Ürəyi şeir üstündə
Əsən anam, əsən anam...
Küləklərin qabağında
Sünbül anam, süsən anam...
Can üstündə söz qalayır,
Ruh bədəndə çabalayır,
şeirin ömrünə calayır
Öz ömründən kəsən anam...
Zaman çaşır, yolun azır,
Hər telindən bir dən asır...
Günləri ömründən asır
Ömrü sözdən asan anam...
Arzular sovruldu göyə,
Bir kimsə yetmədi heyə...
Qıymır kimsədən küsməyə
Öz-özündən küsən anam...
Heç yanımda qalmasan da
Gözümdə qalsan, bəsimdi...
Röyalarda, yuxularda
Üzümə gülsən, bəsimdi...
Tükənər göylərin ahı,
Tükənməyən nə var axı?
Əlində sevda bıçağı
Üstümə gəlsən, bəsimdi...
Gülsün sənə dan ulduzu,
Ay dünyamın ulduz qızı...
Eh, arada bir az bizi
Yadına salsan, bəsimdi...
Sağalaram, bitişərəm,
Sonra gözündən düşərəm...
Mən birtəhər ötüşərəm,
Sən xoşbəxt olsan, bəsimdi...
***
Bəzən elə gəlir, keçibdi daha,
Keçib sevilməyin, sevməyin vaxtı...
Elə sifət edib, pisikdirmişəm,
Peşman eləmişəm taleyi, baxtı...
Daha daş kimiyəm, qaya kimiyəm,
Bir bozluq boylanır qara gözümdən...
Gecələr bir bulud elə ağlayır,
Bir əcəl ağrısı qalxır dizimdən...
Unudub dünyanın bala dərdini
Adam qəm yuvası olurmuş demə...
Bildiyim bir-iki sirri, gizlini
Göydəki quşlar da bilirmiş demə...
Gör neçə il keçib o işin üstdən,
Ürək buza dönüb, əriyə bilmir...
Elə o da qalıb iyirmi yaşında -
Mənimi gözləyir, qarıya bilmir?!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!