Sözləri ağrı olub üstünə qaçan Esmira Məhiqızı - Kamalə Abiyeva yazır

 

Bambaşqa olmadı olanlar da...

bambaşqa gəlmədi havalar da,

qış qış kimi gəldi,

payız payız kimi

yağışlar yağış kimi yağdı,

küləklər külək kimi əsdi,

hər şey olduğu kimi oldu,

hər şey gəldiyi kimi gəldi.

Amma mən hər şeyi

olmadığı kimi xəyal eləmişdim,

qışı yaz kimi,

payızı ümid kimi,

ayrılığı sevda kimi.

Onun dünyasını duymaq, bu dünyaya poeziya demək üçün bu şeiri oxumaq da kifayətdir. Şeirləri elə canlı, dili elə anlaşılan, elə maraqlıdır ki! İmzasını tanısam da, şəxsi tanışlığımız yox idi. Bircə dəfə görüşmüşük. Esmira Məhiqızı ilə çox sevdiyim Vasif Ayanın və Nigar xanımın təşkil etdiyi tədbirdə - "Başlanğıcda söz vardı" poeziya günündə - tanış oldum. Söz veriləndə sakitcə şeirlərini oxudu. Utancaq dəydi gözümə. Bir az söhbətləşdik. Kitabını ərməğan etdi. Şeirlərini oxudum. Oxuduqca heyran oldum. Heyran olduqca sevdim. Sevdikcə yenidən oxumaq istədim:

Bütün fəsillərdə payızdı...

və mövsümünü itirir şəhər,

mövsümünü itirir dəniz,

küçələr, kədər.

Gülməli ağlayır bir kloun,

ağlamalı gülür

               qocalar evinə getmək istəməyən,

amma getməyə yır-yığış edən bir qarı.

Qızı təsəlli verir:

- Yanına gəlməyə çalışacam bazarları.

mövsümünü itirir uşaqlıq...

biz başqa yerdə qalanda,

                        evimizdən ötrü ağlıyardıq.

İndi övladlarının dalınca ağlayır qocalar,

evlərindən ötrü barmaqlarının ucu göynəyir

Ki... o doğma divarlara sığal çəkələr.

özüm görmüşəm...

detdomlarda böyükdü uşaqlar,

qocalar evində uşaqdı qocalar.

Mövsümünü itirir həyat...

atasının sənədlərini düzəldir qocalar evinə

bir oğul da...

bir kabinetin önündə çox gözlədiyinə görə

ədalətsizlikdən şikayətlənir də...

Poeziya yaradıcılıqdı - yaratmaqdı. Rəssam rənglərlə, qələmlə, fırçayla tablo yaratdığı kimi, şair də sözlə tablo yaradır - içindən keçənlərin, duyduqlarının şəklini çəkir. Öz dramatik poeziyasıyla Esmira Məhiqızı nəinki bir şəkil yaradır, adam elə bil yığcam süjetli bir filmə baxır.

Mənsə utanıb əllərimi çəkərəm,

- nənəmin əlləri deyil, Humay xala!

Osa öpər əllərimi, nənəmin əlləri kimi,

sonra qapısının bircə fərəsini kəsər

əziz qonağına,

amma... Humay xala da çoxdan ölüb,

getməyə yer tapmayanda... bilirəm.

Təhkiyəçinin nənəsi üçün darıxan, qəribsəyən Humay xalanın nisgilli gözlərini, sevgi dolu əllərini gördünüzmü? Mən də gördüm. Humay xalanı da, onsuz qalan evi də... Metaforalar, bənzətmələr o qədər maraqlıdır ki, elə bil şeir oxumursan, kimləsə söhbət edirsən. Şeirləri danışır Esmira Məhiqızının.

- Sabaha neçə gecə var.

Heç bilirsən necədi.. necədi e, necədi

ayrılıqdan sonra da...

ayrılıqdan əvvəlki

ayrılığa oyanmaq...

Nə gözəldi. Hər misra dərdləşir oxucu ilə. Reallığın poeziyası - poeziyanın reallığıdı bu. Kədərin poeziyası, poeziyanın kədəridi. O vaxt kitabını oxuyanda sosial şəbəkədə axtardım onu. Rastlaşdığım yazılarını oxudum. Elə misraları var ki, adamın beyninə işləyir, elə bilirsən, psixoloqla danışırsan. Düşüncəsi, həyatı görməsi mənə yaxın idi. Duydum, hiss elədim onu şeir-şeir, misra-misra. Oxucusu oldum. Şairi şeirlərində görmədinsə, deməli, şair deyil. Şeiri gərək duyasan, şairi gərək görəsən şeirində:

Uçmaq qədər böyümədi qollarım...

amma boşluqların adam itkisini

qucmaq qədər böyüdü.

Hər gün qırılmış qanadlarımı

                              bağrıma basıram...

bağrımın başında itirdiyim kəslərin

boş yerləri hava axını kimi

küləklər əsir hamının yerində,

və hamının yerində qucağım boş qalır.

bilmirəm qucduğum kimin boş yeridi -

özündən sonra...

ya ölümündən sonra

gülmək qədər böyümədi dodaqlarım...

amma büzülmək qədər böyüdü.

dodaqlarımın ucundakı gülüşlər də qaçdı

dodaqlarım büzüldükcə...

tutub saxlaya da bilmədim ki,

- hara qaçırsan, dost?

Sevgi qədər böyümədim özüm də,

amma ayrılıq qədər böyüdüm...

böyüyə bilmədi əllərim də...

əllərimdən qabaq əllərimin

vida yerləri böyüdü,

böyüdü gözlərimdən qabaq

gözlərimin ağlamaq yerləri.

və mənsizlik böyüdü məndən qabaq...                                  

Şeirləri o qədər yaralıdı ki, nümunələri qısa yazmaq-yarılamaq, yaralamaq istəmirsən. Hər misrada özü var, çox içdən duyduğu ağrılar, ağırlıqlar var. Həyat var. Gerçək üzü var yaşadıqlarımızın. Oğlunun qəfil ölümündən sonra Vəzifə xalanın yaşadıqları kimi:

Kimi görürdüsə deyirdi:

- qulaq as, gör ürəyim nə deyir?..

Hamı da başını bulayıb gedirdi,

Elə bilirdilər dəli olub yazıq arvad.

Bircə məhəlləmizin uşaqlarından,

yəni bizdən soruşanda ki,

- ay uşaqlar, ürəyim nə deyir?..

Xorla qışqırardıq: - Məzahir!

Çox dərdlidi şeirləri. Amma bu, sevdiklərinin dərdidi - sevgidəndi - İnsana sevgidən. Esmira xanım Məzahirin anasını da, Humay xalanı, Vəzifə xalanı, qonşu qızı Zəminəni də sevir. Vətən torpağını, onun hər kəndini, hər məhləsini, hər daşını sevir. Onun bütün ağrılarını yaşayır.

Nədəndisə... bilmirəm, bilmirəm nədən olur,

ürəyim ağrıyanda hər tərəf vətən olur...

Esmira Məhiqızı əsasən sərbəst vəzndə yazır. Amma müasir dövrdə sərbəst şeir yazan nəslin bir çoxlarından fərqli olaraq misraları əlaqəsiz səpələnmir, sərbəst şeirin poetik qanunauyğunluqlarını qoruyur. Onun imkanlarından istifadə edərək hadisələri aça bilir və gerçəkliklə oxucunu sillələyir, silkələyir. Esmira xanım deyir ki:

Yaşadıqlarımı unutmaq üçündü bu şeir də,

Yazıb başımı qatıram hərflərlə.

Sonra hərflər söz olur,

                           sonra sözlər ağrı olur,

Hara qaçıram üstümə yüyürür.

İnanıram ki, hərflər onun dilində, ürəyində, qələmində sözə dönəcək. Və bu sözlər onun üstünə yüyürəcək və o, poeziya yaradacaq. Sadəcə, çox istərdim ki, Esmira Məhiqızının üstünə yüyürən sözlərdən yaratdığı poeziyası bu qədər dərd yüklü olmasın. Esmira xanım da bu torpağı sevən hər kəs kimi sevinsin və bu sevinci bölsün oxucularıyla.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!