“Modernizm” qovluğundan Sizifvari qeydlər... - Ziyad Quluzadə

“Şairlər və dindarlar ötüb keçən hər saniyəni və bir fərdin həyatda nələri küləyə sovurduğuna dair nigarançılıq yaratmağa çalışaraq, bunu qısa müddətli tale oyunu kimi təqdim etməyə cəhd edirlər.  Həqiqətən də bu qısa ömrümüz zərrə-zərrə heçliyə axmaqdadır; bizlər hər saniyəsi heçliyə sovrulan ömrün qarşısında nəfəsimizi dərmədən sakitcə dayanmışıq.”

Ervin Qoffman                   

Oğuz Atayın çox sevdiyim bir cümləsi var. "Dəmiryolunun hekayəçiləri" əsərində "Ey oxucu! Mən buradayam. Bəs, sən haradasan?" - deyə müraicət edir. Əslində bu sonluqla bitən hekayə bütünlüklə dünya ədəbiyyatındakı modernizm axtarışlarına olan cəhdlərdən ən gözəli idi. XX əsrin əvvəllərində ədəbiyyata sıçrayan modernizm dalğası öz başlanğıcını XVII əsrdə götürmüş, geniş şəkildə XIX əsrdə yayılmışdır. Kapitalizm münasibətlərinin formalaşması,  fərdin post-fordist sistemin içərisindəki "şizofrenik" və "tənha" mövcudluğu zamanla ədəbiyyatda öz əks-sədasını doğurmalı oldu. Və beləcə ənənəvi romançılığın, təhkiyəçiliyin, poeziyanın klassik kanonları "dekonstruksiya" edilərək, "yenidən inşa" mərhələsinə keçməli oldu. Artıq modernizm dalğası bütün tabulara, köhnəliyə qarşı çıxırdı. Onu sorğu-sual edir, mətnlərin alt qatındakı gizlinləri faş etməyə çalışırdı. Bu mənada Z.Freydin yunan mifologiyasına zillədiyi sual dolu nəzərlər "Edip kopmleksi" kimi bir çox nəzəriyyənin yaranmasına səbəb oldu. Beləcə, böyük və xaotik bir mərhələnin başlanğıcı…

Ey oxucu! Bu qeydləri apararkən dünya ədəbiyyatındakı modernizm üslubunda yazılmış kitabların adlarını sadalamadan, əsərlərin müəlliflərinə lənətlər yağdırmadan əvvəl modernizm çətirinin altında xısın-xısın dayanmış əsərin estetik xüsusiyyətinin meyarının mahiyyətinə dair bir neçə cümləni qeyd etməkdə fayda var. Bir növ bələdçi kimi…

"Modernist ədəbiyyat"ın çətirinə girən əsərlərin xüsusiyyətləri;

Modernizm cərəyanına aid edilən əsərlər cəmiyyətdəki dəyərlərin arasındaki konflikti, fərdin melanxolik mövcudluğunu, xaotik ruhsal vəziyyətini, ənənəvi dəyərlərə qarşı olan etirazını  simvolik bir dillə ifadə etməlidir.

Üslubda və təhkiyədə ənənəvi texnikanın fövqündə yeni üslublar axtarışına cəhd edilir

Alleqoriya modernizm üslubunda yazılmış əsərlərin arxetipini təşkil edir.

Yazıçılar insanı əhatələyən cəmiyyəti sadə bir üslubla ifadə etməməyə çalışırlar.

Modernizm cərəyanına aid olan hekayələrdə əsas meyar hadisələrlə bərabər həmin hadisələrin qəhrəman üzərindəki təsirini də analiz etməkdir.

Modernist üslubdakı əsərlərdə tənhalıq, cəmiyyətdən qaçmaq, ənənəvi dəyərlərə qarşı etiraz kimi mövzular üstünlük təşkil edir.

Modernist bir romanla insanın daxili aləmini araşdıran əsərlər arasında müəyyən eyniliklər vardır.

Romançılığın kapitalizmlə birlikdə böyük mənada diqqət cəlb etməsi, kütləvi mütaliənin çıxış nöqtəsi kimi intəhasız dəstəyi çox əhəmiyyətli mədəni hadisədir. Xüsusilə post-fordist istehsalatla birlikdə yaranmış "boş zaman"ın (fabrikada işləyən işçinin iş saatlarından başqa artıq qalan boş zamanı... Modern kölənin kapitalistə işləməyib yatmaq və yemək üçün ayırdığı boş zaman…) doldurulması üçün gərəkli məşğulat idi. Beləliklə, romançılıq ədəbiyyatın çox satılan, eyni dərəcədə çox oxunan janrına çevrildi. Burada dövrünün məşhur modernist romançılarının adlarını və əsərlərini sadalamadan öncə (Əziz oxucum! Yəqin ki, onlarla əhatəli şəkildə yazının ikinci hissəsində tanış olacaqsınız.) onun ehtiva etdiyi xüsusiyyətlərə dair cəhətlərə də nəzər salmaqda fayda vardır.

Modernizm cərəyanına dair romanın xüsusiyyətləri;

Roman qəhrəmanına fokslanmaq; bu tipli romanlarda hadisələrdən çox fərdlər ön plandadır. Şübhəsiz, buna səbəb XX əsrin əvvəllərində insanların düşüncəyə olan inamının itməsidir. Belə ki, fərd dayanmadan inkişaf edən texnologiyanın qarşısında əvvəllər hökm edən idisə, zamanla aciz bir köməkçi, qulluqçu, ikinci dərəcəli bir nəsnə funksiyasını ehtiva etməyə başladı. Bu da onun özünə olan inamının itməsi və içinə qapanıq bir xarakterə çevrilməsinə səbəb oldu. Yəni qaradinməz... Artıq roman qəhrəmanları özünə yadlaşmış, tənha və izdihamın içində yalnız insanlar olmağa başladılar. Buna görə də modernizm cərəyanına aid edilən əsərlərdəki qəhrəmanlar artıq hansısa böyük probelmi həll etməyə çalışan, mübarizə aparan insanlardan çox, idarə edilən, daxili təlatümü ilə üzləşmək məcburiyyətində qalan tənha fərdlərə çevrildilər. (F.Kafkanın Zamzası, A.Kamyunun və ya Oğuz Atayın qəhrəmanları… Müasir Azərbaycamn ədəbiyyatında son oxuduğum Qan Turalın "Fələk qırmancı" romanının qəhrəmanı da eynilə məhz bu xarakterik xüsusiyyətə malikdir. Tənha, bütün J.P.Sartr "Varoluşçuluğ"unun ehtiva etdiyi dəyərlərdən arınmış bir xarakter.)

Modernizm üslubundakı romanlarda hadisələrin əhəmiyyəti azaldıqca forma daha qabaritli görsənir.  Belə ki, klassik romandakı mövzu öz yerini formaya buraxmışdır. Oxucu mətndəki qeyri-ənənəvi üslub xüsusiyyətlərini, estetik formaları analiz etməli, onların kodlarını açmalıdır. Oxucu ona verilən kodların əsasında hekayəni özü qurmalıdır. Beləliklə, bizim adətkar olduğumuz formadan fərqli olaraq roman hadisənin fabulası müqəddimə, konflikt, kulminasiya, razvyazkadan ibarət deyil, xarakterin özəyində dayandığı bir qurğudan ibarətdir. "Ceyms Coys "Uliss"ini bu mənada vərəqləməkdə fayda var. Uzun və darıxdırıcı olmağına fikir verməyin. Vərəqləyin...

Modernist romanların "zaman"ı gələcəyə doğru şaquli istiqamətdə hərəkət etmir. Buna ən böyük səbəb həqiqətin mütləq olmadığının kapitalist bir dünyada daha yaxşı başa düşülməsidir. Burada zaman fərdin özünü təxəyyülündə canlandırdığı formada axıb, gedir. Keçmiş, indi və gələcək xarakterin düşüncəsində bir-birinin içinə keçmiş halda, bir kollaj kimi mövcud olur və bu romanın zamanını təşkil edir. Bəzi romanlar çox qısa müddət ərzində baş verib, bitir. Buna misal olaraq Ceyms Coysun “Uliss” əsərini göstərə bilərik.

Modernizm cərəyanına aid əsərlərdə qəhrəmanın haqqında danışmaq məqsədi və əsərin özündəki fərqli zaman anlayışı bəzi nəql etmə texnikasının yaranmasına səbəb olur. Adətən, feedback (keçmiş zamana qayıtmaq), düşüncə axını, daxili səs tərzində ifadə edilir.  Düşüncələrin axıcılığı və əsərin bir nəfərin düşüncələri, mülahizələri üzərində qurulması romançılıq sənətinin psixologiya elmi ilə olan əlaqəsinin bir birinə təsirinin nəticəsidir. Təhtəlşüurun kəşf edilməsi, yəni insanın bir saniyə içərisində fərqli düşüncələri beynindən keçirməsi və ciddi bir hərəkətliliyin yaranması bu texnika üçün maraqlı zəmin təşkil edir. Beləliklə, fərdin daxili aləmindəki yorğunluq, xarakterindəki qəfil baş verən melanxoliya, düşüncələrinin xaotikliyinin əksi üçün əlverişli zəmin hazırlayır.

Modernist əsərdə didaktika, tərbiyə vermək, təmizləmək, katarsis etmək kimi niyyət yoxdur. O, öz düşüncələrini ifadə etmək üçün xarakterin bütün mənfi və müsbət cəhətlərini nəql edir. Adətən əvvəlki romanlarda, hətta bir çox sovet dövrünə dair romanlarda belə insanları tərbiyələndirmək, onları əməyə səsləmək kimi ideyalar var idi. Bu romançılıqda belə bir məqsəd yoxa çıxır. Onun əvəzində xarakterin daxili dünyası və həyatı bütün aspektlərdən əsərə daxil edilir. Onun çiyinlərinə hər hansı bir peyğəmbərlik missiyası qoyulmur.

Epistolyar forma mövcuddur. Çoxqatlı, çoxmənalı bir əsər mövcuddur. Bu əsəri bircə dəfə oxuyan kimi onun mahiyyətindəki əsl məqsədi başa düşmək mümkün deyil. Əsər hər dəfə yenidən oxunduqca yeni bir dünya, yeni mənalar kəşf edilir.

Adətən bu əsərlərdə səbəb və nəticə əlaqəsi sönük, boz bir çalarda verilir. Bir çox əsərdə bu tamamilə ortadan götürülür. Çünki XX əsrdə bizi əhatələyən dünyadakı səbəb-nəticə əlaqəsi sönük və qeyri-təbii bir çalar ehtiva etməyə başladı.  Hər kəs dünyada mütləq bir həqiqətin olmadığını və hər şeyin nəticəsinin həqiqi doğruluğu əks etdirdiyinə olan şübhə tədricən əsərlərdəki səbəb-nəticə əlaqələrini ortadan, dövrüyyədən çıxmasına rəvac verdi. Artıq, belə bir əlavə də edə bilərik ki, modernist roman hər formaya hazırdır. Burada klassikləşmiş kanonlar, qaydalar öz funksiyasını itirir.

Modernizm cərəyanının küləyinə sovrulan romanların digər xüsusiyyəti də qəhrəmanın yerinə nəql edənin ön planda görünməsidir. Bu, nəql edənin heabına əslində xarakterin bütün detalları üzə çıxır. Bu mənada "Qəhrəmanın ölümü" və ya "Müəllifin ölümü" kontektsində Rolan Bartı oxumaqda fayda var.

İstifadə edilmiş ədəbiyyat siyahısı

1. Antony Giddens "Modernliğin

sonuçları". Ayrınti yayınları. İstanbul.

2. Butor Mişel "Romana dair esselər" Düzlem yayınları. İstanbul.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!