- Rafiq bəy, siz AYB-nin Gürcüstan bölməsinin sədri, "Varlığ"ın yaradıcısı və iki şeir kitabının müəllifisiniz. Yəni bir baxımdan, bunların hər biri "əsəriniz" sayıla bilər. Bəlkə də elə buna görə istəyirəm heç biri bu qısa söhbətimizdən kənarda qalmasın.
- Bu "üçlükdən" heç bilmirəm hansını seçərdim. Üstəlik, düşünürəm ki, onlar mənim deyil, mən onların "əsəri" və etiraf edim ki... əsiriyəm. Hədiyyə xanım, yəqin az-çox bilirsiniz, mənim bütün əmək fəaliyyətim mətbuatla, mədəniyyətlə bağlı olub. Ali məktəbi bitirən kimi Tiflisdə "Sovet Gürcüstanı" qəzetində işə başlamışam. Sonralar Rustavi şəhərində "Region" qəzetinə redaktorluq etmişəm. Sonra bir neçə il Bakıda "Şərq" , "Yeni Azərbaycan" qəzetinin ədəbiyyat əlavəsi ilə əməkdaşlıq etmişəm, ayrıca bu qəzetin "Sürpriz" adlı əlavəsini hazırlamışam, "Milliyyət" qəzetində baş redaktor olaraq çalışmışam. Gürcüstana qayıtdıqdan sonra dostlarımın da yardımı ilə "Ədəbi Gürcüstan" adlı qəzet yaratmışam. Hər zaman istənilən millətin taleyinin iki nəsnədən daha çox asılı olduğunu düşünmüşəm - milli məktəb və kitab-media. Buna görə də "Varlıq" Mədəniyyət Mərkəzi yaranan zaman ilk amacımız həftəlik qəzetin nəşri olub.
- Maraqlı bir nüans var, siz xırdavat alveri edərək qazandığınız pulla istedadlı gənclərin almanaxını çap etdirmisiniz...
- Yuxarı-aşağı belədir. Gürcüstana qayıtdıqdan sonra 2004-cü ildə AYB-nin Gürcüstan bölməsini böyük həvəslə qurmağa başladıq. O vaxtlar mən həm də böyük bir qəzetin Gürcüstan təmsilçisi kimi işə başlamalıydım. Danışığa görə, Tiflisdə ofis, texniki avadanlıq və normal büdcə olmalıydı və mən buradan qazandığımla həm ailəmin yaşam ehtiyaclarını ödəməli, həm də AYB-nin Gürcüstan bölməsini ayaqda tutmalıydım. Lakin söz verənlər sözlərini tutmadılar, mən isə payi-piyada çox ağır durumda qaldım. Bu filial təkcə mənə gərək deyildi, yüzlərlə soydaşımız da hava-su kimi gözləyirdi. Bu üzdən yaxın dostlarımın köməyilə Lilo yarmarkasında kiçik bir yer icarəyə götürdük, əksər günlər orada kosmetika ticarəti ilə məşğul oldum, boş vaxtlarımı və gecələrimi isə "Ədəbi Gürcüstan" almanaxının materiallarını toplayıb nəşrə hazırlamağa sərf etdim. 2007-ci ildə beş yüz qırx səkkiz səhifəlik "Ədəbi Gürcüstan" toplusu çapdan çıxdı - orada klassik və müasir yerli yazarlarımızla birgə, otuz iki gürcü müəllifin dilimizə tərcümə etdiyimiz əsərləri, həmçinin, o dövr üçün toplaya bildiyim bəzi yerli gənclərimizin yazıları da yer almışdı...
- Necə bacardınız bütün bu işləri?
- Çətindi... Əvvəldən yardım olacağı, dayaq durulacağıyla bağlı çoxlu vədlər verilmişdi, tezliklə, bunlar unuduldu. Meydanda tək qaldım. Dostlarım yanımdaydılar, indi onların bəzisi dünyasını dəyişib. Hərçənd nə qədər çalışsan da, bütöv bir ömrü entuziast kimi yaşamaq mümkün deyildir. Bu məsələlər haqda o qədər çox yazılıb ki. Amma sizin üçün də bəzi məqamları təkrarlamaq istəyirəm. Əvvəllər sistemli şəkildə görüşlərimiz, tədbirlərimiz olurdu. Sonradan - 2009-cu ildə Tiflisdə "Varlıq" Mədəniyyət Mərkəzi yarandıqdan sonra bir neçə il Azərbaycan tərəfdən mərkəzimizə müəyyən dərəcədə dəstək verildi və olduqca məhsuldar işlər görməyə başladıq. İki kitabımız Bakıda , bir neçə kitabımız, o cümlədən, "Min bir bayatı", "Koroğlu" eposumuz Azərbaycan səfirliyinin dəstəyi ilə Azərbaycan və gürcü dillərində Tiflisdə nəşr olundu. Ümumilikdə 2007-dən indiyədək otuz beş kitabımız nəşr olunub. Altmış sayı olmaqla, "Varlıq" qəzetini də nəşr etdirmişik.
- "Varlıq" bu gün də varmı?
- Üç ildir heç bir dəstəyimiz olmamasına baxmayaraq, "Varlıq" adlı gəmini tərk edə bilmirəm. Heç zaman da tərk etməyi düşünmürəm və nə qədər məhrumiyyətli olsa da, onu qoruyub-yaşatmağa çalışıram. Bu bir sevgidir, sizin dediyiniz kimi - "əsərimdir". Üstəlik, təkcə mənim deyil, hamımızındır və bunun ayrıca məsuliyyəti var. Bu gün "Varlıq" sönük görsənə bilər, amma o sağdır. Gənc yazarlarımızın, sənətçilərimizin, rəssamlarımızın görüş yeridir. Elə həmin gənclərin əsərlərindən ibarət gözəl bir toplu hazırlamışam, iki gənc yazarın kitabını nəşrə hazırlamışam, yaxınlarda işıq üzü görəcək.
- Bütün çətinliklərin fövqündə davam edirsiniz...
- Bunu da bilənlər bilir, sağ olsun, bizləri ziyarət edən dostlarımız dəfələrlə bu barədə yazıblar. Öyünmək kimi çıxmasın, fəaliyyətimiz hər zaman ortada olub, çox zaman da reklamsız, piarsız, dəbdəbəsiz öz işimizlə məşğul olmuşuq. Cəmi bir dəfə Diasporla İş üzrə Dövlət Komitəsi 2011-ci ildə "Varlıq"a maddi dəstək göstərib və təsəvvür edin, min üç yüz otuz səhifəlik nəfis tərtibatlı "Ədəbi Gürcüstan" (Son 350 ilin ədəbi antologiyası) 600 tirajla oxucuların ixtiyarına verilib. Bir də, təəssüf ki, tənqidimiz... Bizim fəaliyyətimizin nəticələri barədə susurlar...
- İnciksiniz?..
- Müəyyən qədər. Məni incidən tamam başqa şeylərdir... Minimal fəaliyyətimiz üçün belə dəstəyimiz yoxdur.
- Ümidvaram, söhbətimiz diqqət çəkəcək
- İnşallah. Vallahi, qətiyyən bu sizə danışdıqlarımın ağlamaq-sıtqamaq kimi alqılanmasını istəmirəm. Mən ümid və səbir dolu nikbin adamam.
- ...Tiflisin mən bilən küçələrində
Ruhum bayquş kimi ulayır indi
Tənhalıq könlümü yalayır indi.
Qanı qanımızda axan babalar
Yüz ildən başını bulayır indi...
Tiflis həmişə bizim ən işıqlı adamlarımızın sığınacağı, vətəni, pənah yeri olub. Bu günün mənzərəsində heç rahat görünmürsünüz, nigaransınız.
- Təxminən iyirmi il əvvəl, mən bu şeiri yazanda tarixən öz gurluğu ilə seçilən Tiflis ədəbi mühiti cənazə dövrünü yaşayırdı. Əksər qələm adamları xaos, anarxiya içində boğulan bu bənzərsiz şəhəri tərk etmişdilər. O dövrdə Tiflisdə elə bir yalqızlıq vardı ki, nə yaxşı heç olmasa o misraları yaza bilmişəm. İndi çox şükür, vəziyyət yaxşı mənada xeyli fərqlidir, peşəkar, istedadlı və məhsuldar yazarlarımız öz fəaliyyətlərinə davam edirlər, üstəgəl, olduqca ümidverən xeyli gənc yazarlarımız var...
- Qəzetinizin də durumu yaxşı deyil. Azərbaycana da gəlib çatmır, satılmır, oxunmur. Bizim də əlimiz çatmır sizlərə. Bəlkə bunu bir yolla təşkil etmək kömək edərdi canlanmaya? Bunun üçün kimlərləsə əməkdaşlıq etmək olmazdımı?
- Biz bu qəzeti çap etməyə başlayanda insanlar uzun illərin xaosundan sonra kitabı, qəzet-jurnalı yadırğamışdılar. O üzdən nəşr etdirdiyimiz bütün məhsulları pulsuz paylayırdıq, hətta qəzeti ən ucqar bölgələrə də çatdırırdıq, hətta kitablarımızı da pulsuz paylayırdıq, bunun üçün ayrıca işçimiz vardı. Bununla belə, mən özümün bir mənfi xüsusiyyətimi aydınca görürəm: qəzeti uzun zülm çəkib urvatla araya-ərsəyə gətirməyi bacarsam da, onu satıb pula çevirə bilmirəm... Bir azca təkan lazımdır, xeyli borclar yığılıb, onlardan silkinmək lazımdır. Mənə elə gəlir ki, məhz onda yeni nəfəs, yeni həvəslə siz deyənləri həyata keçirmək olar. Nə gizlədim, bir çoxlarının sadəcə masa ətrafı patriot olduqlarını gördükdən sonra, məndə də bir az tərki-dünyalıq və küskünlük yarandı. Bilirsinizmi, bəlkə də təvazökarlıqdan uzaq olacaq, amma biz cəmi altı nərfərlik kollektivlə "Varlıq" qəzetini həftəlik nəşr etdirmişik, üstəlik, kitablar yazıb nəşrə hazırlamışıq, tərcümələr etmişik, davamlı tədbirlər, təqdimatlar, görüşlər keçirmişik, bölgələrə səfərlər etmişik və... illik büdcəmiz, məsələn, Bakıdakı ədəbi nəşrlərin təxminən ikiaylıq büdcəsi həcmində olub. Amma neçə ildir ki, o da yoxdur. İmkan yaradılsa, bilirsiniz ədəbiyyat adına necə işlər görmək olardı? Amma Mirzə Cəlili, Molla Nəsrəddini və ikisinin bir yerdə Tiflis həyatını xatırlayanda bu söz-söhbəti boş verib təsəlli tapmağa çalışıram.
- Rafiq bəy, gürcü yazarlar toplantılarınıza qatılırlarmı? Necədir əlaqələr?
- Formatından asılı olaraq müəyyən tədbirlərimizdə ayrı-ayrı gürcü yazarları da iştirak edirlər. Bu işdə bizə Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan yazıçıları ilə Əlaqələr şöbəsi yardım edir. Həmçinin, müştərək tədbirlər də keçirilib və yaxın gələcəkdə bu işi daha da canlandırmağı düşünürük.
-Gürcü dilində çap olunmusunuzmu?
-Sağ olsun, Nurafiz, şeirlərimi gürcü dilinə çevirib, çap olunub.
- Bəs sizin başınıza yığılan gənc yazarlar, onlardan razısınızmı?
- Əlbəttə, razıyam. Onlar mənim mənəvi övladlarımdır. Mənə güvənir, inanır, ərk edir, hətta, hərdən tələb də edirlər. Mənim evimin də, ofisimizin də qapısı hər zaman onlara açıq olub. Onlara inanıram və orasına da inaıram ki, Tiflis Azərbaycan-türk ədəbi mühiti heç zaman başsız qalmayacaq.
- Tiflis ədəbi mühitində yetişən gənc yazarların Azərbaycanda oxunması, tanınması üçün hansı işlər görülür? Onların Bakı ədəbi orqanlarında çap olunması üçün nə edirsiniz?
- Bəzi gənclərimiz elə mənim təqdimatımda "Ədəbiyyat qəzeti"ndə çap olunublar. Bir çoxları müxtəlif ədəbi saytlarda hərdən boy göstərirlər. Burada "Varlıq" və "Yeni yol" qəzetlərində onlara hər zaman yer ayrılıb. Mən onların yaradıcılığına həsr olunmuş antologiyanın nəşr olunmasını həm də ona görə çox istəyirəm ki, onları bir yerdə Azərbaycan ədəbi ictimaiyyətinə təqdim edə bilək. "Ədəbiyyat qəzeti", "Ulduz" jurnalı onların yaradıcılığına həsr olunmuş ayrıca nömrələr çap edə bilər.
Yeri gəlmişkən deyim ki, "Ədəbiyyat qəzeti" heç bir ayrıseçkilik etmədən bütün istedadlı müəlliflərə, o cümlədən, Gürcüstanda yaşayan gənclərə geniş meydan verdi. Qəzet son iki ildə həm məzmunca, həm də formaca yüksək dərəcədə dəyişdi və müasirləşdi.
- Gənclərdən kimlər var ki, onların adını ürəklə çəkə bilərsiniz?
- Anidən xatırlamadıqlarım və hələ tanımadıqlarım gərək məni bağışlasınlar. Azər Musaoğlu, Afayət Afiq, Vaqif Səyyah, Kamuran, Coşqun Cəfər, Nərmin Hüseynova, Həmid Sadıx, Aytac Məmmədova, Anar Rafiqoğlu, Ayaz Maşov, Eltac İbrahimov, Mirdamət Məmmədov, Eltun Mehdioğlu, Vüqar Vəkiloğlu, Saleh Əhmədov... Bunlardan ayrıca elmi-tərcüməçilik fəaliyyəti ilə xeyli vaxtdır ki, uğurlu fəaliyyət göstərən Oqtay Kazımovu qeyd etmək istərdim. Təkcə ədəbiyyatda deyil, dəfələrlə sərgiləri keçirilmiş istedadlı rəssamlarımız, fədakarcasına çalışan mükəmməl gənc aktyorlarımız, rejissorlarımız bizlərin Tiflisdə ümidimiz və qürurumuzdurlar.
- Bəs bu gün Tiflis ədəbi mühitindəki imzalar bizi, əsasən də gənc yazarları hansı səviyyədə tanıyırlar?
- Mənim burada ünsiyyətdə olduğum yazarların böyük əksəriyyəti, yaşından asılı olmayaraq, həm Azərbaycan, həm də gürcü ədəbi mühitində baş verənləri, köhnə və yeni imzaları yetərli qədər tanıyır, izləyirlər. İnternetin bəlkə də ən böyük üstünlüyü elə bundadır.
- Ürəyinizdən keçibmi ki, Tiflisdə, "Varlıq"da ənənəvi görüşlər keçirəsiniz, dostluq əlaqələri yaransın, inkişaf etsin?
- Belə görüşlər "Varlıq"da və ya digər məkanlarda, sıx-sıx olmasa da, hərdən keçirilir. Hətta hərdən bəzi dostlarımız Bakıdan məxsusi gələrək bu görüşlərdə iştirak da ediblər. Dostlarla belə qərarlaşdırmışıq ki, indən sonra intensivliyi yüksəldək. Təki sağlıq olsun...
- Yəqin ki, mənimlə razılaşarsınız ki, təkcə dostların köməyilə nələrəsə nail olmaq mümkün deyil, onların da imkanı bir yerəcəndir.
- Bəli, haqlısınız, yenə də hər şey gəlib onda dayanır ki, bizim daha böyük işlər, əlaqələr üçün, dəvətlər üçün imkanımız yoxdur... Hərdən gələnlər olur. Bilirsinizmi, stabil və ya heç olmasa az-çox dəstək olmayanda, hər şey pərakəndə olur. Amma bununla belə, əlaqələr var və hər zaman da olacaqdır.
- Rafiq bəy, söhbətimizə ağrılı məqamlarla başladıq. Lakin yenə də nəfəs alacağımız, siz demiş, təsəlli tapacağımız işlər var ortada. Tiflisdəki işlərinizdən bəhs edəndə kifayət qədər kövrək bir adam olduğunuz göründü. Şeirlərinizdən də eyni həssas adam boylanır. Qırılan adamsınız... Çoxmu incidildiniz?
- İsa Məsih qədər...
- Bəs necə dayana bildiniz?
- ...Tanrım mənə səbir verib,
Dözürəm, dözənə kimi.
Bir sözə min ah çəkirəm
Muncuğa düzənə kimi...
Bu yaxşıdırmı, ya pismi, bilmirəm, amma belə doğulduq, belə də yaşayırıq.
- Demisiniz ki:
...Adıma ilk dəfə kim "şair" dedi,
Bax, elə o yıxdı mənim evimi...
Evinizi yıxdılarmı bununla?
- Yazmışamsa, deməli, nəsə yazdırıb mənə bunu. Bəlkə yıxdılar, bəlkə əksinə. Amma yıxıblarsa, elə yaxşı ki, yıxıblar...
- Deməli, hər şeyə baxmayaraq, narazı deyilsiniz?
- Doğulduğumuz qədər böyük qalammadıq, olmağı düşündüyümüz qədər də...
- Bəlkə gözləntiləriniz gücünüzdən çox oldu?
-İtkilərim, itirdiklərim, etmək istəyib də edə bilmədiklərim kifayət qədərdir. Amma bu mənim həyatımdır, hər üzü ilə, zira, nələrisə itirməsən, nələrisə qazana da bilməzsən.
- ...Əgər tapan olsa, Rafiq Hümməti,
Qaytarın özünə... yazıqdır axı!..
Bir tərəfdən də bunu da siz yazmısınız.
- Bilirsinizmi, əlaçı oxuyurdum, riyaziyyatçı idim, həkim olmaq istəyirdim. Və... bir şairdə özümü itirdim...
- Xanəmir sizi "şairliyilə insanlığı arasında boşluq olmayan adam" adlandırıb. Sizcə, o boşluq olsaydı, araya nələr girərdi ki, girə bilməyib?
- Araya sərvət, dəbdəbə, dünya parıltısı girərdi məncə. Çünki bütün bunları dəfələrlə artıqlaması ilə əldə etmək şansım olub, amma mən heç zaman şərtli qazanca gözümün ucu ilə də baxmamışam. Xanəmir, ola bilsin ki, bunu nəzərdə tutub, bəlkə də başqa daha ruhani mənada deyib.
- Son kitabınız təzəlikcə çap olunub, illər sonra.
- İlk kitabım yazıçı Nəriman Əbdülrəhmanlının təkidiylə 2000-ci ildə çap olunub. Hazırda Ankara universitetlərinin birində gənc bir araşdırmaçı xanım haqqımda doktorluq dissertasiyası üçün monoqrafiya yazır. Üç ildən çoxdur ki, bu mövzunu işləyir, əlyazmalardan, orda-burda çap olunan şeirlərdən istifadə etməyə çalışırdı. Belə qəribə səbəblə yeni kitabımın nəşri labüd oldu, yoxsa ki, mənim belə işlər üçün elə də istək və həyəcanım yoxdur. İlk kitabda da sevinci duymamışdım, bu dəfə də.
- Qəribədir.
- Mənə şeirin yazılması prosesi daha çox zövq verir, nəinki ədəbiyyat ətrafı hadisələr. Nəyə sevinək ki, yaxşı nəsə yazmışıqsa sözü duyan kəslər necə də olsa oxuyurlar. Kitab gələcək üçündür, gec oldu, tez oldu, çap olunub, iş bitib.
- Amma bu təqdimatdır, təkcə beş-on dostla məsələ bitmir axı?
-Haqlısınız, dediyim kimi, elə bu məcburiyyətdən də kitab ərsəyə gəli. Zaman keçmişdi, bütün şeirləri daxil etmək mümkün deyildi, bir də poemam kənarda qaldı. Kitabım demək olar ki, yarıbayarı azaldı. Bəzi şeirlərimə haqsızlıq olsa da, hesab edirəm ki, bu dar macalda buna da şükür.
- Rafiq bəy, sizcə, poemanın zamanı keçməyibmi? İndi bunu romanlar əvəzləyib, şairlər uzun şeir nümunəsi yerinə nəsr yazmağı seçirlər.
- Razıyam sizinlə, məncə də nəsr daha maraqlıdır. Özüm də xeyli vaxtdır ki, imkan tapdıqca bir roman üzərində işləyirəm.
Tiflisdə yaşayıb gürcü dilində çap olunmamaq yəqin ki, qəribə olardı.
- Demisiniz ki, elə şeirlərim var ki, istəmirəm onlara toxunulsun. Demisiniz ki, onların şərh olunmasını, müzakirə edilməsini qəbul edə bilməzsiniz. Onları bizə nə nişan verə bilər?
- Mən o qədərini deyəmmərəm, yaxud deməyə ehtiyac duymuram. Amma toxunulsa tanıya bilərəm.
- Niyə, toxunulanda ağrımı yaranır? Ya duyulmayacaqlarından ehtiyatlanırsınız?
- Bunu tənqid mənasında deməmişəm. Toxunulmaq - o mənada ki, dəyilməsin, dəyişilməsin. Yoxsa, bir şeir üçün adamı edam edəsi deyillər ki...
- Maraqlıdır, siz hansını seçərdiniz, sizə toxunmasınlar, yoxsa şeirlərinizə?
- Şeirlərimə... Axı mənə toxunub neyləyəsidirlər?
- İlk şeirlərdə bir şükranlıq var, Allaha sığınmışlıq var, naməluma qısılmışlıq var... Var, amma bir yandan da:
Dünya bir yekə baş deyil,
Sıxam gülləni ənginə... - demisiniz. Dünyanın heçmi şansı qalmayıb?
- Ovqat... Mən evə milçək girəndə aynanı açıb eynən belə deyirəm: - rədd ol, çək get evimdən. Məndə dünyanın ənginə güllə sıxacaq ürək hardan?!
- Eləsə:
..Gəldi... O - gül, mən - daş-qaya,
O mənə baxdı, mən Aya.
Allah, ulaya-ulaya,
Odur o gedən... neyniyim? - hansı ovqata borcludur?
- Məni küncəmi sıxırsınız?
- Əstəğfurüllah...
- Səmimi və təmiz bir yaxınlaşmadan doğan ovqata... Bir yerə çatanda anladım ki, yox, bu o deyil, adamı sevəmmirəm, saxlamaq da doğru deyil... O getdi, bu şeir qaldı. Bəlkə də axmaqcasına bir səbəbdir.
-Axmaqcasına?Axı:
..Adam birdən bulaq kimi
Qaynayır, axır, durulur.
Bir könüldən min könülə
Yad bir qadına vurulur...
- Elədir, əksi də ola bilir. İnsanlar yalnız beyinlə deyil, həm də ürəklə, duyğularla doğulurlar axı.
- Bəs niyə məhz "Yad qadına"? Bunu niyə xüsusi qeyd etmisiniz, hamı yad gəlib doğmalaşmırmı? Həm sevgi elə haradasa var olan doğma qadının, doğma kişinin gəlib yadlıq divarını dağıtması deyilmi?
- Bir var yad gəlib doğmalaşan, bir də var yad gəlib yad gedən... Yad ayrılıqlar...
- Ayrılıq... Çoxlu ayrılıq şeirləri var. Ayrılığa sizin kimi baxan başqa şair olubmu görəsən:
Ayrıldıq... yanaq yaşlandı,
Başlandı... dava başlandı...
- Həyat amansızdır axı. "Üç quş yaşaya bilməz ki, iki quşluq yuvada". Həm illərdən sonra inanmışam ki, əgər bütün varlığınla-yoxluğunla sevə bilirsənsə, daşı da özünə sevgili etmək olar. Fərqli sevənlərin ayrılığı uzun sürməz...
- ...Deyirlər eşq yalan şeydi,
Kim deyir başına gəlsin...
- Düz demirəmmi? Eşq yalan ola bilərmi? Təkrarlayıram: inanmayanların başına gəlsin!
- Rafiq Hümmət ən çox "sevgi" deyir. Sevməsəydi, nə olmazdı?
- Sevməsəm, həyatın bu qədər ağırlığı altında tab gətirə bilməzdim, sözün həqiqi mənasında məhv olardım.
- Bəs şeirlərə nə olardı?
- Şeirlər də xaraba bayquşu kimi ular qalardı.
- Yeri gəlmişkən, ilk dəfəydi bayquş üçün darıxan şair barədə şeir oxudum...
- El içində bayquşa çox haqsızlıq var. Bizdə də, gürcülərdə də belədir. Naira Gelaşvilinin "Güzgü qırıqları" adlı bir romanı var, orada bayquş obrazını elə təsvir edib ki, adamın tükü ürpəşir.
- Bəs şairi gülləyə şığıyan ilana bənzətmək necə, haqsızlıqdır, ya iltifat?
- Məncə, iltifatdır. Dünyada şairlərdən çox haqq etmədiyi müamələni görən olubmu? Dara ən çox kim çəkilir, sürgünə ən çox kim göndərilir, ən çox kimin çörəyi kəsilir? Öləndən sonra ən çox kim xatırlanır, yad edilir? Heç o da həmişə olmur. Şair bilə-bilə gülləyə şığımasa bütün bunlar olarmı?
- Şairlik bir az da dəlilikdir, eləmi?
- Ümumiyyətlə, bir az dəli və ya dəliqanlı olmayan adamdan böyük şeylər ummağa dəyməz. Siz heç hər gün bığını, telini darayan, qalstuku, pencəyi qadın kimi sevən gerçək şair gördünüzmü? Həm məşhur deyimdə deyildiyi kimi: "Sonunu düşünən qəhrəman olmaz".
- Bəs bu dəlinin yiyəsi varmı, yoxmu, nə fərq edər?
- Dəli edənin özü yiyəlik edər məncə.
- Etməsə?
- Demək dəlilik deyil onunku. Kiməsə elə gələ bilər ki, qarşısındakı yiyəsiz dəlidir, amma mütləq hər dəlinin Allahdan başqa Yerdə də bir bir yiyəsi vardır.
- Şair özünü bir də kəpənək zənn edərsə?..
- Kəpənək ömrü yaşamayan şairlərə yazıq...
- Dəliliyin ən gözəl tərəfi yiyəsizliyə qanad açmaq, azad, hürr, öz istəyincə olmaq deyilmi:
"Ölür, başqa işə macalı qalmır"...
- Kaş bütün insanlar, ən azından şairlər də kəpənək kimi olaydılar, çiçəklərə qonmaqdan başqa digər işlərə macalları qalmayaydı...
- Bəlkə, kəpənəyin kəpənəkliyi elə budur, bu da doğrudur, onda da kəpənək kəpənəkliyini bilməz. Bəs şairin şairliyi nədir?
- Qiyamət dedikləri. İsrafilin suru çalınmazdan öncə şeirlərin çıxıb getməsidir yəqin...
- "Heç nəsizliy"ə inanırsınızmı?
- Hərdən təsəvvür etmək istəyirəm heç nəsizliyi. Bir qədərdən sonra fantaziyam çatmır. O üzdən inanmıram. eşqsiz qalmayaq, qalanı hekayədir.
- Bəs eşqin yanında nədir bir də Allaha, vətənə, millətə şeir yazdıran duyğunun adı?
- Allahsız insan susuz bulaq, Vətənsiz insan səmasız bayraq, millətsiz insan dilsiz ağız kimidir...
- Bir şeiriniz var; "Ürəkdə dəfn"...
- Siz məni oldürtdürəcəksiniz. Seçə-seçə seçdiyiniz şeirə baxın.
- Neyləməli, diqqət çəkir.
- Yarımçıq sevgilər hamıda olur.
- Sevgi ya olur, ya olmur, onun yarımçığı olarmı, Allah eşqinə? Bəs niyə şeirlərinizdə təklikdən, tənhalıqdan qorxursunuz?
- Gün gəlir, həyatında elə biri olur ki, onu itirməyə məhşər qədər qorxursan. Çünki bilirsən ki, o olmasa təklikdən, tənhalıqdan hər şey zəhər olacaq, heç nəyin anlamı qalmayacaq.
- Rafiq bəy, heç çıxıb gedə bildinizmi 1001 günlük?
-1001 günlük gedə bilmədim. Getsəydim, indi nağıllaşmışdım...
- Bəs gedə bilsəydiniz, sizi 1001 gün kim, nə gözləyəcəkdi?
- Getməmiş hardan bilim, Hədiyyə xanım? Bütün yollarda Şeytan da var, o biri mələklər də. Kim gözləyəcəyini bilmək asandır, amma nə gözləyəciyini Allahdan başqa kim bilər. Amma bəlkə də artıq getmişəm, daha doğrusu, elə bu dünyaya o 1001 gün üçün gəlmişəm...
- Rafiq bəy, niyə mənə elə gəlir ki, siz hər nə qədər gizlətməyə çalışsanız da, içəridə, dərində güclü bir ağrı var? Ya mənəmi elə gəlir? O ağrını gizləyən adamsınız bütün bu işlərlə, şeirlərlə, sevgilərlə, eləmi? Amma əsas məsələ o ağrıdır, hər şeyi onun olmamasına dəyişə bilərdiniz...
- Amma o ağrı kimdə yoxdur ki? Məşhur Anadolu mahnısında deyildiyi kimi: "Hər kəsin bir dərdi var, durur içərisində". Mümkün deyil axı. Kim kimin ağrısını daşıya bilər ki? Həm ağrını dilə gətirsən, gərək həm də ağlayasan. Rəhmətlik Sabir deyirdi ki: "Kişi ağlaya-ağlaya biqeyrət olar". Dünya elədir ki, hər kəs öz ağrısını daşımağa məhkumdur. Sadomazoxist duyğular heç zaman yaşamamışam, amma elə şeylər var ki, tərpətmək olmaz, yerini dəyişmək, toxunmaq olmaz. Mənim iki cavan qardaşım rəhmətə gedib. Onların yoxluğunun verdiyi acını başqası yaşaya da bilməz, həm niyə yaşasınlar ki...
- Çox təəssüf edirəm... Bilirsiniz bu sualı niyə verdim? İndi mənə elə gəlir ki, Rafiq Hümmət içində daha gözəl şeirlərlə gəzir, amma onları hələ ifadə edəmməyib, özü demiş, "öldürülməkdən" qorxur...
- Ola bilər. Sözün düzü, hər zaman düşünmüşəm ki, o şeiri ki, mən yazmalıyam, hələ yazmamışam, məşq prosesindəyəm.
- Sizə bir ömür öz həsrətini çəkən şair demək olarmı?
- Mən özüm bilirəm ki, elədir, bunu bir şeirimdə demişəm də, kim bilir, bəlkə başqalarında da belədir.
- Azadlığın düsturunu da tapmısınız. Çox da sadəymiş...
- Hə, yaman da sadəymiş. Bir də bacarırsan əməl et...
- Gəlin mən sizdən soruşum, siz də mənə etiraf edin, ömrünüz boyu neçə şeir yaza bilmisiniz?
- Vallah, mən bilmirəm, bəlkə başqa şairlər bilir, bildiyim odur ki, nə yazmışam özümü yazmışam. Özümün rəğbət bəslədiyim xeyli şeirlərim də var, amma bunun da o qədər önəmi yoxdur deyə düşünürəm. Şairlər var üç-beş şeirilə tarixdə qalıb. Əlbəttə, bütün şeirlərdən razı qalmaq mümkün deyil. Hətta hərdən heç bir şeirimi gözüm görəsi gəlmir... Şairlər ruh əkizləridir dedim ya, bəlkə də siz o şeirləri məndən daha yaxşı görə bilirsiniz.
- Əslində, gözəl şeirlərin müəllifi olmaz, adama elə gələr ki, mən də onu yazmaq istəmişdim, amma başqası tapıb yazıb, indi o həm müəllifin, həm mənim, həm onu sevən digərlərinindir.
- Yaxşı "şeirlər şairlərin kəfəni olar"... Başqa nəyimiz var ki?
- Rafiq Hümmət bir gün hamını bağışlayacaqmı?
- Allah Rafiq Hümmətin bəlasını verməsin! Mən an içərisində partlayır və sakitləşirəm, heç zaman kin, qisas hissi ilə yaşamıram. Bağışlamaq Allaha məxsusdur. Sadəcə, elə adamlar var ki, heç zaman istəmərəm məni incidələr. Onlar ən çox sevdiklərimdir və dəfələrlə görmüşəm ki, onlar məni bir incidəndə Yaradan onları on incidir. O üzdən Allaha yalvarıram ki, başqaları lap məni öldürsələr belə, onlar incitməsinlər...
Söhbətləşdi:
Hədiyyə Şəfaqət
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!