İsa Həbibbəylini ilk dəfə "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadəgilin evində gördüm. Tarixi gün idi: 1992-ci il noyabrın 21-dən 22-nə keçirdi. YAP-ın təsis konfransını keçirib gecələmək üçün bir qrup Bakıdan gələn qələm əhli - Sirus Təbrizli, Ağabəy Əsgərov, Xeyrəddin Qoca, Ziya Paşa, Səyyad Aran... dünyanın cənnət kəndlərindən birinə - İlanlı dağın ətəyinə - Saltağa gəlmişdik. Yerli ziyalılardan Abutalıb Qasımov (sonralar Naxçıvan Ali Məclisi Sədrinin I müavini vəzifəsində işlədi), məktəb direktoru Dövlət Məmmədov, o zamankı kənd sovet sədri Səfər Həsənov da ordaydılar. Hamımız böyük sevinc və qürurla yenicə başa vurduğumuz konfransın yekunlarını, ulu öndər Heydər Əliyevin dözülməz soyuqda səhnədə - yelçəkərin düz ortasında! - kostyumda və köynəkdə oturaraq çıxışını, şərhlərini, izahlarını, verilən suallara cavablarını və s. müzakirə edirdik. Əlbəttə, heyranlığımız böyük idi və özümüz üçün də bir dərs götürürdük.
Böyük otaqda ən azı 20-yə yaxın adam vardı.
Orijinallığı, dərin əsaslandırmaları, məntiqi mühakimələri ilə seçilən İsa müəllim hamının xoşuna gəlirdi. Soruşanda elə belə də dedilər: - İsa müəllimdir! Ədəbiyyatçıdır.
Bu gün də ona belə deyirlər: - İsa müəllim!
Amma daha sanballı, daha mötəbər, daha hörmətli tərzdə.
O zaman sarıyanız, qıvrımsaçlı, qaynar bir gənc idi. Bununla bərabər, dinləmə mədəniyyəti də yüksək idi. Heç kimin sözünü kəsmirdi. O da danışanda heç kim onun sözünü kəsmirdi. Qələbəliyin içində bircə bu hal istisnaydı. Çünki ardıcıl, ahəngdar, sərrast danışırdı.
Ağırtaxta kişidir. Sözünün yiyəsidir. Son ümid yeridir. Onun yanında haqq-ədalət tapdana bilməz. Məşhur məsəlimizdəki kimi, məhz arxasıza dayaqdır. O, Nizami adına Ədəbiyyat İnstitutuna gələndən sonra müxtəlif səbəblərlə neçə illərdən bəri ya itib-batmış, ən yaxşı halda unudulmuş elmi işlər, hazır dissertasiyalar gün işığına çıxdı, hansısa bürokratik əngəllərdən əlini tamam üzmüş dissertantlar boy verdi, ortaya çıxdı, özlərini təsdiq etdilər... Birinin də rəsmi opponenti mən oldum.
Qeyri-adi sadəliyi və səmimiyyəti ilə İsa Həbibbəyli çox ucadadır. Hamını görür, heç nəyi unutmur, heç nə gözündən yayınmır. Ədəbi aləmdə baş verən heç bir hadisə onsuz ötüşmür. Doğrudan, heyrətamız faktdır. Bu qədər işi o, necə çatdırır? Axı kifayət qədər fəaliyyət göstərdiyi digər sahələr də var: MM-də Elm və Təhsil Komitəsinin sədri, seçicilərlə mütəmadi iş, neçə-neçə kitabların redaktəsi, çapa hazırlanması, monoqrafiyalar, gündəlik məqalələr, xarici əlaqələr, dünyanın müxtəlif ölkələrinə səfərlər, Avropanın, Asiyanın, Yaxın Şərqin ali təhsil ocaqları ilə elmi əməkdaşlıqlar, nələr, nələr...
O, üzərinə düşən missiyanı yaxşı anlayır. Götürə biləcəyi yükün altına girib. Ədəbi prosesin müxtəlif səbəblərdən yarımçıq qalmış, tam bitməmiş, məhz bu günlərdə həllini gözləyən elə vacib problemləri var ki... Zamansa gözləmir, bugünün işlərini sabaha saxlamaq olmaz. İnadla zamanın özündən borc alaraq ədəbi prosesin bir çox məsələlərini anındaca həll edir.
"Qardaşın necə adamdır? Yoldaş olmamışam".
Klassik və dəqiq münasibətdir! Mən də gördüm.
İsa müəllimlə "Naxçıvan - İslam mədəniyyətinin paytaxtı!" beynəlxalq tədbirinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılmış komissiyasının üzvü idik. Bir neçə dəfə bu münasibətlə birlikdə Naxçıvana getmişdik. Hər dəfə komissiya üzvlərini hörmət və ehtiramla qarşılayan Naxçıvan Ali Məclisinin Sədri V.Talıbov təkliflərimizi soruşurdu. Ən uğurlu və yerinə düşən təklifləri söyləyənlərdən biri İsa Həbibbəyli idi.
Hamıya qarşı diqqətliydi. Xüsusən Anara, mərhum Vasim Məmmədəliyevə, Aynur Sofiyevaya... Mən də kənarda qalmırdım.
- Əsgərliyin burda keçib də... Naxçıvanda. - Təsdiq mənasında üzünü mənə tuturdu. Hardansa öyrənmişdi.
- Hə, Qıvraq kəndində... İndi rayon mərkəzi olub.
- Heç baş çəkmisənmi?
- Mütləq gedəcəm. Bir vaxt tapım... 45 il keçib e...
- Get, get! Hisslərin təzələnəcək... Xeyli zənginləşəcəksən.
Naxçıvanın gəzməli, görməli, tarixi yerlərinə getdik. Ürəkdolusu, ehtirasla, sevgiylə, az qala, hər daşın haqqında məlumat verirdi. Hiss olunurdu ki, doğulduğu torpağın canlı ensiklopediyasıdır. Bir qığılcıma bənddir. Bir şey soruşdunsa, dolğun, faktlarla zəngin, tam əsaslandırılmış elmi-ədəbi cavab alacaqsan!
Adama elə gəlir ki, o, heç vaxt qocalmayacaq. Həmişə belə qalacaq: həyat eşqi ilə dolu, yaradıcılıq ruhu ilə intəhasız, daim çağlayan qəlbiylə məhsuldar, səmərəli, düz və böyük yolun yolçusu kimi!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!