Cənubi Azərbaycan ədəbiyyatı yalnız siyasi müstəviyə çıxarılmış "Ayrılıq, həsrət, Araz" mövzusundan ibarət deyil.
Bu gün Cənubi Azərbaycanda ədəbi prosesin bütün istiqamətlərində poetik dünya ədəbi fikrində gedən axtarışlara güclü meyil duyulur, dünya ədəbi fikrində gedən proseslər və gəlişmələr görünür.
Cənubda ədəbi prosesin milli-bədii tutumu bizdə çox zaman siyasi sərhədlər çərçivəsində baxılaraq öyrənilib araşdırılır. Bu, düzgün yanaşma deyil. Zənnimizcə, bu məsələ Şimalda, Türkiyədə, eləcə də Avropada mədəniyyət sahəsindəki yaradıcılıq təmayüllərinin kontekstində araşdırılmalıdır. Cənubi Azərbaycanda ədəbi prosesdəki təmayülləri, forma-məzmun yeniliklərini izləyib təhlil etmək, izləmək bir qədər fərqlidir. Məlum siyasi məhdudiyyətlər, azsaylı nəşrlər, qəzet və dərgilər Cənubdakı ədəbi prosesin tam mənzərəsini yaratmağa imkan vermir. Bu üzdən də daha çox yazarlarla şəxsi əlaqə və məktublaşma nəticəsində əldə etdiyimiz materiallara əsaslanmaq məcburiyyətindəyik.
Adəti üzrə olduğu kimi, 2018-ci ilin nəşrləri arasında şeir topluları üstünlük təşkil edir.
Biz vahid Azərbaycan ədəbiyyatından söhbət açırıq. Amma onun tərkib hissəsini, məlum səbəblərdən bizdən ayrı düşmüş Arazın o biri sahilində yaranmış Güney Azərbaycan ədəbiyyatını nə qədər tanıyırıq? Orada soydaşlarımızın yaratdığı ədəbiyyatı oxumaq istəyən zaman əlifba, bəzən də dialekt, dil (rəsmi dilin farsca olduğunu nəzərə alsaq) əngəlləri, baryerləri qarşıya çıxır. Güneydə ədəbiyyatın durumu, ədəbi proses, bu ədəbiyyatın ən gözəl nümunələrini yaradanları tanıtmaq vəzifəsini yerinə yetirməyə çalışırıq.
Cənubi Azərbaycanda yaradıcı ziyalılar öz kimliyini qoruyub müdafiə etmək məcburiyyətindədirlər. Çünki mənəvi və maddi həyatları bir sürgün durumu içindədir. Çox zaman da onlar gənc olsalar belə, yazarlar şəxsi həyatlarını, hisslərini deyil, toplumun yaşantılarını qələmə alırlar.
Modernlik harda başlayır, postmodernlik harda qurtarır, şeirlərdə bunu izləmək bəzən çətin olur. Şairlər birbaşa modernizmlə postmodernizmin özəlliklərini daşıya bilirlər. Məsələn, bunu M.Ləvayinin "Terror və azadlıq" əsərində görə bilərik.
Saleh Ətayinın "Bəlkə daha deyəmmədim", lalə Cavanşirin "Ayaqüstü tənhalıq" kitablarında və internetdə Ziba Kərbasinin şeirlərində olduqca modern şeirləri ilə qarşılaşıırıq, amma bəzi özəlliklər onları "postmodern" şairlər kimi adlandırmağa bizə haqq verir.
Ötən il çapdan çıxmış "Əncir ağacı olmaq" şeir kitabının müəllifi "Şeir mənim üçün, içində yaşayıb öləcəyim acun kimi, qarşıt fenomenlər yatağı, çəlişkili bir anlayışdır. Sanki özündə bambaşqa bir kontrast daşıyır. Bir yandan yaşam, bir yandan da ölüm doğuran bir sənət! Fikrini söyləyən Kiyan Xiyav Avropa şeiri ilə Şərq şeirinin sintezindən yaranan bir üslubda yazan şairdir:
Ah payız küləyi a...h.
Əs özləm bağçamıza,
Əs əlçatmaz ağaclara, quşlara, insanlara.
Əs yurdumun qocaman ardıclarına,
Ardıcıl salamlar söylə yorulmadan.
Və lirik bir mahnı oxu
Tayı-oxşarı tapılmaz sevgililərə.
Söylə, mən də bir Tanrı ardınca
gəlmişdim buraya
Söylə, qırx beş il Tanrı axtarışında
Gəlib bir qocaman ardıc tapmışdım
Və bilmirdim
İnsandımmı, quşdummu?
Yarıinsan yarıquş.
Yoxsa dünyanın ən böyük
lirik dizgəsiydimmi?..
"Qaranlığın fotosu" kitabının müəllifi Ümid Nəccari şeirdə özünəməxsus düşüncənin, eləcə də ona uyğun formanın bəlirtisini verməyi sevir. Onun şeirlərində yeni düşüncə ilə yeni biçimdə qaynayıb qarışır və klassik poeziyanın metaforaları da bir ortamda göz qabağında sərgilənir:
Səndən uzaq
gözlərinin orucunu tutmaq;
Səndən uzaq
əllərini daşdan yonub üstünə alın qoymaq,
şəklinin Kəbəsinə yeddi dəfə dolanmaq
və sən gedən yola üz tutub
sevgi rükəti qılmaq,
adını bir-bir təsbeh dənələrində çevirmək,
göz yaşlarımla dəstəmaz almaqdır peşəm,
ey sevgi peyğəmbərim!
Nasir Davəran Cənubumuzun görkəmli ziyalılarından sayılır, o, şairliklə yanaşı, nasir və həm də gözəl tərcüməçidir.
2018-ci ildə onun latın əlifbası ilə "Özbaşına Dünya" adlı seçilmiş əsəri kitab şəklində işıq üzü gördü. 177 səhifədən ibarət topluya şairin müxtəlif illərdə yazdığı 156 şeri daxil edilmişdir.
Nasir Davəran gözəl tənqidçi və ədibdir. Bir çox şair və yazıçıların əsərlərini araşdırıb tənqid etmişdir.
Davəranın milli duyğu və yurdsevərliyi demək olar ki, çox şeirlərində öz əksini tapmışdır. Bir çox güneyli-quzeyli şairlərin qədim mədəniyyət beşiyi və baştacı saydıqları Təbrizin gözəlliyinin vəsfinə N.Davəran da öz imzasını atır.
Davəran Təbrizi "Gecələri nə qədər uzun olsa belə, günəşi batmayan, dağlarının qızıl lövhələri bərəkətin, təmizliyin bəyannaməsi olan, zəngin qələmlərin ölümə sataşdığı yer, əlahəzrət sevginin bargahı və nəhayət, "Saman yolu"nun paytaxtı kimi vəsf edib təqdim edir:
Abidələrimizin xaqan sorağı.
Ovcunda göyərçin
Beynində yanıq dilimizin kərəmiləri...
Küçələrinin yaddaşında
Nə çox dumanlı qoçaq
Bununla belə
Çayların gücü
Ulduzların doğru dili
Kərpicinin, daşının kültürün oluşdurur...
Mən sizə Təbrizi danışıram
Dünya şəhərlərinin vətəndaşı
Almanın, qızılgülün universitəsini.
Bura zəngin qələmlərin ölümə sataşdığı yer
Bura əlahəzrət sevginin bargahıdır.
Rüstəm Behrudinin Ey darın ağacı! Kimdən kəməm, kəm?//Ya səni yendirrəm, ya sənə yennəm.
//Ya da budağında yarpağa dönnəm, //Salam, Dar ağacı! Şeirindəki dar ağacı haqda Heydər Bayatın və başqa şairlərimizin özünəməxsus deyimləri və poetik fikirləri var. Nasir Davəran Təbrizlə bağlı şeirində dar ağacına üz tutub yazır:
Burda dar ağacının qiyməti var
Minlərlə günəşsoylu sərdar
Başın ucaldıb onun.
N.Davəran şeirlərində zülm və haqsızlığın qar və buz kim bəşər həyatını dondurduğunu fəlsəfi kəlmələrlə, fikirlərlə açıqlayaraq, insanların mənəvi yoxsulluq çirkabından qurtarmalarını maariflənməkdə və aydınlaşmaqda görür. Onun "Xain" adlı şeirində bu mövzu çox gözəl şəkildə qoyulur.
Yollar xain ki, deyil
Yolların bir başı sizin ev.
Xain dediyin elə bu qardır
Yenilməz
Və soyuq
Əllərimizə qənim
Görüşlərimizə qənim
Yalan deyir, inanma ha
Dönəcəyəm bir daha
Ağ yelin qanadında
Arxamca nə hərcai qorxu
Nə şübhəli kölgələr
Cib telefonum özümünkü yalnız.
Şairin şeirində ən önəmli və gözəçarpan məsələ şeirlərin dilidir. Onun şeirləri çox səlis və təmiz Azərbaycan dilində yazılmışdır.
Həyatda hər şeyin sonu var, tək xatirələrdən başqa. İnsan həyatı xatirələrlə zəngindir. Baş alıb gedən xatirələrsə nəhayətsizdir. Bəzən xatirələr qürbətdə belə gəlib insanı təqib edir, gecələr kabusa dönüb yuxusunu ərşə çəkir.
Mir Musa Haşimi də 40 ilə yaxındır ki, isti yuvasından, doğmalarından iraq (uzaq) düşüb qürbətdə yaşayır. İsveçdə çap olunan "Bir əsgərin xatirələri" kitabında müəllifin başına gələnlər öz dili ilə söylənilir.
"Bu kitabı doğma ana dilim - Azərbaycan türkcəsində yaza bilməməyim ən böyük kədərim idi" - yazır müəllif. Artıq kitab müəllifi arzusuna çatıb, fars dilindən çevrilən kitab işıq üzü görüb.
Onu tanınmış güneyli şair və tərcüməçi Kərim Güləndam farscadan çevirib.
"Bir əsgərin xatirələri" hərbçinin - atsubayın yaşadığı ölkədə haqsızlığa uğrayıb tutuqlanması, həyatda ölüm-dirim mücadiləsi ilə əlbəyaxa olması, Türkiyə və İsveçdə siyasi mühacir həyatı yaşayan zaman başına gələn olaylar və sonda həbs və təqiblərdən qurtulması və azadlığa çıxıb ailəsi ilə qovuşması ilə bağlı bir sənədli hekayətdir.
"Bir əsgərin xatirələri" uzun zaman dövlətə, vətənə sədaqətlə qulluq etmiş, lakin yeni hakimiyyətə gələnlər tərəfindən haqsız yerə ittiham olunub, ölkədən uzaqlaşmağı çıxış yolu kimi seçən bir hərbçinin həyat hekayəsidir.
Kitabda müxtəlif rütbəli hərbçilərin ordudakı özbaşınalıqlarından və həyatdakı sərgüzəştlərindən, şahın Amerikanın marionetinə çevrilməsindən, bütün hərb qüvvələrinin Amerika generallarına tabe olmasından, məxfi saxlanan siyasi anlaşmalardan, müəllifin ailəsinin, yaxınlarının başına gələn olaylardan, vətəni tərk etməyə məcbur olmasından və ağrılı vətən həsrətindən söz açılır.
20 ilə yaxın doğma diyarı tərk etməyinə baxmayaraq, M.Haşimini zindanın acı xatirələri və dəhşətli kabusları uzaq Avropa ölkəsində belə, onu rahat buraxmır, hələ də ruhunu sarsıdır.
Folklor Güneydə toxunulmamış zəngin xəzinədir. Şifahi xalq ədəbiyyatı örnəklərinin toplama və araşdırmalarına gəlincə, Məhəmməd Ehsaninin "Ayran dibi kəndinə bır baxış", Nəsim Köhnəsalın "Min bir Azərbaycan mahnısı", Əmar Əhmədinin "Bayatın yaxşı olsun", "Təkəm və təkəmçi", "Babək", kitablarının adını çəkmək olar. Ümumilikdə folklor sahəsində bir çox gözəl işlər görülüb və görülməkdədir. "El bilimi" elektron dərgisi bu sırada böyük işlərə imza atmağı başarmışdır.
Uşaq ədəbiyyatı mövzusunda yazılan əsərlər də çox ümidvericidir. Məliha Əzizpur, Murtuza Məcidfər, Ramin Cahangirzadə, Xosrov Barışan, Leyla Kəhalı və başqa gənc yazarların qələmindən çıxan və uşaq qəlbinə yol tapan əsərləri çoxdur.
Dr.Əfşin Əmirinin "Analara, uşaqlara" (Laylalar və nazlamalar), Murtuza Məcidfərin körpə bağça uşaqları üçün yazdığı "Bax gör kimdir, nəçidir?", Əlirza Şəmisəxunun "Atiyatin", Ramin Cahangirzadənin "Rəqəmlər", "Dörd fəsil" kitabları uşaqlara sunulan ərməğandır.
Ədəbiyyatda həmişə ədəbi fikir mübadiləsi və tənqidçi fikrinə böyük ehtiyac duyulur. Ərşad Nəzirinin "Miyanə şeir əncüməni", Sədyar Elavoğlunun "Gəncədən gəlirəm..." (Nizamı Gəncəvinin türkcə şeirlərinin təhlili), Əfrasyab Nuralhının "Yolçuluq", Əsədulla Əmirinin "Türkmən Mahmud, Aşıq Rzaəli" kitabları bu boşluğu dolduran kitablardandır. İllər öncə yazılan, amma sorağına yeni düşdüyümüz dr.Səkinə Birincianın da tənqid sahəsində ingiliscə yazdığı kitab üzərində isə ayrıca bəhs etmək lazımdır...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!