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlığı səmərəli olmuşdur. İdarənin rəisi Şeyxulislam Hacı Allahşükür Paşazadə Vasim Məmmədəliyevin qiymətini layiqincə vermişdir. Onların əməkdaşlığı nəticəsində İdarənin nəzdində elmi-dini şura yaradılmış və akad. Vasim Məmmədəliyev Şuranın sədri seçilmişdir. Beynəlxalq dini təşkilatların və islam qurumlarının tədbirində Vasim Məmmədəliyev Azərbaycanı layiqli şəkildə təmsil etmişdir. Ona görə nüfuzlu islam aləmində V.Məmmədəliyev yaxşı tanınırdı. Nəticədə Azərbaycan alimi bu vaxta qədər hər bir azərbaycanlının nail ola bilmədiyi dərəcəyə çatmışdı. Akad. Vasim Məmmədəliyev aşağıdakı xarici elmi və dini qurumlara üzv seçilmişdi: İraq Elmlər Akademiyası (İslam Hüququ Akademiyası, İslam Təşkilatı Konfransı nəzdində), Suriya "Quran" Elmləri və Ərəb Filologiyası Akademiyası, Türkiyə Elmi Araşdırmalar Vəqfi, Beynəlxalq Əhl-Beyt Assosiasiyası.

Vasim Məmmədəliyev dünyanın müxtəlif ölkələrində - Rusiya, Gürcüstan, Polşa, Türkiyə, İran, İraq, Misir, Liviya, Küveyt, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ, İndoneziyada keçirilən konfranslarda 46 məruzə etmişdir.

V.Məmmədəliyev uzun müddət Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində çalışmış, ərəb dilində yayımlanan verilişlərin hazırlanmasında iştirak etmişdir, Azərbaycan Televiziyasında "Haqqın dərgahı" proqramının aparıcısı kimi xalqın arzuladığı şəxsə çevrilmişdir.

Vasim Məmmədəliyev Azərbaycan ədəbiyyatı nümunələrini ərəb dilinə tərcümə etməklə də məşğul olmuş, H.Araslının "Xaqani Şirvani", A.Rojdestvenskinin "Fikrət Əmirov" kitablarını, C.Məmmədquluzadənin seçilmiş hekayələrini ərəb dilinə çevirmişdir.

Alimin əməyi dövlətimiz tərəfindən qiymətləndirilmişdir. O, 1992-ci ildə əməkdar elm xadimi adına layiq görülmüş, ümummilli lider Heydər Əliyevin Sərəncamına əsasən "Şöhrət" ordeni, 2009-cu ildə isə "Şərəf" ordeni ilə təltif edilmişdir. V.Məmmədəliyev Prezidentin Fərdi təqaüdçüsü idi.

Alimin hüzr mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak etmişdir.

Akademik Vasim Məmmədəliyev Azərbaycanda yetişmiş ərəbşünaslar nəslinin ustadı idi. Onun tələbələri nadir istedad sahibinin işini layiqli şəkildə davam etdirməklə ruhunu sevindirəcəklər.

Akademik Vasim Məmmədəliyevin xatrəsi həmkarlarının, onu sevənlərin və xalqımızın qəlbində həmişə yaşayacaqdır.

Ruhun şad olsun, Vasim müəllim!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!