Məmməd Cəfər Cəfərovun elmi-nəzəri və ümumiyyətlə, bütün yaradıcılığını mərhələlər üzrə təsnif eləmək bir görkəmli alimin həyat və sənət yolunu, bu yolların əsas istiqamətlərini düzgün müəyyənləşdirmək deməkdir. Əlbəttə, bu məsələ, göründüyü qədər də asan deyil. Çünki Məmməd Cəfərin səksən üç illik ömür yolu, altmış ilə yaxın tənqidçi-ədəbiyyatşünas-nəzəriyyəçi kimi fəaliyyəti çox genişdir, rəngarəngdir. Əgər o, yalnız ədəbi tənqidlə və ya ədəbiyyatşünaslıqla məşğul olsaydı, bu mərhələ təsnifatını aparmaq heç də çətin olmazdı. Məmməd Cəfər bir məcraya sığan, bir istiqamət üzrə fəaliyyət göstərən alim olmamışdır. Onun yaradıcılıq aləmi çoxcəhətlidir və Ədəbiyyat deyilən bir humanitar sahənin bütün aspektlərini əhatə edir. Ədəbiyyat tarixçisi kimi o, ayrıca "Ədəbiyyat tarixi" dərsliyi yazmamışdır (orta məktəbin IX sinif dərsliyi nəzərə alınmazsa), lakin Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərinə və ayrı-ayrı sənətkarların həyat və yaradıcılıq yoluna həsr etdiyi məqalələr, monoqrafiyalar, portret yazılar bir yerə cəm olsa, bir ədəbiyyat tarixi kitabı araya-ərsəyə gələr. Məmməd Cəfər ayrıca "Ədəbiyyat nəzəriyyəsi" dərsliyini də yazıb ortaya çıxarmamışdır, lakin o, Azərbaycan filoloji fikrində ən güclü nəzəriyyəçi alimlərdən biridir, tənqidi realizmin, romantizmin, dil və üslub məsələlərinin, şeirin vəzni və sənətkarlıq problemlərinin Məmməd Cəfər "dərsliyi" yaradılmışdır. Məmməd Cəfər ayrıca "Azərbaycan tənqid tarixi" də yazmamışdır. Lakin onun "Nizaminin fikir dünyası", "Füzuli düşünür", "M.F.Axundovun ədəbi-tənqidi görüşləri" və M.Arifin tənqidçi fəaliyyətinə aid monoqrafiyaları ədəbi tənqid tariximizin ən qiymətli səhifələridir. M.C.Cəfərov XIX əsr rus ədəbiyyatı tarixinin üç mükəmməl cildini ədəbi, elmi ictimaiyyətə, müəllim və tələbə auditoriyasına bəxş etmiş, hələlik bu sahədə alternativi olmayan tədqiqatçıdır. O, dünya ədəbiyyatının da mahir bilicisi idi.
Məmməd Cəfərin elmi-nəzəri fəaliyyətini şərti olaraq üç mərhələyə ayırmaq olar. Ona görə "şərti" deyirik ki, M.Cəfər altmış ilə yaxın elmi fəaliyyəti ərzində müəyyən bir problemlə yalnız bir zaman daxilində məşğul olmamışdır, eyni problemə sonrakı illərdə də müraciət etmişdir.
Birinci mərhələ 1937-1950-ci illəri əhatə edir. M.Cəfərin yaradıcılığında bu mərhələni "Axtarışlar dövrü" adlandıra bilərik. İlk məqaləsini S.Vurğun yaradıcılığına, ilk kitabını isə rus ədəbiyyatı tarixinə həsr edən, rus və Qərbi Avropa klassiklərinə aid məqalələr yazan M.Cəfər hələ sırf ədəbiyyat nəzəriyyəçisi və ədəbi tənqidçi kimi formalaşmamışdı. Söhbət onun qırxıncı illərə qədərki elmi fəaliyyətindən gedir. Bu illərdə M.Cəfərin yazılarında gələcək elmi yazıları üçün stimul ola biləcək bir üslubun əlamətləri yaranır. M.Cəfərin dili, ifadə tərzi öz sadəliyi və aydınlığı ilə oxucuların diqqətini cəlb edir. Artıq qırxıncı illərin əvvəllərində Mirzə Fətəli Axundovun ədəbi-tənqidi fəaliyyətinə həsr etdiyi namizədlik dissertasiyasında Məmməd Cəfərin elmi üslubu tam formalaşır. Bu üslubda ədəbiyyat tarixçisi, ədəbiyyat nəzəriyyəçisi fəaliyyət növləri vəhdət təşkil edir.
İkinci mərhələ 1950-1965-ci illəri əhatə edir. Əgər birinci mərhələni "Axtarışlar" dövrü kimi səciyyələndirsək, ikinci dövrü "Tapıntılar" mərhələsi adlandıra bilərik. Məmməd Cəfərin bir alim kimi yaradıcı siması, məşğul olduğu elmin bütün sahələrinə bələdliyi və bu sahələrin hər birində yeni elmi tədqiqatlarlarla diqqəti cəlb etməsi məhz bu illərdə bütün parlaqlığı ilə üzə çıxır. "Ədəbi düşüncələr" və "Füzuli düşünür" Məmməd Cəfərin yaradıcılığında həmin mərhələnin ilk zirvələri kimi mənalandırılmalıdır. Bu toplularda Məmməd Cəfərin bir mötəbər ədəbiyyat tarixçisi kimi geniş erudusiyalı bir tənqidçi-ədəbiyyatşünas və filosof vəhdəti nəzərə çarpır. Füzuli yaradıcılığına fəlsəfi baxımdan ilk yanaşma da məhz Məmməd Cəfərin Füzuliyə həsr etdiyi silsilə yazılarda təcəssüm edir, öz elmi həllini tapır.
Mütəfəkkirlərdən yaza-yaza o, özü də mütəfəkkirə çevrilir.
Həmin mərhələdə Azərbaycan elmi-nəzəri-filoloji fikrində iki böyük alimin nüfuzu qəti şəkildə təsdiq və etiraf olunur ki, onlardan biri Məmməd Arif Dadaşzadə, digəri Məmməd Cəfər Cəfərov idi.
Bu mərhələdə Məmməd Cəfər bir sıra elmi-nəzəri tədqiqatların ilkini, təməlini qoyur. Böyük mütəfəkkir Hüseyn Cavid haqqında ilk monoqrafiyanın müəllifi məhz Məmməd Cəfər Cəfərov olur. Beləliklə, Cavidin yaradıcılığı repressiyanın qəddar təcavüzündən xilas olur və Cavidşünaslıq elmi yeni bir mərhələyə qədəm qoyur. "XX əsr Azərbaycan romantizmi və Hüseyn Cavid" mövzusunda yazdığı doktorluq dissertasiyası (1963) da M.Cəfərin "ilk"ə imza atdığı tədqiqatlardan biri idi. "Azərbaycan ədəbiyyatında romantizm" tədqiqatı isə təkcə Cavid yaradıcılığını deyil, bütün XX əsr romantiklərinin yaradıcılığını da özündə əks etdirir və qətiyyətlə demək olar ki, bu sahədə ilk cığırı Məmməd Cəfər açır.
Əgər belə demək mümkünsə, Azərbaycan romantizmini Məmməd Cəfərsiz, Məmməd Cəfəri Azərbaycan romantizmsiz təsəvvür etmək qeyri-mümkündür.
Məmməd Cəfərin Azərbaycan ədəbiyyatşünaslığında ədəbi əlaqələr üzrə ilk tədqiqatçılardan biri olduğu qeyd-şərtsiz qəbul edilir və bu problemə M.Cəfər hələ otuzuncu illərdə yazdığı ilk məqalələrində müraciət etmişdi. Ayrı-ayrı rus klassikləri haqqında məqalələri ikinci mərhələdə yenə davam edir, lakin məsələyə daha geniş bir müstəvidə yanaşmaq cəhdi "Azərbaycan-rus ədəbi əlaqələri tarixindən" monoqrafiyasında öz elmi təcəssümünü tapır. Bu sahədə də onun xidmətləri danılmazdır.
Nəhayət, ikinci mərhələdə Məmməd Cəfər Azərbaycan ədəbi tənqidinin ən mötəbər, nüfuzlu nümayəndələrindən biri kimi diqqəti cəlb edir. Onun tənqidçilik fəaliyyəti müasir ədəbi inkişafın istiqamət və meyillərinə təsir göstərən, ədəbi prosesin hər cür zəiflik və əyintilərini vaxtında görən, tənqidin rəhbərlik rolunu əyaniləşdirən missiyanın həyata keçirilməsi üzərində qurulmuşdu. 1950-1965-ci illərdə Məmməd Cəfər müasir ədəbiyyatın bir çox problemləri ("Azərbaycan uşaq ədəbiyyatı", "Şeirimiz son beş ildə", "Ədəbiyyatımızın yeni nəsli" "Yüksək sənətkarlıq uğrunda" və s.) barədə geniş, əhatəli məqalə və məruzələrlə ədəbi tənqidin nüfuzunu xeyli artırır. Mir Cəlalın "Açıq kitab", Səməd Vurğunun "Aygün", Hüseyn Abbaszadənin "General", Qabilin "Mehparə" əsərləri M.Cəfər tənqidində mükəmməl təfsirini tapır. İlyas Əfəndiyevin o zaman "mübahisəli" "Körpüsalanlar" povesti ilə bağlı yazısı isə sanki bütün mübahisələrə son qoyur, sağlam, düşündürücü tənqidin mövqeyini ifadə edir.
Məmməd Cəfər yaradıcılığının ikinci mərhələsi təkcə elmi-nəzəri fəaliyyəti ilə deyil, həm də onun bir tənqidçi-ədəbiyyatşünas kimi məşğul olduğu sənət sahələrinə forma-sənətkarlıq yenilikləri gətirməsiylə də diqqəti cəlb edir. Bu baxımdan onun ədəbi portret səciyyəli yazıları daha çox maraq doğururdu. Onun Sabir, Cəlil Məmmədquluzadə, Həsənbəy Zərdabi, Səməd Vurğun, Üzeyir Hacıbəyov, Rəsul Rza, Süleyman Rəhimov, Süleyman Rüstəm, Əziz Şərif haqqında yazıları ədəbi portret janrının ən mükəmməl nümunələridir.
Məmməd Cəfər təkcə ədəbiyyat qayğıları ilə yaşamırdı. Məlumdur ki, Məmməd Arif Dadaşzadə, Mehdi Hüseyn kimi görkəmli tənqidçilər yeri gəldikcə teatr tənqidi ilə də məşğul olmuş, Azərbaycan teatrının problemləri, ayrı-ayrı teatr tamaşaları, görkəmli aktyorlar və rejissorlar haqqında məqalələrlə mətbuatda çıxış etmişlər. Məmməd Cəfər də bir tənqidçi kimi bu prosesdən kənarda qalmamışdır. Onun Sidqi Ruhulla və Mərziyə Davudova haqqında qələmə aldığı yazılar teatrı, rejissor və aktyor işini yaxşı bilən bir mütəxəssisin düşüncələrini əks etdirir.
Məmməd Cəfərin elmi-nəzəri, tənqidçi-ədəbiyyatşünaslıq fəaliyyətinin üçüncü mərhələsi 1966-1992-ci illəri əhatə edir.
Üçüncü mərhələ Məmməd Cəfər yaradıcılığının apogeyidir. M.Cəfər vaxtilə toxunduğu, lakin yalnız məqalələr, ədəbi portretlər şəklində qələmə aldığı mövzuları monoqrafiyalar və dərslik səviyyəsinə çatdırır. Bu mənada "XIX əsr rus ədəbiyyatı" üçcildliyi onun şah əsəridir.
Üçüncü mərhələdə Məmməd Cəfərin ədəbi tənqidçi kimi fəaliyyət sferası daha da genişlənir. Onun müasirləri olan şair və nasirlər haqqında ədəbi portretləri, "Həyatın romantikası", "Sənət yollarında", "Həmişə bizimlə" kitablarında toplanan məqalələrinin əksəriyyəti müasir Azərbaycan ədəbiyyatının problemlərinə və ayrı-ayrı poeziya, nəsr və dram əsərlərinin, teatr tamaşalarının ("Teatr sənəti və teatr tənqidi", "Səhnədə yeni kənd", "12-ci gecə" və s.) təhlilinə həsr olunmuşdur. Xüsusilə, 60-cı illərdə ədəbiyyata gələn gənclərin (Anarın, Elçinin, Y.Səmədoğlunun və b.) yaradıcılığı ilə bağlı məqalələri M.Cəfərin bir tənqidçi kimi ədəbi zövqünün, özünəməxsus tənqidçi kriteriyasının sabitliyini, obyektivliyini və prinsipiallığını yetərincə sübut edirdi.
Məmməd Cəfər Azərbaycan tənqidi və ədəbiyyatşünaslığının klassik nəslinə mənsub olan nümayəndələrindən biri idi. Əli Nazim, Məmmədkazım Ələkbərli, Mustafa Quliyev, Mikayıl Rəfili kimi özündən əvvəlki tənqidçi və ədəbiyyatşünasların yarımçıq qalmış ömürlərini, başa çatdırmadıqları, yaza bilmədikləri mövzuları, problemləri başa çatdırdı, lakin özünün müasir tənqidçi təfəkkürü ilə, yenilik, novatorluq meyilləri ilə seçildi, fərqləndi. Ustad tənqidçi, ədəbiyyatşünas, nəzəriyyəçi səviyyəsinə yüksəldi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!