Sen-Jon Persin Nobel nitqi

ƏDƏBİYYAT ÜZRƏ 1960-CI İLİN NOBEL MÜKAFATÇISI:

Fransız şairi, diplomat Sen-Jon Pers 1887-ci ildə Fransa Qvedulpesində, hüquqşünas ailəsində doğulub, Bordoda və Parisdə təhsil alıb. 1911-ci ildən etibərən, xarici işlər nazirliyində işləyib, Fransanın Pekindəki səfirliyinin katibi olub.
Yaradıcılğa erkən yaşlarında başalyıb, ilk şeirlər toplusu "Eloges" 1911-ci ildə işıq üzü görüb. Daha sonra 1924-cü ildə "Anabasis" epikpoeması və "Şahzadənin dostluğu" poemaları, "Küləklər" (1946), "Quşlar" (1962) və s. kitabları çap olunub.
Ədəbiyyat üzrə 1960-cı ilin Nobel mükafatı ona  "dövrümüzün ucalıq və bədiilik mənzərəsini poeziya vasitəsilə, özü də usatlıqla əks etdirdiyi üçün" verilib.
Nobelçi şair 1975-ci ilin 20 sentyabrında Fransada vəfat edib.

Nobel nitqi
Bir vaxtlar poeziyanın gətirdiyi şöhrəti qəbul etdim, indi də borcumu qaytarmağa tələsirəm. Amma poeziya tez-tez yada düşmür. Sən demə, poetik əsərlər fəaliyyətdə olan cəmiyyətin maddi bədbəxtliklərini dərinlədirmiş. Şair istəməsə də bu uyğunsuzluğu qəbul edir, amma alim üçün bu uyğunsuzluğun praktik tətbiqi yoxdur.

Müasir elm dramının rasional sərhədlərini riyazi dəqiqliklə dərk edirik; fizikada olduğu kimi, iki üstün  doktrina bir tərəfdən nisbiliyin ümumi prinsiplərini, digər tərəfdən isə kvant nəzəriyyəsinin qeyri-müəyyənliyini və indeterminizmi irəli sürərək, fiziki kəmiyyətlərin dəqiqliyini şübhə altına salır; əsrimizin qüdrətli elm dahilərindən, çağdaş kosmologiyanın banilərindən, intellektual sintezin  qeyri-səmimi nəhənglərindən, riyazi terminlər səviyyəsinə köklənənlərdən kimsə intuisiyanın köməyinə arxalanıb təsdiq edir ki: "xəyal - doğru elmi ideyaların yaranmasına yol açır" və bu fikir, alimin gerçək bədii təxəyyülünə işarədirsə, o zaman poetik yanaşmaları məntiqi yanaşmalar kimi qəbul etməyin nəyi pisdir?

Doğrudan da ağlın məhsulu olan nə varsa, hər şeydən əvvəl demək lazımdır ki, bu,  sözün əsl mənasında "poetikdir" və alimlə şairin cismani, eyni zamanda mənəvi zəhmətinin bərabər hüquqlu olduğunu nəzərə alsaq, görərik ki, bu, elə əvvəldən öz eyniliyini qoruyub saxlayıb.

Bizi uzağa aparan və bizə lap uzaqdan yaxınlaşan nədir? Diskursiv (formal məntiqi nəticələrə əsaslanmaq) fikir, yoxsa poetik ellipsis? Və ilk gecədə gözləri tam açılmamış iki fikir kor-koranə şəkildə - biri təpədən dırnağadək elmlə silahlanmış, digəri, sadəcə, intuisiyanın gücünə arxalanaraq - addımlayırsa, çıxış yolunu ilk kim tapır, kim özü ilə daha çox parıldayan fosfor parlaqlığı daşıyır? Cavabın heç bir əhəmiyyəti yoxdur.

Sirr hər ikisi üçün eyni məna kəsb edir, çünki qüdrətli poetik ruhdakı cəsarət müasir elmi kəşflərin dramatikliyindən əsla geri qalmır. Bir vaxtlar kainatın genişlənməsi məsələsi astronomları çox pərt etmişdi; amma nəzərə almaq lazımdır ki, digər kainatda da - insanın mənəvi və ruhi kosmosunda - genişlənmə prosesi gedir. Nə qədər ki, elm öz qövsvari sərhədləri boyunca addımlayıb özündən uzaqlaşa bilmir, biz şairləri təqib edən ovçu dəstəsinin hay-küyünü hələ çox  eşidəcəyik. Çünki əvvəldən də dediyimiz kimi, poeziya özündə "mütləq reallığı" əks etdirmir, yəni o, yenə də heç bir şübhə doğurmadan özünə yaxın olanları qəbul edir və bu yaxınlığın ümumi cizgiləri ilə şeirin relallıq dərəcəsi arasında uyğunluq var.

Vasitəçi - obraz sayəsində gerçəkləşən xəyali anoloji rəmzi fikrin, müxtəlif reaksiya zəncirinə nəzərən özünü aparmağı, eləcə də yad assosiasiyalar, sonunda dilin yumşaqlığını təmin edir, varlığı hərəkətə gətirir və şairi elmə dəxli olmayan reallığa kökləyir.

İnsan varlığını toparlayan, ya da onu səfərbər edən dialektika mövcuddurmu? Filosfoslar metafizika sərhədlərini aşdıqca, onun yerini şairlər tutur və o zaman fəlsəfə deyil,  poeziya əsl "heyrət mücəssəməsi"nə çevrilir; gerçəyə böyük şübhə ilə yanaşan antik filosofun fikirlərinə nəzər salsaq, bu mənzərənin şahidi olarıq.

Amma poeziya - idrak vasitəsindən başqa bir şey deyil.

Poeziya hər şeydən əvvəl həyat tərzi və bütövlükdə həyatın özüdür. Mağara insanları arasında da şair olub, atom əsri insanları arasında da olacaq, çünki o, şəxsiyyətin ayrılmaz parçasıdır. Dinlər poetik yanğıdan, mənəvi acgözlükdən yaranıb və məhz poeziyadan yayılan ilahi qığılcım insan ruhunda əbədi yaşayır. Elə ki, miflər dağlıb param-parça olur, o zaman ilahi olan nə varsa, öz keçmişini - bəlkə elə gələcəyini də - poeziyada tapır. Hətta ümumilikdə, insanın ictimai varlığına yaxın olan, əlində məşəl tutaraq, antik kortejin başında duranı duz-çörəklə qarşılamağa gedən Pərini əvəz etməyə tələsən o biri Pəri də məhz, poetik təxəyyülün köməyilə işığa can atan xalqların həvəsinə işıq saçır.

İnsanın qüruru - əbədiyyət yolunun yolçusudur! İnsan qüruru qarşısında yeni humanizm pəncərəsi - həqiqi, universal və ruhən bütöv -  açılırsa, insan həyatın ağırlığını üzərinə götürür!

Müasir poeziya daim axtarışdadır və bu, birbaşa inasan varlığı ilə əlaqədardır. Bu poeziayada ikibaşlı heç nə yoxdur. Eyni zamanda, onun qabarıq estetikliyini də görmək olmur. Artıq o mumiyalanmış, ya da dekorativləşdirilmiş incəsənət mənası vermir. Heç mədəniyyət incisi də deyil, saxtakarlığın, emblem azarının ona dəxli yoxdur, heç bir musiqili tədbir onun ürəyincə ola bilməz. 

Öz yoluyla gedərsə, gözəlliklə qarşılaşar, - bu ən ali bağlılıqdır -  amma bunda, azacıq da olsa öz yüksəlişini, mənəvi qidasını görmür. O, incəsənəti həyatdan qoparmağın, bu - sevgidəndir fikrindən ayırmağın əleyhinədir; o - hərəkətdir, o - ehtirasdır, o - sərhədləri daima genişləndirən qüdrət və təzəlikdir. Təməlində - eşq durur, qanunu - itaətsizlikdir və o - gələcək və keçmişlə bağlı hər yerdədir. Nə olursa-olsun, özündən üz döndərməyi, sönüklüyü qəbul etmir.  Bu mənada müasir dövrdən də heç bir üstünlük gözləmir. Məqsədinə doğru gedərək, istənilən ideologiyadan kənar, heç bir bəraət tələb etrmədən özünü həyata tay tutur. Bircə bənd şeirlə o indi də - müasirlikdə, keçmişdə və gələcəkdə, insanlıqda və insanlıq fövqündə olan hər şeydə, planetar məkanın hər yerində, kainat adlı hər künc-bucaqda əks olunur. 

Onu dəyişən qaranlıq da öz təbiətindən irəli gəlir, bu, işıq yaymaq üçün deyil, əksinə, araşdırıldığı - insani hisslərlə yüklənən ən səmimi və ən sirli - gecədə tapılmaq onun borcudur. Onun nitqi hər zaman qaranlıqla mübarizə aparıb və bu, heç də elm dilinin ortaya qoyduğu tələblərdən az olmayıb.

Beləliklə, şair öz varlığıyla mövcud olan hər şeyə təsir göstərir, hər şeyi öz varlığıyla daimi vəhdətdə qəbul edir. O, bizə optimizm dərsi keçir. Bu səbədən də ona təsir edən harmoniya qanunu bütövlükdə dünyaya hökm edir. Burada insani ölçüləri ötüb keçə biləcək nəsə baş verə bilməz.

Böyük tarixi fəlakətlər də - yalnız daha böyük və mütəmadi həyat ritmindən olan asılılıqları və yenikiləri ehtiva edən - bu qəbildəndir. Elə ortaya çıxaraq, ani məqamda bitmək bilməyən qaranlığa işıq saçan əli məşəlli Deyingənlər də eyni mövzulara işıq tutur. Yetkin sivilizasiyalar payız xəzəli kimi ölüb getmir, sadəcə, dərisini dəyişir. Sükunət - qorxuludur. 

Şair - adilikləri alt-üst edən adamdır.

Şair iradəsinin əksinə olaraq, tarixdən asılı olur. Və onun dramının zamanı üçün əhəmiyyətsiz və yad heç nə yoxdur. O zaman icazə verin nəhəng zaman anlamıyla müqayisədə həyatdan aldığı zövqə özü münasibət bildirsin. 

Tarix üzündəki qeyzli maskanı çıxarıb atarkən: "Qorxma - deyir və oynadığı ölüm rəqsinin pik nöqtəsinə çatarkən əlini qaldırıb Asiya tanrıçılığı dilində  havada barışıq jesti cızır. - Qorxma və şübhələnmə, çünki şübhələr mənasızdır, qorxu isə - köləlik hissidir. Yaxşı olar ki, bu ritmik döyüntüləri dinləyəsən, mən onu yeni şəklə salıb insan nitqinə - əbədi yaradıcılıq yoluna çevirirəm. Həyat özünü inkar edə bilər - yalan sözdür.  Heç bir canlı yoxdan və olmazdan yarana bilməz. Eyni zamanda, heç nə Varlığın əbədi axını qarşısında formasını və ölçüsünü qoruyub saxlamaq qüdrətinə malik deyil. Faciəvi olan - bu metomorfozaya aid olan deyil. Yaşın gerçək dramının arxasında  - insanın zaman və insanın zamandan kənar gerçəkliyi dayanır. Məgər həyat yamacında üzərinə işıq düşən insan mütləq gözünü  qıyıb başqa səmtə baxmalıdır? Məgər hər şey yalnız qəbul olunmuş mütləqliklərlə - cəmiyyət içində, amma cəmiyyətdən kənarda - davam etməlidir və sizcə, bu, yanlış yanaşma deyil?"

Öz gerçəyindən ayrılmayan şair - bizimlə birlikdə ikili insan həyatı yaşamalıdır. Bu, haradasa, ağla işıq tutmaq üçün güzgünü yuxarı qaldırmaq, onun mənəvi uğurlarına ayna tutmaq kimi bir şeydir. Bu, əsrin ortasında insanın təyinatını müəyyənləşdirmək, onu artırmaq və onu, haradasa, ilkin insan tipinə uyğunlaşdırmaqdır. Bu, sonunda insan ruhuna daha çox nüfuz etmək və onu dünyadakı enerjiyə doğru düzgün yönəldə bilməkdir... Görəsən, şair nüvə enerjisi qarşısına antik çıraqla çıxa bilərmi? İnsanın gil barədə fikirləşməyi yetər.
Şair dövrün vicdan xəstəliklərinə yoluxduğundan xəbərdardır. 

Tərcümə etdi: 
Əyyub Qiyas


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!