"Ədəbiyyat qəzeti"ndə nəşr etdirdiyim ""Rodnoye slovo" - dilimizin doğma kitabı" adlı məqalədə böyük rus pedaqoqu Uşinskinin məşhur dərsliyindəki mətnlərin sonradan Azərbaycanda yeni bədii düşüncənin formalaşmasında, xüsusilə də poetik sistemin yerdəyişməsində oynadığı rolu işıqlandırmağa çalışmışdım. Məqalədə qoyulan məsələlərdən biri də "Rodnoye slovo"dakı bəzi mətnlərin Abdulla Şaiq və Abbas Səhhət kimi böyük söz ustaları tərəfindən Azərbaycan dilinə tərcüməsinin dilimizin orijinal mətnləri kimi qəbul edilməsi, milli yaddaşın sərvətinə çevrilməsi idi.
Ancaq təəssüflər olsun ki, istər sosial şəbəkə müzakirələrində, istərsə də bəzi yazılarda mənim məqaləmdə qoyulan məsələ öz mahiyyətindən uzaqlaşdırılaraq diqqətdən kənarda qaldı. Bir daha vurğulayıram ki, məni maraqlandıran və müasir Azərbaycan ədəbiyyatşünaslığı üçün aktual olan məsələ estetik sistemin transformasiyası, konkret desək, Azərbaycan şeir (nəzm) düşüncəsinin Şərqdən Qərbə yerdəyişməsidir.
Həmin prosesi müşahidə və təhlil etmək üçün faydalı yanaşmalardan biri də mövzunun janrın təkamülü kontekstində araşdırılması ola bilər. Bu qeydlərdə Şərq və Qərb ədəbiyyatı üçün ortaq janrın - təmsilin sırf "milli" janra çevrilməsi ilə bağlı maraqlı bir fakt barədə mülahizələrimi bölüşməyə çalışmışam. Söhbət Abdulla Şaiqin 1910-cu ildə qələmə aldığı "Tıq-tıq xanım" təmsilindən gedir. Bu əsər dilin və ədəbi təcrübənin, eləcə də uşaqla ünsiyyətə pedaqoji yanaşmanın onillər boyunca davam edən axtarışlarının və tərəddüdlərinin yekunu idi...
Azərbaycan ədəbiyyatında kökü qədim zamanlara gedib çıxan təmsil yazılı ədəbiyyatda klassik divan kanonları çərçivəsində Ümumşərq səciyyəsi daşıyırdı. Bu da maraqlıdır ki, təmsil süjetləri yazılı ədəbiyyatdan şifahi ədəbiyyata keçir, əksər hallarda "xəlqiləşir", zərb-məsələ və lətifəyə - folklora çevrilirdi. Paradoks da bundadır ki, eyni təmsilin şifahi və yazılı variantları fərqli poetik xüsusiyyətlər daşıyır.
XX əsrin əvvəllərində yaranmaqda olan yeni ədəbiyyatın qarşısında duran vəzifələrdən biri də bu iki qütbü bir araya gətirmək, onların sintezinə nail olmaq idi.
Bu, lokal coğrafi hadisə deyildi, hüdudları Azərbaycandan kənara uzanırdı. XIX əsr Osmanlı ədəbiyyatında da Azərbaycan ədəbiyyatı ilə eyni olmasa belə, oxşar yeniləşmə prosesi gedir, Qərbə meyil, Qərbi mənimsəmək, özünü Qərbin bir hissəsi kimi görmək tendensiyası güclənirdi. Bu mürəkkəb prosesdə nəzərə çarpan gerçəkliklərdən biri ədəbiyyatda təmsil janrının fəallaşmasıdır. Osmanlıda qərbləşmə hərəkatının önündə gedən şəxsiyyətlərdən İbrahim Şinasinin, Əhməd Midhət Əfəndinin, Tofiq Fikrətin fransız dilindən çevirdikləri əsərlər arasında Lefontenin təmsilləri xüsusi yer tutur. Tərcümələrdən başqa, həmin müəlliflərin yaradıcılığında orijinal təmsillər də var. Onu da qeyd etməyə dəyər ki, bu təmsillər istisnasız olaraq məktəbə, təhsilə, yeni nəslin tərbiyəsinə (o cümlədən estetik tərbiyəsinə!) yönəldilib...
Ciddi maraq doğuran bir məsələ də var ki, eyni süjeti olan, lakin fərqli müəlliflərə aid edilən bəzi təmsilləri Osmanlı şairləri Lefontendən, Azərbaycan şairləri Krılovdan tərcümə etmişdilər. Məsələn, "Xoruz və Mirvari dənəsi", "Cırcırama və Qarışqa" kimi...
Lefontenin "Xoruz və Mirvari dənəsi", eləcə də "Cırcırama və Qarışqa" təmsillərini türk dilinə Rəcaizadə Mahmud Əkrəm, Tofiq Fikrət kimi türk ədəbiyyatında mühüm yeri və Azərbaycan bədii düşüncəsinə ciddi təsiri olan şairlər tərcümə ediblər. "Xoruz və Mirvari dənəsi" süjetinin Krılov variantını Azərbaycan dilinə "Vətən dili" dərsliyinin birinci hissəsində Həsənəliağa xan Qaradağinin tərcüməsində görürük. Rəşid bəy Əfəndiyev isə həmin təmsili 1912-ci ildə dilimizə nəsrlə tərcümə edib.
Avropa və rus ədəbiyyatından eyni təmsillərin eyni dövrdə Osmanlı və Azərbaycan dillərinə tərcümə edilməsinin (o vaxt bu dillər arasında fərq qoymaq da birmənalı qarşılanmırdı) müxtəlif izahları ola bilər. Mənə elə gəlir ki, burada ən mühüm faktor təhsilə münasibətdir. Artıq həm Osmanlıda, həm də Azərbaycanda ədəbiyyat (təkcə ədəbiyyat deyil, bütövlükdə məktəb!) uşaqla ünsiyyətin yeni "dilini" axtarırdı və bu yeni dil həm Avropa, həm də rus dərsliklərinin nümunəsində cəlbedici görünürdü. Qalırdı həmin təcrübənin "milliləşdirilməsi", türk dilində (həm Osmanlıda, həm də Azərbaycanda) qarşılığının tapılması. Bunu Uşinskinin "Rodnoye slovo" dərsliyinin Azərbaycan uşaq ədəbiyyatına təsirində çox aydın görürük. Azərbaycan uşaq ədəbiyyatında rus və dünya ədəbi təcrübəsinə marağın güclənməsində başlıca məqsəd Lefonteni və ya Krılovu təqdim və təbliğ etmək deyil, uşaqla ünsiyyətin yeni tərzini, üslubunu, yeni estetik sistemini tapmaq və yaratmaq idi.
Bu axtarışlar öz bəhrəsini XX əsrin əvvəllərində verəcəkdi. Azərbaycan uşaq ədəbiyyatının indiyə qədər də tərcümə olub-olmadığına əhəmiyyət vermədiyimiz şedevrləri yaranacaqdı. Abdulla Şaiqin, Mirzə Ələkbər Sabirin, Abbas Səhhətin, Rəşid bəy Əfəndiyevin ən gözəl uşaq ədəbiyyatı nümunələri bu axtarışların məhsulu kimi dünyaya gələcəkdi...
1914-cü ildə Osmanlıda Tofiq Fikrətin nəşr etdirdiyi "Şərmin" uşaq kitabı isə türk dilinin və ədəbiyyatının, xüsusilə bu dilin uşaqlarla ünsiyyətinin yeni bir səviyyəsini müəyyənləşdirəcəkdi.
Azərbaycanda "Tıq-tıq xanım"ın yaranması isə tək Abdulla Şaiq yaradıcılığının deyil, ümumilikdə ədəbiyyat tariximizin mühüm hadisəsi kimi qiymətləndirilməlidir. Bu, uşaqla ünsiyyətin Qərb modeli idi və həm dil, həm də ictimai psixologiya həmin modeli yolunu çoxdan gözlədiyi doğma övladı kimi qəbul elədi.
Yazılı ədəbiyyatda mətnin uşağa ünvanlanması təzə hadisə olmasa da, "Tıq-tıq xanım"da müəllif mətnlə uşaqlar arasındakı ünsiyyətin fərqli bir səviyyəsindən çıxış edib. Mətn nağıl danışanın uşaqlara müraciəti ilə başlayır: "Gəlin sizə, uşaqlar, eyləyim bir hekayət...".
Müraciətin bu tərzi "Rodnoye slovo", yaxud o vaxtın yeni tipli dərsliklərindən gəlirdi və həmin kitabların yaranmasında, həmçinin yeni dərslik konseptinin formalaşmasında Abdulla Şaiq yaxından iştirak edirdi.
"Tıq-tıq xanım"ı müəllif ona görə təmsil adlandırmağa tərəddüd edirdi ki, bu mətn mövcud janr hüdudlarından kənarda idi. Əsərin əsas obrazı yalqızlıqdan şikayət edən Dozanqurdu uşaq dünyası üçün seçilmiş yeni bədii obraz tipi idi. Adının çəkilməsi ilə ilk anda ikrah doğuran, eybəcərlik və çirkab təsəvvürü yaradan Dozanqurdu kiçik oxuculara qara və çirkin qız kimi təqdim edilir. Bununla belə, onun təqdimatı uşaqlar üçün (elə böyüklər üçün də!) gözlənilməzdir və öz gözlənilməzliyi ilə maraq doğurur: soğan qabıqlarından özünə şıq-şıq çadra tikir, fındıq qabıqlarından tıq-tıq çarıq geyir, qaşına qara yaxır, gözünə sürmə çəkir, başına ətir vurur, özünə bəzək verir və yola düşür. Əsər boyu ayrı-ayrı detallar öz təbii səsləri, ilə kino anlayışı ilə desək, interşumla müşayiət olunur: "Tarak-turak atlılar, atları qanadlılar", "Saçı uzun Suray xanım", "Əlini mənə, bəsdərəcik, Yox-yox mən səndən küsdərəcik" və s.
Əsərdə Dozanqurdunun təqdimatı ilə folklor yaddaşımız arasında dərin əlaqə var. "Tıq-tıq xanım"da qaravəlli ifa texnikası və ritmi düzgülərin ("A teşdi-teşdi-teşdi kimi...) ritmi ilə bir araya gətirilib. Hekayədəki motivlər də folklor yaddaşımızdan qaynaqlanır: məsələn, "Üç bacı" nağılında qalın meşədə azan üç bacıdan biri rastlarına çıxan padşah oğluna vəd edir ki, oğlan onları xilas eləsə, soğan qabığında elə bir aş bişirər ki, oğlanın bütün qoşunu həmin aşdan yeyib doyar...
Buradakı sənət sirrini açmaq üçün nağıl şərtiliyini - "nağıl yalanını" nəzərə almaq lazım gəlir: "...nağıl şən bir farsdır. Nə nağıldanışan, nə də dinləyici nağılı gerçəkliyə aid etmir... Nağıl məqsədli və poetik fiksiyadır. O, heç vaxt gerçəkliyin yerinə çıxış eləmir". V.Y.Propp.
Nağıl uşaq üçün (həm də elə böyük üçün!) ona görə maraqlıdır ki, dinləyən nağılda baş verənləri fantaziyanın məhsulu olan bir aləmdən, uydurma bir dünyadan gətirilən xəbər kimi qəbul edir və qavrayır. "Tıq-tıq xanım"ın maraqlı cəhətlərindən biri oradakı obrazların uşaq dünyasının rəngli fantaziyaları, eləcə də folklor yaddaşı ilə qovuşmasında, sintez edilməsindədir.
Folklor yaddaşının və dilin dərinliyindən gələn bu mətndə Krılovun təmsilləri barədə Belinskinin göstərdiyi keyfiyyət qüvvəyə minir: bu hekayəni başqa dilə tərcümə etmək, başqa dildə səsləndirmək, başqa mədəniyyətə ötürmək olduqca çətindir. Burada bir-birini əvəz edən obrazlar (Çoban, Tülkü, Siçan kimi), həmin obrazların gəldiyi nağıl dünyası, uşaq təxəyyülünün rəngləri, oxucu təfəkkürünün miqyasları son dərəcə millidir. Sözlərin səslənməsi, təhkiyənin ritmi uşaqların səviyyəsinə və bədii zövqünə uyğunluğu, səslənmə ilə məzmun arasında ahəngdarlıq uşaq düşüncəsinin sərhədlərinin genişləndirilməsinə xidmət edir. Bundan sonra uşağın kim, nə, niyə sualları başlayır...
Y.M.Lotman Krılov təmsillərinin rus ədəbiyyatındakı yerindən danışarkən bu təmsillərin "mətn" ilə "əxlaq" arasında münasibətdə mövcud şablonu dağıdaraq yeni səviyyə yaratdığını qeyd edirdi. Y.M.Lotmana görə, rasionallığa əsaslanan təmsil janrında mətn ilə əxlaqın münasibəti ümumi qaydaların illüziyası kimi təqdim edilir və Krılov yaradıcılığı bu sxemdən kənara çıxır: "Səciyyəvidir ki, Krılov təmsilin janr rasionalizmini aradan qaldıraraq "mətn" ilə əxlaq arasında daha mürəkkəb sistem yaratdı. Onda əxlaq mücərrəd həqiqətin ifadəsi kimi verilmir, xalq düşüncəsinin, sağlam fikrin səsi kimi verilir".
Biz bu keyfiyyəti Azərbaycan ədəbiyyatında Abdulla Şaiqin "Tıq-tıq xanım" (bir il sonra "Tülkü həccə gedir") təmsilində daha aydın görürük. Bu əsərlər uşaqlara (eləcə də böyüklərə!) məişət səviyyəsində əxlaq dərsi verməyə, oradakı hadisələrdən ibrət götürməyə hesablanmayıb. Hətta uşaqların yaş ölçüsündən kənaraçıxma da (Tıq-tıq xanımın ər axtarması) nağılda qalır, real hadisə kimi qavranılmır. Buradakı sənət sehri isə uşaq təxəyyülü ilə nağıl dünyası arasında bir bütövlük yarada bilməsindədir. Uşaq dinlədiyinin nağıl olduğunu bilir. Ona maraqlı olan isə içində yaşadığı, hər gün gördüyü aləmdən uzaqda öz ölçüləri ilə mövcud olan nağıl dünyasıdır. Həmin dünya uşaq üçün həmişə cəlbedicidir. Burada ünsiyyətin səmimiliyi, uşaq üçün əyləncəli olması məntiqi nəticəyə əsaslanan ibrət dərsindən daha əhəmiyyətlidir. Uşaq hekayəni bir əxlaq dərsi kimi deyil, əyləncə kimi qavrayır və eşitdiklərindən həzz alır...
Məsələyə bu mövqedən baxanda Qərb bədii düşüncə sisteminin Azərbaycana gəlişində və Azərbaycan dili, bədii düşüncəsi ilə qaynayıb-qarışmasında "Tıq-tıq xanım"ın rolu aydın görünür. Bu yol ilk dəfə Krılovun kiçik bir təmsilini dilimizə çevirən Abbasqulu ağa Bakıxanovdan başlayaraq təxminən yüz il davam etmişdi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!