2018-ci ilin dramaturgiyası üzərində düşünərkən... - Aynurə Mustafayeva yazır

 

Ötən il "Azərbaycan", "Ulduz" jurnalları və "Ədəbiyyat qəzeti" Əli Əmirlinin "Gözəllik imperiyası", Aydın Talıbzadənin "Alma", İlqar Fəhminin "Şokolad market", Firuz Mustafanın "Üç canavar", Natiq Məmmədlinin "Əmanət", "Müqəvva", Cavid Zeynallının "Tanrı quşu gəlmədi", Ülviyyə Heydərovanın "Uşaqlıq",  Qan Turalının "Hərə bir qəhrəman oldu", Kənan Hacının "Xəlbir və ney", Elçinin "Böcəklər", Orxan Fikrətoğlunun "Xas igidin dastanı", Günel Eyvazlının "Pikasso" pyeslərini təqdim etdi. 2018-ci ilin teatr premyeralarında da müasir milli dramaturgiyamıza  azdan-çoxdan rast gəldik. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Əli Əmirlinin "Ah, bu uzun sevda yolu", Kamal Abdullanın "Bir, iki, bizimki" (kiçik səhnədə), Azərbaycan Dövlət Musiqili Dram Teatrı "Nuri-didə Ceyhun", Sumqayıt Dövlət Dram Teatrı Nizami Muradoğlunun "Zülmətdə nur", İrəvan Dövlət Azərbaycan Dram Teatrı Sabir Şahtaxtının "Ölüm həsrəti" pyeslərini repertuarlarına daxil etdi. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı isə, ümumiyyətlə, öz repertuarını milli müasir pyeslərlə yeniləmədi. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı  Xəzəryanı Ölkələrin II Beynəlxalq Teatr Festivalına Ayşad Məmmədovun "İuda" əsəri ilə qatıldı.

Ötən il Azərbaycan tamaşaçısına böyük səhnədən təqdim olunan dörd müasir milli pyesdən ikisi repressiya mövzusunda, ikisi isə yenə tarixi milli yaddaşımızla bağlı idi. Respublikamızın aparıcı teatrlarının repertuarlarına yol tapa bilən pyeslər məhz bu mövzularda yazılmasaydı,  bu premyeralar baş tutacaqdımı? - sualının müsbət cavabına biz şübhə ilə yanaşsaq da, yəqin ki, yenə ən dəqiq cavabı teatr rəhbərliklərindən gözləmək olar. Ancaq bu cür tamaşalar tamaşaçıda hansı təəssüratı yaradır? - sualına isə ötən ilin resenziyalarının birindən cavab ala bildik. Respublikamızın ən mötəbər teatrının - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində resenziya müəllifinin özünün sözləri ilə desək, "Azərbaycanı tanıtım videoçarxına" bənzəyən tamaşalardan birinə baxdıqdan sonra Rövşən Danyeri oxucularla təəssüratını belə bölüşdü: "Bir də o tərəflərə ayaq bassam, on iki imam mənə qənim olsun!". Amma kaş ki, bu sözlərin müəllifi öz andını icməzdən əvvəl elə bu teatrdaca "Qəribə, çox qəribə əhvalat", "Sinif yoldaşları" tamaşalarına baxardı, onda nəinki bu andı içərdi, hətta teatrın kassasından bilet alıb, çox məmnuniyyətlə yolunu bir daha burdan salardı. Biz teatra gələn hər kəsin belə and içməyəcəyinə sevinsək də, bir şeyə təəssüflənirik ki,  yolumuzu teatrdan salacaq tamaşaların mətni milli deyil, xarici dramaturgiyadandır. Yalnız buna görə yox, ümumiyyətlə, son illər bu janr üzərində apardığımız müşahidələr və onlara nəsə əlavə etməyən 2018-ci ilin pyesləri  bu il  bizi belə bir sual üzərində düşünməyə vadar etdi: niyə biz yaxşı dram yarada bilmirik? İstedaddanmı xaliyik? Əgər istedaddan xaliyiksə, müşahidələrimə və mütəxəssislərdən də soruşub xəbər aldığıma görə bizdə yaxşı şeir də yaranır, yaxşı nəsr də. Ola bilməz ki, Tanrı bizi elə  həmişə istedadın bir yönündən əta edib, o biri yönündən kəm yaratsın. Demək, məsələ heç də istedadımızda deyil.

Onu da deyim ki, biz söz ilə yalnız özümüzü yox, bütün Şərqi söhbətə çəkmək istəyirik. Başqa janrlarda deyə bilmərəm, dramda bir Şərq, Qərb bölgüsü görünür. İlk peşəkar dram, teatr sənəti Qərbdə yaranmış, minillər Şərq ondan xəbərsiz qalmış, daha doğrusu, bu janrda özünüifadəyə ehtiyac duymamışdır.  Bu gün Şərq dramda yüzillik  təcrübəyə malik olsa da, dram Qərbin janrı olaraq qalmaqdadır.  Biz ara-sıra və bəlkə də, nadirən bu janrda yaxşı əsərlər yaratsaq da, dram bizim janr ola bilmir, biz yenə özümüzü poeziyada, uzaqbaşı isə nəsrdə ifadə edirik. Nəyə görə  dram yox, məhz poeziya?

Hegel deyirdi: "Şərq dünyabaxışı dram sənətinin lazımi inkişafına əvvəlcədən yol verməmişdir". Adətimizə görə, günahı özümüzdə yox, özgəsində axtararaq  Hegeli  bizi görüb duya bilməməkdə qınaya bilərik.  Ancaq fakt budur ki, Şərq dünya ədəbiyyatına poeziya və nəsrdə çoxsaylı imzalar, əsərlər bəxş etdiyi halda,  dünya dramaturgiyasına verdiyi bir dramla da öyünə bilməz.

Bir fərdin təfəkkürü yaxşı bir şeir, yaxud yaxşı bir nəsr yaratmaq üçün yetərlidir, yaxşı dram üçün isə yetərsiz. Dram fərdin təfəkkürünün deyil, toplum təfəkkürünün məhsuludur, personajlar arasında deyil, cəmiyyətdə dialoqun   olduğu məqamda yaranır. Təsadüfi deyil ki, ilk mükəmməl dram yunan demokratiyası şəraitində yetişmişdi. Antik yunan dramaturgiyası yalnız Esxil, Evripid, Sofoklun deyil, həm də Qədim yunan demokratiyasının, Plavt, Terenzi, Seneka dramaturgiyası isə həm də Roma demokratiyasının yaratdıqları idi. Eləcə də Şekspir, Molyer, İbsen dramaturgiyası inqilablar edib, respublika quruluşu, parlament idarəetməsi yaradan Qərb təfəkküründən doğmuşdu. Düşüncələrini səmalara, özünü isə ehramlar qarşısında sitayişə həsr edən, hakimiyyət çəkişmələrini seyrçi kimi izləyib, taleyinin hökmünü gah göylərdən, gah da saraylardan gözləyən müti və müdrik Şərq, təbii ki, ya gözəl şeirlər qoşacaqdı,  ya da ibrətamiz hekayələr. Qədim yunan dramaturgiyası Allahları tartışmaya çəkdiyi halda, Şərq şeiri şəxsiyyətləri allahlaşdırırdı. Kralları xalq qarşısında edama aparan Qərb gördüklərini müzakirə etmək, şahları saray qapıları arxasında qətlə yetirən Şərq isə eşitdiklərini dinləmək və inanmaq vərdişinə yiyələnmişdi. Nə zaman ki, inanmaqdan imtina edib eşitdiklərimizi müzakirə etmək istədik, onda bizdə də dram yarandı, özü də təsadüfi deyil ki,  düşüncəmizin ənənəvi tərzini ilk olaraq mübahisəyə çəkib müzakirə edən M.F.Axundzadənin yaradıcılığında. Və o da təsadüfi deyildir ki, Azərbaycan dramaturgiyasının ən yaxşı örnəkləri XIX əsrin ortaları ilə XX əsrin iyirminci illəri aralığında - ideoloji mübahisələrin, fikir mübadiləsinin, dialoq dilinin ən gücləndiyi zaman kəsiyində yarandı. Yenə təsadüfi deyil ki, dramaturgiyamızın ən yaxşı örnəkləri olan "Ölülər", "Anamın kitabı", "Şeyx Sənan", "İblis", "Aydın", "Oqtay Eloğlu" kimi əsərlər onların müəlliflərinin yaradıcılığının sonrakı illərində - sovet dönəmində yaranmadı. Düzdür, qələm əski qələm idi, amma cəmiyyət əski cəmiyyət deyildi. O, yenə gözünü saray qapılarına dikib, taleyinə oxunacaq hökmü gözləyən qövmə çevrilmişdi və özünün mübahisə-müzakirə imkanlarını tükətmişdi. Ona görə də sovet dramaturgiyasında personajların dialoqu tartışan tərəflərin dili kimi deyil,  müəllif monoloqunun parçaları kimi meydana çıxdı. Monoloq da dialoq deyil ki, onu dəyişmək çətin olsun, odur ki, müstəqilliyin gəlişi ilə dramaturgiyanın köhnə sakinləri belə asanlıqla özlərini yeni pafosa köklədilər. 

Ümumiyyətlə, müstəqilliyin gəlişi drama nə vəd edirdi? Əslində, yaxşı dramın yaranması üçün müstəqillik, söz azadlığı yox, danışmaq üçün söz lazımdır. Doğrudur, sözdən kasad olduğumuzu demək olmaz. Bu gün qalaq-qalaq bədii əsərlər yaranır,  müəlliflər hiss etdiklərini, düşündüklərini, yanaşmalarını, qənaətlərini oxucularla bölüşürlər. Dramsa müəllifin öldüyü janrdır, burda müxtəlif fərdlərin, yaxud tərəflərin maraqları, düşüncələri, yanaşmaları  var, onlar öz həqiqəti uğrunda tartışmaq üçün sənətin ən demokratik müstəvisinə - drama üz tuturlar. Çünki heç bir janr dram qədər onlara öz səsini eşitdirməyə, özünü anlatmağa, özünü müdafiəyə imkan vermir. Amma hansı janrda, zamanın hansı əsrində olmağımızdan asılı olmayaraq bizdə öz mənimiz  daha öndədir, bütün dünyanı öz rakursumuzdan müşahidə edir, öz düşüncəmizdən anlayır və bunları da oxucuya yansıtmağa çalışırıq. Ona görə də nə yazırıqsa yazaq, yenə də poeziya alınır. Elə buna görə də dünən olduğu kimi, bu gün yenə də bizim üçün "niyə dram yox, məhz poeziya?" sualı aktual olaraq qalır. Çünki dünəndən bu günə gələn zamanda dəyişən əsrlər başımıza çox şeylər gətirsə də, əslində, həyatımızda çox az şey dəyişib. Düzdür, dünən teatrımız yox idi, bu gün var, hətta ixtisaslı rejissorlarımız, aktyorlarımız, dram yazarlarımız da var, danışmaq üçün dərdimiz, azarımız da. Amma hər dərd-azardan dram yaratmaq olmur. Məsələn, Novruzəlinin "Poçt qutusu" əhvalatı nə qədər  maraqlı olsa da, oxucunu nə qədər mətləblərdən hali etsə də, yaxşı bir hekayənin mövzusu olmasına baxmayaraq, yaxşı bir dramın mövzusu ola bilməzdi. Novruzəlidən daha az avam olmayan "ölülərin" əhvalatı ona görə dram mövzusu oldu ki, orda Şeyx Nəsrullah Kefli İsgəndərlə toqquşdu və həmişə moizə söyləməyə alışmış bu ölü fırıldaqçısını bu dəfə dialoqa girməyə məcbur etdi.  Nə qədər ki, Şeyx Nəsrullahın moizələrinin dinləyiciləri onun sonsuz qüdrətinə inanan "ölülər"dən və yaxud da inanmasa da, özünü inanmış kimi göstərən, "ölülər"ə qoşulub şeyxin hər sözünə "ləbbeyk" deyən Heydər ağa, Əliqulu bəy kimilərdən ibarətiydi, onda onları ya şeirdə, ya da nəsrdə görürdük. Bu gün isə şeir və nəsrlə yanaşı, dramda da görürük. Qərbdə teatr var, bizdə niyə olmasın, onlar dram qəhrəmanı ola bilir, biz niyə bilməyək, "elə əsl qəhrəmanlar bizdədi" deyib  "Hərə bir qəhrəman oldu" (Qan Turalı) mövzusunda dram yazırıq. Amma unuduruq ki, dram qəhrəmanı olmaq üçün həqiqi bir qəhrəmanlıq lazım olsaydı, onda Hamlet yox, gərək Rüstəm Zal ən dramatik qəhrəman olaydı. Düzdür, Hamletin "olum, yaxud ölüm?" sualı üzərində baş sındırmaqdansa, Rüstəm Zal əfsanələrinə heyran olmaq daha cəzbedicidir. Həm də biz "olum, yaxud ölüm?" sualı üzərində  ona görə baş sındırmırıq ki, onsuz da "olacağa çarə yoxdur". Dramsa alnına yazılanları yaşamayanların, daha doğrusu, yaşamaq istəməyənlərin janrıdır. Biz isə dünən olduğu kimi, bu gün də öz taleyimizi yaşayırıq və ona görə min il əvvəl də teatr bizim üçün ayin idi, bu gün də.

Əslində, müasir teatrımızın ən böyük hadisəsi olan Vaqif İbrahimoğlunun "Yuğ" Teatrı layihəsinin sirri də onda idi ki, çoxları üçün boğazdan yuxarı söylənilən "ustad rejissor", "böyük rejissor" kəlmələrini haqq edən Vaqif İbrahimoğlu içimizdəkini tapa və bunu öz tamaşa-ayinlərində bizə təqdim edə bilirdi. Teatr camesi yaxşı bilir ki, Vaqif İbrahimoğlu teatra nifrət edirdi və bunu çox açıq şəkildə də söyləyirdi. Bəlkə də, onun bu nifrəti  başdan-ayağa poeziya ilə yoğrulan Şərq insanını teatrın zor-güc dramatikləşdirməyə çalışmasından qaynaqlanırdı. Çünki  hər şeyə, hər halına şükür edib, özünü ibadətə, itaətə həsr edən Şərq insanı məbədlərdən düşürülüb səhnəyə qaldırılınca, nə edəcəyini, nə söyləyəcəyini şaşırır. Hətta baxmayaraq ki, ona həmişə teatrın da bir məbəd olduğunu söyləyiblər, səhnəni də müqəddəs yer kimi anladıblar. Doğrusu, teatrın məbəd, səhnənin niyə müqəddəs olduğunu mən də anlayıb dərk edə bilmirəm, hətta bu fikri böyük inamla vurğulayanların söylədiklərinə qulaq verib, yazılarını ələk-vələk eləsəm də. Heç onu da bilmirəm ki, bütün dünyada teatr məbəd, səhnə müqəddəs yer hesab olunurmu? Amma harda olmasından asılı olmayaraq, şəxsən mənə aydın deyil ki, niyə məsəlçün, kino, poeziya, nəsr və daha nə bilim nələr müqəddəs deyil, məhz teatr  müqəddəsdir. Ona görəmi ki, o, binadır, tikilidir və həmişə, hər yerdə müqəddəslik axtaran biz onu da ehram kimi qavrayırıq. Əlbəttə, məsələ heç də bizim onu müqəddəsləşdirməyimizdə deyil. Məsələ ondadır ki, müqəddəsləşdirməyə o qədər mübtəlayıq ki, müzakirə-mübahisədən bir o qədər uzağıq. Elə bir yerdəyik ki,  sənətin ən mütləq müstəvisi olan poeziya bizi ən yaxşı anladan, ən demokratik müstəvisi olan dramsa bizi anlamayan janr olaraq qalmaqdadır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!