Dostlarımın təşəbbüsü və iştirakı ilə 2013-cü ildə Azərbaycan Yazıçılar Birliyində anadan olmağımın 60 illiyi qeyd olunurdu. Sağ olsunlar, xeyli tanış-biliş - həmkarlarım, tələbələrim, el-obamızın adamları buraya toplaşmışdılar. Tədbir başlayanda salona nəzər yetirdim, bir nəfər daha çox diqqətimi cəlb etdi: bu, Abbas Abdulla idi. O, salona daxil olarkən birinci sıranın birinci yerində əyləşmişdi. Doğrusu, mənim tərəfimdən heç bir təşəbbüs olmamışdı, Abbas Abdulla özü xəbər tutub gəlmişdi.
Bəs Abbas Abdullanı hansı hiss, hansı duyğu buraya gətirmişdi. Onun sirrini ondan və məndən başqa heç kəs bilmirdi.
Ötən əsrin 70-ci illərində bir hadisə geniş yayılmışdı: gənc şairlərə "uğurlu yol" yazılmasını nəzərdə tuturam. Əslində, gənc şairlərin özləri də buna cəhd göstərirdilər və həmin məsələdə mən onları heç də qınamıram. Tanınmaq üçün ən optimal yol idi: həm xeyir-dua alırdın, həm də ədəbi ictimaiyyət arasında yadda qalırdın. Başqa tələbə yoldaşlarım kimi, mənim də şeirlərim - cızma-qaralarım var idi, amma şeir qoşmaqla müqayisədə məqalə yazmağa daha çox meyillənirdim. Məqalələrə də ki, "uğurlu yol" yazılmırdı.
Bir gün səhifəyarımlıq məqaləmi götürüb "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasına getdim. Redaksiyada qapının yanında yazılmış "Abbas Abdulla" sözlərini oxuyub həmin otağa daxil oldum. Abbas Abdulla qəzetdə məsul bir vəzifədə işləyirdi, amma onunla bir dəfə də olsun görüşməmişdim. Mənə çox böyük hörmətlə yer göstərdi, əyləşdim. Sonra soruşdu ki, nə yaxşı gəlmisən? Mən də bildirdim ki, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin beşinci kurs tələbəsiyəm, sizin qəzet üçün məqalə gətirmişəm.
Məqaləni alıb oxumadan stolun bir tərəfinə qoydu və mənimlə hal-əhval tutmağa başladı. Xeyli söhbət etdik: tələbəlikdən, gün-güzərandan, ədəbiyyatdan və doğulduğumuz yerdən. Doğulduğum yeri biləndən sonra bizim aramızda belə bir dialoq oldu:
- Kəndiniz Sədərəyə yaxındır?
- Təxminən 30-40 kilometr olar.
- Deyirlər ki, Sədərəkdə televizorlar Türkiyənin kanallarını göstərir?
- Doğrusu, xəbərim yoxdur.
- Həə, həə, mən bilirəm, göstərir.
Sonralar onun qohumu və bizim tələbə yoldaşımız Arif Acalovdan eşitdim ki, Abbas hərdən Sədərəyə gedib Türkiyə kanallarına baxırmış.
Bir az da söhbətləşəndən sonra Abbas Abdulla mənə dedi ki, narahat olma, məqaləni oxuyacağam, əlaqə saxla. Mən Abbas Abdulladan xoş əhval-ruhiyyə ilə ayrılıb evə gəldim.
Beşinci gün (3 noyabr 1973-cü il) "Ədəbiyyat və incəsənət" qəzetini alıb baxanda (o vaxtlar qəzet beşinci günlər çıxırdı) gözlərimə inanmadım. "Şəfəqlər" adlı məqaləm çap olunmuşdu. Məqalə Cənubi Azərbaycan şairəsi Jalənin eyniadlı şeirlər kitabına həsr edilmişdir. Bunu Abbas Abdullanın mənə arzuladığı "uğurlu yol" kimi başa düşdüm.
Abbas Abdullanın Azərbaycan Yazıçılar Birliyində mənim 60 illiyimə həsr edilən tədbirə gəlməsinin sirri məhz burada idi. O, həmin gün mənə ilk ədəbi-tənqidi məqaləsini çap etdiyi tələbənin bugünkü nailiyyətlərinin səbəbkarlarından biri kimi göründü.
Allah sənə rəhmət eləsin, Abbas Abdulla, sənin necə də böyük ürəyin var idi!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!